İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman da ağac kəsərmiş! - Azərbaycanda...

2777 26.02.2015 17:07 Ölkə A A

Bircə onu fikirləşdim ki, görəsən, alman qonağımız öz ölkəsində buna cürət edərdimi? Ona görə də sırf təsadüf nəticəsində ekoloqdan eşitdiyim bu məsələ barəsində yazmağı qərara aldım.

Bəllidir ki, ölkədə iqtisadiyyat inkişaf etdikcə torpaqların mənimsənilməsi və daha geniş ərazilərin iqtisadi infrastruktur altına düşməsi prosesi sürətlənir. Bu, təbii ki, obyektiv səbəblərdən irəli gəlir. Lakin gizli deyil ki, bəzən bu ümumi rifahımıza aparan yolda ciddi sapmalarla üzləşirik. Ətraf mühitin qorunması qaydalarına əməl olunmur, ekoloji tarazlığın pozulmasına yönələn hərəkətlər törədilir. Ayrı-ayrı işbazlar tərəfindən ağaclar kəsilir, yaşıllıqlar məhv edilir. Yəni təbii mühit insan təsiri ilə dəyişdirilir. Bu gün Azərbaycanda ən aktual məsələlərdən biri də budur və ona görə bu məsələ ictimaiyyətin, mətbuatın, həm də müvafiq dövlət qurumlarının gündəliyindədir. 

Suçlu ikən güclü olmaq mümkünmü?      

Ekoloq F.Cəfərov deyir ki, bəzən “həm suçlu, həm güclü” ifadəsinin real həyatda rast gəlinməsini adi qarşılayır.

Haqqında danışacağımız məsələdə isə ekoloqu narahat edən qeyri-adilik faktın mahiyyətində alman amilinin olmasıdı. Daha bir diqqətçəkən, həm də ürəkağrıdan məqam odur ki, Bibiheybətdəki sözügedən bu yaşıllıq zonası ötən əsrin 70-ci illərinin sonlarında Ümummilli Liderin təşəbbüsü ilə salınıb və məhv edilən bu ağacların əkilib becərilməsində Fikrət müəllim şəxsən özü iştirak edib. Təfərrüatlar az sonra.

Hələlik onu deyə bilərəm ki, təbiətin, yaşıllıqların, ümumiyyətlə bizi əhatə edən təbii mühitin qorunması istiqamətində aparılan təbliğat kampaniyalarının, maarifləndirici və inzibati tədbirlərin müsbət nəticəsi əvvəlki illərlə müqayisədə indi daha effektli görünür.

Ekoloq da bu fikirdədi ki, indi ölkə vətəndaşları, ictimaiyyət daha fəaldır. Hardasa bir yaşıllığa xətər toxunanda ictimai müzakirədən, mətbuatın gündəliyindən düşmür. Belə bir vaxtda, yəni təkcə bu mövzuda olan ictimai aktivliyi nəzərdə tutmuram, həm də bu məsələnin dövlət başçısı səviyyəsində diqqətdə saxlanıldığı, aidiyyəti hökumət strukturlarının ciddi mübarizə apardığı bir zamanda yerli dövlət və biznes qurumları, hətta ayrı-ayrı iş adamları belə, bir budağın da kəsilməsinin məsuliyyətini başa düşür.

Amma çox təəssüf, həm də təəccüb. Təəccüb ki, belə bir vaxtda xaricdən gələn iş adamı, həm də az qala ekoloji layihələri ilə bütün dünya ölkələrinə vəsait paylayan və sözün həqiqi mənasında təbiətə həssas münasibətdə örnək göstərilən Alman xalqının nümayəndəsi Azərbaycanda ağac kəsir. Özü də 20 ağacı birdən. Açıq-açığına və gözünü də qırpmadan. Bu azmış kimi, cənab xarici sahibkar bu yaşıl soyqırım aktına görə məsuliyyətdən qaçır, ona qarşı tətbiq edilən cəriməni ödəmək istəmir. Deyir həm suçluyam, həm güclü və ya suçlu olsam da güclüyəm. Cərimə ödəyən deyiləm!

Belə çıxmasın ki, bu yazı xarici iş adamlarını sıxışdırmağa yönəlib, yaxud da sıxışdırılması üçün sifarışdir. Əsla! Demirəm, ola bilsin ki, hardasa, nə vaxtsa buna rast gəlinsin, amma indiki halda deyil. Xarici iş adamı konkret olaraq bütün qanuni prosedurlara uyğun tövsiyə və göstərişlərə məhəl qoymayaraq, hətta göstərişləri rədd edərək 20 ədəd zeytun ağacını məhv edib. Bəs kimdir bu “ağac qatili”?

Əsassız inadlı “Tauber” MMC

Azərbaycanda fəaliyyət göstərən “Tauber” MMC sifariş əsasında Səbail rayonu, Bibiheybət qəsəbəsində tunel tipli dəmir-beton kanalizasiya kollektoru şaxtasının tikintisini yerinə yetirib. Şirkətin direktoru Hans-Dieter Brokşmidt adlı alman əsilli şəxsdir.

Araşdırma zamanı öyrəndik ki, Bibiheybətdə kanalizasiya kollektoru şaxtasının tikintisinin bir hissəsi yaşıllıq zonasına düşdüyündən şirkət aidiyyəti dövlət qurumlarına müraciət edib. Bunun müqabilində tikinti altına düşən 20 ədəd zeytun ağacının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumu ilə bağlanılmış müqavilə əsasında köçürülməsinə və digər zəruri şərtlərin icra olunmasına dair Nazirliyin Dövlət Ekspertza İdarəsinin məktubu alınıb. Lakin göstərilən şərtlərə “Tauber” MMC tərəfindən əməl olunmayıb, laqeyd və məsuliyyətsiz münasibət nəticəsində həmin ağacların hamısı məhv edilib.

Bu, laqeydlikdən daha çox Azərbaycan qanunlarını saymazlıq kimi də qiymətləndirilə bilər. Amma subyektivizmə varılmayıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi prinsipiallıq göstərərək təqsirkar barədə ölkə qanunlarına uyğun tədbir görüb. “Tauber” MMC-yə 08.10.2014-cü ildə protokol tərtib olunub, İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən 400000 manat məbləğində cərimə olunub.

Məsələnin mahiyyətini araşdırarkən aydınlaşdı ki, bütün qanuni prosedurlardan sonra da bu şirkət hələlik “alman dəqiqliyi” ilə işləmək niyyətində deyil. Cəriməni ödəmək əvəzinə cənab Brokşmidt əsassız inad nümayiş etdirir, kəsdiyi ağacların qanuni kompensasiyasını dövlətə qaytarmaq istəmir. Kəsdiyim “başa” sorğu olmaz deyib inadla yuxarı dövlət orqanlarına əsassız və mənasız şikayətlər edir.

Əslində isə bu, şikayət deyil, şantajdır. “Tauber” MMC və onun direktoru Azərbaycanda şantajla məşğuldur və bununla dövlət qurumlarını hədələyir. Təəssüf, çox təəssüf! Avropanın qocaman demokratiya mədəniyyətindən bizə qismət olanı bu imiş...

Amma yenə də əvvəlki fikrimə qayıdıram, görəsən, almaniyalı cənab öz ölkəsində buna cürət edərdimi?  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR