İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişməmiş söhbət

841 14.04.2013 09:23 Mətbuat bugün A A
Bunu oxuyanda Fransaya təzəlikcə səfər edərkən orda çox yüksək vəzifəli, adının çəkilməsini istəməyən bir diplomatla görüşümüzü xatırladım. Adam deyirdi ki, sanki Azərbaycan və Ermənistan rəhbərləri arasında gizli bir anlaşma var, Qarabağ problemi ilə bağlı hansısa müsbət dəyişiklik ehtimalı yarananda bunu növbə ilə pozurlar. Bir az da aydın olsun deyə onun sözlərini olduğu kimi yazıram: “Erməni prezidenti özlərini razı kimi göstərəndə Azərbaycan rəhbəri hansısa addımı atır və danışıq pozulur. Yaxud Azərbaycan rəhbəri razılığa gələndə Ermənistan rəhbəri nəsə eləyir ki, danışıq pozulsun. Bir sıralama var bu işdə. İkisi də eyni vaxtda danışıqları nadir hallarda pozurlar”.
Prosesi izləyənlər bunun nə qədər həqiqət olduğunu özləri görə bilərlər. Hər iki ölkədə “Qarabağ kartı” ilə hakimiyyəti ələ keçirmiş qüvvələr oturublar və onların nəyinə lazımdır bu kartı açmaq? Hələlik blef eləyib vaxtı uzatmaq, daha çox pul yığmaq, oğurlamaq imkanları varsa və xalqlar da fil qulağında yatıbsa...
Ancaq hər halda, Araz Əzimovun “danışıq-zad yoxdur” açıqlaması səmimi bir açıqlamadır, buna görə hətta həvəsimiz olsa ona təşəkkür də edə bilərik. Özü də ifadə söz oyunu kimi də maraqlıdır. Fikir verin: “Danışıqlardan söhbət getmir”. Yəni “bizim aramızda söhbətsiz danışıqlar da var”. Necə deyərlər, bir-birimizi sözsüz anlayırıq. Bir reklam var idi, yadınızdamı? “Biz baş həkimlə bir-birimizi işarələrdən anlayırıq”.
Buna şübhəmiz yoxdur. Əslinə qalanda guya bu saat kim danışıqların aparılmasını, yaxud problemin təcili həllini tələb edir ki? Rəhbərlərə qəti lazım deyil - yuxarıda yazdıq. Xalqlar tələb edə bilər, onların da başı bir tikə çörək qazanmağa qarışıb. 3-4 yataqxana qalıb, onları da bala-bala yandırıb qaçqınları müxtəlif evciklərə köçürdəndən sonra problemin yaratdığı sosial ağırlıq da görünməyəcək. Problem tək-tük insanların sızıldamağında, muğamatda-filanda qalacaq, onu da Cenifer Lopesin burcutmağı ilə kompensasiya etmək çətin deyil.
Yayda ATƏT-in Minsk Qrupu tərəflər arasında müəyyən razılaşmalara cəhd eləmişdi, qəfildən cəbhə xəttində qarşılıqlı atışmalar, bir-birinin ərazisinə müdaxilələr şiddətləndi. Sentyabrın axırında Nyu Yorkda xarici işlər nazirlərinin görüşü olmalı idi, bu da Səfərov əhvalatından sonra ləğv edildi getdi işinin dalıyca.
Ümumiyyətlə, Qarabağ problemi bu saat hamıya lazımdır. Paradoksal görünsə də, bizdə “Lazımın gəlməsini” gözləyirlər, ancaq “Lazım” elə problemin özüdür. Hətta müxalifət partiyaları bu məsələyə görə gedib Əli Əhmədovun otağında otururlar, imzalarını səxavətlə paylayırlar. Hələ forslanırlar ki, baxın, iqtidarın bizə işi düşüb, bizimlə hesablaşır, imzamız qızıldan qiymətlidir. Hakimiyyət də deyir, uşaqlar, özünüzü bir qədər belə aparsanız hovuza su buraxarıq, daha quru yerdə çimməzsiniz. Bəs necə, ümummilli məsələlərdə ayrı-seçkilik olmaz. Azərbaycan hamımızın vətənidir - rüşvət alanın da, rüşvət verənin də. Uşağına Dubayda 44 milyon dollara villa alanın da, körpəsinə “bakkuş” ala bilməyənin də. Qarabağ problemi olmasa heç Gülər Əhmədova Elşad Abdullayevdən deputat yeri üçün 1 milyon dollar istəyərdimi? Bu rəqəm elə-belə, havadan yaranmayıb ki? Hər qaçqına 1 dollardan hesablayanda ortaya çıxıb!
Elə Elşad Abdullayevin itkin və ya oğurlanmış qardaşı ətrafında aparılan danışıqlar, vasitəçilər də çox tanışdır. Burda da “danışıqlardan söhbət getmir”. Çünki söhbəti yaxşı “bişirməyiblər”...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR