İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev bizi hara səsləyir?..

1177 14.12.2021 10:00 Yazarlar A A

Bəli, Elbaşi Nursultan Nazarbayevin sayəsində Bakıda bir daha Rusiyanın geosiyasi və geoiqtisadi layihəsi olan Avrasiya Birliyini xatırladılar. Biri ərz edir ki, Qazaxstan lideri Azərbaycanla üzvlük məsələsilə bağlı danışıqlar aparmağın vaxtının yetişdiyini dedi. Digəri isə söyləyir ki, Nursultan Abişeviç yalnız təşkilatda müşahidəçi statusu haqqında danışdı.

Düşünürük ki, bunların elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, qazax Elbaşısı Azərbaycan və Avrasiya Birliyi haqqında danışıb.

Həm də başlıcası budur ki, Nazarbayevin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində bu məsələni gündəmə gətirməsi bir təsadüfdür, yoxsa o bunu bilərəkdən edib? Yəni qazax liderinin bəyanatını Azərbaycan üçün bir işarə kimi qəbul etmək olarmı?

Bizə elə gəlir ki, burada təsadüfi heç nə yoxdur və böyük ehtimalla  dekabrın 15-də baş tutacaq Brüssel sammiti ərəfəsində bu, düşünülmüş bir ismarışdır.

Doğrusu, biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın Aİ ilə saziş imzalamasını daim diqqətdə saxlamışıq. Bizə elə gəlir ki, bu həftə hər şeyə aydınlıq gələcəkdir. Azərbaycan Aİ ilə saziş imzalasa, bu, alqışlanacaq, yox, əgər imzalamasa, belə qəbul etmək lazım gələcək ki, Bakı daha heç vaxt bu sazişi imzalamayacaq və Azərbaycan bu dəfə də Avropa ölkəsi olmaq şansını itirəcək, necə ki, iki yüz il bundan əvvəl M.F.Axundovun Şahbazı dərviş Məstəli şahın cadu sayəsində Fransaya gedə bilməmişdi...

İnteqrasiya əleyhdarları artıq deyirlər ki, Rusiyanın Nazarbayevin dililə bizi Avrasiya Birliyinə çağırdığı bir məqamda necə saziş imzalayaq? Bu haqda çox yazmışıq və ona görə də təkrara varmaq istəmirik. Sadəcə onu xatırladaq ki, ortada Ermənistan nümunəsi var, hansı ki, həm Avrasiya Birliyinin üzvüdür, həm də Avropa İttifaqı ilə saziş imzalayıb.

Bizim də götür-qoy etməkçün çox vaxtımız olub. Əgər Rusiya bizi Avrasiya Birliyinə dəvət etməkdə israrlıdırsa və bizim də müqavimət imkanlarımız azdırsa, onda gəlin belə edək: həm Avrasiya Birliyində müşahidəçi statusu ilə təmsil olunaq, həm də Avropa İttifaqı ilə saziş imzalayaq. Düşünürük ki, müşahidəçi statusu elə də ziyanlı addım olmaz, ən azı vaxt udarıq. Sonra isə bir şey fikirləşmək olar. Həm də addım-addım Avropa ilə təmaslarımızı artırarıq. Bəzən belə fikirlər səslənir ki, məgər indiki hal, nə Avrasiya Birliyinin üzvü olmaq, nə də Avropa İttifaqı ilə saziş imzalamamaq ən yaxşı variant deyilmi? Yox, bizə elə gəlir ki, deyil. Biz özümüzü elə aparırıq ki, sanki ölkədə hər şey idealdır və heç nəyi dəyişmək lazım deyil. Amma belə deyil. Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq, Aİ ilə saziş imzalamaq ölkəmiz, xüsusən də onun iqtisadiyyatı üçün bir təkan ola bilər. Həm də ölkənin müxtəlif qurumlarda təmsil olunması onun siyasi çəkisini də artırır...

Qərəz, bu xüsusda çox mülahizələr söyləmək olar və biz onları vaxtaşırı səsləndirmişik. Amma həlledici məqam artıq yetişib və bir-iki günə biz hər şeyi yerli-yataqlı biləcəyik, ya Avropa ailəsinin üzvü olacağıq, ya da məgrur tənhalıqda bulunmaqda davam edəcəyik. Hansını seçək? Təəssüf ki, bu məsələ üfüqi müstəvidə həll olunmur, onu hakimiyyət həll edir və hakimiyyətin simpatiyası və qərarından çox şey asılıdır. Bəli, Avrasiya Birliyi haqqında da çox şey demək olar. Amma inanın ki, üzv ölkələr bu təşkilat haqqında yalnız tənqidi fikirlər söyləyir, çünki Rusiyanın təklif etməli heç nəyi yoxdur. Moskva bu formulu yalnız ona görə uydurub ki, keçmiş sovet ölkələrinin heç olmasa, bir hissəsini öz ətrafında saxlaya bilsin. Bir vaxt deyirdilər ki, guya Türkiyə və İran da bu təşkilata maraq göstərir. Amma bu, uydurmadan savayı bir şey deyil, insanlar, xüsusən də siyasətçilər kar və kor deyillər, onlar nəyin nə olduğunu gözəl bilirlər, sadəcə, elə hakimiyyətlər olur ki, daha çox özlərini düşünürlər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR