İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər kəs Kipr məsələsində çözüm istəyir”

1658 13.01.2017 08:35 Müsahibə A A

Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrədəki Cenevrə Ofisində Kipr probleminin həlli ilə bağlı danışıqların növbəti raundu bitmək üzrədir. 

BMT-nin nəzarəti altında aparılan müzakirələr üç gündür ki, davam edir. Türk və Yunan Kiprinin liderləri Mustafa Akıncı və Nikos Anastasiadisin iştirakı ilə keçirilən görüşlərdən sonra beştərəfli, yəni təminatçı ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin də iştirakı ilə beynəlxalq konfrans keçirilməsi planlaşdırılırdı. Konfransda BMT Təhlükəsizlik Şurası üzvləri ilə ehtiyac duyulacağı halda digər maraqlı tərəflərin nümayəndələrinin də iştirakı planlaşdırılıb. Bu mövzuda Quzey Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəsi Ufuk Turganerin münasibətini və gözləntilərini  öyrənmək istədik. Məlum oldu ki, yeni ili vətənində qarşılayan Ufuk xanım hava şəraitinin pis olması səbəbindən Bakıya çox çətinliklə dönə bilib. İmkan düşmüşkən, xanım təmsilçidən digər mövzularla bağlı da suallarımıza cavab aldıq.

- Ufuk xanım, Quzey Kiprdə Cenevrə danışıqlarının yekunlarından gözləntilər nədir?

- İnsanlar nəhayət ki, bir çözüm olacağını ümidlə gözləyirlər. Bugünlərdə hər kəsin diqqəti, gözü, qulağı Cenevrəyə çevrilib. Hamılıqla gözləyirik. Baxaq, görək nə olacaq. Amma hər kəsin ümidləri çoxdur. 

- Bu dəfə ümidin yüksək olmasının səbəbi nədir? 

- Artıq hər kəs usandı və bir həll yolunun əldə olunmasını istəyir. Siyasətçilərin də, sadə insanların da fikri budur ki, xeyli müddətdir uzanan bu məsələnin həllini, nəhayət, bitirmək lazımdır. 

- Siz necə, rəsmi şəxs olaraq sadə insanların ümidini bölüşürsünüzmü?

- Hazırda durum çox kritikdir, hələlik tərəflərin heç biri bəyanat vermir. Hər kəsin diqqəti Cenevrədədir ki, bu gün nə olacaq, hansı nəticəyə gəlinəcək. Çünki bu beşli konfrans uzun zamandır istənilirdi və nəhayət, bu gün reallaşır. Arada zaman fərqi də var. Ona görə də nə baş  verdiyindən xəbərsizik, bizə də hansısa məlumat gəlməyib. Türkiyə xarici işlər naziri də nümayəndə heyəti ilə dünən axşam oraya getdi. İnşallah, Kipr Türk tərəfi üçün də xeyirli-uğurlu olar. 

- Siz Quzey Kipri ötən ilin əvvəlində tərk etmişdiniz. Budəfəki gedişinizdə nələri müşahidə etdiniz, böhranlı vəziyyət kiprli türklərə nə qədər təsir edib?

- Təbii ki, problemlər var, asan deyil. Orada da daxili çətinliklər var. Amma bu qədər problemlərə rəğmən yenə də Qzey Kipr Türk Cümhuriyyəti mövcud şərtlər daxilində ayaqda durmağa çalışır. Hökumətin göstərdiyi yardımlar, dəstək tədbirləri vətəndaşların durumunu müəyyən qədər yüngülləşdirir. 

- Demək, Şimali Kipr Cənubi Kiprlə yola birgə davam etməyə hazırdır?

- Təbii ki. Hər kəs Kipr məsələsində çözüm istəyir. Qarşıdakı dönəmdə nəticəni biləcəyik və həmin qərara uyğun hərəkət edəcəyik. İndi konkret bir söz söyləmək çox erkəndir. 

- Əsas məsələlərin razılaşdırıldığını demək olarmı?

- Yox. Hələlik qəti bir söz deyə bilmərik. Qəti nəsə demək risklidir, bu, spekulyasiya olar. 

- Yəqin ki, Quzey Kipr mətbuatı üçün Cenevrə danışıqları əsasdır...

- Şübhəsiz ki. Cenevrəyə böyük bir mətbuat ordusu gedib. Prezidentimiz, həmçinin baş nazrimiz, xarici işlər nazirimiz də ordadır. Danışıqları olduqca böyük bir heyət təqib edir. Gözləyirik, görək nəticə necə olacaq. Nəticə əldə olunandan sonra bir daha danışarıq. 

- Quzey Kiprdən Azərbaycan ünvanlı hansısa mesajlar, gözləntilər varmı? 

-  Təbii ki, biz qardaş Azərbaycan dövlətindən daha çox dəstək gözləyirik. Hər zaman üçün mövqeyimiz belədir. Sanksiyalar ortadan qalxsa, şübhəsiz ki, hər iki ölkə üçün faydalı olar. İnşallah, o gün də gələcək. 

- Kiprli iş adamlarının Azərbaycanda iş qurmaq istəyi varmı? 

- Bu məsələ hər zaman gündəmdədir. Təbii ki, Azərbaycanda iş qurmaq istəyən vətəndaşlarımız, iş adamlarımız var. Amma bir az çəkinirlər. Burdakı vergilər, gömrük məsələsi necə olur deyə, suallar var. Kaş ki, Azərbaycanda işlər qurulaydı. Əvvəlki dönəmlərdə Quzey Kiprdən iş adamları bura gəlmişdi, burdan da oraya getmişdilər. Xatırlayıram, 2015-ci ilin sonlarında belə qarşılıqlı səfərlər olmuşdu. İş adamlarını araşdırmaq, dəyərləndirmək lazımdır.

- Türk lirəsinin dollara nisbətdə daha da zəifləməsi Quzey Kiprə ciddi təsir edibmi? 

- Təbii ki, dolların, ingilis valyutasının dəyərinin yüksəlməsi bizə də təsir edir. Bizdə də kirələr-filan daha çox xarici valyuta ilə həyata keçirilir. Ona görə də dolların faizinin yüksəlməsi təsirsiz ötüşmür. Artıq 1 dollar 4 lirədən yuxarıdır. 

- Hava şəraiti səbəbindən ciddi problemlərlə üzləşmisiniz. Quzey Kiprdə də qar var idi?

- Yox, bizdə qar yoxdur. Günəşli idi. Amma İstanbuldakı təyyarə havaya qalxa bilmədi, uçuşlar bir neçə dəfə ləğv edildi. Nəhayət, üçüncü günün təyyarəsi ilə uça bildik. Ancaq bu təyyarədə də qələbəlik var idi, bir dənə də boş yer qalmamışdı. Şükür ki, Bakıya yetişə bildik...

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR