İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşbəxt Yusifzadə: ““Əsrin müqaviləsi” imzalananda neftin 1 bareli 16 dollar idi”

8496 28.01.2015 08:35 Müsahibə A A


Yanvarın əvvəllərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam oldu. Azərbaycanın ən ahıl məmuru və bəlkə də dünyanın ən stajlı neft mütəxəssisi olan Xoşbəxt müəllimin budəfəki yubileyinə “Fədakar” adlı ikihissəli bədii-sənədli film hədiyyə edildi. Yubilyarın “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında, Eldar İskəndərzadənin ssenarisi ilə səkkiz ay ərzində çəkilən filmdə xalq artisti Rasim Balayev başda olmaqla, bir sıra tanınmış sənətkarlar çəkilib.

Maraqlısı budur ki, Pirşağı və Buzovna qəsəbələrində, Bakının müxtəlif guşələrində, Neft Daşlarında, Neft Akademiyasında çəkilişləri aparılan filmdə baş qəhrəmanın ömrünün müxtəlif illərini beş aktyor canlandırıb.

Xoşbəxt Yusifzadə ilə səmimi atmosferdə baş tutan söhbətimizdə təbriklərimizi çatdırdıqdan sonra dünya gündəminin ən vacib mövzusu ətrafında müsahibəmizdə digər aktual mövzulardan da danışdıq.

- Xoşbəxt müəllim, neftin qiymətinin düşməsinin səbəbləri, bunun fəsadları barədə çox danışılır. 60 ildən çox neftçi təcrübəsi olan şəxs kimi siz bu haqda nə düşünürsünüz?

- Əlbəttə, neftin qiymətinin düşməsi yaxşı hal deyil. Amma biz 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 16 dollar idi. Mən həyatım boyu neftin qiymətinin qalxıb-düşməsini çox görmüşəm. Neftin qiyməti dalğavaridir, gah düşür, gah qalxır. Bunun səbəblərini hərə bir cür izah edir. Amma dərinə getsən, bu səbəbləri heç dəqiq bilən də yoxdur. Məncə, indiki düşmə ki, var, bu, müvəqqətidir, yenə də əvvəlki qiymət öz yerini tutacaq. Yəni bunun üçün çox narahat olmaq lazım deyil. Əlbəttə, yaxşı olardı ki, qiymət həmişə yüksəkdə qalsın, amma bu da mümkün məsələ deyil. Ola bilsin dünyadakı proseslərin, bu qarmaqarışıqlığın təsiri var. Kimi dindirsən, bir ölkəni bəhanə edir, səbəb göstərir. Ancaq qiymət yenə yüksələ bilər. 

- İddialar var ki, neftin qiyməti bir daha 100 dolları keçməyəcək. ABŞ-ın vitse-prezidenti Co Bayden də hesab edir ki, dünya bazarında neftin qiyməti yaxın illər ərzində aşağı olacaq...

- Mən bir məsələnin şahidi olmuşam. Qiymət ki, düşüb ha, iştirak etdiyim tədbirlərdə deyiblər daha qiymət qalxmayacaq. Adam ac olanda elə bilir heç vaxt doymayacaq, tox olanda deyir daha acmayacaq. (gülür) Qiymətlər də düşəndə daha bir daha qalxmayacağı, artanda da enməyəcəyini güman edirik. Lakin bunu heç kim dəqiq bilmir. Statistikanı götürəndə belə hallar çox olub. Mən 63 ildir neft sənayesində işləyirəm. 1952-ci ilin dekabrından...Sovet vaxtı biz heç neftin qiyməti ilə maraqlanmırdıq. Heç mənim ağlıma da gəlmirdi ki, neftin qiymətini kimdənsə soruşum. Amma mənim yadımda 1994-cü il qalıb. Biz hər gün danışıqları davam etdirirdik, orda lövhədə yazılırdı ki, bir barel 15, ya 16 dollar. Hətta bir gün gəldim ki, 1 barel - 13 dollar. O vaxtdan bəri qiymətlər çox dəyişib. Neft əvvəl nə qədər işlənirdisə, yenə o qədər işlənir. Hesab olunur ki, bu artıb-azalmalar hamısı siyasi oyunlardır.

- Bəzən təkliflər səslənir ki, bəlkə neftin hasilatını azaldaq, gələcək nəsillərə qalsın. Bu kimi fikirlərə münasibətiniz necədir?


- Mənə həmişə buna bənzər suallar verirlər. Hələ müəyyən miqdarda neftimiz, qazımız var, 50-60 il, bəlkə də 100 il bəs edəcək. Amma bu yaşımda sizə bir söz deyim. Mən səssiz kinodan internet, sosial şəbəkələr əsrinə qədər gəlmişəm. Yadımdadır, anam klub müdirəsiydi. Klub üçün bir radioqəbuledici almışdı, stol üstə qoymuşdu, amma onun batareyası evin yarısını tutmuşdu. Mənim bir buruqla danışmağımdan ötrü böyük bir radiostansiya vardı. İndi iki  barmaq boyda batareya kifayətdir. O gün burda oturub Çili ilə görüntülü danışıram, özümü də gülmək tutub. İndi əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq. Yəni dünyada o qədər yeni alternativ üsullar, enerjilər çıxacaq ki, ola bilsin neft ancaq dərman üçün gərək olacaq. 

Xoşbəxt Yusifzadə: “Əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq”



- Əgər neftin səmərəlilik əmsalı azalacaqsa, onda neft ölkələrindəki bu qan-qadaların səbəbi nədir? 

- Hərdən məni bir şey düşündürür. Yaşlı adamam da... Deyirəm, insan yaranandan elə bir-biri ilə müharibə aparır. Baxmayaraq ki, ilbəil insanın ağlı, dərrakəsi artır, dünyaya baxışı dəyişir, amma elə bu müharibələr davam edir. Təbii ki, indiki insanla 200 il bundan qabaqkı insan arasında böyük fərq var. Amma buna baxmayaraq, yenə müharibələr, tökülən qanlar...O gün bir söz dedilər, nə qədər düzdür, deyə bilmərəm. Məlumata görə, guya dünyada 80 milyard adam ölüb, onun 29 milyardı müharibələrdə qırılıb. Yəni dünyada gərginliklər bu və ya digər ölkələrdə baş verir. 

- Hesablamalar onu göstərir ki, neftin ucuzlaşmasından Azərbaycan büdcəsi böyük vəsaitlər itirir və proses davam edir. Bu vəziyyət nə vəd edir? 

- Hər şeydən itirmək də var, qazanmaq da. Qazanan vaxtı əl çalırdıq. Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq. Mən elə hesab etmirəm ki, biz burda çox itkilərə məruz qalacağıq. Müstəqilliyimizin ilk illərində bizim dünya bazarına çıxartmağa başqa bir məhsulumuz yox idi. Sovetlərdən çıxmışdıq, istehsal yox idi. Özü də sovet vaxtı ölkələr keyfiyyətli-keyfiyyətsiz olmasına baxmayaraq, istehsal edilən məhsullara görə bölünmüşdülər. Bir-birinə məhsul satırdılar, bununla keçinirdilər. Elə ki, müstəqil olduq, gərək özümüz xaricə çıxaydıq, onda da dünyaya çıxartmaq üçün neftdən başqa məhsulumuz yox idi. Ona görə də o vaxtlar neft çox lazım idi. Artıq neft öz işini gördü, respublikanı ayaq üstə qoydu. İndi bundan sonra digər sahələri inkişaf etdirmək lazımdır. Görürsünüz, bir il “Sənaye ili” oldu, 2015 “Kənd təsərrüfatı ili” elan olundu. Hər halda, nefti dayaq kimi götürüb dayanmaq olmaz. Gördüyünüz kimi, siyasətimiz o istiqamətdə gedir. 


- Camaat arasında belə bir fikir var, bəlkə siz də tanışsınız: “Neft 150 dollar olanda bizim həyatımızda nə dəyişdi ki, 50 dollara düşəndə nə olacaq?” Bəzən qiymət enməsi ilə bağlı yanaşmalarda aşkar sevinc elementləri də müşahidə olunur, nefti fəlakət kimi təqdim edənlər də az deyil...

- Ümumiyyətlə, neftin qiyməti yüksək olanda qiymətin hamısı mənfəət deyildi. Qiymət qalxdıqca neft borularının, dəmirin, taxtanın da qiyməti qalxırdı. Yəni qiymət qalxmamışdan borunu 10 dollara verirdisə, qiymət artımından sonra 100 dollara verirdi. Ona görə də bu, düz münasibət deyil ki, neft nə qədər artdısa, mən o qədər qazanıram. Yəni elə söhbət yoxdur. 


"“Allah qoysa” sözü üstündə yazıq redaktoru cəzalandırdılar”



- Neftin bəhrəsini görmədiyini deyənlərə sözünüz nədir? 

- Biz neftin bəhrəsini ümumi şəkildə görürük. İndiki maaşlar qabaqkı maaş deyil, indiki yaşayış qabaqkı deyil. Əlbəttə, insanlar daha yaxşı yaşamaq istəyir. İlham Əliyev cənabları da dedi ki, yoxsulluq və işsizlik 5 faizə düşüb. Bir var 25 faiz olaydı, bir də var 5 faiz. Bu, elə neftin köməkliyi sayəsində baş verib. Elə dövlət yoxdur ki, orda işsizlik və yoxsulluq tam ləğv edilsin. Biz Azərbaycanda yaşadığımız üçün dəyişiklikləri görə bilmirik. Amma xaricdən gələn qonaq son 10-15 ildə Azərbaycanda olmayıbsa, ölkəni tanıya bilmir. Nə qədər idman müəssisələri, tibb məntəqələri, məktəblər tikilib, bunlar hamısı neft gəlirlərinin hesabına olub da. 

- Neft ölkələrində demokratiyanın arxa plana keçdiyi barədə fikirlərlə razısınız? 

- Fransada baş verənləri gördünüz? Demokratiya o demək deyil ki, sən mənim atamı söyəsən. Hər kəs öz dünyagörüşünə görə bu məsələləri təhlil edir. Sovet vaxtı televiziyaya çıxanda gərək əvvəl danışacağın mətni yazaydın. Yazılana baxandan sonra çəkilişə izn verilirdi. Mən isə həmişə bir az hazırlaşırdım və birbaşa danışırdım. Neft daşlarında işləyirdim, televiziyaya dəvət olunmuşdum. Bir dəfə aparıcı məndən nə soruşdusa, dedim, “Allah qoysa, planımızı dolduracağıq”. Mənim dediyim bu “Allah qoysa” sözünün üstündə o yazıq redaktoru cəzalandırdılar. O yazıq da dedi ki, bunun yazdığı mətndə həmin ifadə yox idi, özündən dedi. Ancaq əl çəkmirdilər. İndi radio-televiziyada nə danışırlar, görürsən də... Yəni dəyişiklik həddindən artıq çoxdur. İndi biri hesab edir ki, bu, hələ azdır, başqası ayrı fikirdədir. Almaniyada da İlham Əliyev cənablarına sual verdilər.


- Elə yeri gəlmişkən, Azərbaycan prezidenti Almaniyada yüksək səviyyədə qarşılandı, görüşlər keçirildi. Azərbaycana Avropanın marağının əsas səbəbi nədir?

- Bilirsiniz nədir? Qabaq bir ölkə digər ölkəni heç tanımırdı. İndi radio-televiziya, internet var, hər məsələdən anındaca məlumat alırlar. Heç bizim Almaniya ilə neft işimiz yoxdur. Həmçinin bu səfərlər, çıxışlar da öz sözünü deyir. Gərək özünü də göstərə biləsən. İndi siz də yazır, tənqid edirsiniz, amma sovet vaxtı heç evində danışa bilməzdin ki, birdən səni apararlar. Ona görə də çox böyük dəyişikliklər var. İndi kimsə istəyirsə daha çox dəyişiklik olsun, bu, başqa məsələ.

- Bəs siz necə, bu ahıl yaşda Azərbaycanı necə görmək istəyirsiniz, arzularınız nədən ibarətdir?

- Mən birinci onu arzulayıram ki, işsizlik, yoxsulluq “0"-a ensin, hamı işləsin, adamlar ailəsini dolandıra bilsin. İşsiz adam hər şeyə qadirdir. O görsə ki, ailəsini dolandıra bilmir, oğurluq da edə bilər, banditlik də. Arzu edirəm ölkə elə bir həddə gəlib çatsın ki, ”işsiz", “kasıb” sözü leksikondan çıxsın. Bu da 3-5 gündə düzələn deyil. Hərdən mən düşünürəm ki, sovet vaxtı heç bizim məktəbimiz yox idi, amma görün müstəqillik dövründə nə qədər məktəblər tikilib. 


- Xoşbəxt müəllim, siz iqtidarı təmsil edirsiniz. Müxalifət düşərgəsində də güclü iqtisadçılar, neft mütəxəssisləri var, onların cəlb olunması heç müzakirə mövzusu olubmu?

İndi siz də yazır, tənqid edirsiniz, amma sovet vaxtı heç evində danışa bilməzdin ki, birdən səni apararlar”


- Məncə, kim neftlə məşğul olmaq istəsə, buna heç kim etiraz etməz. Bir dəfə də çıxışımda dedim ki, kimin quruda neft axtarışları ilə bağlı fikirləri var, bizə kömək edə bilər, bizim qapımız onun üzünə açıqdır. Təkliflə gələn heç kimin yolu bağlı deyil. Hətta bir uşaq da ağıllı söz deyəndə ona qulaq asmışam. Məsələn, dənizə çimməyə gedirdim, gördüm 4-5 yaşlı bir uşaq dənizdən gəlir, adı İlyas, indi qoca kişidir. Dedim, İlyas, hardan gəlirsən? Dedi, “daha burda hardan gələrlər? Dənizdən”. Bu söz məni tutdu, baxdım ki, uşaq uşaqlığı ilə düz deyir ki, yekə kişisən, görmürsən hardan gəlirəm? (Gülür) Ona görə də inanmıram ki, kimsə bir ağıllı söz desə, biz ona etiraz edərik. 


- Neft axtarışları hazırda harada aparılır?

- Son vaxtlar biz əsasən qaz-kondensat yataqları açırıq. İndi neft yataqlarının yeri azalıb. Çünki dənizdə əsasən dərinliklərdə neft quyusu qazırıq. Orda da neftin yığılması üçün imkan yoxdur. Ora əsasən qaz-kondensat yığılır. Qabaqlar quru ərazilərdə işlər aparılıb, amma orda sənaye miqyasında neft alınmayıb. Biz tədqiqat aparırıq, texnika, texnologiya artıb. Amma mən yenə deyirəm, kimin təklifi varsa, gəlsin. 

- Bəzi ərazilərdə istismar olunmuş neft quyularının ağzını bağlayıb üzərində tikinti işləri aparırlar. Bu, təhlükəli deyilmi? 

(Davamı növbəti sayımızda)

Elşad PAŞASOY
FOTO: “YM”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR