İnsanlara hürriyət, millətlərə istiqlal!

“Son dönəmin ən böyük milliyyətçi camiəsi bizik”


Hazırda Azərbaycanda Milliyyətçi Gənclər Təşkilatı (MGT) adlı bir qurum var. Bu təşkilat ətrafına kifayət qədər millətçi gənclər toplamağı bacararaq, cəmiyyətin diqqətini özünə cəlb edib.   Güclü gənclər təşkilatlarından biri sayılır. Onların 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət zamanı mütəşəkkil fəaliyyəti də diqqətdən yayınmadı.  
 
MGT-nin idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev ilə hədəf, məqsəd və görəcəkləri işlərlə bağlı söhbət etdik.

- Müşfiq bəy, təşkilatınız neçə ildir mövcuddur?

- 2012-ci ildən etibarən fəaliyyət göstəririk. Bir neçə gəncin sayəsində MGT-nin əsası qoyulub. Təşkilat 7 nəfərdən ibarət İdarə Heyəti tərəfindən idarə olunur, üzvlər tərəfindən bir il müddətinə seçilir.

- MGT-nin təqribi nə qədər üzvü var?


-500-ə yaxın üzvümüz var. Həmçinin, bir neçə rayonda özəklərimiz fəaliyyət göstərir. Gəncə, Bərdə və Sumqayıtda üzvlərimizin sayı daha çoxdur. 

- Təşkilat qeydiyyatdan keçibmi? 

- Qeydiyyatdan keçmək üçün bəzi problemlər var. Tezliklə bu problemləri aradan qaldırıb, qeydiyyat üçün müraciət edəcəyik. Bu ilin yay aylarında böyük qurultay planlaşdırırıq. Bundan sonra qeydiyyatla bağlı qəti qərar qəbul edib, aidiyyatı orqana müraciət ünvanlayacağıq.

- Qurultayda hədəfləriniz nə olacaq? İdarəedici orqan dəyişəcək?

- İdarə heyətinə yenidən seçkilər olacaq. Gələcək hədəf, planlarımız barədə geniş müzakirələr nəzərdə tutulub. Üzvlərimizin təklif və iradlarını dinləyəcəyik.

- Azərbaycanda hansı siyasi quruma daha yaxınsınız?

- Heç bir təşkilata aidiyyətimiz yoxdur. MGT tam müstəqil vətənpərvər millətçi gənclər tərəfindən qurulub və idarə olunur. Əsas xəttimiz ideologiyadır. 

- Qarşıdan parlament seçkiləri gəlir. Hədəfləriniz nədir? 

- Bu barədə yekun qərarımız yoxdur. Amma ideoloji baxışlarımız üst-üstə düşən istənilən şəxsə dəstək verə bilərik.


- İtaliya millətçiləri Mussolini, alman millətçiləri Hitleri özlərinə örnək götürərək, onların əsərlərindən ilham alırlar. Bəs siz? 

- Azərbaycan-türk milliyyətçilərinin vahid konsepsiyası yoxdur. Çünki millətçilik dövrün tələblərini nəzərə alıb, ona uyğun formalaşır. Türk milliyyətçiliyinin fikir atası Əli bəy Hüseynzadə, Rəsulzadə, Elçibəy və Atatürkdür. Hüseyn Nihal Atsız, Ziya Göyalp, Alp Arslan Türkeş kimi öndərlər olub ki, dövrün tələbinə uyğun konsepsiya qoyub gediblər. Hazırda təşkilatımızın Həsən Akifoğlu, Gündüz Sadıqov və Fərid Əhmədov kimi üzvləri dövrümüzün tələbinə uyğun konsepsiya üzərində işləyirlər. Tezliklə hazır olacaq.

- MGT-nin gələcək hədəfləri konkret nədən ibarətdir?

- Öncəliklə əsas hədəfimiz gənclərimizdə vətənpərvərlik, milliyyətçilik duyğuları yaratmaqdır. Bütöv Azərbaycan yolunda güneyli soydaşlarımızla geniş əlaqələr qurmaq da əsas hədəflərimizdən biridir. Quzey Azərbaycanda daim haqq və hürriyyət  tələb etmişik. Buna nail olmaq məqsədlərimiz sırasında yer alır. Turan-türk birliyini görmək ən böyük arzumuzdur. 

- Millətçilik dedikdə ilk olaraq İsgəndər Həmidov yada düşür. Buna münasibətiniz? 

- İsgəndər Həmidov meydan hərəkatının liderlərindən biri olub. Böyük hörmətim var. Amma milliyyətçilik dedikdə Elçibəy yada düşür. İsgəndər bəy də Elçibəyin yaxın silahdaşlarından olub, bozqurdlara öndərlik edib. Danılmaz xidmətləri var. Bozqurd işarəsi min illərdir ki, mövcuddur. İsgəndər Həmidovla təşkilat olaraq heç bir əlaqəmiz yoxdur.


- Sizcə Azərbaycanda millətçilik niyə zəifdir?

- Elçibəyin Kələkiyə getməsindən bəzi insanlar sui-istifadə etdilər. Nəticədə türkçülük gülünc vəziyyətə düşdü. Türkoloqların işinə maneçilik törədildi. Türkçülüyü yalnız mahnı oxumaqla göstərməyə çalışdılar. Bu konsert proqramlarından başqa bir şey olmadı. 

- Konkret ad çəkə bilərsiz?


- Xalqımız hər şeyi yaxşı görür. İstəmirəm ad çəkib, qalmaqal yaradım. Bu şəkildə gündəmə gəlmək istəmirəm. Amma son günlərdə gündəmdə olan bir məsələyə toxunmaq istəyirəm. Fazil Mustafa kimi özünə türkçü deyən millət vəkili panarabizimlə məşğul olur. Babəkin türk olub-olmaması ilə bağlı fikirlər söyləyir. Belə bir neçə şəxs var ki, türkçülük adına xələl gətirirlər.  


- Gələcəkdə partiyaya çevrilməyi düşünürsüz? 

- Hazırda bu barədə düşünmürük. Əsas görəvimiz ideologiyadır. Nəzərə alsaq ki, son dönəmin ən böyük milliyyətçi camiəsi bizik, o zaman üzvlərimiz tələb etsə, niyə də partiya olmasın.

Cavanşir ABBASLI

Şərh yoxdur