İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Cavabdehlər öz cəzasına çatacaq”

4784 16.07.2015 08:35 Müsahibə A A

- Siyavuş bəy, qərargahda sakitlikdir, az qala belə təsəvvür yaranır ki, sizdən başqa işləyən yoxdur. Deyəsən, partiyanın bütün işləri sizin üzərinizdədir...

- Yox. Bizdə əsas məsələ parlament seçkiləridir. Digər seçkilərdən fərqli olaraq parlament seçkilərində əsas güc mərkəzi yerlərdədir. Yəni strategiya, proqram müəyyənləşir, onun detallarının yerinə yetirilməsi yerli təşkilatlarımızın üzərinə düşür. Düzdür, MSK da seçici siyahısını dəqiqləşdirir. Amma onun dəqiqləşdirmə forması başqadır. Bizdə isə siyahı tamam başqa formada dəqiqləşdirmə aparılır. Hər il biz bu siyahı ilə məşğul oluruq. Dünyasını dəyişən, 18 yaşına çatan, hərbi xidmətə gedən, qayıdan var, yaşayış yerini dəyişənlər var.   
- Müxalif dünyagörüşlü şəxslər bu yerdə deyə bilər ki, onsuz da seçkinin taleyi Bakıda həll olunursa, razılıq alan şəxs mandat qazanırsa, onda bu qədər əziyyətlərin mənası nədir?
- Elə deyil. Hər bir seçki üçün işləmək lazımdır. Mən 20 ildən artıqdır bu işlə məşğulam. Həm rəqiblərin atdığı addımları, səhv cəhətlərini görürəm, həmçinin hər bir seçkinin özünün strategiyası olmalıdır və hər dairə üzrə seçkinin tədqiqatı və müzakirəsi olmalıdır. Bu olmadan seçki olmaz. Sonuncu dəfə seçki elan olunmuşdu, müxalifət hələ namizəd tapa bilmirdi, gah Rüstəm İbrahimbəyovun dalınca gəzirdi, gah başqa namizəd axtarırdılar. Seçkinin 15 günü gedəndən sonra müəyyən etdilər ki, Cəmil Həsənli namizəd olsun, imzatoplama dövrünün başa çatmasına 7 gün qalmış imza topladılar. Bunu dünyanın harasında danışsan, gülüşlə qarşılanar. Baxmayaraq ki, ədalətsizcəsinə başqa rəylər verirlər. Amma seçki texnologiyasını bilən təsdiqləyər ki, bir namizəd istənilən dairədən ən geci 7 ay qabaqcadan namizəd olub-olmayacağını müəyyənləşdirə bilmirsə, orda heç bir nəticə əldə edə bilməz. 

- Amma bu gün hətta əksər YAP-çı deputatlar da seçkiyə gedib-getməyəcəyini dəqiq bilmirlər. Çəkingənlik nə ilə bağlıdır?

AXCP sədri partiya funksiyası ilə məşğul olmaq əvəzinə, “Azadlıq” qəzetində müxbirliklə məşğuldur”




- Çəkingənlik yoxdur. Mövcud dairələrdən bizim deputatlar fəaliyyət göstərir, onların dairəsi bəllidir. YAP-ın 70-dən artıq namizədi parlamentdə təmsil olunurdu, indi bizim 5 dairəmiz boş qalıb. Hər hansı zərurət yaranarsa, digər təşkilatdan hansısa namizəd irəli sürülərsə, avtomatik şəkildə yerdəyişmələr aparıla bilər, bu, bizim seçki texnologiyamızdır. Yəni bizim 72 mandat olub, həmin namizədlər bu gün də var və fəaliyyətdə olan deputatlardır.  

- O deputatlar yenə seçkiyə gedəcəklərmi? 

- Bu, partiyanın qərarı ilə bağlı olacaq. Digər yerlərlə bağlı isə partiya götür-qoy edəcək. Partiyanın 650 mindən artıq üzvü var, onların arasında da seçkilərdə iştirak etmək istəyini bildirənlər var. O cümlədən biz rayon təşkilatları ilə də söhbətlər aparırıq ki, məsələn, o dairədən kimin şansı daha çoxdur. Təbii ki, istəyən çoxdur və hər bir insanın seçib-seçilmək hüququ var.

- Heç sizə zəng edib siyahıya adını saldırmaq istəyənlər olurmu?

- Zəng də olur, gələn də olur. İndi 125 yerdir, amma minlərlə insan seçilmək istəyir. Elə seçim aparılmalıdır ki, həm ədalətli, həm keçərli olsun, həm də partiya tərəfindən qəbul olunsun. Təbii ki, proses çətindir. Bizim keçmişdə seçilmiş millət vəkillərimiz olub, amma deputat olmadığı dövrdə partiya həyatında çox aktiv iştirak ediblər. Yenidən seçilmək arzu-istəklərini bildirənlər var. Xaricdə yüksək təhsil almış, uzun müddət partiya sıralarında fəaliyyət göstərən gənclərimiz də var. Amma bunlar toplanılır, partiya rəhbərliyi müzakirə edib son qərarını verəcək. 

- YAP-ın ilkin siyahısına düşmək istəyənlər çoxdurmu? 

- Çoxdur, həddindən artıq çoxdur. 125 yerdir və hər bir insanın arzu-istəyidir mandat sahibi olsun. Milli Məclisin üzvü olmaq çox şərəfli vəzifədir, bu da çox adamın arzusudur. Amma siyahı avqustun axırlarında elan olunacaq, partiya rəhbərliyinin qərarı ilə.  



- Seçkilərdə yaş senzi, yaxud rektor-biznesmen deputatlarla bağlı qadağa olacaqmı? 

- Bəzən yazırlar bu dəfə yaşlılar seçkiyə getməyəcək, rektor, ya digərləri mandatsız qalacaq, bunlar hamısı insanları çaşdırmaqdır. İlk növbədə seçki adamın yaşından, çəkisindən, boyundan asılı deyil. Bu, seçkidir, əsas məsələ seçicinin etimadıdır. Elə yer var ki, orda yaşlı adamın olması daha məqsəduyğundur, seçici ona daha çox etimad edir. Elə yer var yeni təfəkkürə, yeni baxışlara ehtiyac var. Biz bu tədqiqatlarımızı bir ilə yaxındır aparırıq. Bələdiyyə seçkilərində 30-35 faiz yeni nəslin nümayəndələri təmsil olundu, vaxtilə bu, 4 faiz idi. 

- Parlamentdə gənclərin nisbəti necədir? 

“Elə məsələlər qoymalısan ki, nazir telefonuna cavab versin”


- Bu gün 4 nəfərdir. Bu da normal haldır. Parlament seçkilərində iştirak yaşı 25-dir. 30 yaşına qədər insan cəmiyyətdə tanınmalı, özünü göstərməlidir. Bu, təyinatlı vəzifə deyil ki, gənclərin faizi artırılsın. Məsələn, ABŞ Konqresində aşağı yaş senzi 35-dir, o vaxta qədər ictimai-siyasi həyatda çalışmalı, işləməli, tanınmalıdır ki, ora gələndə yetkin insan olsun. 

- Müxalifətin şansını necə dəyərləndirirsiniz? 

- Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın partiya var, onların hər biri seçkidə iştirak qərarını verib. Təbii ki, 3 fazilik baryeri aşan partiya dövlət büdcəsindən maliyyələşir. Bu baxımdan siyasi partiyalar seçkilərdə iştirakda maraqlıdırlar. Çalışacaqlar ki, daha çox namizədlə iştirak edib 3 faizlik baryeri aşsınlar və dövlət büdcəsindən maliyyələşsinlər. Odur ki, hesab edirəm bu parlament seçkiləri əvvəlkilərdən daha gərgin rəqabət əsasında keçəcək. 

- Prezidentin sonuncu müşavirədə qiymətlər, məmur özbaşınalığı və digər məsələlərlə bağlı çıxışından sonra nələr gözlənilir? 

- Öncə deyim ki, müşavirədə ölkənin daxili və xarici siyasəti, həm Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibəti və digər məsələlərlə bağlı hərtərəfli, geniş müzakirələr oldu. Cənab prezident hər bir azərbaycanlının düşündüyü, qəlbindən keçən, iki nəfərin avtobusda bir-biri ilə müzakirə etdiyi, yaxud iki biznesmenin bir-biri ilə gileyləndiyi bütün məsələləri detalları və xırdalıqları ilə qeyd etdi, çıxış yollarını, aidiyyəti qurumların bu işlərlə necə məşğul olmasını ortaya qoydu. Dünyada köşə yazıları çox vacib yazılardır, Türkiyədə və Avropada köşə yazarları qəzetin aparıcı qüvvəsi sayılır. Amma bəzən görürsən siyasi partiya rəhbərləri də partiya funksiyasını kənara qoyub köşə yazıları ilə məşğul olur. Xüsusilə AXCP sədri gecə-gündüz feysbukda yazmaqla məşğuldur. İndi aydındır, bu, onun xüsusiyyətindən irəli gəlir. 



Çünki diplomunu alanda onun ilk təyinatı “Azadlıq” qəzetində olub. Adətən yaxşı hüquqşünasları başqa sahələrə göndərirlər...İndi də keçmiş işinə qayıdır. Partiya funksiyası ilə məşğul olmaq əvəzinə, köşə yazılarında olmazın yalan, iftiralar yayır, ya da “Azadlıq” qəzetində müxbirliklə məşğuldur. Amma həmin köşə yazarı cənab prezidentin arqumentlərinin heç bir faizinə qarşı da cavab verə bilmir, şər-böhtanla məşğuldur. Prezident ipoteka, dərman, turizmlə bağlı vətəndaşları narahat edən bütün məsələləri qaldırdı və həllini tapşırdı.

- Tapşırıqlar icra olunacaqmı? 

- Təbii ki, bu, ciddi şəkildə nəzarətdədir və hər biri də icra olunacaq. İcra olunmadığı halda cavabdehlər öz cəzasına çatacaq. Çünki vəzifəyə təyin olunan insan ilk növbədə vətəndaşların problemlərini həll etməlidir, problem yaratmamalıdır. 

- Niyə həmin toplantıdan sonra bircə nəfər də olsun məsuliyyətini dərk etdiyini bəyan edib vəzifəsindən imtina etmədi? 

- Bizdə, ümumiyyətlə, bununla bağlı presedent yoxdur. Müstəqillik əldə etdikdən bu günə qədər belə presedent olmayıb. Nöqsanlarda obyektiv və subyektiv səbəblər var. 

- AZAL-da qiymətlərin yüksək olması obyektivdirmi?

- Onların da özlərinin əsaslandırması var. Amma buna baxmayaraq, hər bir şey xalqa xidmət etməli, xalqın tələbatına uyğun olmalıdır. Vəzifəli şəxs bunu dərk etməli və həll yollarını tapmalıdır, qoymamalıdır ki, məsələlər yuxarı səviyyəyə çatsın. Vaxtilə kimin bir qoyunu itirdisə, Bakıya şikayətə gəlirdi, biri ilə yola getmirdisə, paytaxta üz tuturdu. İndi isə elanlar verilir, nazirlər rayonlara gedir, insanları yerində dinləyirlər, problemlər yerində həll olunur. Əslində rayonlarda icra başçılarının qəbul günü də olmamalıdır. Başçı təyin olunubsa, vətəndaş istənilən gün onun qapısını döyməli, problemlərini çatdırmalıdır. Bütün qapılar vətəndaşın üzünə açıq olmalıdır.

- Siyavuş bəy, masanızın üstündə bir neçə telefon var. İstənilən nazirliyə zəng edib nazirlə birbaşa danışmaq imkanınız varmı? 



““Bəzən yazırlar bu dəfə yaşlılar seçkiyə getməyəcək, rektor, ya digərləri mandatsız qalacaq, bunlar hamısı...”


- Təbii ki. O problem yoxdur. Məndə dövlət telefonu da var.
 
- Bəzi həmkarlarınız şikayətlənir ki, nazirlərə edilən zənglərə ancaq katibələr cavab verir...

- 15 ildir parlamentin üzvüyəm, 20 ildir partiya rəhbərliyində çalışıram. Belə bir problemlə rastlaşmamışam. Burda hər iki tərəfin günahı var. Elə məsələ var ki, rayon miqyaslı məsələdir, seçicinin problemidir, elə məsələlər də var ki, şəxsi zəmindədir. Ona görə də elə vəziyyət yaranır ki, telefonlar adamın üzünə qapanır. Elə məsələlər qoymalısan ki, nazir telefonuna cavab versin. Amma hər bir dövlət nümayəndəsinin borcudur ki, millət vəkilinin qaldırdığı məsələyə yazılı və şifahi cavab versin. Əgər bunu kimsə etmirsə, saymazyana yanaşırsa, o, çox səhv edir. Çünki hökumət Milli Məclisin qarşısında hesabat verir. 

- Bəy, bir az sınıxmısınız, deyəsən, pəhrizdəsiniz...

- Yox. Oruc tuturam. Neçə illərdir ki, mütəmadi olaraq oruc saxlayıram. 

- Namaz da qılırsınız? 

- Yox, hələ namaza çatmamışam. İnşallah, gələcəkdə... Bəzən insanlar bir şeyi vaxtından qabaq etməyə çalışır. Amma gərək hər şey vaxtında yetişsin. İslamın 5 əsas şərti var. Sağlıq olsun...

- Həcc niyyətiniz də var?

- Hər bir müsəlmanın iki vətəni var: bir doğulduğu torpaq, bir də müqəddəs Kəbə. Hər bir müsəlmanın arzusudur ki, Kəbəni ziyarət etsin. Amma hər adamın imkanı yoxdur. Qiymətlərdə bir az bahalıq var, inşallah, bu sahədə də vəziyyət düzələcək. İslam dininin ən gözəl modeli Azərbaycandadır. Həm müasirlik var, həm ənənələr qorunub-saxlanılır, həm dövrlə ayaqlaşma məsələsi var.
 
- Orucluğun çətinliyi nədir, susuzluq, ya yuxusuzluq? 

- Deyim ki, adam daha çox yüngüllük hiss edir və işləmək üçün kifayət qədər zaman olur. Vaxt getsin, baş qarışsın deyə, işləyirsən, xeyli qalan işləri axıra çatdırmaq mümkün olur. Özü də, görünür, Allahın oruc tutanlara rəhmi gəlib, bu il hava sərindir. Orucluq artıq başa çatır. Sizin qəzet vasitəsilə oruc tutanları da, tutmayanları  da müsəlmanların ən gözəl bayramı - Ramazan bayramı münasibətilə təbrik edir, uğurlar arzulayıram. Ramazan ayı günahların bağışlanması ayıdır. Kimin günahları varsa, qoy Allah-təla bağışlasın.

- Ramazan əfvi ola bilərmi?

- Gözləyək. Allah hamının qapısını açsın! 


 
Yekunda masa üzərindəki qəzetlərdən söz düşdü. Müsahibim dedi ki, bütün qəzetləri alır, oxuyur, “Yeni Müsavat”ı da həmçinin. “Əksər materialları qəzetdən oxuyuram, həmçinin xəbərləri gecə saat 2-yədək internetdən izləyirəm”.

Elşad PAŞASOY
FOTO: “YM”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR