İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva: “Mətbuat məni kimin vəzifəsinə qoyursa, həmin adam mənimlə soyuq danışmağa başlayır”

6494 24.01.2017 08:45 Müsahibə A A
“Bizim qonaq” rubrikasının  növbəti müsahibi millət vəkili Qənirə Paşayeva oldu. Görüşdə qəzetimizin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak edirdi. Qənirə xanımla həyat yolu, ölkədəki iqtisadi-siyasi proseslər, Dağlıq Qarabağ məsələsi və digər önəmli mövzular ətrafında  söhbət etdik. 


- Lavrovun açıqlaması  bu arealda Azərbaycanın mövqelərini kifayət qədər zəiflətdi. Rusiyanın açıq mövqe sərgiləməsinə fürsət yarandı. Bu prosesdə sualı verən jurnalistin günahı varmı? Bəziləri də onu qınayırlar ki, bizə bu lazım idimi? Ermənilər sanki bir ruh üstünlüyü əldə etdilər. İndiyə qədər Rusiyaya bu qədər açıq mövqe ortaya qoymaq fürsəti verilməmişdi. 

- Bu, mübahisəli məsələdir. Onda belə çıxır ki, heç vaxt belə bir sual verilməsin. Mən jurnalistlər prizmasından baxıram. Başqa bir məsələdən sual verəndə də qınayırlar ki, bizim bu  boyda dərdimiz ola-ola başqa bir məsələdən niyə sual verir. 

- Jurnalist sualı elə qoya bilərdi ki, cavab belə olmazdı. Siz o sualda yanlışlıq görürsünüzmü?

- Yanlışlıq yox, sadəcə, bir nüans görürəm ki, Lavrovun necə bir cavab verə biləcəyini də təxmin etmək olardı. Sual elə qoyulmalı idi ki, Lavrova manevr etmək imkanları yaranmasın. Bu sualı neytral bir ölkənin rəhbərinə vermək olardı. Lavrova verilən sualı bir qədər fərqli istiqamətə gətirmək olardı. Ancaq mən düşünürəm ki, Lavrov əgər bunları demək istəmirdisə, jurnalistin o sualına diplomatikcəsinə  ümumi cavab verib keçə bilərdi. Biz təcrübədə belə hallar da görmüşük. Jurnalist Lavrovu məhz bu cür cavab verməyə məcbur etməyib. Biz o qədər suallar vermişik ki... Ancaq qarşımızdakı siyasətçilər dövlətin maraqlarını nəzərə alaraq cavab veriblər. 

R.Arifoğlu: 

- Rusiyadan bu şəkildə verilən ilk açıqlamadır ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. İndiyə kimi rəsmi bir şəxsin dilindən belə açıqlama olmamışdı. Azərbaycan dövləti Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi bəyanat verdi. Daha nə etməlidir? Rusiya ilə münasibətlərdə dəyişiklik olacaqmı?

- Azərbaycan bu məsələdə öz mövqeyini bildirdi, lazımi cavabı verdi. Ancaq Rusiya ilə əməkdaşlıq davam etməlidir. Bu ölkə ilə qarşıdurma Azərbaycana müsbət heç nə vəd etmir. Azərbaycanın xarici siyasətdə yanaşması bütün ölkələrlə münasibətlərin normal saxlanılmasıdır, balanslı siyasətdir. Mən bunu doğru hesab edirəm. Ölkəni başqa bəlalardan da qoruya bilmək üçün bu bizə lazımdır. Kimlərdəsə o eyforiya var idi ki, Rusiya Azərbaycanın xeyrinə addım ata bilər, mən onları başa düşə bilmirəm. 


- Ermənilərin mətbuatında da bu kimi fikirlər yazılmağa başlamışdı. Yəni bu, təsadüfi bir qənaət deyildi...

- Ermənilərin düşüncəsinə görə, Rusiyanın bu məsələdə açıq şəkildə Ermənistana dəstək bəyanatı verməməsi belə Azərbaycanın mövqeyini müdafiə etmək deməkdir. Hər kəs öz prizmasından baxır. Ermənistanda hesab edirlər ki, Rusiya bütün platformalarda onların mövqeyini açıq şəkildə müdafiə etməlidir. Necə ki, onlar Cənubi Qafqazda Rusiyanın forpostudur. Rusiya da öz forpostunu müdafiə etməlidir və onların mövqeyini açıq şəkildə dəstəkləməlidir. Onlar Rusiyanın  öz maraqlarının da olmasını qəbul etmək istəmirlər. Ona görə də o eyforiyanı yazırlar. 

“Əgər Suriyada sünni və şiə  məzhəblərini üz-üzə qoya bilsələr, çox ağır bir prosesin başlanğıcı olacaq”


A.Ayxan:

- Qənirə xanım, jurnalist həmkarlarınız sizi vaxtaşırı müəyyən vəzifələrə “təyin edirlər”. Hansısa şəhərin icra başçısı, nazir və sair... Ürəyinizdə, düşüncənizdə bir vəzifə varmı? Dövlət vəzifəsi və ya diplomatik vəzifə ...

- Mən hesab edirəm ki, ola biləcəyim ən yaxşı yerdəyəm, parlamentdəyəm. Çünki burada mənim öz istədiyim işlə məşğul olmaq imkanlarım genişdir. Bəzən gülməli hallar da baş verir. Mətbuatda kimin vəzifəsi ilə bağlı mənim adımı yazırlarsa, baxıram ki, həmin adam da mənimlə soyuq danışmağa başlayır. (gülür). Onda lap gülməyim gəlir ki, axı bu vəzifəyə insanları təyin edən cənab prezidentdir. Bunu ondan başqa kimsə bilə bilməz. Hamı ilə bağlı belə yazılar olur. Kimisə vəzifədən çıxarıb yerinə başqasını qoyurlar. Mənim tək bir istəyim var: parlamentdən sonra müəllimliyə başlamaq istəyirəm. Hansısa ali məktəbdə dərs deyə bilərəm. 


- Jurnalistikaya qayıtmaq arzunuz yoxdurmu? Darıxmırsınızmı jurnalistika üçün?

- Hansısa mətbuat orqanını idarə etmək istəmirəm. Ancaq yazmaq üçün darıxıram. Belə bir hədəfim yoxdur ki, nə zamansa qəzet və ya televiziya açım. Ehtiyacım olanda məqalə  yazıram. Bir qədər yaşlananda isə universitetdə dərs demək istəyərəm. Ona görə də elmi işimi o vaxtdan davam etdirdim, müdafiə elədim. Sonra beynəlxalq jurnallarda öz yazılarımı dərc etdirirəm.

- Elmi dərəcəniz varmı?

- Mən siyasi elmlər doktoruyam. 

- İndi nə yazırsınız, əlinizdə nə var?

- Türk dünyası ilə bağlı yazıram. Krım, İraq türkmənləri , Suriya və sair. 

- Köşə yazılarına keçmək istəyiniz varmı?

- Bəli, yazaram. Ancaq məsuliyyət götürmədən. Köşə yazarlığı ənənəvilik tələb edir, yazı zamanında verilməlidir. Bu nizam-intizama əməl edə bilmərəm. Qrafiki özüm müəyyənləşdirməklə yaza bilərəm.

R.Arifoğlu:

- Təklif edirik ki, “Yeni Müsavat” yazın. 

- Çox böyük məmnuniyyətlə. Ancaq mən özüm istəyəndə göndərə bilərəm. Çünki bəzən bir ay yaza bilmirəm, çatdırmıram.  Mən təşəkkür edirəm sizə ki, yazılarıma ən çox diqqət ayıranlardan biri də sizsiniz.

- Bizim müşahidələrimizə görə, son vaxtlar getdiyiniz yerlərdən reportajlar yazırsınız və sosial şəbəkədə paylaşırsınız. 


- Mən gündəlik yazıram. Əvvəllər jurnalist idim, getdiyim yerlərdən xəbər yazırdım.  Çünki televiziyada məsuliyyət çətindir, getdiyin yerdən xəbər hazırlamalısınız. Getdiyiniz yerdən əlavə yazı hazırlamağa imkan olmur. Çünki xəbərin içindəsiniz, başqa heç nə marağınızı cəlb eləmir. Lakin sonradan o qeydləriniz yığılır və bir müddət keçdikdən sonra sizə çox maraqlı gəlir. Məsələn, mən indi İraq gündəliyimi yazıram, jurnalist kimi getdiyim dövrü. Baxıram ki, əslində çox maraqlı hadisələr olub ki, önəmli bir analizin parçaları imiş. Əvvəllər xəbər yükü daşımadığı üçün diqqətimi çəkməyib. Mən İraqdan gələndən sonra televiziyada çıxışımda dedim ki, oradakı vəziyyət məni narahat edir. Demişdim ki, İraq parçalanacaq. Mən orada rastlaşdığım hadisəni danışmışdım. Pasportumu resepsiona verdim, işçi üstündə Azərbaycan sözünü gördüyü zaman mənə ilk sualı belə oldu: sən sünnüsən, yoxsa şiə? Dedim ki, mənim ölkəmdə kimsə tanımadığı adama bu sualı verirsə, bunun adına tərbiyəsizlik deyilər.

“Kimlərdəsə eyforiya var idi ki, Rusiya Azərbaycanın xeyrinə addım ata bilər, mən onları başa düşə bilmirəm”


Düşündüm ki, adam üzr istəyəcək. Lakin onun üzü bir az da dəyişdi və dedi ki, o zaman sən vəhhabisən... İslamın və müsəlmanlığın üstündə məzhəb və təriqət anlayışı dayanır. Əgər bir toplumun yarısı bir məzhəbdə, yarısı isə başqa bir məzhəbdədirsə və onlar da kompakt yaşayırlarsa, iç-işə deyillərsə, bölgə-bölgə yaşayırlarsa, bu cür yanaşma təqdirində parçalanmağa məcburdurlar.  Çünki onsuz da sizi parçalamaq istəyirlər. Əgər içinizdə də buna hazırsınızsa, deməli, mütləq bu alovu artıracaqlar. 


O vaxt xəbər hazırlayanda bu detaldan istifadə etməmişdim. Lakin indi yazanda görürəm ki, bir ölkəni təqdim etmək üçün o ilk təəssürat yetərlidir. İndi o vaxt yazdığım qeydləri oxuyuram və onları paylaşıram ki, kimlərəsə maraqlı olar. Jurnalist olanda belə bir ehtiyac duymurdum, daha çox yaxşı xəbərlər verməyə çalışırdım. 

- İraqda müşahidə etdiyiniz, o zaman üçün kiçik görünən, lakin indi müsəlman dünyasının hamısını sarmış bu detalı başqa harada müşahidə edirsiniz? Məsələn, Azərbaycanda, Türkiyədə müşahidə olunurmu o təriqət işartıları? 

- Əgər Suriyada bunu həyata keçirə bilsələr, sünni və şiə  məzhəblərini üz-üzə qoya bilsələr, Suriyada  çox ağır bir prosesin başlanğıcı olacaq, həm də bundan daha ağır. O zaman həmin alovun sərhədləri Suriyanı keçib bütün müsəlman dünyasına yayılacaq. Bunu etməyə çalışırlar. 

- Hazırda elə bir vəziyyət yoxdurmu?

- Suriyanı ona görə deyirəm ki, orada təkcə ölkənin daxilində yox, xaricində də münasibətdə  bu bölücülük var. Əgər buna nail olsalar, o zaman müsəlman dünyası üçün ən ağır, ən yıpradıcı proses gedəcək. Bütün müsəlman ölkələrində bunu müşahidə etmək olar. 

- Azərbaycanda məzhəbçilik heç zaman olmayıb, ancaq sanki buraya da gəlir... 

- İraqdan döndükdən sonra televiziyadakı çıxışımda da dedim ki, mən Azərbaycanın ən böyük zənginliyinin nə olduğunu İraqda anladım. Bizim ən böyük zənginliyimiz odur ki, insanlar bir-biri ilə evlənəndə belə məzhəbini soruşmurlar. Bunu itirsək, çox şeyi itirəcəyik. Təbii ki, Azərbaycana da o zərərli təsirləri gətirmək istəyən qüvvələr var. 

Buna imkan verilməməlidir. Həm dövlət səviyyəsində, həm toplum səviyyəsində, həm də biz ziyalılar olaraq buna imkan verməməliyik. Biz hamımız inanclı insanlarıq, amma  insanın öz xalqına məzhəb üzərindən baxmasını doğru hesab etmirəm. Kimin doğru, kimin yanlış olduğunu bir Allah bilir. Biz Azərbaycanda bu mənada münasibətlərin pozulmasına imkan verməməliyik. 


“Bizim ən böyük zənginliyimiz odur ki, insanlar evlənəndə belə bir-birindən məzhəbini soruşmur”


- Necə? 

- Cəmiyyəti daha çox maarifləndirməklə. 

- Bu prosesi aparan böyük güclər var, onun arxasında dövlətlər durur. Biz də ictimai sektordayıq. Bu prosesi necə önləyə bilərik?

- İctimai sektor özü örnək olmalıdır. Mən bir yazımda Həzrəti Ömər yazmışdım. Gördüm ki, bəzi gənclərdən ismarış qutuma iradlar gəlir. Mən onları başa saldım ki, Həzrəti Ömər İslamın xəlifələrindən biridir. Həzrəti Əlini sevmək, Həzrəti Öməri sevməmək demək deyil. Bu zehniyyətdə olan gənclərimizin yanlışını düzəltməliyik. Azərbaycanda da həm şiə, həm də sünni məzhəbindən olan insanlar var, əsas odur ki, bir-birini həssas məsələlərdə təhqir etməsinlər, sayğı göstərsinlər. Biz sünnilərlə şiələrin eyni məsciddə namaz qıldığı cəmiyyətik. Bu çox böyük qazancdır. İndi «Heydər» məscidində o proses gedir, bu çox böyük bir prosesdir. 

- Ancaq sanki görüntü üçündür, gerçək bir proses deyil. 

- Bunu biz gerçəyə çevirməliyik. İnanclı ziyalılarımız da var ki, məscidlərə gedirlər. Yaxşı olar ki, şiə məzhəbindən olan ziyalılar gedib sünni məscidində o örnəyi göstərsinlər, sünni məzhəbindən olanlar isə şiə məscidlərinə getsinlər. Çünki gənclər ziyalılara baxır. Bəzən əvvəl biz ziyalılar istəmədən o böyük oyunların, oyunçuların qurbanına çevrilirik, sonra da cəmiyyət. Biz görürük ki, bu böyük oyunlarla hansı vəziyyəti yaratmaq istəyirlər. Bunu belə buraxmayacaqlar, bu böyüyəcək, gələcək. Bu elə bir alovdur ki, sərhədləri bağlamaqla bunun qapısını bağlamaq mümkün olmayacaq. İndi bu məsələdən daha çox danışmalıyıq, sözümüzlə, əməlimizlə cəmiyyəti maarifləndirməliyik. Bölücülüyün nə qədər qorxulu olduğunu söyləməliyik. Bu baxımdan, hesab edirəm ki, din xadimlərinin, cəmiyyətin, ziyalıların üzərinə böyük iş düşür. Din xadimləri verdikləri açıqlamalara diqqət etməlidirlər, oradan çıxacaq hər bir yanlış məqam bu məsələdə mütləq qarşı tərəfdə bir qığılcım yaradacaq. 


- İçinizdə elə bir qorxu varmı ki, Türk-İslam arealında məzhəb toqquşmaları ola bilər. 

- Var. Bu məni ən çox narahat edən məsələdir. Türk dünyasına ən çox zərər vuran savaş Sultan Səlimlə Şah İsmayıl Xətainin savaşıdır. Türk tarixində heç bir savaş türk dünyasına belə zərər vurmayıb. 500 ildir bitməyən bir bədəl ödədir. Ölən də biz idik, öldürən də biz idik. O Çaldırandakı qəbirlər qazılıb sümüklər DNT analizinə verilsə, hamısı bizim kökdür. Bu savaşda heç kim qazanmadı, türk milləti olaraq biz uduzduq, bu savaşda Avropa qazandı. Biz gənclərimizə Əhməd Yəsəvilərin, Seyyid Yəhya Bakuvilərin, Hacı Vəli Bektaşilərin, Həzrəti Şəmslərin İslam anlayışını aşılamalıyıq. Onların İslam anlayışında birlik var idi, bu qədər bölünmə yox idi. Uşaqlarımıza öz dədələrimizin İslam anlayışını öyrətsək, onları zərərli vərdişlərdən qoruya bilərik. 

Hacı Vəli Bektaşın sıralamasında birinci “Ara, bul” idi, ikinci “Qadınları oxudun”. Bu gün belə qadınları təhsilsiz buraxan zehniyyətə baxın, o zaman deyilmiş sözə baxın. “Ara, bul” isə o deməkdir ki, əxlaqı, mənəviyyatı özündə axtar. Əhməd Yəsəvi peyğəmbərimizin  meraca yüksəlməsini izah etmək üçün deyir ki, Həzrəti Məhəmmədi o mərtəbəyə yüksəldən onun insanlara faydalı olmaq düşüncəsi idi. Peyğəmbərimizdən 3 dəfə soruşublar ki, İslam nədir, üçündə də gözəl əxlaq deyə cavab verib. Gözəl əxlaqın nə olduğunu isə  Həzrəti Əli çox gözəl izah edib: “Özünə rəva bilmədiyini başqasına etmə”. Bu, əxlaqı göstərən ən böyük anlayışdır. Bu baxışdan gənclərimizə bunları öyrətməliyik. Əks halda, İslam adından istifadə edən böyük oyunçular hər şey edə bilərlər. 


“Bəzən əvvəl biz ziyalılar istəmədən o böyük oyunların, oyunçuların qurbanına çevrilirik, sonra da cəmiyyət”


- Qənirə xanım, 4-cü dönəm millət vəkilliyinə namizədliyinizi verəcəksinizmi?

- Mən heç vaxt nəyinsə proqnozunu vermirəm. Bu mənim sevdiyim iş deyil. Bir söz var ki, Allahı güldürmək istəyirsənsə, planlarından danış. Mən sufilərin düşüncəsi ilə yaşayıram. Dünən və sabah yox, bu gün və bu an. Sabah mənim deyil. Mənim hədəfim bu günü yaxşı istifadə edə bilməkdir. Bir il sonra bəlkə də həyatda olmayacağam. Mənim ən böyük xoşbəxtliyim odur ki, 3 dəfə ölümü  yaşamışam. Çünki insanı gerçək insan kimi saxlayan əsas məsələlərdən biri ölümü unutmamaqdır. Ona görə 4 il sonranın qayğısı ilə yaşamıram ki, deputat olacağam, ya yox. Deputat doğulmamışdım ki... Deputat kimi başlamamışdım ki, həyata. Mən buna normal baxıram. Hər şey gəldi-gedərdir. Maddiyyatla bağlı olan şeylər mənim həyatımın önəmli hissəsi deyil. Mən brend mallar almıram. Geyimlərimi Türkiyədən alıram, özü də endirim sezonlarında. Qışda dekabrın sonunda, yayda isə iyunun sonunda endirim sezonu başlayır. Brend mala xərclədiyim pulla neçə imkansıza yardım edə bilərəm. Kiminsə təhsil haqqını ödəyə bilərəm. Ancaq kimsə mənə geyimimə baxıb qiymət verəcəksə, heç verməsə yaxşıdır. 

- Qənirə xanım, maraqlı müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm.

Söhbəti qələmə aldı:

Nərgiz LİFTİYEVA
Fotolar Məhəmməd TÜRKMƏNindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR