İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Vitse-prezidentlər hər an təyin oluna bilərlər”

6623 07.11.2016 08:40 Müsahibə A A
YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla bir çox məsələlərdən danışdıq. Nardaran pirinin qazının kəsilməsindən tutmuş, əhalini hakimiyyətdən narazı salan icra başçılarına qədər. Hakim partiya təmsilçisinin, təbii ki, mövcud vəziyyət və səslənən fikirlərlə bağlı həmişə olduğu kimi, özünəməxsus arqumentləri var. 

- Siyavuş bəy, bu günlərdə qəzetimiz yazandan sonra Nardaran pirinə qazın verilişi bərpa olundu. Siz komitə sədri kimi əvvəlki günlərdə bu məsələ ilə maraqlanmışdınızmı? Əhalini narazı salan belə hallara yol verilməsi nə dərəcədə doğrudur?

- Bunun iki səbəbi ola bilər: birincisi, texniki səbəblər, ikincisi, qazın pulunun ödənilməməsi. Hər bir istifadəçi artıq başa düşməlidir ki, istifadə etdiyi qaz, su, işıq və digər nə varsa, onun pulu ödənilməlidir. Nardaran pirinə də kifayət qədər vəsait toplanır. Ordan da nə Qafqaz Müsəlmanları İdarəsinə, nə başqa bir quruma bir manat da olsun vəsait köçürülmür. Hansı ki, bu vəsaitlər hamısı Qafqaz Müsəlmanları İdarəsinə toplanmalıdır və digər addımlar müəyyənləşdirilməlidir.

- Heç maraqlanmısınızmı ki, ora nə qədər vəsait toplanır? 

- Onun miqdarı məni maraqlandırmır, çünki mənim sahəmə aid deyil. Əsasən Dini Komitə bu işlə məşğul olur. Amma ümumilikdə Azərbaycanda insanların ən çox ziyarət etdiyi bir neçə ziyarətgah var ki, biri də oradır və kifayət qədər də vəsait toplanır. Belə olan təqdirdə hesab edirəm ki, cüzi miqdarda qazpulunu, işıqpulunu ödəmək həm qanun, həm də insanlıq qarşısında borcdur. Bu, ölkənin sərvətidir və bundan heç kəs güzəştli şəkildə istifadə edə bilməz. 

- Amma bu barədə müzakirələr aparılarkən daha çox Gürcüstandakı kilsələrə güzəşt edilməsi xatırlanır...

- Güzəşt yoxdur. Azərbaycan Gürcüstana qaz satır, Gürcüstan da onu hara sata, ya pay verirsə, bu, artıq həmin ölkənin öz işidir.

- Yəni Azərbaycan gürcü və erməni kilsələrinə qazı pulsuz vermir?

- Qəti şəkildə! Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq.

- Son zamanlar dini məsələləri özündə ehtiva edən qanunlara ciddi dəyişikliklər oldu, cəzalar sərtləşdirildi. Dini ekstremizmlə bağlı doğrudanmı təhlükəli vəziyyət yaranıb?

- Dini ekstremizmə qarşı mübarizə ilə bağlı biz 2015-ci ilin 4 dekabrında qanun qəbul etmişik. Orada müxtəlif məsələlər qoyulub. Sonra isə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsinə qarşı, xarici dövlətlərin ərazisində dini ad altında hərbi birləşmələr yaratmaq, ona rəhbərlik, orada iştirak, dini ayrıseçkilik yaratmaq kimi məsələlərlə bağlı biz yeni bir qanun qəbul etdik. Eyni zamanda Cinayət Məcəlləsində də bununla bağlı sanksiyaları daha da kəskinləşdirdik. Bu, nəyə xidmət edir? Bilirsiniz ki, hətta Avropa Birliyinə daxil olan ölkələrdən 10 mindən artıq insan İŞİD terror təşkilatına qoşulub. Azərbaycanda da yolunu azan, yoldan çıxarılan, şirnikləndirilən olur, gedir İŞİD-ə qoşulur. Onlar gedib təlimlərdə iştirak edir, sonra da aldıqları müxtəlif tapşırıqları burada, başqa ölkələrdə həyata keçirməyə çalışırlar. Kiminsə döyüşmək arzu-istəyi varsa, Azərbaycan ordusunda xidmət edə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında özünün səy və bacarığını qoya bilər... Bilirsiniz ki, bizim həm çağırış, həm də müqavilə əsasında orduda xidmət haqqında qərarımız var. Əgər kimsə kafirlərə qarşı vuruşmaq istəyirsə, ermənidən betər kafir yoxdur. Xocalı soyqırımı törətdi, uşağı, qocanı, qadını öldürdü. Yəni ünvan bəllidir. 

“Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq”


- Deməli, Qarabağda döyüşmək üçün təşəbbüs göstərənlər olsa, onlara “yaşıl işıq” yandırılacaq? 

- Təbii ki. 40 yaşına qədər döyüş təcrübəsi olan, döyüşmək arzu-istəyində olan şəxslər müqavilə əsasında müraciət edir, o, tibbi və psixoloji yoxlanışdan keçirilir və bundan sonra hansısa sahədə xidmət göstərə bilər.

- Ancaq belə məsələlərdə adətən, “Qarabağ partizanları”nın taleyi xatırladılır...

- O, tamam başqa məsələydi, partizanlıq deyildi. O, Azərbaycanda növbəti bir silahlı qruplaşmanın yaranması idi. İndi isə söhbət sırf Müdafiə Nazirliyinin tabeçiliyində olmaqdan gedir. 

- Belə qruplaşmalar, partizan dəstələri Müdafiə Nazirliyinin tərkibində yaradıla bilərmi? Partizan müharibəsindən zaman-zaman danışılıq və hesab olunur ki, əraziləri işğaldan azad etmək üçün bu, vacib məsələdir.

- Bəli, belə məsələlər var. Ancaq biz bunu açıqlamırıq, proses də davam edir.

- Devalvasiya və bahalaşma ölkə gündəminin əsas mövzusu olaraq qalır. Əhalinin narahatlığına rəğmən, hökumətin ciddi tədbirlər görməməsi suallar doğurur. Bir neçə gündən sonra hökumət büdcə müzakirələri üçün parlamentə gələcək. Vəziyyətlə bağlı narahatlığınızı ifadə edəcəksinizmi?

 - Təbii ki, bununla bağlı lazımi qərarlar verilir. Qeyri-neft sektorunda iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı, konserv zavodlarının tikilməsi bu qərarların nəticəsidir. Elə bu günlərdə Azərbaycanda dərman istehsalı ilə əlaqədar yeni bir zavodun təməl daşı qoyuldu. Bu iş qısa müddətdə, 2018-ci ildə  başa çatdırılacaq və Azərbaycan özü dərman istehsalına başlayacaq. 

Kənd təsərrüfatı sahəsində də bu il kifayət qədər uğurlu olub. Manat məsələsinə gəldikdə, milli valyutamız “üzən məzənnə”yə keçib. Görürsünüz ki, dollar gah qalxır, gah düşür. Burada həm işbazların, pul qazanmaq istəyənlərin rolu var, həm də ki, ajiotaj yarananda insanlar çalışır əlində olan vəsaiti dollara çevirsin. Nəticədə də belə bir vəziyyət yaranır. Amma qiymətlərdə elə ciddi dəyişiklik yoxdur...

- Siyasi məhbusların siyahısı məsələsi yenə mübahisələrə səbəb olub. Sizin bununla bağlı qənaətiniz necədir?

- Ümumiyyətlə, siyasi məhbus, dissident anlayışı sovet dövründə mövcud idi. Yəni kiminsə fərqli baxışlarına görə həbs edilməsi. Bu gün Azərbaycanda belə hallar yoxdur. Kimsə tutulubsa, bu və ya digər şəkildə törətdiyi cinayətə görə tutulub və məsuliyyətə cəlb olunub. Peşəsindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əfsuslar olsun ki, bir qrup adam bu məsələdən gəlir mənbəyi kimi istifadə edir. 

Hətta bir-birinin üzünə dururlar. Məsələn, Xədicə İsmayıl Emin Hüseynovun üzünə durdu ki, valideynlərdən pul alıb məsuliyyətə cəlb olunan insanların adını siyahıya salmaq istəyirdi. Vaxtilə bununla Leyla Yunus məşğul olurdu, Avropa Şurasına siyahılar göndərirdi. 

Bunların heç bir siyasi partiyaya aidiyyəti yoxdur. Hətta Azərbaycandakı hüquq  müdafiəçiləri yığışıb bəyan etdilər ki, bu adamların heç biri bizim siyahıda yoxdur, bu, hardan çıxır? Müəyyən olundu ki, ümumiyyətlə, 30 nəfər yoxdur. Bir hissəsi artıq azadlıqdadır, digərləri də heç bir siyasi partiyanın üzvü deyil. 

Onların valideynlərindən pul yığırdı ki, “mən sizin övladınızı azad edəcəyəm”. Şantaj yolu ilə, Avropa Şurasına müraciətlə çalışırdı ki, ayrı-ayrı şəxslərə siyasi məhbus adı verib onları azad etdirsin. Bu gün AXCP adlı təşkilat da bu işlə məşğuldur. Əli Kərimli insanlara sənədlər verir ki, guya Xalq Cəbhəsinin üzvü olduğuna görə sıxışdırılır, ailəsi təhlükə qarşısındadır. Məqsəd budur ki, həmin şəxslər gedib xaricdə özlərinə sığınacaq alsınlar. Bununla bağlı kifayət qədər faktlar var. Fakt budur ki, siyasi dəllallıqla məşğul olurlar. 

“Xədicə İsmayıl Emin Hüseynovun üzünə durdu ki, valideynlərdən pul alıb məsuliyyətə cəlb olunan insanların adını siyahıya salmaq istəyirdi”


- Əgər dediyiniz doğrudursa, bununla bağlı həqiqətən faktlar varsa, niyə araşdırmalar aparılmır?

- Addımlar atılır. Adamların müraciət etdiyi ölkələrdən sənədlər götürülür. Onlar toplandıqdan sonra müvafiq qərar qəbul olunacaq. 

- Amma Əli Kərimli hələ də özünə pasport ala bilməyib...

- Əli Kərimli haqqında cinayət işi qaldırılıb, ona görə də pasport verilmir. İstintaqı da davam edir. 

- “MTN işi” ilə bağlı araşdırmalar, məhkəmə ifadələri heyrətamiz məsələləri ortaya çıxardı. İllərlə bu qədər cinayətlərə imza atılıb, minlərlə unsan dövlətdən narazı salınıb. Milli Məclisin üzvü, eyni zamanda vətəndaş olaraq baş verənlərlə bağlı şəxsi münasibətiniz maraqlıdır...

- Vallah, bu məsələ hüquq-mühafizə orqanlarının işidir. İstintaq gedir və hər şey istintaqın qərarı ilə olur. Biz istintaq aparan orqan deyilik. Hər kəs bir söz deyə bilər. Söz başqadır, istintaq işi başqadır. 

- Keçmiş nazir Eldar Mahmudovla bağlı müxtəlif şayiələr dolaşır. Hazırda Azərbaycanda olmadığı da deyilir.

- Mənim məlumatım yoxdur. Bunu hüquq-mühafizə orqanları bilər.

- Bəzi sahələrdə vəziyyət o qədər problemlidir ki, hətta müxalifətə qarşı aqressiv münasibəti ilə seçilən, hakimiyyətin müdafiəçisi Hafiz Hacıyev də bəzən kəskin fikirlər səsləndirir, ayrı-ayrı məmurları tənqid edir. Bunun  fərqindəsinizmi?

- Hər kəsin söz demək hüququ var. İnsanlar öz fikrini bildirir, tənqid edir, rəyini açıqlayır. Əsas odur ki, təhqir olmasın, kimsə şantaj edilməsin. Belə hallara da yol verildiyi halda, məsələ ilə məhkəmə məşğul ola bilər. 

- Bir sıra icra başçılarının yerlərdə narazılıq yaratdığı barədə fikirlər var. Amma nədənsə icra başçıları toxunulmazlıq statusu alıb. Niyə belədir? 

“Evdə arvadı ilə savaşan icra hakimiyyətinə gedir”


- Əvvəla, hər sahənin öz rəhbəri var. Bu gün icra başçıları prezidentin səlahiyyətli nümayəndəsi funksiyasını yerinə yetirir. Ola bilər aralarında kimsə var ki, öz davranışı, insanlara münasibəti ilə narazılıq yaradır. Ancaq hansısa sahələrin heç icra başçısına tabeçiliyi yoxdur. İnsanların da işi sahələrlə  bağlıdır, icra hakimiyyəti ilə yox. İnsanlar köhnədən öyrənib ki, evdə arvadı ilə savaşan icra hakimiyyətinə gedir. Bu da düzgün deyil. Çünki yerdə hakimiyyətin səlahiyyətli nümayəndəsi icra başçısıdır. İcra başçısının digər strukturlara göstəriş vermək səlahiyyəti yoxdur. Onlar ayrı-ayrı nazirliklərin tabeliyində olan strukturlardır. Kim işinin öhdəsindən gələ bilmirsə, vəzifəsindən azad olunur. Yaxud işinin öhdəsindən gələnlərin vəzifəsi yüksəlir, yaxud başqa işə keçirilir. Yəni bunlar hamısı nəzarət altındadır. Gördüyünüz kimi, bütün nazirlər regionlardadır, görüşlər keçirirlər. Keçmişdə hamı tökülüb gəlirdi Bakıya. İndi isə əhaliyə əziyyət verməməkdən ötrü qabaqcadan elan olunur ki, kimin hansı sahə ilə bağlı müraciəti varsa, gəlsinlər filan nazirlə görüşə.

- Vitse-prezidentlər məsələsi növbəti seçkiyə qaldı, yoxsa...

- O, prezidentin səlahiyyətində olan məsələdir. Amma məsələ bu gün qüvvədədir.

- Yəni vitse-prezidentlər hər an təyin oluna bilərlər, eləmi?

- Bəli, hər an təyin oluna bilərlər. Sadəcə, prezidentin səlahiyyətindədir...

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR