“Telefon fotoaparatı öldürdü” |
“Neft yerin altında göl, ya çay şəklində deyil”
Onunla səmimi atmosferdə baş tutan söhbətimizdə təbriklərimizi çatdırdıqdan sonra dünya gündəminin ən vacib mövzusu ətrafında digər aktual mövzulardan da danışdıq.
(Əvvəli ötən sayımızda)
- Bəzi ərazilərdə istismar olunmuş neft quyularının ağzını bağlayıb üzərində tikinti işləri aparırlar. Bu, təhlükəli deyilmi?
- Mən alimlərin iclasında da bu barədə dedim. Təhlükədən başqa orda bizim neftimiz qalıb. Biz bu günə qədər quruda olan neft ehtiyatının 40 faizini çıxartmışıq. Qalan nefti dünənki, bugünkü texnika, texnologiya ilə çıxartmaq mümkün deyil. Ola bilsin gələcəkdə elə texnika, texnologiya olsun ki, biz onunla qalan nefti çıxara bilək. Ona görə də həmin sahələri tutmaq, orda bir şey tikmək düzgün deyil. İndi biz bunun üstündə də işləyirik. Neft Şirkəti çalışır ki, bu işlərə daha yol verilməsin, qabağı alınsın. Çox şeylər olub, gedib əraziləri tutublar. Nə isə, uzun haqq-hesabdır... Biz artıq xəbərdarlıqlar yazıb hər yerə göndərmişik ki, bundan sonra belə hallara imkan verilməsin.
- Xoşbəxt müəllim, neft və qazın çıxarıldığı ərazilərdə gələcəkdə tektonik proseslər gedə, təhlükələr yaşana bilərmi?
- Yox. O barədə deyilənlər düzgün deyil. Laylarda neft və qaz ki, var... Bax, sən bir stəkanı götür, qumla doldur, sonra ora su tök, ardınca da suyu boşalt. Stəkanda nə qədər qum varsa, elə yerində qalacaq. Yəni neft torpağın məsamələrində yerləşir, çıxaranda heç bir boşalma getmir. İkinci tərəfdən də neftin ardınca su basqısı var. Əgər sən nefti alırsansa, su gəlib onun yerini tutur, layı doldurur. Deyilir ki, nefti aldın, yerin altı boşaldı, bu, düz deyil. Neft yerin altında göl, ya çay şəklində deyil. Ona görə də burada boşalma söhbəti yoxdur.
- Yubileyinizlə bağlı daha geniş bir tədbirə ehtiyac görmədiniz, deyəsən...
- Daha ondan böyük tədbir olmazdı. “Nizami” kinoteatrında filmin təqdimatı oldu. Bu, mənimçün bəsdir də. Bu film (“Fədakar”) keçən il 8 ay ərzində çəkilmişdi...Yanvarın 9-da təqdimat oldu, amma sonra televiziyada da verdilər.
- Amma ahıl yaşda olmağınıza baxmayaraq, siz şənbə-bazar günləri də işləyirsiniz...
- Bir dəfə “İzvestiya” qəzetindən müxbir gəlmişdi. Mənə sual verdi ki, siz niyə istirahət və bayram günləri də işləyirsiniz? Ona dedim istirahət və bayram günü olduğunu biz bilirik, quyular bilmir axı. Sonra müsahibənin sərlövhəsini elə belə də yazmışdı. (gülür) Mənimçün şənbə-bazar anlayışı yoxdur. İntəhası şənbə günü işdən evə 4-ün yarısı gedirəm, bazar günü isə 2-nin yarısı. Amma hər səhər gəlirik, məsləhətləşirik, “beşdəqiqəliyimiz”i edirik. Çünki bizim işimiz elədir ki, dayanmaq olmaz.
- Ölkənin qan-damar sisteminə nəzarət edirsiniz də...
- Elədir. Deyək ki, hansısa zavodu, ya məktəbi bağlayıb açarını cibinə qoyub getmək olur, ancaq biz bağlayıb gedə bilmirik axı. Bu quyular dayanmır ki, qazılır, işlənilir. Yaxud gündə neçə sual çıxır ortaya. Ona görə də fasiləsiz istehsaldır.
- Siz hökumətdə ən uzunömürlü və stajlı məmursunuz...
- (Gülür) Elədir. 85 yaşım var da, zarafat deyil. Gəlib bura çatmışam... Bir nəfərin dədəsi ölür. Oğlu 40 gün, 40 gecə ona ehsan verir. 40-cı gün gəlib qəbrin başında dayanır ki, “dədə, mən daha əlimdən gələni elədim. Cənnətə getsən, gedibsən, getməsən, daha təqsiri özündə axtar”. (Gülürük) İndi daha mən də həyatım boyu əlimdən nə gəldisə, eləməyə çalışdım. Bundan sonra nə olacaqsa, deməli, təqsir özümdədir.
- Yaş məsələsində sizdən sonra baş nazir Artur Rəsizadə gəlir...
- Hə, Artur Rəsizadə gəlir. Ondan sonra akademik Akif Əlizadə gəlir, o da 80 yaşdadır.
- 90 yaşa doğru gedirsiniz və maşallah, gümrahsınız, çalışmaqda da davam edirsiniz...
- Mən hələ fikirləşirəm.
- Yəni ümumi məsləhət belədir ki, işə davam edəsiniz?
- Əlbəttə, məsləhətdir. Heç kim mənə demir ki, davam eləmə. Ancaq indi özüm fikirləşirəm.
- Şair deyib “Hər kəs 100 il yaşamasa, günah onun özündədir...”
- Yox, əşi, o, Allahın işidir. Günah adamın özündə deyil.
... Xoşbəxt müəllim sosial şəbəkələrdə olmasa da, internetlə normal qaydada işləyir, gündəlik məlumatları alır, yazışmaları həyata keçirir. Yəni yaşı müasir texnologiyalardan istifadə etməsinə mane olmur. Söhbətin yekununda telefonla fotolarını çəkdiyimi görəndə vaxtilə özünün də yaxşı fotoqraf olmasından danışır, fotoaparatlarının adını sadalayır:
- “Fend”dən başlamışam, “Start”, “Zerkalo”, digərlərinə kimi o qədər aparatlarım olub ki.
Telefonlar fotoaparatı öldürdü. Özü də telefonlar tək fotoaparatı öldürmədi e, öldürdüyü o qədər şeylər oldu ki...
- Belə görünür keçmişin nostaljisi sizi bir an tərk eləmir, elədir?
- Yox əşi. Onun da öz yeri vardı, bunun da. Gələcəyə baxmaq, müasir tələblərə uyğunlaşmaq lazımdır.
Müsahibəni yekunlaşdırandan sonra etirazıma baxmayaraq, ayağa qalxıb hətta qəbul otağının qapısından da bu sətirlərin müəllifini şəxsən özü ötürür. Məmurlar üçün sadəlik nümunəsi...
Elşad PAŞASOY
FOTO: “YM”