İnsanlara hürriyət, millətlərə istiqlal!

Odlar yurdunda yanan pərvanələr

“Səhrada dəvəsi ölən ərəblə, Bakıda həvəsi ölmüş ərəbin fərqi yoxdur”
(postmodern ata sözü)

Bakıda ərəb turistlərin bir növ eşq soyqırımına uğraması artıq dünya miqyasında diqqətləri çəkməkdədir. İraqdan bu münasibətlə məşhur bloqçunu göndəriblər, qardaş gəlib gizli çəkilişlər edib, bizim hotellərdə, barlarda, gecə klublarında yüngül tumanlı qadınların ovuna çıxan ərəb turistlər haqda geniş veriliş hazırlayıbdır. Çünki Azərbaycana gələn ərəblərin meyiti geri qayıtdıqca buna diqqət yaranmışdır. Hətta ərəb analar Babəkin vaxtından bəri üzü şimala baxıb bu cür ağlar qalmayıbmış.

Fikir verdinizsə, bayaq əxlaq sözünü işlətmədim, tuman yazdım, çünki fahişəliklə məşğul olanlara yüngül əxlaqlı deyilməsi, məncə, yanlışdır; əxlaqı dildə qurşaqdan aşağı endirdiyimiz üçün hamı əxlaqsızlıq deyiləndə ancaq seksual hərəkətləri nəzərdə tutur, bu isə kökündən yanlışdır. Yalançılıq, yaltaqlıq, rüşvətxorluq əxlaqsızlığın daha pis formalarıdır. Fahişə uzağı özünə məxsus olanı - bədənini satırsa, yalançılar və rüşvətxorlar öz xalqını, dövlətini, mənliyini, ləyaqətini, gələcək və keçmişini satır. Xüsusilə rüşvətxorluq daha böyük fahişəlik tipidir. Nəsə, geniş temadır və yetərincə pafos lazımdır, inşallah bir gün yaxşı qaz balonu götürüb buna ətraflı girişərik. Qayıdaq regionun lider dövləti olmağımıza. Çünki antireklam da bir reklamdır və həmin ərəb televiziyaları Azərbaycanda eşqbazlıq yolunda həlak olan vətəndaşlarını göstərdikcə başqa ərəblərdə də buna maraq yaranacağı şübhəsizdir. Baxarsınız, bu verilişdən sonra turizm sektorumuzda artım olacaqdır, qeyri-neft sahəsi inkişaf edəcəkdir. Prinsipcə, bizim üçün elə bir fərqi də yoxdur, hər ikisi üz qaramızdır.

Bəli, cümhuriyyətimizin ismi-şərifi hüdud-əl aləmdə asimana bülənd olacaqdır. Özüm ərəbcə yazıram ki, mövzuata uyğun gəlsin.

Şair məhz bu məqamda ərz edibdir: “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd”. Bunu yazanda yadıma Kərim Nalə düşdü, belə bir yazıq adam var idi, indiki uşaqlar xatırlamaz.

Dünya seksual turizm mərkəzləri sırasına Tailand, Ukrayna, Braziliya, Keniya, Kambodca, Niderlandın Amsterdam şəhəri, İndoneziyanın Bali adası, Kosta Rika, Filippin, Kuba və başqaları ilə yanaşı (oxucu fikirləşir: “Sən bunları haradan tanıyırsan?”; bədgüman olmayın, siyahını internetdən götürmüşəm) əziz-doğma Bakımızın qoşulması qəlbimizi fərəhlə doldurur. Ancaq çalışmaq lazımdır bu işlərdə bir qayda-qanun yaradılsın. Misal üçün, ərəb turistlərə bəlkə də şərab və Viaqra satışı limitlə olmalıdır. Sahənin əməkdaşı olan xanımlar (“bizimki də o işlə məşğuldur, ancaq sənin kimi təqdim edə bilmirəm” anekdotunu bilən varsa, bu yerdə bir az qımışsın) tibbi yoxlamadan keçməli, həmçinin, ilkin tibbi yardım prosedurlarını məcburi öyrənməlidirlər. Lazım gəlsə, Səhiyyə Nazirliyindən bu sahədə fəaliyyət üçün sertifikat alınmalıdır. Yoxsa ərəb bloqçu verilişində gopa basırdı ki, guya Bakıda 8 min ərəb QİÇS-ə (SPİD) yoluxubdur. Yəqin müəyyən yoluxma olub, ancaq rəqəm çox şişirdilmişə bənzəyir. Bu yolla bizə qara yaxırlar. Yəqin xaricdən maliyyələşən qara qüvvələrin, ermənilərin də bu şər-xatada əli vardır. İstəyirlər bizim bu qeyri-neft sektoru onlara tərəf sürüşsün. Xarici İşlər Nazirliyi hara baxır?

Sözgəlişi, şairin tam bu detala uyğun da bəndi vardır, gəlin onu diqqətlə oxuyaq: “Eşqdən canımda bir pünhan mərəz var, ey həkim, Xəlqə pünhan dərdim etmə izhar, zinhar, ey həkim”. Fantastikadır. Sanki Bakıda eşqbazlıq zamanı pis xəstəliyə yoluxub Bağdada, Dubaya və sair müqəddəs müsəlman mərkəzlərimizdə dönmüş ərəb qardaşımızın ağır dərdi bu misralarda qələmə alınmışdır. Gedib orda həkimə deyir ki, gör neynirsən, bir əlac yap, ancaq camaat bilməsin. Amma anan bilməsin - bir xalq mahnımızda deyilən kimi.

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR