İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova: “Mən bu narahatlığı bölüşürəm”

3418 14.12.2015 23:07 Ölkə A A

Parlamentin vitse-spikerindən ilginc açıqlamalar

 “Rusiya ilə də bizim uzun əsrlik əlaqələrimizi, bu böyük qonşumuzla münasibətlərimizin hansı səviyyədə olduğunu elə dost, qardaş ölkə Türkiyə də bilir”

“Bu ehtiyatlılıq istənilən halda olmalıdır və təbii ki, var”


Ankara ilə Moskva arasında mövcud olan gərginliklər davam edir və bu gərginlik Azərbaycana da təsirsiz ötüşmür. Rəsmi Bakının bu məsələ ilə bağlı ehtiyatlı mövqeyinin səbəbləri barədə Milli Məclis sədrinin müavini, YAP-ın  İdarə Heyətinin üzvü Bahar Muradova ilə danışdıq. Xanım vitse-spikerdən erməni separatçısının ABŞ Konqresində keçirdiyi görüşlərə, həmçinin amerikalı həmsədr C.Uorliklə bir araya gəlməsinə də münasibətini də öyrəndik. 

- Bahar xanım, Türkiyə-Rusiya qarşıdurmasına YAP nədən açıq şəkildə reaksiya bildirmək istəmir? Belə ehtimal var ki, hakim partiya Türkiyəni dəstək mövqeyinin Rusiya tərəfindən aqressiv qarşılana biləcəyindən ehtiyatlanır. Belədirmi? 

- Bizimçün münasibətdə olduğumuz ölkələrin hər biri ümumi maraqlarımız üçün əhəmiyyət kəsb edir. Yəni biri ilə münasibəti heç zaman digərinə qarşı qoymuruq. Hətta vəziyyət ona qarşı getdiyi şəkildə belə, onu dəyişməyə çalışırıq.Məncə bu, daha doğrudur. 

- Azərbaycan tərəfin mövqeyindən Moskva, yaxud Ankarada narahatlıq və ya narazılıq yoxdur ki? 

- İndiyə qədər belə bir narahatlıq və ya narazılıq olmayıb. Biz təkcə konkret bu məsələdə deyil, hər zaman eyni mövqeni gözləyən bir ölkəyik. Ona görə də belə vəziyyət bizimçün yeni deyil. Həm vəziyyəti yaxşılığa doğru dəyişməyə, həm də ayrı-ayrılıqda həmin ölkələrlə əldə etdiyimiz razılaşmalara, öhdəliklərimizə uyğun şəkildə davranmağa çalışırıq. Biz həmişə bunun öhdəsindən gəlmişik. Hesab edirəm ki, indiki halda da belədir. Bizim Türkiyə ilə strateji tərəfdaş, dost, qardaş ölkə olduğumuzu heç kəs inkar edə bilməz. Bunu hər kəs, o cümlədən bu gün Türkiyə ilə konfliktli vəziyyətdə olan, bu və ya digər narazılıqları olan ölkələr, o cümlədən Rusiya da bilir. Onlar da yəqin ki, Azərbaycanla münasibətlərini və siyasətlərini də bu amili nəzərə alaraq qururlar. Bu, onar üçün də yenilik deyil. Amma Rusiya ilə də bizim uzun əsrlik əlaqələrimizi, bu böyük qonşumuzla münasibətlərimizin hansı səviyyədə olduğunu elə dost, qardaş ölkə Türkiyə də bilir. Ona görə də belə bir incə və həssas məqamda hər hansı tərəfin mövqeyindən çıxış edib, kimisə özümüzə düşmən elan eləmək kimi hərəkətlərə yol verməmişiksə, deməli, bu, doğru yanaşmamızın və doğru siyasətimizin nəticəsidir. Çalışmalıyıq ki, mövcud imkanlardan istifadə edərək məsələlərin daha rahat və zərərsiz həll olunmasına yardımçı olaq, nəinki bu və ya digər tərəfi tutaraq onları daha da qızışdırmağa sövq edək.  

- Amma eyni zamanda Rusiya Ermənistandakı silah-sursatının və şəxsi heyətinin miqdarını artırmaqdadır. Hesab olunur ki, bu, Türkiyə ilə bərabər, Azərbaycana da təhlükədir. Bununla bağlı ehtiyatlılıq varmı?

- Bu ehtiyatlılıq istənilən halda olmalıdır və təbii ki, var. Amma biz də bilirik ki, bizim Ermənistanla problemimiz hələlik, hazırda Ermənistan ərazisi kimi tanınan torpaqlarla bağlı deyil, Azərbaycanın tərkib hissəsi olan Qarabağla əlaqədardır. Əgər Azərbaycan tərəfindən bu və ya digər tədbirlər həyata keçiriləcəksə, hansı ki, Ermənistanı qıcıqlandıra və onun böyük dostunu narahat edə bilər, bu, Azərbaycanın sərhədləri daxilində olan biləcək hərəkətlərdir. Ona görə də biz bu amili göz önündə tutmaqla yanaşı, onun bu prosesə qarışmayacağının, qarışa bilmək imkanlarının məhdudluğunu da bilirik. Bilirik ki, Rusiya hər zaman belə addımlar atarkən bunun üçüncü ölkəyə, o cümlədən Azərbaycana yönəlmədiyini vurğulayır. Biz də buna inanmaq istəyirik və inanırıq ki, bundan əvvəl baş vermiş neqativ hadisələr daha həssas bir dönəmdə, indiki vaxtda təkrarlanmayacaq. Həm də həmin vaxtdan fərqli olaraq, Rusiya-Azərbaycan münasibətləri indiki reallıqlara uyğun fərqli axarda gedir. Ona görə biz bu addımların Azərbaycana qarşı yönəlmədiyi barədə Rusiya tərəfinin fikirlərini əldə rəhbər tuturuq və siyasətimizi də buna uyğun qururuq. Hər halda vəziyyət bizim düşündüyümüzdən fərqli məcraya qədəm qoyacaqsa, yəqin ki, uyğun münasibətimizi də onda bildirəcəyik. Hazırki halda biz bunun Azərbaycan üçün nəzərdə tutulmadığı qənaətindəyik. Həm də bu, o demək deyil ki, əgər bu, Türkiyə üçün nəzərdə tutulursa, bizi narahat etmir. Biz ümumiyyətlə, regionda hərbi gücün cəmləşməsinin bütün region ölkələri üçün narahatlıq doğruduğu fikrini bölüşürük və bunu da ifadə edirik.   

- Amerika Konqresində Qarabağ separatçısının yüksək səviyyədə qəbul olunması, Konqresdə “Qarabağın müstəqilliyi”nə həsr olunmuş tədbirin keçirilməsinə münasibətiniz necədir? Bu fakt Bakı və Vaşinqtonun münasibətlərinə təsir göstərə bilərmi? 

- Biz hər zaman bu kimi tədbirlərə qarşı olmuşuq. Bunun bizi narahat etdiyini və Minsk qrupunun həmsədri olan bir dövlətin vasitəçilik missiyası ilə bir araya sığmadığını hər zaman açıqlamışıq və bu gün də açıqlayırıq. Amma eyni zamanda onu da başa düşürük ki, qarşı tərəf də bunu anlayır. Azərbaycanla Amerikanın münasibətləri həm region, həm də Amerika üçün o dərəcədə üstün əhəmiyyət kəsb edir və  onlar da öz növbəsində elə etməlidir ki, məsələnin münasibətlərə zərər gətirəcək bir həddə qədər inkişafına imkan verməsinlər. Çalışırıq ki, mövcud münasibətlərdən və müsbət əlaqələrdən istifadə edib belə hərəkətlərin yanlış olduğunu onların diqqətinə çatdıraq. Eləcə də eyni hərəkətlər Fransa, Rusiya tərəfdən olanda da biz münasibətimizi bildirir və bunun bizi narazı saldığını, eyni zamanda separatizmin dəstəklənməsi kimi qəbul olunduğunu bir daha onların diqqətinə çatdırırıq. İnanıram ki, onlar bunun belə qəbul olunacağını bilirlər, amma bütün bunlara rəğmən həmin addımları atırlar. Hesab edirik ki, əgər hər hansı vasitəçi tərəfindən belə bir addım atılırsa, bu qətiyyən qəbulolunan deyil, vasitəçilik missiyasını, mövqeyini gözdən salır, onlara olan inamı azaldır. Ümumiyyətlə, belə münaqişələrə münasibətdə artıq çoxüzlü standartların tətbiq olunduğunu deməyə əsas verir. Həmçinin zahirən və mahiyyətcə bir-birinə bənzəyən konfliktlərə qarşı fərqli mövqenin sərgilənməsi dünya ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır və vəziyyətə mənfi təsir göstərir. Artıq yeni konfliktlərin yaranması belə dünyada heç kəsi təəccübləndirmir və köhnə konfliktləri arxa plana atır. Lakin uzun illərdir ki, Qarabağ məsələsi aktualdır. Onu gündəmdən düşməyə qoymayan məhz Azərbaycan tərəfinin yeritdiyi fəal, məqsədyönlü, ardıcıl siyasətdir. İndi dünyada o qədər  beynəlxalq hüquqa, insanlığa, bəşəri dəyərlərə zidd münaqişələr baş verir ki, artıq onlar heç kəsdə təəccüb və heyrət doğurmur. İnsanlar sanki bir növ qaydasızlığa, nizamsızlığa, məntiqsizliyə öyrənir, bu da çox təhlükəlidir, qorxuludur. Belə bir hərəkət ABŞ, Fransa, Rusiya, Almaniya və s. kimi aparıcı ölkələr tərəfindən baş verəndə isə əlbəttə, dünya ictimayyətinin deməyə sözü qalmır. Amma yenə də biz öz mövqeyimizi ifadə edirik.  

- Rəsmi Bakı amerikalı həmsədrin prosesdən uzaqlaşdırılmasında təkidli olacaqmı?

- Hər halda bu, hökumətin, müvafiq qurumların səlahiyyətindədir. Cəmiyyətin narahatlığı isə ifadə olunub, mən də bu narahatlığı bölüşürəm.


Elşad PAŞASOY 
Musavat.com
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR