İnsanlara hürriyət, millətlərə istiqlal!

“Allaha şükür etməliyik ki, müharibə başlamadı”- professor İlham Rəhimovun müsahibəsi

10711 08.02.2016 08:50 Müsahibə A A
Fevralın 5-də hüquq professoru, tanınmış iş adamı, xeyriyyəçi İlham Rəhimov “Yeni Müsavat” qəzetinin dəvəti ilə redaksiyada olub və jurnalistlərin suallarını cavablandırıb. Rusiya-Türkiyə münasibətlərindəki son durum, bu münaqişənin kökləri, barışıq perspektivləri ilə bağlı fikirlərini açıqlayan İlham Rəhimov konfliktlə bağlı özəl düşüncələrini bölüşüb. Başda devalvasiya olmaqla, gündəmin əsas mövzularına baxışlarını bölüşən professor, eyni zamanda, elmi yaradıcılığı, biznes fəaliyyəti, Rusiyada və Azərbaycanda yaranan iqtisadi böhran səbəbi ilə iş adamlarının həyatında yaranan çətinliklərə də toxunub. 

Qonağı salamlayan baş redaktorumuz Rauf Arifoğlu onunla söhbətə də gündəmin əsas mövzularından biri olan Rusiya-Türkiyə münaqişəsi ilə başladı. 

- Professor, təşəkkür edirik ki, vaxt ayırıb, redaksiyamıza gəldiniz. Bu fürsətdən istifadə edib, çoxlarını düşündürən bir mövzuya dair sizdəki məlumat və mülahizələri almaq niyyətindəyik. Söhbət Rusiya və Türkiyə arasında yaranan təyyarə qalmaqalından və onun davamı olaraq iki ölkənin münasibətlərinin tamamilə pozulmasından gedir. Razılaşarsınız ki, bu iki dövlətin arasındakı vəziyyət Azərbaycanı da təsirləndirir və bizim üçün də çox önəmli mövzudur. Ona görə də hesab edin ki, bu sualı Türkiyə və Azərbaycandakı bəzi həmkarlarımızın da adından Sizə veririk. Bu yaxınlarda Siz bir açıqlama verdiniz ki, “mən Türkiyə ilə münasibətlərin pisləşməsinə görə Vladimir Putinin necə  xəyal qırıqlığı yaşadığını təsəvvür edirəm”... Rusiya və Türkiyə siyasətinə yaxından bələd olan biri kimi, Sizdəki məlumat necədir? Pozulmuş münasibətlərin düzəlmə şansı varmı? 

- Sizə səmimi deyirəm, bu məsələ məni çox üzdü. Ona görə yox ki, bu iki ölkə arasında ötən əsrlərdə olmayan isti münasibətlərin yaradılmasında uzun illər çalışandan biri də mən olmuşam. Həm də ona görə ki, bu münasibətlər heç bir siyasi səbəb olmadan Türkiyə və Rusiya xalqlarının öz istəkləri sayəsində yaranmışdı. Bu zamanın təbii tələbi idi. Bu baxımdan V.V.Putinin və R.T.Ərdoğanın səyləri sayəsində bu yaxınlıq qısa müddət ərzində özünün yüksək həddinə çatdı. Diqqət edin, elə bir beynəlxalq statuslu tədbir olmurdu ki, bu iki lider görüşüb müxtəlif məsələləri müzakirə etməsinlər. 



Ona görə də, bu gün bu iki ölkə arasında mövcud olan çox soyuq münasibətlər Türkiyə və Rusiya vətəndaşlarını narahat etməyə bilməz. Qeyd etmək istəyirəm ki, rəsmi məlumatlara görə, hazırda Rusiya və Türkiyə vətəndaşları arasında 200 mindən çox nikah bağlanıb. Almaniyadan sonra Rusiya Türkiyəyə gedən turistlərin sayına görə ikinci yerdədir. Türkiyə Almaniyadan sonra Rusiya qazının nəhəng alıcısıdır. Türkiyənin tikinti şirkətləri Rusiyanın dövlət sifarişlərini yerinə yetirənlərin sırasında ən ön sıradadır. Mənim Türkiyədə çoxlu dostum, tanışım (onların içərisində siyasətçilər, alim-hüquqşünaslar, vəkillər, sadə adamlar var)  baş vermiş hadisəyə görə təəssüflənirlər.

- Bəs hadisələr bundan sonra necə davam edəcək?

- Demək çətindir. Görürük ki, münasibətlər daha da gərginləşir. Düşünürəm ki, insidentin əvvəlində bəlkə də münasibətləri nizamlamaq olardı.

- Bəs onda bu cür yaxşı münasibətlər bir anda necə pozuldu?

- Görünür ki, Türkiyə bu münasibətlərin təkrar yaxşılaşmasına çalışır. O ki qaldı, Rusiya tərəfə, Rusiyanın bu məsələdə prinsipial mövqeyini bilirsiz. Bu, o vaxt alına bilər ki, Rusiyanın qoyduğu şərtlər yerinə yetirilsin. Əsas da odur ki, Rusiya Türkiyənin üzr istəməsini gözləyir. 

- Üzr məsələsi bu qədərmi prinsipialdır? 

- Allaha şükür etməliyik ki, bu insident müharibənin başlanması ilə nəticələnmədi. Ona görə ki, tarixə baxsaq, müharibələrin hamısı kiçik bir insidentlə başlayır. Bu məsələdə iki tərəfin də özünü səbirli aparması müharibənin başlamasının qabağını aldı. Amma məsələ çox ciddi idi və ciddi də qalır. Bilirsiz, söhbət təkcə hava sərhədini pozmaqdan getmir axı. Söhbət bir dövlətin digər bir dost dövlətin hərbi təyyarəsini vurmaqdan gedir. Burada mübahisəli məqam da var: tərəflərdən biri deyir ki, sərhəd pozulub, o biri deyir, pozulmayıb. Bunu qoyaq bir kənara. Hər gün belə baxsaq, dövlətlər bir-birinin sərhədini nə qədər keçir, bilirsizmi? Dənizdən də, qurudan da, havadan da. Türkiyə təyyarələri yalnız 2014-cü ildə 2244 dəfə Yunanıstanın hava sərhədlərini istəmədən pozub.  

Yunanıstan təyyarələri manevr edərkən bəzi hallarda ildə 1300-1500 dəfə Türkiyənin hava sərhədinə istəmədən daxil olur. 2012-ci ilin 3 ayı ərzində Yunanıstan, İtaliya, Fransa, İspaniya, İsrail təyyarələri Türkiyə hava sərhədini 15 dəfə pozub... Bunlar hamısı rəsmiləşmiş statistikadır.   Amma o təyyarələrdən heç biri vurulmayıb. Bu dəfə də vurulmamalı idi.  Üstəlik, bunu ayrıca, diplomatik yolla da həll etmək də mümkün idi. Nota vermək olardı, məsələni danışıqlarla yoluna qoymaq mümkün idi. 



- Bəzi ekspertlər iddia edir ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi və düzəlməməsi  Qərbə, NATO dövlətlərinə, Amerikaya sərf edir. Onları toqquşdurmaq, müharibə vəziyyətinə gətirmək bu tərəflər üçün sərfəlidir. Belə bir iddiaya qatılırsınızmı? 

- Gəlin tarixə baxaq. Sovet dövründə NATO-nun ən böyük, geniş, güclü bazası harada olub? Türkiyədə. Bu, SSRİ faktoru ilə bağlı idi. Çünki onun sərhədləri Türkiyəyə yaxın idi. Türkiyə NATO, Qərb üçün hərbi nöqteyi-nəzərdən çox mühüm dövlətdir. Bu, həmişə belə olub. SSRİ dağılandan sonra çox tez bir vaxtda Rusiya ilə Türkiyə arasında güclü istiləşmə prosesi getdi. Bu prosesi rəsmi dövlət qurumları başlamadı, xalq özü etdi. Türk iş adamları Rusiyaya getdi, Rusiyadan Türkiyəyə turistlər gəldi, xalq özü qabağa düşdü və münasibətlər çox yaxşılaşdı. Dövlət başçıları gördülər ki, onlar xalqdan geri qalıblar. Ona görə də, münasibətləri rəsmi qaydada yaxşılaşdırmağa məcbur oldular. Bu da ən çox Putinin hakimiyyəti dövründə oldu. O, yeganə dövlət başçısı idi ki, Türkiyəyə rəsmi səfərə getdi. Ondan öncə də SSRİ vaxtında heç bir dövlət başçısı Türkiyəyə rəsmi səfərə getməmişdi. Türkiyə ilə Rusiyanın münasibətlərinin bu cür istiləşməsində Putinin rolu böyük olub. 

Mənim yadımdadır ki, hələ Putin Türkiyəyə getməmişdən qabaq mən təşəbbüs göstərdim. Rusiyada Dövlət Dumasının çox böyük tərkibində parlament üzvləri Türkiyəyə getdilər. Sonra Türkiyədən də Rusiyaya parlament üzvləri gəldilər. Bunun təşəbbüskarı mən idim. Aydın məsələdir ki, bu da Putinin razılığı ilə olmuşdu. Demək istəyirəm ki, o vaxtdan çox adamlar, o cümlədən mən də, siyasətçilər də çalışırdı ki, bu iki dövlətin arasında isti münasibətlər olsun. Təbiidir ki, bu proses çox güclü gedirdi. Qaz kəməri, ikinci kəmər açma planı... vardı. 

İki güclü dövlətin -  biri NATO-nun üzvüdür, regional super dövlətdir; biri isə ikinci qütbü bilavasitə təşkil edir, dünya super dövlətidir - münasibətlərinin son dərəcə yaxınlaşması prosesi müşahidə edən Amerikanı, NATO-nu çox narahat edirdi. Ona görə də nəsə etmək istəyirdilər ki, bu münasibətlər pozulsun. Bu insidentin özü üçüncü qüvvənin istəyi ilə baş verdi. Fikirləşirəm ki, kimlərsə dünyanın bu iki güclü dövləti arasında münasibətlərin müsbət inkişafını heç görmək istəmirdi. Ona görə də, nəsə edilməliydi, yoxsa bu dostluq sürətlə inkişaf edirdi, nəticəsini də gördünüz.

Allaha şükür etməliyik ki, bu insident müharibənin başlanması ilə nəticələnmədi. Ona görə ki, tarixə baxsaq, müharibələrin hamısı kiçik bir insidentlə başlayır. Bu məsələdə iki tərəfin də özünü səbirli aparması müharibənin başlamasının qabağını aldı”


- Siz deyirsiz ki, bu məsələdə rəsmi Moskvanın mövqeyi çox sərtdir, Putin baş vermiş insidentlə bağlı ciddi xəyal qırıqlığı yaşayır... Bəs, bu məqamda niyə Putin hakimiyyəti daha öncə rəsmi Ankaranın “Rusiya bizim hərbi hava sərhədlərimizi pozmamalıdır” xəbərdarlığını, prinsipial mövqeyini xatırlamır? 

- Birincisi, sizin dediyiniz belə xəbərdarlıqlar ancaq bir dəfə olub. İkincisi, orda baş verən situasiyanı Türkiyə nəzərə almalıydı, bilməliydi ki, bu hadisə  Suriya və Türkiyə sərhədində baş verib. Orda isə hərbi əməliyyatlar gedir, savaşda iştirak edən hərbi təyyarələr tez-tez manevr edirlər... Təbii ki, bu məqamda səhvən sərhədi pozma ehtimalı istisna deyil, mümkündü. Ona görə də, ilk növbədə bu hadisənin baş verə biləcəyi ehtimalı nəzərə alınmalı idi. İkinci məqama gəlincə,  Rusiyanın xəyal qırıqlığına uğramasının səbəbi bu insidentin iqtisadi və siyasi münasibətləri çox yaxşı olan dost ölkə tərəfindən edilməsi ilə bağlıdır. Bunu bu cür münasibətləri olmayan hansısa başqa bir ölkə etsəydi, inciklik bu həddə olmazdı. Putin nəyə görə dedi ki, bu, kürəyimizə saplanan bıçaq zərbəsidir? Çünki burda söhbət təkcə iki ölkə arasındakı yaxşı münasibətlərdən yox, həm də hər iki dövlətin başçıları arasındakı isti münasibətlərdən də gedir. Hər bir dövlət öz sərhədini qorumaq hüququna malikdir. İran neçə dəfə bizim sərhədlərimizi pozub, Xəzər dənizi tərəfdən. Amma biz adekvat addım atmamışıq. Rusiya ilə Türkiyə arasında pis münasibətlər olsa idi, bu halda sərhədlərin pozulması səbəbindən təyyarənin vurulmasına, bəlkə də, normal baxmaq olardı. 

- Amma indiki halda Türkiyə-Rusiya münasibətlərinin bu həddə gəlməsi bütün aspektlərdən hər iki tərəfə ciddi ziyandır. Xüsusən də, Rusiyanın bu əməkdaşlıqla bağlı qoyduğu embarqolar, onların bir hissəsini sonradan geri çəkməsi vəziyyətin kritikliyini göstərir. Bu halda tərəflər prosesdən ciddi iqtisadi itkilər verirlərsə, münasibətləri daha da gərginləşdirmək məntiqsiz görünmürmü? 

- Qlobal siyasi çıxarlar, dövlət qüruru mövzu olanda, keçici iqtisadi maraqlar bir az geridə qalır. Təbiidir ki, hər iki tərəf bu prosesdən çox şey itirir. Mənim Türkiyə siyasi elitasında da, iqtisadi çevrəsində də çoxlu dostlarım var. Onlarla danışıqlarımda da hiss edirəm ki, heç biri bu durumdan razı deyil. Eləcə də, Rusiyada. Adi insanlar da, siyasətçilər də münasibətlərin yaxşılaşmasını istəyirlər. 

- Bir az Azərbaycandan danışaq. Biz bilirik ki, sizin Azərbaycanda böyük biznesiniz yoxdur. Amma burada yaşayırsız. İndi dünyada olduğu kimi, bizdə də böhran dönəmidir. Hakimiyyət, prezident addımlar atır, müxalifət təkliflər verir. Artıq ölkənin yeni iqtisadi modelinin hazırlandığı, islahatlara start verildiyi bəlli olub.  Sizin bu proses və ondan çıxış yolları ilə bağlı fikirləriniz necədir? Haqqında danışılan böyük islahatlara start verilsə, bir mütəxəssis kimi öz sahəniz üzrə təklifləriniz ola bilərmi? 

- Prinsipcə, iqtisadiyyatda keçiriləcək islahatlar barəsində təklifləri iqtisadçıların verməsi  düzgün olardı.  Hərçənd ki, bu məsələnin müəyyən dərəcədə həm də hüquqi islahatlara dəxli var. Ona görə də, mən məhz məhkəmə-hüquq sahəsində islahatlara dair öz münasibətimi bildirmək istəyirəm. Prinsip etibarilə, iqtisadi islahatlar hüquqi islahatlarsız mümkün deyil. Ona görə ki, qanunlar bütün dəyişikliklərin, islahatların əsasıdır, nizamlayıcısıdr. Bununla əlaqədar yeri gəlmişkən, hüquqi islahatlarla öz münasibətimi bildirəcəyəm. Həm də ki bir qədər əvvəl dövlət başçısı cənab İlham Əliyev öz tövsiyələrini bildirmişdi. Məlumdur ki, bütövlükdə hüquq sistemi sahəsində islahatlar ölkəmizdə müstəqillik bərpa olunandan sonra başlamışdı. Belə ki, məhz bizim respublikamız bütün postsovet məkanında birinci olaraq 1992-ci ildə cəzaçəkmə müəssisələrini DİN-in tərkibindən çıxarıb Ədliyyə Nazirliyinin strukturuna birləşdirmişdi. 

O zaman bir çoxları bu qərarın əleyhinə idi, başa düşmürdülər ki, bu qərar nə vaxtsa olası idi. Lakin biz əminliklə təsdiq edə bilərik ki, düzgün hərəkət etmişdik. Sonralar hüquq sisteminin bütün sahələrində bu dəyişikliklər həyata keçirildi. Kifayət qədər vaxt keçib, iyirmi ildən artıq. Aparılan islahatların nəticələrini təhlil etmək vaxtı çatmayıbmı? Bəlkə biz nəyisə düz etməmişik, səhv buraxmışıq. Axı məhkəmə-hüquq islahatı sosial-hüquqi prosesdir. Ona görə də, ictimai-siyasi dəyişikliklərlə bağlı olaraq o həmişə təkmilləşdirilməlidir. Bununla əlaqədar olaraq hesab edirəm ki, bizim üçün bir çox prinsipial və aktual məsələlərin müzakirəsi vacibdir. Axı imtina etdiyimiz dəyərlərin heç də hamısı zərərli və effektsiz olmayıb, necə ki, yeni olan hər şey lazımlı və faydalı deyil. Biz indi çox mürəkkəb və dolaşıq məhkəmə sisteminə malikik: ağır cinayətlər üzrə məhkəmə, apelyasiya məhkəmələri və i.a. Səmərəli məhkəmə prosesinin həyata keçirilməsi nöqteyi-nəzərindən belə bir sistem özünü doğruldurmu? Mənə elə gəlir ki, köhnə sovet məhkəmə sisteminin strukturu bizim unitar dövlət üçün daha uyğun idi. Başqa bir misal. Məlumdur ki, biz prokurorluqda ümumi nəzarətdən imtina etmişik. Mən inanmıram ki, bunun faydası oldu. Düşünürəm ki, ümumi nəzarət funksiyası indiki vaxtda bir çox cinayətlərin, ilk növbədə təsərrüfatlarda baş verən cinayətlərin qarşısının alınmasında, ən azından azaldılmasında çox xeyirli olardı. İnanıram oğurluq və korrupsiya faktları xeyli azalmış olardı.  

- Bəs polis orqanları ilə nə etməli? 

“Putin nəyə görə dedi ki, bu, kürəyimizə saplanan bıçaq zərbəsidir? Çünki burda söhbət təkcə iki ölkə arasındakı yaxşı münasibətlərdən yox, həm də hər iki dövlətin başçıları arasındakı isti münasibətlərdən də gedir” 


- Hesab edirəm ki, bu sistemdə də, başqa inkişaf etmiş ölkələrin təcrübələri nəzərə alınmaqla islahatlara ehtiyac duyulur. Düşünürəm ki, bu sistem iki yarım sistemdən ibarət olmalıdır: funksional olaraq qanun pozuntularının profilaktikası ilə məşğul olan profilaktika  polisi, hansı ki, insanların cinayət törətmələrinin qarşısını alır. Kriminal polis isə cinayətkarlığın axtarışı ilə məşğul olur. Budur polisin funksiyaları. Ona görə də, digər strukturlar-istintaq, pasport verən orqanlar və s. DİN-in tərkibindən alınmalıdır.



- O zaman kim istintaqla məşğul olacaq?

- Hesab edirəm ki, hazırkı vaxtda vahid istintaq komitəsinin yaranmasına ehtiyac var. Bu qurumun kimə - prezidentə, parlamentə tabe olmasının əhəmiyyəti yoxdur. Başlıcası, istintaq hərəkətlərini bu orqan həyata keçirsin. Ümumiyyətlə, alim-hüquqşünaslardan, hazırda bu sahədə çalışanlardan sözügedən məsələlərin müzakirəsi üçün Prezident Komissiyasının yaradılması çox faydalı olardı.  

Mən hesab edirəm ki, biz effektli məhkəmə-hüquq islahatları aparsaq, bunun iqtisadiyyata da effekti olacaq. İqtisadi islahatların əsasında da qanunlar, prosesin qanunlarla tənzimlənməsi  dayanır. O qanun, hüquq nə qədər ağıllı, insan amili nəzərə alınaraq hazırlansa, iqtisadi islahatlar da bir o qədər yaxşı gedəcək. Nə qədər ki, biz insanları yox, ayrı maraqları üstün tutacağıq, islahatların heç bir xeyri olmayacaq. Böhran təkcə bizə aid deyil, qlobal prosesdir. Götürək Venesuelanı. Orda büdcənin 95 faizini neft amili təşkil edir. Ona görə də hazırda ölkə olduqca pis vəziyyətdədir. Rusiyanın özündə də vəziyyət ağırdır. Ərəbləri də görürsüz.  Bu, qlobal məsələdir və krizisin özü hamıya eyni cür təsir edir. 

- Sizə necə təsir edib? Bir iş adamı kimi böhranın zərbəsini hiss edirsizmi? Sizin işiniz, biznesiniz Rusiyadadır və Rusiya iqtisadi baxımdan Azərbaycandan da pis durumdadır? 

- ........ 

(Davamı növbəti sayımızda)

Söhbəti qələmə aldı
Sevinc TELMANQIZI 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR