İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Rusiyada vurulmuş maşınlar Azərbaycana yol açıb

11917 02.09.2013 09:49 Ölkə A A
Satıcı Yusifin sözlərinə görə, maşın bazarında canlanma payız aylarıda olur: “Bir aydan sonra buradakı mənzərə tamamilə başqa olacaq. Alıcıları bazardan qaçıran hər həftə Türkiyə və Rusiyadan aşmış, əzilmiş və rənglənmiş maşınların bazara gətirilməsidir. Biz buna mane ola bilmirik. Bazardır, 10 manat giriş pulunu verib gəlirlər. Alıcılar da bir-iki maşına baxır, axtardığını tapa bilməyən kimi çıxıb gedir”.
Bazarda maşın seçən alıcılar da seçim etməkdə çətinlik çəkdiklərini söylədilər. Onların sözlərinə görə, müxtəlif markalı avtomillərin satışı ilə məşğul olan rəsmi dilerlər şərtləri olduqca sadələşdiriblər. Banklar avtomobil kreditləri ilə bağlı faziləri də aşağı salıblar . Elə bu səbədən real alıcılar ən çox təzə maşına üstünlük verirlər.
Maşın bazarındakı eksperlərin sözlərinə görə, real alıcılar üçün maşın bazarında normal ikinci əl maşın tapmaq olduqca çətindir. Avtoekspert Nemət Ağalarovun sözlərinə görə, maşın bazarında qəzaya uğramış, aşmış, əzilmiş, sonradan rənglənərək bazara çıxarılan maşınlar kifayət qədərdir: “Bu, alıcıları aldatmaqdan başqa bir şey deyil. Maşınlar barədə anlayışı olanlar diqqətli olsalar almaq istədikləri maşını çox dəqiqlik və asanlıqla seçə bilərlər”.
N.Ağalarovun sözlərinə görə, günboyu maşın bazarına gələrək ona müraciət edənlər son günlər artıb: “Əsasən Almaniya istehsalı olan ”Mercedes Benz" markalı maşınlarla bağlı müraciət edirlər. Son vaxtlar dizel yanacaqla işləyən avtomobillərin alışı da artıb. Olduqca ekonomik olan bu tip mühərriklər “CDİ” və “Turbo Dizel” variantda təqdim olunur".
Bazarda olarkən öyrəndik ki, Badamdar qəsəbəsindəki Bakı Avtomobil Satış Mərkəzi təmirə dayandırılacaq. Bu barədə musavat.com-a maşın bazarında çalışanlar məlumat veriblər. Onların sözlərinə görə, maşın bazarının üstü bağlanacaq, avtomobillərin növ və modelinə görə onlara ayrıca yer veriləcək. 
Bazar çalışanları deyir ki, əsas problem təmirə qədər ki müddətdə bazarın fəaliyyətidir. Onların sözlərinə görə, bazar rəhbərliyi onlara bu barədə məlumat verməyib. Satıcılar bildiriblər ki, söz-söhbət gəzir ki, bazar yeni görkəmini alandan sonra burada yer haqları qaldırılacaq: “Gürcüstanın maşın bazarındakı sistemi Bakıda tətbiq etmək istəyirlər. Bu alıcıların işini yaxşılaşdırsa da, bizim üçün çox çətindir. Maşınların qiyməti qalxıb, satış da 50 faiz azalıb. Ay ərzində 10 maşın satırdıqsa, indi 5 maşın sata bilmirik. Aldığımız məlumata görə, maşın bazarı müasir standartlara uyğun tikiləcək və bura 5 min avtomobil sığa biləcək. Eyni zamanda, gömrük terminalının da tikintisi nəzərdə tutulub. Maşın bazarının mövcud ərazisinin genişləndirilməsi də görüləcək işlər arasındadır”.

Bazardakı qiymətlər

Bazarda müşahidə aparıb müxtəlif markalı maşınların qiyməti ilə maraqlandıq. Bazarda “Mercedes” (C 240) 2002-ci il - 17500 $, “Volkswagen (Touareg) 2004-cü il - 26000 $, ”Fiat (Albea) 2006-cı il - 7600 $, “Mercedes” (E 500) 2002-ci il - 25000 $, “Mercedes (E 240) 2000-cı il - 18900 $, ”Crysler" (300 C) 2005-cı il - 25000 $, “Opel” (Astra) 1999-cı il - 9200 $ başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində Azərbaycana xaricdən 14 091 avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunlardan 209-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 12 856-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 894-ü yük avtomobilləri, 132-si xüsusi təyinatlı avtomobillərdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR