İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalan danışan niyə yalan danışır?

3145 09.12.2016 10:27 Mənəviyyat A A

Yaşadığımız həyat müxtəlif məsələlərlə, problemlərlə səciyyələnir. İnsanlararası münasibətlər burada mərkəzi yeri tutur. Bu münasibətlərin harmoniyasından, optimallığından cəmiyyətin ümumi durumu asılıdır. 


İnsanlararası münasibətlər bir çox amillərdən asılıdır. Bu amillərdən ən mühümü - səmimiyyətdir. Zira, məhz səmimiyyət münasibətlərin düzgün bünövrə üzərində inkişafını şərtləndirir. Əks təqdirdə, insanlar arsında etimad itər, heç kəs bir-birinə inanmaz. İmam Əli (ə) buyurub: «Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar».

Gördüyümüz kimi, mübarək dinimiz yalanın ictimai fəsadları haqqında ciddi surətdə xəbərdarlıq edir.

İmanlı insana aid ola bilməyən xüsusiyyət

Mübarək İslam məntiqində yalanın hər bir təzahürü, o cümlədən, zarafatla deyilən yalan da pislənir. İmam Səccad (ə) buyurmuşdur: «Yalanın kiçiyindən və böyüyündən, ciddi və ya zarafatla deyilənindən çəkinin. Çünki insan xırda yalanlar danışsa, böyük yalanlar söyləməyə də cəsarətlənər».

Mübarək İmamımızın (ə) bu cümləsində çox incə bir mövzu və çox incə bir mətləb vurğulanır ki, insan gərək yalan danışmaqdan çəkinsin - istər bu yalan kiçik ola və istərsə də böyük ola. Çünki, insan kiçik yalanları söylədikcə, yavaş-yavaş onda böyük yalanları da söyləməyə cürət tapılar və o, bu mənfi əməldən çəkinməz. Əziz Peyğəmbərimizdən (s) bir mübarək hədis var ki, harada möminlə, iman əhli ilə yalan arasında heç bir ümumi məxrəcin ola bilinməməsi söylənir. Burada Rəsuli-Əkrəm (s) bəyan edir ki, iman olan yerdə, mömin olan yerdə yalan yoxdur. Yalan olan yerdə mömin və iman yoxdur. Rəsuli-Əkrəm (s) burada buyurur: «Mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa».

Çox mübarək bir hədisdir. İnsan əgər bir balaca bu haqq sədalarından birinə diqqət yetirə və anlaya ki, bunu Rəsulallah (s) şəxsən ona da söyləyir, anlaya ki, əziz Peyğəmbər (s) sonuncu nicatverici Elçi kimi ona da müraciət edib bu sözü söyləyir - daxilində bir təlatüm baş qaldırar, bir inqilab baş verər. Bəli, insan Rəsulun (s) bu sözünün onun özünə də ünvanlanmış olduğunu dərk etsə və düşünsə ki, bu nə sözdür Peyğəmbər (s) ona deyir - həyatında çox şeyi dəyişər.

Yəni mümkündür mömin bir çox şeylərə adət edə. Amma, İslam məntiqinə görə, iman əhlinin, mömin və möminənin mümkün deyil yalan və xəyanətə adət etməsi. Yəni necə ki, su quruluq qəbul etmir, o cür də iman əhli yalan və xəyanəti özü üçün qəbul edə bilməz. Necə ki, 2 ədədi heç vax tək ola bilmir, həmişə cüt olaraq qalır - mömin və möminə də heç vaxt yalançı və xəyanətkar ola bilməz. Harada yalançı var, harada xəyanət var - orada mömin və möminə yoxdur.

Yalan danışmaq nədən xəbər verir?

Bir başqa hədisdə əziz Peyğəmbərimiz (s) yalan danışmağın həqiqi bünövrəsini, əsasını bəşərə bəyan etmişdir. Bir haşiyə çıxaq ki, 14 əsr bundan qabaq hələ psixoanalitika, psixologiya barədə heç bir məlumat olmayan bir zamanda, İslam dini yalan danışmağın psixoloji səbəblərini, yalan danışmağın fəlsəfəsini insanlara çatdırmışdır. Həzrət Rəsuli-Əkrəm (s) buyurub: “Yalan danışan, vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz...”

Məlum olur ki, yalan danışanın yalan danışmasının kökündə bir əsas səbəb durur. O səbəb nədir? Yalan danışan mütləq və mütləq ona görə yalan danışır ki, öz şəxsiyyətini kiçik bilir, özünü şəxsiyyətsiz görür. O, yalan danışmaqla özünün şəxsiyyətsizliyindən xəbər verir. İslam məntiqinə görə yalan danışan insanın şəxsiyyəti yoxdur. İslam məntiqinə görə yalan danışmaq insanın daxili komplekslərindən irəli gəlir. İslam məntiqinə görə yalan insanın daxili aləminin xəstəliyindən, xarablığından, fəsadllığından xəbər verir. Yalan danışmaq insanın kompleks yığımı olmasından xəbər verir. Bunun İslam bir vaxt söyləyib ki, hələ dünyada nə Ziqmund Freyd var idi, nə Erix Fromm var idi, nə də başqa psixoanalitiklər var idi. Və bəşər təhtəlşüurun nə olduğunu belə bilmirdi. Belə bir şəraitdə, 1400 il bundan öncə qəlblərin həkimi olan Rəsulallah (s) deyir ki, yalan danışma və yalan danışmaqdan müalicə ol. Bunun müalicəsi sənin şəxsiyyətivin müalicəsindən başlaya bilər.

Bütün pisliklərin açarı

Görək bu yalan nədir? İslam məntiqi deyir ki, istər kiçik olsun, istər böyük - ondan çəkin. İslam məntiqi deyir ki, mömin və yalan bir yerə sığışmır. İslam məntiqi söyləyir ki, yalan insanın daxili komplekslərindən xəbər verir. Görək yalan nədir. Yalan, çox sadə desək, insanın dil ilə törətdiyi kəbirə günahlardandır. Yalan - günahların açarıdır. İmam Əsgəri (ə) buyurub: «(Bütün) Pisliklər bir evdə yığışıb və onun açarı da yalandır».

Yalan öndə durur, sonra əxlaqsızlıq gəlir, sonra oğurluq gəlir, sonra xəyanət gəlir, sonra müxtəlif zülmlər gəlir. Yalan - bütün pisliklərin və bütün eybəcərliklərin başıdır. Necə ki, həqiqi iman bütün gözəlliklərin, bütün fəzilətlərin, bütün yaxşılıqların mənbəyidir və başıdır, o cümlədən də yalan bütün pisliklərin, bütün eybəcərliklərin başıdır. Buna görə imanla yalan bir yerə yığıla bilməz. Yalan niyə danışılır? Yalan əksər hallarda ona görə danışılır ki, insan istəyir hansısa bir düzgün yolları qoyub, daha “qısa” yollarla hədəfə çatsın. Daha bilmir ki, özünü son hədəfdən, son xilas olmadan, son nicat tapmadan məhrum edir.

Bu gün dünyamızda dəyərlər o qədər dəyişilib ki, yalan danışmaq - zirəklik, iş bacarmaq, siyasətçi olmaq kimi qələmə verilir. Düzgün insana, düz danışan insana deyirlər ki, sən bacarıqsızsan, sən dünya adamı deyilsən. İnsani dəyərlər bu qədər dəyişib.

Amma yalan danışan əslində nə edir? O, birinci özünü aldadır, özünün pak fitrətini aldadır. Onun fitrəti onu yalan danışmağa sövq etmir. İnsanın daxili deyir: “Yalan danışma, sənə yaraşmır”. İnsanın daxili ona neçə gün əzab verəcək yalan danışdığına görə. Gecələr yata bilməyəcək o ana qədər ki, onda insanlıqdan bir əlamət qalmayacaq. İnsanlığını itirəndə qəlbi o qədər möhürlənəcək ki, yalan onun qidasına çevriləcək. Yalan - şəxsiyyəti, ləyaqəti tapdalamaq deməkdir. Yalan insanın öz Rəbbini aldatması deməkdir. Gözəllik mənbəyi, yaxşılıq mənbəyi, fəzilət mənbəyi olan Rəbbə qarşı qalxmaq deməkdir. Yalan danışmaq şeytan lənətliyin ordusunun ən layiqli əsgərlərinə çevrilmək deməkdir. 

Yalan - yaradılışın fəlsəfəsinə qarşı çıxmaqdır. Yalan yaradılışın əksinə çıxmaqdır, xilqətin ziddinə çıxmaqdır. Çünki, yaradılış düzgünlük əsasında qurulub, gersçəklik əsasında qurulub. Qurani-Kərimin “Ənam” surəsinin 73-cü ayəsində bəyan edilir: “Göyləri və yeri haqq olaraq yaradan Odur. ”Ol" deyəcəyi gün dərhal olar. Onun sözü haqdır!...". Haqq üzərində, düzgünlük üzərində yaradıb dünyanı Allah. 

Həzrət Əli (ə) mübarək “Nəhcül-Bəlağə”də buyurur ki, dünya düzgünlük yeridir o kəslər üçün ki, onu təsdiqləyərlər. Yəni bu yalan sözdür ki, deyələr dünya yalan yeridir, fırıldaq yeridir, hoqqabazlıq yeridir, Makiavellilərin yeridir. Xeyr, bu dünya nəyə görə onların yeri olmalıdır? Çünki, düz danışanlar öz düzgünlüklərindən kənara çəkilir, yalan danışmağa başlayırlar. Ona görə ki, öz düzgünlüklərindən, öz haqlarından geri çəkilirlər. Həzrət Əli (ə) məntiqinə görə isə dünya düzgünlük yeridir, sidq yeridir.

Yalanın həzm edilən forması

Nə zaman yalan lap rahat insanların qəlbində yer tutur? Axı yalanı elə-belə deyərsən, heç kim qəbul etməz. Çünki, insanın fitrəti var. İnsanın daxilində pak bir fitrət var. O, batili dərhal qəbul etmir. Bu halda haqdan istifadə edirlər. Haqdan bir miqdar götürürlər, üstünə o zəhərli yalanı da qoşurlar - nəticədə bu yalan topluma artıq yedirdilməli, həzm edilməli bir halda gəlib çıxmış olur. İnsan bunu rahat həzm edir. Yalanın özünü isə təbii ki, elə rahatlıqla həzm etmir. Allah Təala Qurani-Kərimdə bəyan edir, buyurur ki, ən düz danışan O, özüdür. Yəni istəyir insanı ayılda, deyir aldanma. Allahdan daha düz danışan kimdir? Sonra bir kəlmə də Qiyamət günü üçün işarə edilərək, buyurulur ki, bu, bir gündür ki, düz danışanlar öz düzgünlüklərindən xeyir apararlar. 

Allah Təbarəkə və Təala buyurur ki, Mən düz danışanam. Kimsə səni aldada bilər, çaşdıra bilər, amma ey bəndəm, bunu bil və qəbul et. Kimdir Məndən daha çox düz danışan? Əgər ən düz danışan Mənəmsə, deyirəm ki, heç kimin heç kimə yiyə durmayacağı bir gün var və o gündə yalnız düzgünlük və sidq qəbul ediləcək. O günə hazırsanmı? 

Yaxud başqa bir yerdə yenə ayılıdıcı bir müraciət var. Rəbbimiz bizi ayıldır, bizə nicat vermək istəyir, bizi xilas etmək istəyir, bizə həqiqəti bəyan edir. Qiyamət günü barədə buyurur ki, o gün mal və övlad bir kəsin halına xeyir verməyəcək. Bir haldan başqa ki, salamat qəlblər, sağlam qəlblər, düz qəlblər, pak qəlblər Allahın dərgahına gedəcək. 

Amma qəlb nə vaxt təmiz olur? Qəlb sahibi deyir ki, o qəlbin təmizliyini Mən müəyyən edəcəyəm. Orada meyarlar başqadır. Orada elə kəslər olmayacaq ki, kimsə desin mənim qəlbim təmizdir. Söz çox deyilə bilər. Amma görürük ki, əziz Rəbbimiz bizə buyurur ki, ey o kəslər ki, iman gətiriblər. Ey mömin və möminələr, təqvalı olun, Allahın məntiqi ilə dünyaya nəzər salın, Allah rənginə bürünün. Bu beş günlük dünyaya aldanmayın. Allah o qədər sevir insanı, o qədər əziz bilir insanı ki, onun xilasını istəyir. Hərə bir şey vəd edə bilər insana, amma Allah insana həqiqətləri vəd edir. Ey insan, təqvalı ol və düz danışanlarla ol. Rəsulla (s) ol, Əhli- Beytlə (ə) ol. Hər zaman düz danışanlarla ol.

Toplumun inkişafı nədən asılıdır?

Bəli, görürük ki, insanın həqiqi bədbəxtçiliyi onun şəxsiyyətsizliyindən, onun öz şəxsiyyətinə göz yumduğundan, öz ləyaqətini unutduğundan, özünü ibtidai, şüursuz məxluq səviyyəsinə saldığından əmələ gəlir. Bu, böyük xəstəliklərdir, onlardan müalicə olunmaq lazımdır. 
Günümüzə də gəldikdə, görürük bütün cinayətlərin başında yalan durur. 

Bütün nahaqların başında yalan durur. Bütün zülmlərin başında yalan durur. Bir dəfə, iki dəfə, üç dəfə kiçik yalan danışmaqla, yalana adət edilir, sonra böyük yalanlara keçilir. Həm fərdi həyatda, həm ailə həyatında, həm toplumda bu, belədir. Fərd əvvəl özünü aldadır. 

Özünü aldadandan sonra fərd ətrafını, mühitini, övladını, valideynini aldadır. Sonra ictimai yalanlara keçir, adət edir yalan danışmağa. Çətini insanda bu halın əmələ gələninə kimidir. Sonra yalan insanın daxilinə sirayət edir. İnsanın daxilinə keçir. Nə səviyyədə imkanı varsa, o səviyyədə yalan danışır. Çətini insanın bu yola qədəm qoymasına kimidir. Bütün fəsadların başı yalanla başlayır. 

Bu baxımdan insanlar özlərinin vətəndaş vəzifəsini dərk etməlidirlər. Ola bilər biriləri deyəcək biz bilmədik, ola bilər o biriləri deyəcək bizim xəbərimiz yox idi. Amma insanın nə özünü, nə ailəsini, nə də toplumunu aldatmağa zərrədək ixtiyarı yoxdur. 

Toplum fərdlərdən ibarətdir. Hər toplum o qədər inkişaf edir ki, onun önündə gedən, avanqardında olan insanlar, onun elitası, aparıcı qüvvəsi, mühərriki sayılan insanlar vücudi səmimiyyət yükünə malikdirlər. Onlar əqidələrinə, məfkurələrinə nə qədər sadiqdirlərsə, toplum da bir o qədər sağlam olar.

Bütün bunlar dini mühitə də aiddir. Axı, din - düzgünlükdür, din - gerçəklikdir, din - haqdır. Buna görə dinin adından danışmaq - böyük məsuliyyətdir. Dinin adından danışmaq hələ dindar olmaq deyil. Bunu hamı gözəl bilir. Hamı bilir ki, dinin adından danışan gərək dinin daşıyıcısı olsun. Bəli, hamı bunu əla bilir, sadəcə, bəzən birilərinin planlarına uyğun gəldikləri üçün dinlə dindarı bilərəkdən qarışdırırlar. Dini “Taliban” sifətində yeritməyə cəhd edirlər. Bütün bunlar müsəlmanların xüsusilə məsiliyyətli olmasını tələb edir. İman daşıyıcıları hər zaman toplumun vicdanı rolunu icra etmək missiyası daşıyırlar. Bu, iman daşıyıcılığına iddialı insanların üzərinə böyük bir İlahi məsuliyyət müəyyən edir. Ədalətsizliyə, zülmə göz yummalı deyil imanlı adına iddialı insan. Laqeydlik sindromuna yoluxmamalıdır iman adına iddialı insan. Bu müvəqqəti dünyanın gözqamaşdırmalarına aldanmamalıdır o. İnsanlara Rəsullullah (s) nurunu, Əhli-Beyt (ə) işığını çatdırmalıdır. 

Allahım! Bizləri yalandan uzaq olanlardan və hər zaman haqq ilə olanlardan qərar ver! Amin!


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR