İnsanlara hürriyət, millətlərə istiqlal!

Müttəfiqlik büsatının beləsi - İranın “dostunun dostları” onun düşmənləridir

1505 11.04.2024 21:09 Analitika A A

İranla İsrailin gündən-günə gərginləşən münasibətləri bölgədə hərbi-siyasi sabitliyə ciddi təhlükədir. Bu, artıq lokal münaqişə və soyuq müharibə deyil, daha ötədir. Tərəflərin bir-birini bombalamasına az qalıb.

Bu münaqişənin ən pis cəhəti odur ki, bu, təkcə regional dominantlıq, nüfuz dairəsinin bölüşdürülməsi və ya yendən dizayn edilməsi uğrunda gedən savaş deyil, münaqişə dini, milli nifaq səciyyəsi alıb. İran İsrail adlı dövləti Yer üzündən silməyi hədəfləyib. Yəhudi dövləti də öz düşməninə eyni münasibətdədir, o da istəyir ki, İran adlı dövlət olmasın, 4-5 yerə parçalansın, hərbi qüdrətini itirsin, regiona təhlükə törətməsin.

İsrail siyasətçiləri və hərbçiləri təkcə bunu arzulamaqla kifayətlənmirlər, eyni zamanda lazım gəldiyi vaxt İranın nüvə obyektlərini vuraraq, bu ölkədə siyasi kataklizmlərə təkan vermək, hakim rejimi laxlatmaq, zəiflətmək, müxalifətin onun üstünə ayaq almasına, ona həlledici zərbələr vurmasına yardımçı olmaq fikrindədirlər.

Belə bir gərgin geosiyasi durumda Azərbaycan kimi böyük oyunlarda iştirak etmək istəməyən, öz başının salamatlığını üstün tutan ölkələr arada qalır.

Məsələ ondadır ki, İran bizim tarixi birgəliyimiz olan sərhəd qonşumuzdur, eyni zamanda bu ölkədə çoxmilyonlu soydaşlarımız yaşayır. Başqa sözlə, İran həm də Azərbaycan türklərinin əzəli dövlətidir.

İsrail isə müstəqilliyimizi bərpa etdikdən bəri yaxın əməkdaşlıq, iqtisadi tərəfdaşlıq etdiyimiz, beynəlxalq miqyasda zaman-zaman tərəfimizi tutan, əlimizi gücləndirən dövlətdir.

Azərbaycan sırf öz dövlət mənafeyinə, iqtisadi və siyasi maraqlarına görə bu dövlətlə yaxın əlaqələr, yaxşı münasibətlər saxlamağa məcburdur. Əks təqdirdə biz dövlət olaraq bütün Avropa dövlətlərinin hərtərəfli dəstəyinə ümid edən, güclü havadarları olan Ermənistan qarşısında arxa-dayaqsız qalar, təklənərik.

Ancaq İranın gözü onun düşmənləri ilə ittifaq içində olan, ABŞ, Fransa kimi dövlətlər tərəfindən dördəlli dəstəklənən Ermənistanı görmür, bu dövlətin ABŞ-dan və başqa ölkələrdən aldığı yardımları, dəstəyi görməzliyə vurur.

Bu dünyada İranın 5 düşməni varsa, İsrail onlardan biridir, yerdə qalanları ABŞ-dır, Böyük Britaniyadır, Kanadadır, Fransadır.

Özü də İsrail o biri dövlətlərdən fərqli olaraq İranla açıq düşmənçiliyin təşəbbüskarı deyil, onunla “dəymə mənə, dəyməyim sənə” rejimində yaşamaq istəyir. O biri dövlətlər isə İrana qarşı çox aqressivdirlər, onun iti dişlərinin çəkilməsini, caynaqlarının yonulmasını istəyir, 1979-cu il inqilabından sonra bu ölkədəki bizneslərinin milliləşdirilərək mənimsənilməsinin qisasını almaq, İranı yenidən öz satellitləri etmək niyyəti daşıyırlar.

Ancaq rəsmi Tehran Qərb dünyasına inteqrasiya etmək, onun Qafqazdakı bastionu olmaq istəyən Ermənistanla boz üzlə danışmaqdansa, onunla müttəfiqlik büsatı qurur, özünü ərəb dənizinin ortasındakı daimi fırtınalardan qorumağa çalışan İsrailin Azərbaycanla münasibətlərini xor görür.

Bu, yüzdəyüzdür ki, Azərbaycan İsraillə nə qədər yaxın olsa da, yəhudi dövlətinin İrana qarşı hərbi planlarında epizodik rol belə almaz, çünki bu, ilk növbədə İranda yaşayan 30 milyon soydaşımıza xəyanət demək olardı.

Bəs özünü Qərbin maşasına çevirmək istəyən, ondan hərtərəfli asılı olmağa can atan Ermənistan İranla müttəfiqliyinə sadiq qala bilərmi? Əsla. Onun belə bir lüksü, ixtiyarı yoxdur. ABŞ başda olmaqla, digər güclü Qərb ölkələri tələb etdikləri halda Ermənistan İrana hər an və hər cür xəyanət edə bilər.

Qərb dövlətləri İrana qarşı çoxdan səfərbər olunublar. Bu dövlətlər vaxtilə Azərbaycanı İrana qarşı kökləməyə, istifadə etməyə çalışıb və qəti şəkildə rədd cavabı alıblar. Hazırda Qərb dövlətləri Ermənistan ərazisində öz hərbi-kəşfiyyat bazalarını yerləşdirmək üzrədir. Elə bir gün olmur ki, ABŞ-dan, Fransadan Ermənistana hərbçilər, kəşfiyyatçılar gəlməsin.

Bəs İran Ermənistanla Qərbin bu istiləşən münasibətlərinə bir irad bildirirmi, təhdid dilində danışırmı? Belə bir fakt məlum deyil.

İsraillə əməkdaşlığı xəyanət adlandıran dini lider və digər dövlət rəhbərləri eyni sözü İrana düşmən Avropanın qucağına sığınmış Ermənistan haqqında deyirlərmi? Demirlər.

Bəs bu ikili standart deyilmi? İran liderləri öz dövlətlərinin təhlükəsizliyinə təhdidi nəzərdə tutaraq danışırlarsa, bu təhdidin yoğun hissəsi Qərb və Ermənistanın müttəfiqliyidir.

Bir sözlə, siyasətdə riyakarlıq da bir yerə qədər olmalıdır. Bu üzdəndir ki, İran düşmən saydığı ölkələrlə həm də müttəfiqdir – “Dostumun dostu mənim də dostumdur” prinsipi ilə.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR