İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun mənfəət neftinin və qazın satışından gəlirləri 2 dəfəyə yaxın azalıb

1946 19.04.2024 23:21 İqtisadiyyat A A

2024-cü ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib.

Musavat.com Fonda istinadən xəbər verir ki, birinci rübdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421,4 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Fond mənfəət neftinin və qazın satışından 4 milyard 829,9 milyon manat gəlir əldə etmişdi.

2024-cü ilin birinci rübündə Fondun aktivlərinin idarə olunmasından 1 milyard 846,9 milyon manat gəlir əldə edilib. Ötən il bu mənbədən 2 milyard 427,6 milyon manat əldə olunmuşdu.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 3,2 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri ilk 3 ayda 151,7 milyon manat olub.

Fond bildirir ki, ilin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranıb və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunub. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlib. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.

2024-cü il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 2,3 faiz artaraq 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR