İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqar İbrahimoğlu: “Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik”

2173 03.10.2015 08:45 Müsahibə A A


İçərişəhər Cümə məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a müsahibə verib. Həmin müsahibənin birinci hissəsini təqdim edirik: 

- Hacı, bu gün insanları narahat eləyən bir məsələ var - Məkkədə, Minada baş verən faciə. Orada baş verənlərdən müxtəlif nəticələr çıxarılır  - bəziləri deyir ki, Həccə getməyin nə mənası var? Bu qədər xərc, əziyyət, sonunda da ölüm bəzi insanları belə düşünməyə vadar edir. Bir hissə deyir ki, bu taledir, qədərdir, Allah belə istədi, oldu. Eyni zamanda İranda, Türkiyədə, İraqda və bir sıra başqa ölkələrdə yaşayan din xadimləri deyir ki, faciə Səudiyyə Ərəbistanı yetkililərinin insana, müsəlmana soyuq, öğey münasibətindən doğan təşkilatsızlığın nəticəsidir. Sizin fikirləriniz maraqlıdır? Sizcə, bu faciələrə səbəb nədir?

- Bu il Həcc ziyarətində baş verənlər birmənalı olaraq sistem böhranıdır. Orada yaşananlar təsadüfi, fraqmental hadisələr deyil. Bu, Səudiyyə rejiminin mahiyyətindən irəli gələn sistem böhranıdır. Hər il biz bu böhranın nəticələrinin acı gerçəkliklərini bu və ya digər formada görürük. Həccdə olan hər kəs orada nə qədər müdafiəsiz olduğunu, təhlükəsizlikdə olmadığını, hər an basqılarla, təhdidlərlə üzləşə biləcəyini hiss edir. Mən də bunu vacib Həccimi yerinə yetirərkən hiss eləmişəm. Bundan başqa, Səudiyyə rejimi aylar öncə Yəmənlə bağlı çox böyük avantüra başladıb. Səudiyyə rejiminin başında dayanan krallıq rahat həyata, komfort şəraitə öyrəşib. Həccdən gələn pullarla yaşayır, öz rahat həyatlarını sürdürürdülər və birdən Yəmənlə savaşa daxil olublar. Yəmənlilər isə döyüşkən xalqdır. 



Hər il Ərbəində insanlar Nəcəfdən Kərbəlaya piyada gedirlər. Ən aşağı rəqəmlərlə ziyarətçilərin sayı 20 milyon olur. Bu, Həccə gedən insanların sayından bir neçə dəfə çoxdur. Ancaq orada heç zaman nəinki Həccdə yaşanan, hətta ona yaxın hadisələr belə baş vermir”


Birmənalıdır ki, Səudiyyənin Yəmənlə bağlı etdikləri ona çox baha başa gələcək. Bundan başqa, Səudiyyədə vəhhabilikdən, ümumilikdə sələfilikdən kənar düşüncədə olan müsəlmanlara qarşı ciddi təhdidlər, repressiyalar var. Son illərdə bu, bir qədər də artıb. Belə deyək, Səudiyyə rejiminin fikrinin bir hissəsi Yəmənə, bir hissəsi daxili problemlərə, eyni zamanda sülalədaxili dartışmalara yönəlib. Buna görə də onsuz da pis təşkil elədiyi Həcc ziyarətini bu il daha da keyfiyyətsiz təşkil edib. Bütün müsəlman dünyası Səudiyyədəki hakim sülalənin hansı cinayətlərdən sonra hakimiyyətə gədiyini bilir. Onsuz da onların Həcc mərasimini keçirməyə mənəvi haqları yox idi, indi görünür ki, o minimal standartlara cavab verən idarəetməni də həyata keçirə bilmirlər. Bu mənada da ortada çox haqlı təkliflər var. Məsələn, bəzi müsəlman ölkələri təklif edir ki, Həcc mərasimini İslam Konfransı Təşkilatının yaratdığı komissiya həyata keçirsin, təşkilatçılıq rotasiya üsulu ilə hər il bir ölkəyə keçsin. İdeya budur ki, Həcc bütün müsəlman dünyasına aid olduğu üçün, idarəolunma da bütün müsəlman dünyasına aid olmalıdır.

- Türkiyə də Həcc mərasiminin təşkilatçılığına iddialılardandır. Bu məsələyə necə baxırsız?



- Təşkilatçılıq ayrı-ayrı ölkələrə verilsə, bəlkə də alınmaz. Ancaq ümumi razılıq əsasında ortaq qurum yaradılsa, təşkilatçılığı hər ölkə, o sıradan Türkiyə müəyyən olunmuş sıra ilə edə bilər. Mən bir analogiya aparmaq istəyirəm. Hər il Ərbəində ən azı 20 milyon insan Kərbəla ziyarətinə gedir. Vətənimizdən hər il minlərlə insan bu ziyarətə qatılır. İnsanlar Nəcəfdən Kərbəlaya piyada gedirlər. Ən aşağı rəqəmlərlə ziyarətçilərin sayı 20 milyon olur. Bu Həccə gedən insanların sayından bir neçə dəfə çoxdur. Ancaq orada heç zaman nəinki Həccdə yaşanan, hətta ona yaxın hadisələr belə baş vermir. Üstəlik İraqda sabitlik yoxdur, savaş gedir, hər gün terror hadisələri yaşanır. 

Deməli, təşkilatçılıqdan çox şey asılıdır. Hər il müsəlman ölkələri Kərbəla ziyarətində ortaq işləyir, hansısa ölkənin bələdiyyəsi bir məsələni tam üzərinə götürür, digər bir ölkənin nazirliyi prosesin bəlli mərhələsini idarə edir. Bu da göstərir ki, ümumi bir qurum olduqda ziyarətləri daha düzənli, daha təhlükəsiz təşkil etmək mümkündür. Həccdəki faciələrə gəlincə, Həccə getməmək fikri - bir qədər emosional yanaşmadı. Bu, keçəcək, hamı başa düşəcək ki, söhbət İslamın vacib əməli olan Həccdən gedir. Bu əməl mütləq icra olunmalıdır. Yalnız ən ağır şərtlər altında olan istisnalar zamanı, Həcc vacib olmaya bilər. Bu yanaşmalar bir az da mahiyyətdən kənarlaşır. 

“Bizim üçün AXCP qurultayına dəvət alıb o təklifi dəyərləndirməməyimiz təəccüblü olardı”


Elə bilin, müsəlmanlar mətbəxdə aşpaz pis olduğuna görə, yeməkdən tam imtina eləməlidirlər. Halbuki problem mətbəxdədir, oradakı problemləri həll eləmək lazımdı. İkinci yanaşma islamofobik yanaşmadı. Bu həm Azərbaycanda, həm də ölkədən kənarda müşahidə olunur. Hər dəfə belə olaylar yaşananda fürsətçilik edənlər, İslama qarşı dalğa yaratmaq istəyənlər üzə çıxır. Onların da yəqin işi budur. Biz öz işimizlə məşğul olmalıyıq.

- Deyirsiz yəni onlara çox ciddi önəm verməyə dəyməz...

- Əlbəttə. Mənə elə gəlir, Həccin, beytullahın, Allah evinin möhtəşəmliyi, mənəvi cazibəsi o qədər yüksəkdir ki, bu cür xırda, qərəzli islamofobik yanaşmalarla ona kölgə salmaq mümkün deyil.

- Ortada sui-qəsd versiyası da var. Bildirilir ki, Səudiyyə hökuməti bəzi şəxsləri aradan götürmək istəyib, ona görə də kütləvi ölümlərə yol açan hadisələr baş verib. Həlak olanlar arasında da ayrı-ayrı ölkələrin yüksək rütbəli məmurları var. Siz bu versiyaya inanırsınızmı?



- Ciddi araşdırma getməlidir. Ciddi araşdırma olmadan, mötəbər komissiyanın qərarı olmadan, bu mövzuda kateqorik fikirlər söyləmək olmaz. Ancaq istisna etmək də olmaz. Faciənin həmin əraziyə hakim ailəyə aid kortej gəldiyi üçün baş verməsi versiyası da səslənib. Dediyim kimi, bütün bunlar ciddi araşdırıldıqdan sonra əsl səbəblər üzə çıxa bilər. Ancaq bir məsələ mütləq baş verməlidir - Səudiyyə rejimi Həccdə baş verənlərə görə, İslam ümmətindən üzr istəməlidir.

- Hacı, ölkəmizə gələk. Siz yaxın tarixin bütün dönəmlərində siyasi fəallıq göstərmiş şəxssiniz. Siyasətlə aktiv şəkildə maraqlanırsız, bir çox siyasi proseslərin aktiv iştirakçısı olmusunuz. Ancaq bu seçki prosesində, bu böyük teatrda siz çox fraqmental göründünüz. Səbəbi nədi?

- Düşünürəm ki, cavablar aydındır. Biz dostlara da, ictimaiyyətə də hər zaman açıq demişik ki, ölkədə siyasi fəaliyyətlə məşğul olmuruq. Biz siyasi təşkilat deyilik. Yalnız ölkə üçün, ölkənin gələcəyi üçün çox zəruri ola bilən fövqəladə durumlarda hansısa demokratik təsisatlarda yer ala bilirik.

Bu il Həcc ziyarətində baş verənlər birmənalı olaraq sistem böhranıdır”



- Sizin seçki kampaniyasının gedişinə münasibətiniz necədir?



- Seçki ilə bağlı yanaşmamız da aydındır. Biz hesab edirik ki, ümumilikdə ölkədə demokratik potensial çox aşağı düşür. Hətta budəfəki seçki prosesi ilə keçəndəfəki, ondan öncəki seçkiləri müqayisə eləsək, görəcəyik ki, bu tendensiya azalan xətt üzrə inkişaf edir. Ölkədə demokratik potensialın aşağı düşməsinin bütün təzahürləri ortadadır. Bu, özünü sərbəst toplaşmaq azadlığında da göstərir, media azadlığında da göstərir, ümumiyyətlə demokratiyanın bütün sahələrində eyni proses yaşanır. Konkret olaraq budəfəki seçki ilə bağlı 2 yanaşma ortadadır. Bu yanaşmanın biri seçkiyə qatılıb demokratik potensial mühitinin genişləndirilməsi ilə bağlıdır. 

İkinci yanaşma budur ki, bu antidemokratik şəraitdə seçkiyə qatılmayıb, minimal şəraitləri əldə edəndən sonra prosesdə iştirak etmək  lazımdır. Hesab edirəm ki, hər iki siyasi yanaşmanın əslində yaşamaq haqqı var, ancaq praktik əhəmiyyət baxımından çox təəssüf, nə seçkiyə qatılanların demokratik potensialı artırmaqla bağlı praktik nəticələri yoxdur, nə də seçkiyə qatılmayıb bundan demokratik potensialın artırılması üçün istifadə edənlərin uğuru görünür. Təbii, vəziyyət ağırdır. Hələlik iki yanaşmanın bu müstəvidə nəzəri mükaliməsi gedir. Praktik tərəf hələ görsənmir, bəlkə seçki boyu görünər... 

Bizim şəxsi fikrimizə gəldikdə, biz bu məsələləri həm İçərişəhər Cümə məscidi icması formatında, həm DEVAMM olaraq kollegial məsləhətləşirik; builki seçkidə bizim xüsusi fəallıq göstərmək qərarımız yoxdur. Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik. Eyni zamanda bu iki yanaşma tərəfdarları ilə də normal münasibətimiz var. Bu məsələdə hər hansı təkfirçilik və inkarçılığı da doğru saymırıq. Bizə görə hər iki nəzəriyyənin yaşamaq haqqı var.

- Ancaq elə görünür ki, siz birinci varianta daha yaxınsınız...

- Mən dedim, hər iki variantı məqbul sayırıq. Bizim formatımız - maarifçilikdir. Siyasi qurum olmadığımız üçün, bizim, seçkidə iştirak etmək, gündəmdə olan variantlardan hansınısa seçmək kimi vacib zərurətimiz yoxdur. Siyasi partiyanın, siyasi hərəkatın bu mənada məsuliyyəti həddən artıq çoxdur. Hansı zaman bu istiqamətdə işlər görmək istəsək, o standarta, o çapa, o formata uyğun fəaliyyət göstərəcəyik. Bu günlük işimiz - maarifləndirməkdir. Bizim borcumuz - ölkədəki demokratik proseslərə vətəndaş cəmiyyətinin fəalı kimi imkan daxilində dəstək verməkdir.



- Yəni 2 noyabrda narazılar hərəkatı olsa, siz o hərəkata qatılmayacaqsınız? Məsələn, 5 il öncə siz seçkilərin nəticəsindən yaranmış müxalif hərəkat olan İctimai Palataya rəhbərlik edənlərdən biri idiniz...

- İctimai Palatanın hekayəsi belə idi ki, ölkədəki demokratik qüvvələr bir arada toplanıb demokratik potensialı artırmaq üçün qurum yaratmışdılar. Biz onda hesab edirdik ki, orada iştirakımızın ölkənin gündəminə faydası var. Məşhur ibarəni deyim, “dünən dünəndi, bu gün bu gündü, sabah da sabahdır...” Hər günün öz hökmü var. Bu gündən sabah, ya da 2 noyabrda nə edəcəyimizi demək, hələ tezdi.

İŞİD mahiyyətcə ABŞ-ın eks-prezidenti Corc Buşun layihəsidir”


- Yəni format təkrar olunsa, necə davranacağınızı qərarlaşdırmamısınız...

- Sabahla bağlı söz demək, hansısa hərəkəti etmək zərurətimiz yoxdur. Bugünkü mövqeyimizi də mən sizə açıqladım.

- Hacı, bir çox dostları da təəccübləndirdi... siz AXCP-nin qurultayına getdiniz, çıxış elədiniz. Ona görə təəccübləndirdi deyirik ki, AXCP-nin qurucularından olan bir sıra müxalifət liderləri o tədbirdə yox idilər, çoxu çağırılmamışdı. Sizi çağırmışdılar, hətta çıxış da elədiniz. Hansı zərurətdən orada idiniz, niyə çıxış elədiniz?

- Ölkədəki demokratik prosesin bütün oyunçuları ilə dialoqumuz, salam-əleykimiz, münasibətimiz var. Həm siyasi partiyalarla, həm media quruluşları ilə, həm vətəndaş cəmiyyətinin fəalları ilə. Hesab edirik ki, bizim davranışımız bugünkü Azərbaycan reallığında yetərincə optimal yanaşmadır və bu, bizim şüurlu seçimimizdir. Ölkədə bu formatda bütün qurultaylara, tədbirlərə dəvət olunuruqsa və müsait oluruqsa, qatılmağa çalışırıq. Çıxış təklifi də olursa və  bizim də orada deməyə sözümüz varsa, çıxış da edirik. Ona görə də bizim üçün AXCP qurultayına dəvət alıb, o təklifi dəyərləndirməməyimiz təəccüblü olardı. Biz ən təbii işimizi görmüşük. İndiyə qədər AXCP-nin bir çox qurultaylarına dəvət almışıq, getmişik, söz veriləndə də, sözümüzü demişik. O cümlədən də, Müsavat Partiyasının da bu cür mötəbər tədbiri olanda dəvət ediblərsə, çıxış imkanı yaradılıbsa, bu imkanı mütləq dəyərləndirmişik. Bugünkü gündə də hesab edirəm ki, bizim ölkədə bölünmüş cəbhələrdən hansınasa aid olmaq zərurətimiz yoxdur. Ölkənin indiki durumunda ölkədəki demokratik prosesə bütün oyunçuların, bütün qurumların faydası var və biz bu qüvvələrin hamısı ilə ünsiyyət saxlamaqda fayda görürük. Bizim bu məsələlərə öz yanaşmamız var. Bölücülük deyil, quruculuğun tərəfdarıyıq.

- Orada sizə münasibət necə idi?

- Mən istər müsavatçılar, istər cəbhəçilər tərəfindən özümə qarşı hər zaman ən yaxşı münasibəti görmüşəm.

Səudiyyə rejimi İslam ümmətindən üzr istəməlidir”



- Hacı, dünyanın gündəmində bir də Suriya məsələsi var. Rusiya prosesə hərbi müdaxilə edir. Qərb yalnız İŞİD-ə zərbələr endirir. Gələn xəbərlərdən görünür ki, Rusiya fərq qoyulmadan, Suriya ərazisindəki bütün hərbi birləşmələri bombalayır. Sizcə, proses necə davam edəcək, uzunmüddətli sülh yaratmaq təşəbbüsləri nəticə verəcəkmi?

- Birinci Qərbin İŞİD-i bombalaması haqda xəbərlərə aydınlıq gətirmək istəyirəm. İŞİD mahiyyətcə ABŞ-ın eks-prezidenti Corc Buşun layihəsidir. Bunu biz dəfələrlə demişik. Bu mövzunu dərk etmək üçün biz hadisələrin trayektoriyasına nəzər salmalıyıq. Ərəb baharı baş verdi, bunu “İslam oyanışı” kimi də qeyd eləyirlər. Bu prosesdən sonra yeni bir səhifənin açılması, müsbət tendensiyalar müşahidə olundu, yeni bir potensialın ortaya çıxması baş verdi. Bu proses çox müsbət gəlişmələrlə irəliləyirdi. 

Sanki gözəl bir yolla, normal magistralla gedilən bir halda birdən-birə bu prosesi, bu sürəci gətirib bataqlığa saldılar. Hesab edirəm bu da təsadüfi deyildi. Kimlərsə düşündü ki, zamanıdır, Suriyada da öz maraqlarını təmin etmək üçün bu işi həyata keçirsinlər. Yəni, normal prosesi keçirdilər bataqlığa və birdən ayıldılar ki, dalana dirəniblər. “Bütün qonşularla 0 problem”  deyən əziz Türkiyəmizin iqtidarı bütün qonşularla problemli münasibətlərə girdi... Bu gün Türkiyənin daxilində baş verən siyasi proseslərdə bu sürəcin acı nəticələrini görürük. Bundan sonra İslam dünyasına zaman-zaman yerləşdirlən minalar işə salındı.

- Siz yəqin birbaşa minaları nəzərdə tutmursunuz?

(ardı var)

Qələmə aldı: Aygün MURADXANLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR