İnsanlara hürriyət, millətlərə istiqlal!

“Faciə bundadır ki, Azərbaycanda ...” – Ərəstun Oruclu ölkə gündəmini dəyərləndirdi

9076 04.02.2016 08:45 Müsahibə A A
Ölkə ciddi iqtisadi kriz dönəminə qədəm qoyub. İslahat adına atılan addımlar, devalvasiya şəraitində insanların ağırlaşan maddi güzəranı, ucuzlaşan neft və bunların fonunda regiondakı mövqeyimiz əsas müzakirə mövzularıdır. “Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat” qəzetinin qonağı kimi cəmiyyətin həyatına birbaşa təsir edən prosesləri təhlil etdi, ilginc proqnozlar verdi. 

Söhbətə ənənəvi olaraq qəzetimizin baş redaktoru Rauf Arifoğlu başladı və mövcud durumun özətini verərək, qonağımızdan da baxışını soruşdu.

- Ərəstun bəy, Ölkəmiz iqtisadi böhran içindədir, insanlar əziyyət və onunla bərabər zərər çəkirlər. Bu böhranda siyasi düşərgələr və onların fəaliyyəti də diqqəti cəlb edir. Görünən budur ki, prezident gecə-gündüz işləyir, ölkəsini və iqtidarını böhrandan çıxartmaq üçün yollar axtarır. Toplantılar, xarici səfərlər, verilən mesajlar, qərar və hətta cəzalar ancaq bir istiqamətə yönəlib -  Azərbaycan böhrandan çıxarılsın. Azərbaycan müxalifəti də təkliflər verir, müzakirələr aparır, çağırışlar edir... Bütün bunların fonunda sual olunur -  Azərbaycan böhrandan çıxma istiqamətində irəliləyir, yoxsa...

- Əvvəla, dəvət üçün təşəkkür edirəm. Mənim üçün hər zaman sizin qəzet vasitəsilə mesajlar vermək təkcə maraqlı yox, həm də çox önəmlidir. Çünki sizin qəzet ölkə ictimaiyyətinin bütün spektri tərəfindən diqqətlə izlənir. Sevən-sevməyən, bunu qoyaq bir kənara. Dəfələrlə mənə də hücumlar olub ki, niyə sizinlə əməkdaşlıq edirəm. Hesab edirəm ki, bu, medianın rolunu anlamamaqdan irəli gələn məsələdir. Böhrana gəlincə, böhrana iki cür baxış var. Bir tərəfdən, böhran artıq faktdır, ortadadır. Digər tərəfdən, böhran təkcə neqativ planda qəbul olunmamalıdır. Böhran eyni zamanda yeni imkanlar deməkdir. Yaxın və uzaq tarixə baxsaq, böhranlardan çıxış həmişə ikitərəfli olub. “Böyük depressiya”nı götürək. Ondan iki cür çıxış modeli olub: biri ABŞ-dır; prezident Ruzveltin rəhbərliyi vaxtında, o biri Adolf Hitlerin faşizm modelidir... Yəni qlobal böhranların “müsbət cəhət” dediyimiz komponenti odur ki, düşünməyə, yeni yollar axtarmağa, yeni modellər formalaşdırmağa stimul və məcburiyyət yaradır. 

- Azərbaycanda böhranın bu dediyiniz pozitiv əlamətləri varmı? 

- Əlbəttə. Ən azı bir tərpəniş varsa... 

- Prezidentin qeyri-neft sektorunu gücləndirmək, yeni iqtisadi model yaratmaq istiqamətindəki çıxışlarını, addımlarını buna aid etmək olarmı? 

“İqtidar düşərgəsində təhlükəni real dəyərləndirə, onun məsuliyyətini dərk edə bilməyən xeyli insan var. Onlar həm özlərinin, həm də ailə üzvlərinin davranışı ilə cəmiyyətdə qıcıq doğurmaqda davam edirlər”



- Siz məni qabaqladız. Ölkədə baş verən hər bir şeyə birinci məsuliyyəti dövlət başçısı daşıyır. Xüsusən də nəzərə alsaq ki, Azərbaycanda dövlət başçısının səlahiyyətləri, mövcud hakimiyyət  modelinə görə, həddən artıq böyükdür. Səlahiyyət böyükdürsə, məsuliyyət yükü də böyükdür. Görürük ki, dövlət başçısı cəhdlər edir, görüşlər keçirir, müxtəlif addımlar atmaqdadır. Amma hakimiyyətin, iqtidar düşərgəsinin  tutduğu mövqe baxımdan deməliyəm ki, onların vəziyyəti ağırdır. 

- İqtidar düşərgəsinin vəziyyəti ağırdır, yoxsa bu düşərgə vəziyyəti ağırlaşdırır? 

- Hər ikisi. Düşərgənin özünün vəziyyəti ağırdır. O da düşdüyü o ağır vəziyyətə görə ölkənin durumunu daha da ağırlaşdırır. Burda artıq bir qapalı dairə gedir. Bu onu ağırlaşdırır, bu da qayıdıb ölkəni ağırlaşdırır. 

- Bəs bu ağırlığın səbəbi nədir? 

- İqtisadi komanda yeni model axtarışları prosesinə uyğun gəlmir. Siyasi komandanın da bir hissəsi həmçinin. Bunlar daha çox fərdi maraq müstəvisindən çıxa bilmir, təhlükənin reallığını və miqyasını anlamırlar. Bir hissə yaranmış bu durumdan istifadə edərək, sanki mövqelərini möhkəmləndirməyə çalışır. Bu da özünü göstərir. Və digər bir tərəf isə bu böhranı ənənəvi rəqibi olan əks tərəfi sıradan çıxarma şansı kimi qəbul edir. Bütün bu burulğanda ortada İlham Əliyev görünür. Çalışır ki, vəziyyəti tənzimləsin. Eyni zamanda fərqindədir, nə baş verir. Kimliyindən asılı olmayaraq, hər bir dövlətin başında dayanan şəxs ən məlumatlı şəxsdir. İlham Əliyev isə hər halda, 13-cü ildir ki, dövlətin başında dayanır və baş verənlər barədə tam məlumatlıdır. 

- Bəs o haqqında danışdığınız güc savaşı bu mərhələdə özünü nədə göstərir? 

- Bir neçə misal gətirmək olar. Deyək ki, biz bu yaxında Beynəlxalq Valyuta Fondu və Dünya Bankından kredit alınması barədə bir informasiya müharibəsinin şahidi olduq. Birdən hardansa Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini çıxıb dedi ki, biz Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard borc istəmişdik. Bundan sonra bu xəbəri ölkənin maliyyə naziri, ardınca isə dövlət başçısı təkzib elədi. O zaman sual olunur ki, bu kredit alınıb-alınmaması məsələsinin Dövlət Gömrük Komitəsinə nə aidiyyəti? Bu, həmin qurumun səlahiyyətinə aid deyil. Bununla Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadi İnkişaf Nazirliyi, baş nazir, prezident məşğul ola bilər. Hər halda, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini yox. Təbii ki, bu informasiyanın arxasında da onun təxəyyülünün dayanmasını demək çətindir. Çünki bilirik ki, Azərbaycan məmur korpusu məlumat vermək məsələsində çox xəsisdir. Onda qala belə bir informasiyanı. 

Samir Şərifovun üzə çıxaraq ölkənin maliyyə durumu, bank sektoru ilə bağlı danışması onun xeyrinə işləmədi”


- Yəni bu, bir məmurun informasiya xətası deyil? 



- Əsla. Bu, bilavasitə mesaj idi. Cəmiyyətə ötürülən bir mesaj. Bilirsiniz ki, borc, kredit söhbəti indinin özündə də çox ağrılı mövzulardan biri kimi müzakirə olunmaqdadır, müxtəlif dəyərləndirmələr var. Çünki hakimiyyət deyirdi ki, bizim 30-40 milyard valyuta ehtiyatımız, neft  fondumuz var. Amma bu gün bizə məlum olur ki, Azərbaycan 4 milyard axtarır. Bunu almaq üçün məlumatlar mediaya atılır ki, 4-5 bənddən ibarət şərtlər qoyulub. Artıq burda bir gündəm formalaşır. Elə bir gündəm ki, əslində cəmiyyət üçün qıcıq doğuracaq gündəmdir. Cəmiyyət çox haqlı və ədalətli şəkildə sual verir ki, bəs bizim 40 milyardımız hanı? Biz 4 milyarda möhtac qalmışıq? 

- Xarici borclanma konsepti tamam başqadır axı. Belə vəziyyətdə hökumətlər özləri istəyirlər ki, borclansınlar. Heç kim öz pulunu xərcləmək istəmir, ehtiyat pula dəymək doğru sayılmır...

- Tək o deyil. Burda başqa məsələ var. Məsələ burasındadır ki, beynəlxalq maliyyə institutlarından kredit almaq eyni zamanda investisiya göstəricisidir. İnvestorlara bir mesajdır. 

- Reytinq göstəricisidir və hakimiyyətlər üçün sığortadır. Yaxşı haldır əslində. 

- Bir sıra hallarda hakimiyyətlər məqsədli şəkildə belə borclanırlar ki, bunu yeni biznes, investisiya reputasiyası kimi təqdim edib, investorları cəlb etsinlər. 

- “Ölkədə stabillikdir, iqtidar devrikməyəcək, ölkədə qorxu yoxdur. Kredit veririk. Bu ölkəyə stabil ölkə kimi baxmaq olar”... mesajını vermək üçündür əslində. Elə deyilmi? 



- Amma hazırda böhranla bağlı iqtisadi problemlər bir yana, siyasi problemlər var. Deyək ki, İranın yeni keyfiyyətdə siyasətə qayıdışı. 

- Bu, Azərbaycanda, eləcə də Azərbaycana münasibətdə nəyi dəyişdirir? 

- Birincisi, bu, Azərbaycanın önəmini azaltdı. Nə qədər ki, İran-Qərb qarşıdurması vardı, Azərbaycan ən azı İrana qarşı daim bir platforma kimi nəzərdə saxlanırdı. 

- Axı İran artıq 3-4 ildir ki, Amerikanın hədəfində yox idi. Bizim bəzi politoloqlar, siyasətçilər “İran vurulacaq”, deyəndə İranla Amerika arasında İraqda gizli danışıqlar gedirdi, biz də “Yeni Müsavat” olaraq bunu yazırdıq. Amerikanın hazırda əsas hədəfi ərəb ölkələri, Ərəbistan yarımadası, İŞİD-dır.  Bu baxımdan, Rusiyanın da regionda oyunçu  iddialarına görə Azərbaycanın  əhəmiyyəti artır? 

- Bəlkə bir çoxlarında da yanlış fikir doğuracaq, ya tənqidi yanaşma... Amma mən tam məsuliyyətlə deyirəm ki, bu gün də Azərbaycanın Qərb üçün əhəmiyyəti son dərəcədə böyükdür. Lakin burda müəyyən bir mövzu dəyişikliyi var. Əvvəl Azərbaycana İrana qarşı da bir platforma, model kimi baxılırdısa, bu gün artıq bu mövzu tarixə qarışıb. 

- İran kontekstində əhəmiyyəti azalıb deyirsiz... 

- Amma İran kontekstində başqa məqam var. İran üzərindən sanksiyaların götürülməsinə gəlincə, unutmayaq ki, İranda mühafizəkar bir çevrə var. Və sanksiyaların götürülməsi o çevrənin bir qədər də əl-ayağını açdı. Diqqətlə İrandan verilən bəyanatlara baxsaq, görərik ki, Azərbaycanın dövlət müstəqilliyini, dövlət kimi şübhə altına almaq kimi bəyanatlar İranın dini çevrələrindən gəlib. 

- İranın konstitusiyasında islam inqilabının ekspansiyası var, rəsmən... 

- Amma eyni zamanda biz bu gün İrandakı siyasi hakimiyyətin nə qədər praqmatik siyasət yürütdüyünün şahidi oluruq.   Ümid edək ki, İran açılımı Azərbaycan üçün pozitiv imkanlar da yaradar, ən azı iqtisadi əməkdaşlıq baxımdan. Digər bir məsələ Rusiyanın bölgədə fəallaşması, Cənubi Qafqazı birmənalı olaraq öz geosiyasi maraq dairəsi olaraq görmək istəyi, Azərbaycana  olan təzyiqlərdir. Məsələn, Türkiyə-Rusiya qarşıdurması ki, baş verdi, bu zaman Ermənistanda Rusiya hərbi potensialı artırılmağa başladı. Düzdür, bu, daha çox məlumat xarakterli idi. Amma məsələ burasındadır ki, biz böyük müharibə təhlükəsindən danışırıqsa, Ermənistan orda önəmli rol oynayacaq bir baza deyil. Bu ölkənin eni ilə uzunu 300 - 70 kilometrdir.



- Türkiyə ilə həmsərhəddir, əsas önəmi budur... 

- Elə bunun özü Ermənistan üçün ciddi təhlükədir.  Əgər sabah Rusiyanın hərbi tərəfdaşı kimi müharibəyə cəlb olunsa, vəziyyətləri heç də yaxşı olmayacaq. Ermənistan Rusiyanın hərbi təsirinə düşürsə, bunun Azərbaycana neqativ təsiri var. Çünki biz bu gün görürük ki, Rusiya Azərbaycana Dağıstandan da müəyyən müdaxilələrə cəhd edir. Niyəsə hər dəfə Azərbaycandan mövqe tələb olunanda Rusiyada Şimali Qafqazdakı terrorçuluq yada düşür. Nəyə görəsə o terrorçular həmin vaxt Azərbaycan sərhədinə yaxın ərazidə toplaşır. 

- Bu təhlilə görə təşəkkür edib, qayıdaq böhran zamanı düşərgələrin durumuna... 

- Bəli, iqtidar düşərgəsindən danışdıq. Bu düşərgədə təhlükəni real dəyərləndirə, onun məsuliyyətini dərk edə bilməyən xeyli insan var. Onlar həm özlərinin, həm də ailə üzvlərinin davranışı ilə cəmiyyətdə qıcıq doğurmaqda davam edirlər. Bu gün insanlar çətinliklər içindədir. İnsanlar bir sıra hallarda ailəsini əvvəlki kimi ərzaqla təmin etmək imkanında deyil. Və birdən məlum olur ki, hansısa məmurun uşağı bahalı maşında dava salır, o birinin uşağı gedib hardasa sərgi keçirir.   Bu pullar hamısı bu millətindir. Heç kim bu pulu evində çap etməyib.  

- Bu ərəfədə kompromat savaşının da qızışacağı ehtimal olunur. Son olaraq “Bodrumdakı 20 milyonluq villa” qalmaqalı onu göstərdi ki, kimin kimdən qisası varsa, bu ərəfədə onunla bağlı bu cür məlumatları yayma ehtimalı güclüdür. 

- Təbii, bu var. Və bu kompromat savaşı da mənim dediyim o qarşıdurmanın əlamətidir. Düşünürəm ki, bu, sərt şəkildə dayandırılmasa, bunun qızışa-qızışa davam etməsi də mümkündür. 

Bütün bu burulğanda ortada İlham Əliyev görünür. Çalışır ki, vəziyyəti tənzimləsin. Eyni zamanda fərqindədir, nə baş verir”


- Prezidentin həm Birləşmiş Ərəb Əmirliklərində, həm də Bakıda verdiyi mesajlar var.  Ordan görünür ki, durumu bilir, adekvatdır, yeni iqtisadi modelə keçəcəyi ilə bağlı anonslar verir. Görünən budur ki, ölkənin rəhbəri geniş islahatlar üzərində işləyir və bunu hazırlayır. Hazırda mövcud iqtisadi komanda bu dəyişiklik məcburiyyətinə və kursuna adekvatdırmı? Ya da komandada elə parlaq ulduzlar var ki, onların üzərində islahatlar qurulsun? Rusiyadakı Çubays, Qaydar, Yavlinski kimi, bizdə də elə bir islahatçı simalar varmı ki, prezidentin iqtisadi komandasında nəzərdə tutulan prosesin ən azı ikinci, üçüncü , dördüncü fiqurları olsunlar? Məsələn, Artur Rasizadə Çubays ola bilərmi? 

- Təəssüf ki, mən bu məsələdə optimist fikir söyləyə bilməyəcəm. Artur Rasizadəyə çox toxunmayaq. Onun artıq istirahət vaxtıdır. O, sovet sistemindən gəlmiş adamdır. İnanmıram ki, müasir, liberal bazar iqtisadiyyatının qurulmasına müəyyən töhfələr verə bilər. Amma faciə bundadır ki, Azərbaycanda mövcud olan, iqtisadi blokdakı nazirlər yanlış yerdədir. 

- Samir Şərifov da? 

- Onun üzə çıxaraq ölkənin maliyyə durumu, bank sektoru ilə bağlı müəyyən məlumatlar verməsi əsla onun xeyrinə işləmədi. 



- Zərərinə işlədi? 

- Bəli. Mediada da, sosial mediada da bu, onun ziyanına işlədi. 

- Tənqidlərin prosesə nə dəxli var? Bəlkə adam prosesə adekvatdır?

- Bilirsiz, islahat çoxmiqyaslı bir prosesdir. Burda əhalinin əhval-ruhiyyəsinin çox önəmi var. İstənilən islahat ilkin mərhələdə nəinki uğurlar gətirmir, mövcud durumu daha da pisləşdirir. Bu, islahatın fəlsəfəsidir. 

- Bankların bağlanması Samir Şərifovun o təqdim etdiyiniz islahatları kontekstində qiymətləndirilə bilərmi? 

- Mən “Samir Şərifovun islahatları” ifadəsini işlətmək istəməzdim. 

- Biz obrazlı dedik... 

- Bu gün bankları bağlamaqdan çox, bank sektorunu daha çox diversifikasiya etmək, kredit faizlərini aşağı salmaq lazımdır. Bəzi banklar bağlanır, sonra nədənsə yenidən açılır... Detallara varmaq istəmirəm. Amma bu prosesin heç bir köməyi olmayacaq, əksinə, vəziyyəti bir qədər də gərginləşdirəcək.  Bu bankın abunəçiləri, müştəriləri böyük itkilər verəcək, cəmiyyətdəki gərginliyi daha da artıracaq, bank sektoruna inam bir qədər də azalacaq. İndiki mərhələdə düzgün atılacaq addım ilk növbədə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı istiqamətində olmalıdır. Bundan başqa, ərzaq bazarında ucuzluq yaradılması da vacib addımlardan biridir. 

- Ərəstun bəy, bu proseslərin fonunda müxalifətin durumunu, mövqeyini, davranışlarını necə təhlil edərdiniz? 

(Davamı növbəti sayımızda)

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR