İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbiyevin ABŞ-da məxfi İran danışıqları

5333 06.08.2013 12:25 Mətbuat bugün A A
ABŞ-da səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Pentaqon rəhbəri Çak Heygel arasında görüş keçirilib. Virtualaz.org xarici qaynaqlara istinadən xəbər verir ki, Pentaqonun yaydığı məlumata görə, nazirlər iki ölkə arasında hərbi tərəfdaşlıq məsələləri ilə yanaşı İranı da müzakirə ediblər.

ABŞ müdafiə naziri bəyan edib ki, İran mümkün qədər tez bir zamanda öz nüvə proqramlarına dair şübhələri aradan qaldırmağa yönəlmiş tədbirlər görməlidir. 

Pentaqonun məlumatında deyilir ki, ABŞ müdafiə naziri ilə onun azərbaycanlı həmkarı arasındakı görüşdə İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin bu günlərdə keçirilmiş inauqurasiyası məsələsi qaldırılıb.

Ç.Heygel deyib ki, ABŞ İrandan tezliklə nüvə proqramlarına dair beynəlxalq ictimaiyyətin şübhələrini və narahatlıqlarını aradan qaldırmağa yönəlmiş addımlar gözləyir.

ABŞ müdafiə naziri həmçinin İranla sərhəd olan Azərbaycanın regional təhlükəsizlik məsələlərindəki roluna və Əfqanıstandakı əməliyyatlara dəstəyinə görə təşəkkür edib.
“Heygel və Əbiyev terrorla mübarizə, hərbi islahatlar və dənizdə təhlükəsizlik məsələlərində əməkdaşlıq barədə razılaşma əldə ediblər” - deyə Pentaqonun açıqlamasında bildirilir.
Azərbaycan müdafiə nazirinin ABŞ-a səfəri gözlənilməz və müəmmalı hesab edilə bilər. Belə ki, uzun müddətdən bəri ilk dəfədir Azərbaycan müdafiə naziri ABŞ-a səfərə dəvət olunub. Özü də bu səfər bir həftəlik proqrama hesablanıb. S.Əbiyevin ABŞ-a səfəri kifayət qədər həssas mərhələyə - Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərinə hazırlıq görüldüyü bir vaxta və İranda yeni seçilmiş prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından dərhal sonraya təsadüf edir.
Doğrudur, Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi tərəfdaşlıq bir çox sahələri, o cümlədən Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasında Azərbaycanın tranzit rolunu əhatə edir. Lakin analitiklərin rəyinə görə, indiki səfər təkcə ənənəvi hərbi tərəfdaşlıq məsələləri ilə deyil, eyni zamanda qarşıdakı prezident seçkiləri ilə də bağlıdır. Rəsmi Bakı neçə vaxtdır İran və Rusiyanın təzyiqlərindən müdafiə olunmaq üçün ABŞ-dan dəstək xahiş edirdi. Bu məqsədlə güclü lobbiçilik fəaliyyəti həyata keçirirdi.
İndi belə görünür ki, bu səylər öz bəhrəsini verir: Rusiya prezidentinin Bakıya səfəri ərəfəsində Azərbaycan müdafiə naziri ABŞ- dəvət olunur. Hansı ki, Putinin Bakıya səfər zamanı Azərbaycanın MDB Gömrük İttifaqına üzv olmasını razılaşdırmağa çalışacağına dair mötəbər qaynaqlardan əldə edilmiş informasiyalar var.
Əbiyevi ABŞ-a bir həftəlik səfərə dəvət etməklə rəsmi Vaşinqton Bakıya, prezident İlham Əliyevə siyasi dəstəyini aydın şəkildə nümayiş etdirir. Xüsusən elə bir vaxtda ki, Rusiya ilə ABŞ arasında onsuz da kifayət qədər soyuq olan münasibətlər keçmiş kəşfiyyatçı Edvad Snoudenin məsələsinə görə daha da pisləşib.
Vaşinqton Moskvaya nümayiş etdirir ki, regiondakı əsas hərbi tərəfdaşı olan Azərbaycanı tək qoymaq fikrində deyil və onunla Xəzərdə təhlükəsizlik məsələsi də daxil olmaqla ikitərəfli hərbi tərəfdaşlığı genişləndirəcək. Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq isə təkcə Rusiyaya yox, İrana da mesajdır. Əgər nəzərə alınsa ki Rusiya və İran durmadan Xəzərdəki hərbi donanmalarını gücləndirir, o zaman Bakının Vaşinqtonun dəstəyinə ciddi ehtiyacı yaranır. /Virtualaz.org/


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR