İnsanlara hürriyət, millətlərə istiqlal!

YENİ SIĞORTA QANUNU QƏZALARIN QARŞISINI ALACAQMI?

2596 24.12.2011 09:14 Ölkə A A
Belə ki, yeni sığorta tariflərinin hesablanması ilə bağlı Bonus-Malus (latın dilində “yaxşı-pis”) sistemi tətbiq olunacaq. Yeni qanuna görə, növbəti sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olacaqları sığorta məbləğlərinə onların “qəza tarixçələri” də təsir göstərəcək. Sistem ondan ibarətdir ki, yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır.
Bu göstərici sürücünün əvvəlki dövrlərdə törətdiyi sığorta hadisələri nəzərə alınmaqla hesablanacaq. “Bonus-malus” sistemi 17 sinifdən ibarətdir - 1- 5-ci sinflər “malus” siniflərinə, 7-17-ci siniflər “bonus” siniflərinə aiddir. 6-cı sinif isə başlanğıc sinifidir.
Sürücülərin təqsiri üzündən əvvəlki illərdə baş verən sığorta hadisələrinə görə, sürücülər risklik dərəcələrinə görə qruplara bölünəcək. Ən yüksək risk dərəcəsində (1-ci pillə) əmsal 3-ə, ən az risklik dərəcəsində (17-ci pillə) isə əmsal 0,45-ə bərabərdir.
Hər bir avtonəqliyyat vasitəsi sahibi üzrə yeni “bonus-malus” sinfi 2013-cü ildən başlayaraq hər ilin 15 yanvar tarixinə müəyyən edilir. İl ərzində ona məxsus avtonəqliyyat vasitələrinin hamısı azı 275 gün sığortalı olduqda sığortalının sinfi 1 pillə, 550 gündən çox olduqda isə 2 pillə artır. Əgər onun təqsirindən il ərzində sığorta hadisəsi baş verməyibsə onun sinfi yeni səviyyədə qalır. Əgər onun təqsirindən həmin il ərzində 1 sığorta hadisəsi baş veribsə, onun sinfi 30 faiz, 2 hadisə 50 faiz, 3 hadisə - 80 faiz təşkil edir. İl ərzində 4 və ya daha çox hadisə baş verdikdə isə sığortalının sinfi 1-ci sinifə enir. Məsələn, 15 yanvar tarixinədək sığortalının sinfi 6 olub. Son il ərzində onun avtobobilləri 275 - 550 gün sığortalı olub. Bu halda onun sinfi 7-yə qalxır. Əgər son il ərzində onun təqsirindən sığorta hadisəsi baş verməyibsə onun sinfi 7 olaraq qalır. Əgər bir hadisə baş veribsə onun sinfi 5-ə, 2 hadisə - 4-ə, 3 - 1-ə, 4 və daha çox - 1-ə enir.
Yəni 17-ci pilləyə uyğun risklik dərəcəsi olan sürücü növbəti dəfə mülki məsuliyyətini sığorta etdirəndə onun üçün sığorta tarifi 0,45-ə, 1-ci pilləyə uyğun sürücülərdə isə sığorta tarifi 3-ə vurularaq hesablanacaq. Məsələn, əvvəllər sığorta hadisəsi törətməyən sürücü mühərrikinin həcmi 1600 kubsantimetr olan «VAZ-2107» avtomobili üzrə sığorta polisi alanda onun üçün sığorta tarifi standart 75 manat deyil, 33,75 manat (75 manat * 0,45) hesablanacaq və s. Ən yüksək risklik dərəcəsinə malik sürücü isə bu növ avtomobil üzrə sığortalananda isə sığorta haqqı 225 manat (75 manat * 3) olacaq.
İlk dəfə icbari sığorta müqaviləsi bağlayan avtonəqliyyat vasitəsinin sahibi 6-cı sinifə aid olunur- yəni onun üçün Bonus Malus əmsalı 1-ə bərabərdir. Bundan sonrakı illərdə sığorta müqavilələri bağlananda isə avtomobilin gücü ilə yanaşı, onun bundan əvvəlki il qəza törədib-törətmədiyi nəzərə alınacaq.
Ən aşağı sığorta haqqı - 0,45 əmsalı o şəxslərə tətbiq ediləcək ki, 1 maşını olub 11 il ərzində qəza törətməsinlər və ya 2 maşını olub 5 il ərzində qəza törətməsinlər. Sürücülərin törətdiyi qəzalarla bağlı məlumat bazası İcbari Sığorta Bürosunun İnformasiya sistemi vasitəsilə yaradılacaq. Belə ki, hər bir sığorta hadisəsi həmin informasiya sistemində qeydə alınacaq.
Başqa sözlə, sistem elə qurulub ki, qəza törətməyən sürücülərin risklik reytinqi hər dəfə bir pillə azalacaq, qəza törədəndə isə risk reytinqi bir pillə deyil, daha sürətlə artacaq. Başqa sözlə, icbari sığortanı daha ucuz qiymətə bağlamaq avtomobilin növü ilə yanaşı, onu səliqə ilə idarə etməkdən də asılı olacaq.
Sürücülər Bonus-malus sisteminin xüsusiyyətlərini və göstərilən cədvəli yaxşı yadda saxlamalıdırlar. Sistemin yaratdığı vəziyyəti, intizamın sığorta haqqına necə təsir etdiyini göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, mühərrikinin həcmi böyük - 5000 kubsantimetr olan avtomobillərin intizamsız sürücüləri 750 manat sığorta haqqı ödəyəcəklər.
Bonus-malus sistemi 2013-cü ildən tətbiqə başlayacaq. Bu sistem avtomobilini satanları maşını dərhal öz adlarından çıxartmağa vadar edəcək. Çünki alıcının necə sürücü olduğunu bilmək çətindir. Bundan başqa, yaxşı sürücü olmayan həyat yoldaşı, oğlu və ya dost-qardaşa maşın etibar edəndə bir az düşünmək lazım olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR