İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhəddin Əkbər: “İqtidar müxalifətin dirçəlməsində maraqlı olmalıdır, çünki...”

2957 26.02.2016 09:05 Müsahibə A A
O, Azərbaycan müxalifətinin ən məlumatlı simalarından biridir. Akademik danışıq tərzini, təhlil etməyi çox sevir. Hadisələrə baxış rakursu olduqca maraqlıdır. Öz üzərində işləyən, beynəlxalq xəbərləri, geopolitikanı ardıcıl izləyən siyasi ekspertlərdən sayılır. Maraqlı proqnozları, cəsur təklifləri olur. “MTN işi”ndə ilk gündən təklif etdi ki, bu nazirlik ləğv olunmalı, yerində iki təsisat yaradılmalıdır. Baxmayaraq ki, özü bir zamanlar MTN-in rəhbərlərindən olub...Hamını təəccübləndirən bu təklif indi gerçəyə çevrilib...

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanda və regionda cərəyan edən proseslər və digər aktual mövzularla bağlı çoxsaylı suallarımızı cavablandırıb. Onunla müsahibənin 2-ci hissəsini təqdim edirik:

(əvvəli ötən sayımızda)

- Sülhəddin bəy, Siz nə dərəcədə əminsiniz təhlilinizin düz olmasına? Bəlkə yanılırsız? Siz o düşərgəni təmsil edirsiniz ki, 23 ilə yaxındır müxalifətdədir və heç nəyə nail ola bilməyib. Yumşaq da olsa, tənqid etdiyiniz prezident isə o düşərgəni təmsil edir ki, həmin düşərgə 23 ilə yaxındır hakimiyyətdədir və alternativ ola biləcək hər şey sıradan çıxarılıb. Belə bir vəziyyətdə siz təhlil verirsiniz... Bu arqument özü kimin doğru, kimin yanlış olduğunu ortaya qoymur?

- Birincisi, bu iqtisadi sahədə dediklərim yalnız mənim Sülhəddin Əkbər olaraq şəxsi fikirlərim deyil. Bu, iqtisadçı ekspertlərin Azərbaycan statistikasının ölkə iqtisadiyyatı haqqında verdiyi rəqəmlərin əsasında apardığı təhlildir. Məsələn, 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsini cari qiymətlərlə dollara çevirin. Bu edəcək 24,8 milyard dollar. Götürün 2016-cı ilin dövlət büdcəsinin gəlir hissəsini. Bir ildə dövlət büdcəsinin gəlir hissəsi, yenilənmiş büdcəyə görə, 8 mld. dollara düşüb. ÜDM isə 31,3 % azalıb.


- Bütün dünya çökür, dövlətlərin büdcəsi azalır. Prezident Əliyev bu prosesi 4 il Azərbaycana buraxmadı. Məhz rezervlərin hesabına. Azərbaycan insanı 4 il bu gərginliyi yaşamadı. Mən sualı bu şəkildə ona görə qoyuram ki, biz ömür boyu tənqid eləmişik, indi də edirik. Amma biz o düşərgəni təmsil edirik ki, onun tənqidlərinin yüzdə doxsanı heç bir nəticə verməyib, düşərgə tam dəstəksiz qalıb, xalqdan qopub... Söylədiniz ki, prezident hakimiyyəti tam və mahiyyətcə dəyişməlidir. Mən də opponentlik edirəm ki, bu rejim sizin kimi əjdahaların, yəni milli azadlıq hərəkatının ortaya çıxardığı idealist, savaşçı, dağıdıcı və üzübərk bir komandanın axırına çıxıb. İlham Əliyev bunu bacarmış, ölkəni sabit, iqtidarı möhkəm saxlamış bir komandanı niyə dəyişsin? 

- Biz açıq şəkildə deməliyik ki, ümumiyyətlə, 1992-ci ildə Xalq Cəbhəsinin və milli azadlıq hərəkatından çıxan qüvvələrin hakimiyyətə gəlməsi inqilabi bir proses idi. Yəni hakimiyyətə gəliş məqsədyönlü şəkildə uzun illərin hazırlığının nəticəsi deyildi. Həm idarəçilik üçün yetkin, peşəkar komanda yox idi. Şəxsən özümü deyim. İxtisasca həkim olan Sülhəddin Əkbər olaraq özümün xəbərim olmadan MTN-də yüksək vəzifəyə gətirildim. Faktiki o qurumun rəhbəri səviyyəsində vəzifəyə. Eyni zamanda bizim başqa yoldaşlar da məcbur oldu ya işləmədiyi sahəyə birdən-birə gəldi, ya da işlədiyi sahədə çox aşağı səviyyədən birdən-birə çox yüksək səviyyəyə yüksəldi...

- Amma hamısı ölkənin tanınan siyasi ulduzları idilər, milli azadlıq hərəkatını, milyonları, müharibələri idarə etmişdilər...

- Vətənpərvərlik, yaxşı siyasi ritorik çıxışlar eləmək, polemikalar aparmaq hələ birbaşa idarəçilik demək deyil. Dövlət idarəçiliyi konkret sahələr üzrə təcrübə və spesifik bilik tələb eləyən sahədir. Mən açıq şəkildə etiraf edirəm ki, bizim ən böyük çatışmazlığımız dövlətçilik və idarəçilik təcrübəmizin, ayrı-ayrı sahələrdə iş təcrübəmizin və bilik səviyyəmizin kifayət qədər olmaması idi. Mən bir il MTN-də nazirin birinci müavini işləmişəm. Onun 6 ayını mən oxumuşam, öyrənmişəm. Mən 16 saatdan çox işləməli olurdum. Çünki bir tərəfdən öyrənməli idim, bir tərəfdən islahatlar aparmalı idim, o biri tərəfdən də konkret müharibə gedən bir dövlətdə siyasi hakimiyyəti informasiya ilə təmin eləməli idim. İlham Əliyev onları 23 ildir hakimiyyətdə saxlayan, rəqibləri sıradan çıxaran bir komandanı nə üçün dəyişməlidir sualının konkret cavabına gəldikdə, birincisi, avtoritar-totalitar rejim qurmaq çox asandır. Bundan ötrü yüksək intellekt, zəhmət lazım deyil. Yüksək intellekt demokratik rejim qurmaq üçün lazımdır...


““Azərbaycan dövləti də, hökuməti də ekstremal şəraitdə sürətli qərarlar verməli, çevik hərəkət etməli olacaq”


- Azərbaycanda hansı rejimdir?

- Əgər siyasi-politoloji yanaşsaq Azərbaycanda sərt avtoritar rejimdir. Müəyyən istiqamətlər üzrə totalitar tendensiya da var. Belə bir rejimi qurmaq xüsusi yüksək bir intellekt səviyyəsi tələb etmir. Məsələn, bəlli oldu ki, Afrikanın bəzi ölkələrində adamyeyən rejimlər də var. Azərbaycanda bu gün müəyyən demokratik elementlər qalıb. Həmin rejimlər isə heç bir demokratik elementi qoymayıb qalsın. Rəqiblərini basıb yeyən prezidentlər də var... 

İkincisi, Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, mən Azərbaycanın bu gün də Rusiyanın geopolitik təsir sferasında olduğunu düşünürəm. 23 ilə yaxındır hakimiyyətdə olan komanda bu geopolitik məkanda uzunmüddətli iş təcrübəsi olan, repressiv siyasət sahəsində ixtisaslaşmış minlərlə kadrı olmuş qüvvədir. Demokratik qüvvələr adlandırılan, bizim də təmsil olunduğumuz qüvvələrin nə qədər demokratik idarəçiliyə hazır olan kadrları var idi? Yuxarıda bu suala cavab verdim... Dərinə getsək, çox ciddi məsələlər var və bunun da ümumi işimizin xeyirinə olacağını düşünmürəm. Mən, məsələn, milli azadlıq hərəkatının hakimiyyətə gəlməsi haqqında bir qədər fərqli düşünürəm. 

- Siz deyirsiniz ki, İlham Əliyev bütün alternativləri sıfırlamış bir komandanı dəyişsin, müxalifəti gətirsin? İlham Əliyev 23 ildir iş başında qalmağı bacarmış o cür komandanı niyə dəyişməlidir? Hətta bunu etsə və demokratik qüvvələri gətirib onlarla işləsə, bu zaman ölkədə demokratik dəyişiklik olacaqmı? Bu gün müxalifət düşərgəsinin bir sıra təmsilçiləri bir-birinə salam vermirlər. O münasibətlər hakimiyyətə daşınsa, nə olar?

- Bizim yanaşmamız fərqlidir. Ölkədə əgər məqsəd kriminal, korrupsioner, inhisarçı bir komanda yaratmaqdırsa, bu işdə çox uğurludurlar, təbrik edirəm. Bu gün dünyada müasir dövlətçilikdə inkişafla bağlı iki ümumi göstərici var; bu dövlət nə dərəcədə demokratikdir, nə dərəcədə sənayeləşib. Biz əgər müasir dövlət qurmaqdan söhbət ediriksə, bu dövlət demokratik olmalıdır və sənayeləşməlidir. Gəlin baxaq, 23 ilə yaxındır iş başında olan dediyiniz komanda ölkəni bu tələblərə cavab verən dövlətə çeviribmi? Azərbaycan bu yolla gedirmi? Çox təəssüf ki, müsbət cavab vermək mümkün deyil. Komanda buna görə dəyişməlidir. Siyasət və iqtisadiyyat bir-birindən ayrılmalıdır. Bu gün siyasi hakimiyyətdə, hökumətdə olanlar həm də bizneslə məşğuldur, bütün iqtisadi rıçaqları öz əllərinə toplayıblar. Monopoliyanın olduğu bir yerdə, hakimiyyətin monopolist olduğu bir yerdə hansı investisiya mühitindən, biznes mühitindən, hansı iqtisadi inkişafdan danışmaq olar. Bir ölkədə iqtisadi inkişaf getmirsə, dünya da böhrana girirsə, deməli, düz yolla getməyən ölkə daha çox əziyyət çəkəcək. 


Azərbaycan iqtisadiyyatının neft üzərində qurulduğunu hakimiyyət də dəfələrlə etiraf edib. Ekspertlər hələ 2006-cı ildən deyirlər ki, 2011-ci ildən başlayaraq Azərbaycanda neft istehsalı azalacaq. Hökumət bunu nəzərə almalı idi, yoxsa yox? 2013-cü ildən başlayaraq bütün ciddi mərkəzlər bəyan edirdilər ki, neftin qiyməti kəskin düşəcək, 2014-cü ilin ikinci yarısından isə bu proses başlayıb. Əgər bu gün Azərbaycanın dövlət başçısı Davos kimi mötəbər forumda deyirsə ki, biz belə olacağını 15-20 sonraya gözləyirdik, hansı başarılı idarəçilikdən söhbət gedə bilər? Geopolitik qarşıdurma həm dünyada, həm də bizim regionumuzda həlledici mərhələyə daxil olub. Azərbaycan dövləti də, hökuməti də ekstremal şəraitdə sürətli qərarlar verməli, çevik hərəkət etməli olacaq. Əgər ölkəyə milyardlarla neft dolları gəldiyi bir vaxtda hakimiyyəti iqtisadiyyatın diversifikasiyasına getməyibsə, qeyri-neft sektorunu inkişaf etdirməyibsə, siyasəti və iqtisadiyyatı bir-birindən ayırmayıbsa, bu işləri 2030-cu ilə saxlamaq düşüncəsində olubsa, deməli, hər hansı uğurlu idarəçilikdən söhbət gedə bilməz. İdarəçiliyin mahiyyəti buna görə dəyişilməlidir. 

“Geopolitik qarşıdurma həm dünyada, həm də bizim regionumuzda həlledici mərhələyə daxil olub”


- Müxalifət düşərgəsinin təmsilçisi olaraq nə təklif edirsiniz?

- Biz partiyanı quranda qurultayda da bəyan elədim, bu gün də bəyan edirəm. Mən istəyirəm ki, Azərbaycan siyasətinə parlamentar demokratiyanı, Qərbin demokratik siyasi mədəniyyətini gətirək. Yəni biz hakimiyyəti bir tərəfdən tənqid edək, amma özümüzün nə düşündüyümüz barədə təkliflərimizi də verək. Biz yalnız hakimiyyət uğrunda dava aparmayaq, eyni zamanda Azərbaycanın milli məsələlərində milli maraqlardan çıxış edək. Milli maraqlar söhbət mövzusu olanda şəxsi və  partiya maraqları arxa planda qalmalıdır. Mən bu gün də o fikirdəyəm ki, Azərbaycan demokratik müxalifəti kəmfürsətçilik eləməməlidir. Bu gün biz çalışmalyıq ki, ölkəmizi bütövlükdə bütün məhdud resursları bir araya gətirib hazırkı vəziyyətdən çıxardaq. Mən gözləyirdim ki, dövlət başçısı təbii müttəfiqləri ilə bir hərəkət edəcək. Təbii müttəfiq bu dəyişikliyi, ölkənin bu vəziyyətdən çıxmasını istəyən qüvvələrdir...

- Axı bu təbii müttəfiqlər yaxşı vəziyyətdə deyillər.

- Hakimiyyətin öz içində də, kənarda da keçən müddətdə dünyanın qabaqcıl universitetlərini bitirən, çox ciddi təhsil alan və qabaqcıl dünya şirkətlərində iş təcrübəsi qazanan kadrlar var. Müxalifəti qoyaq kənara, bəs hakimiyyət bu qüvvələrdən nəyə görə istifadə eləmir? Halbuki bu qüvvələr böyük bir potensialdır...

- Sizin xəbəriniz varmı hazırda o kadrlar xaricdən yığılıb gətirilir Azərbaycana? 

- Tam məlumatım yoxdur. Amma müəyyən istiqamətlərdə məlumatım var.

- Təhsil Nazirliyi bu dəqiqə o kadrların bankını yaradır. 


- O kadr bankı əslində var idi. Sadəcə, ondan istifadə eləmək lazım idi. Kadrları toplamaq düzgün addımdır. Amma gəlin görək o kadrlar kimlərin rəhbərliyi altında çalışacaqlar? O kadrların hökumətin və dövlətin siyasətinin hazırlanmasına, qərar qəbuluna və qərarların həyata keçirilməsinə təsir imkanları olacaqmı? Olacaqsa, nə səviyyədə olacaq? O kadrlar yalnız savadlı hesablamalar aparılması, “ağ, qara mühasibat işi”ni görmək üçün çağırılırlarsa, yenə nəticə olmayacaq. 

- Sizcə, onlar belə işləri görərlərmi?

- Onların bir hissəsi görər. Unutmayaq ki, onlar da azərbaycanlıdırlar. 

- Belə demək mümkündürmü ki, müxalifət olaraq siz arzu elədiyiniz islahatlar istiqamətində hakimiyyətdə hansısa prosesin gedib-getmədiyi haqda dəqiq məlumatlara malik deyilsiniz?

- Mənim müəyyən məlumatlarım var. Amma bütöv olaraq yoxdur. Bunun da çox sadə səbəbi var: cəmiyyətə bunlar barədə məlumat verilirmi? Hakimiyyət gərək bu barədə cəmiyyətə məlumat versin. Mən hökumət islahatları ilə bağlı verdiyim təkliflərdə demişdim ki, müxalifətdən kənar, heç bir siyasi ambisiyası olmayan texnokrat bir hökumət qurulsun. Mən təklifləri verəndə “biz gəlib bunu eləyək, müxalifət gəlsə daha yaxşı olacaq” kimi məsələləri, şərtləri qoymamışıq. 

- Siz dediniz ki, prezidentin hazırda təbii müttəfiqləri demokratik müxalifət və xalqdır. Xalq hissəsi və demokratik müxalifət məntiqi ilə razıyıq. Amma demokratik müxalifətin spektral analizi ortaya çox eybəcər bir tablo çıxarır. 

- Demokratik müxalifət heç olmasa hakimiyyətin düzgün istiqamətdə atdığı addımları dəstəkləyə bilər? Siyasi, mənəvi dəstək verə bilər? Məncə, edə bilər. Bu ki heç də pis tablo deyil...

- Məsələn, Əli Kərimli ilə İlham Əliyevin müttəfiqliyi Azərbaycana nə verəcək? 

- Müttəfiqlik deyəndə söhbət ondan getmir ki, dövlət başçısı otursun Azərbaycanın hansısa siyasi qüvvələri ilə bir sənəd imzalasın...

- O da ola bilər, olmalıdır əslində...

- Hələlik tezdir. Ən azı bunu hökumət başçısı edə bilər və ya parlamentdə ola bilər. Məsələn, mənim fikrimcə, indiki vəziyyətdə dövlət başçısı bir sıra addımlar atmalı idi. Mən buna siyasi turblans şəraitində ictimai-siyasi sabitlik piramidası deyirəm. Belə bir təkliflə də çıxış eləmişdim ki, bu gün Azərbaycan hökumətinin həm strukturu dəyişilməlidir, Nazirlər Kabinetinin sayı ən azı iki dəfə azaldılmalıdır, strukturu dəyişilməlidir və texnokrat, siyasi ambisiyalardan kənar islahatçı mütəxəssislər cəlb olunmalıdır. Çünki əgər sən islahatçı olmayan adamları kabinetə yığacaqsansa, o özü islahata qarşıdırsa, təbii ki, islahatlar aparmayacaq. İslahatçı texnokrat hökumət qurulmalıdır. Növbədənkənar parlament seçkiləri keçirilməlidir. Çünki diskussiyalar ilk növbədə parlamentdə getməlidir. Müzakirələri küçədən parlamentə yığmaq lazımdır.


“Vətənpərvərlik, yaxşı siyasi ritorik çıxışlar eləmək, polemikalar aparmaq hələ birbaşa idarəçilik demək deyil”


Parlamentdə seçilmiş nümayəndələr və media da olduğu üçün burada həm də ictimai nəzarət olacaq. Demokratik islahatlar paketi hazırlayacaq və ona ictimai nəzarəti həyata keçirəcək bir qurum yaradılmalıdır. Adını nə qoyurlar qoysunlar. Bura ölkənin hər sahədə mütəxəssislərini yığmaq lazımdır. Əgər demokratik düşərgədə də belə mütəxəssislər varsa, onlar da kənarda qoyulmamalıdır. Dördüncü təklif ondan ibarətdir ki, gerçəkdən predmetli müxalifətlə dialoqa getmək lazımdır. Yenə deyəcəksiniz hansı müxalifətlə? Bu gün hakimiyyət maraqlı olmalıdır ki, zəif və dağınıq vəziyyətdə olan müxalifət dirçəlsin. Çünki sabah hər hansı bir xarici səbəbdən ölkə daxilində sabitlik pozularsa və kütləvi bir hərəkat başlayarsa, bu qüvvələr dinc demokratik mübarizə yolunu seçən demokratik müxalifət qüvvələrinin arxasınca getsin. O prosesi idarə etmək mümkün olsun. 

- İllərini siyasətə vermiş bir siyasətçisiz, təhlilçisiz. Azərbaycanda ərəb modeli kimi qarğaşa gözlənilirmi? Ola bilərmi? Sırf nəzəri olaraq.

- Sırf nəzəri olaraq desək, bəli, gözlənilir. Əməli olaraq isə ehtimalı düşük olsa da o da gözlənilir. 


- Kim edə bilər bunu? Elə bir kritik qüvvə, kütlə varmı?

- Birincisi, siz özünüz də bilirsiniz ki, indi informasiya texnologiyaları dövrüdür. Artıq məsələn, hansısa bir görüşün keçirilməsindən ötrü hansısa bir terroristin Əfqanıstandan Azərbaycana gəlməyinə ehtiyac yoxdur. Yəni məsafədən də bu prosesi aparmaq mümkündür. İkincisi, yerlərdə gizli fəaliyyət göstərən qruplar var ki, özləri qarışıqlıq yaratmaq niyyəti güdən təşkilatlara biət edirlər...

- Yəni təhlükə demokratik düşərgədən gəlmir?

-...

(davamı gələn sayımızda)
Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR