İnsanlara hürriyət, millətlərə istiqlal!

Həzrət Muhəmməd (s) - iradəvi təkamülün zirvəsi

2118 16.12.2016 10:12 Mənəviyyat A A

Əziz Peyğəmbərimizin (s) mövlud günlərini yaşayırıq. Bir Elçinin (s) ki, bütün öncəki peyğəmbərlər (ə) insanları onun barəsində xəbərdar etmişlər. Bəşəriyyətə bir Rəsul (s) göndərilmişdir ki, bütün öncəki peyğəmbərlərə (ə) xas müsbətliklər onda cəm olmuşdu, özü də ən kamil səviyyədə.


Allah Təala Həzrət Peyğəmbəri (s) göndərməklə insanları haqq yola dəvət etmək, düzgün yola yönəltmək, bələdçilik etmək kimi mübarək bir vəzifəni onun üzərinə qoymuşdur. Mütəal Allah insanı digər varlıqlardan fərqli yaratmışdır. Ona əql, düşüncə, məntiq, iradə azadlığı, seçim azadlığı kimi keyfiyyətlər əta etmişdir. Allah Təala insana pisi-yaxşını, xeyir-şəri anlamaq qabiliyyəti vermişdir. Və insana bildirmişdir ki, "sən mükəlləfsən, cavabdehsən". İnsanın digər məxluqatdan fərqi bundadır.

Yaranmışın əşrəfi olan insan

Heç kəs daşdan, torpaqdan, bitkidən, heyvandan "nə üçün belə etdin, elə etmədin?" - deyə soruşmur. İnsanı yaranmışın əşrəfi edən məhz budur - seçim qabiliyyəti, iradə azadlığı. Və yalnız insan Qiyamət günü etdiklərinin sorğu-sualına çəkiləcək, əməllərinə görə cavab verəcək. Zərrədək yaxşının və zərrədək pisin əvəzini görəcək. Özü ilə bağlı, ətrafı, mühiti ilə bağlı nə etdiyinin sorğusuna çəkiləcək. Və insanın sorğu-sualı, ona çatdırılan məlumatın müqabilində olacaq. İnsanı məlumatlandırmadan onu sorğu etmək, ona düz yolu göstərmədən mühakimə etmək Böyük Yaradanın hikmətinə zidd olardı, ədalətinə uyğun gəlməzdi. Odur ki, zaman-zaman Elçiləri göndərməklə, müxtəlif qövmlərə, xalqlara, cəmlərə İlahi həqiqət çatdırılmış, hüccət tamam edilmişdir. 
Rəsuli-Əkrəm (s) isə bütün bəşəriyyətə göndərilmiş, Qiyamətədək halal-haramı, xeyir-şəri insanlara bəyan etmişdir. Bütün peyğəmbərlər (ə) eyni hədəfə vurmuş, təkallahlığa dəvət etmiş, bütlərə, xəbisliklərə, pisliklərə, mənfiliklərə tapınmaqdan çəkindirmişlər. İnsanları əxlaqa, düzgünlüyə, yaxşılıqlara çağırmışlar. Nübuvvətin missiyası budur: insanları sapmaqdan qorumaq və düzgün yolu göstərmək. Və Xatəmül-ənbiya - peyğəmbərlərin (ə) sonuncusu olan Rəsuli-Əkrəm (s) bu missiyanı tamamlayır və kamala çatdırır.
Və Peyğəmbərimiz (s) insanın nəzəri həyatında, əməli həyatında bütün nöqtələri qoyur. Peyğəmbərimizin (s) dünyaya gəlişi də bu mənada xüsusi əhəmiyyət kəsb edir - bəşəriyyət sonuncu erasına - Qiyamətdən öncəki eraya daxil olur.

Tarixi şəxsiyyət

Çox önəmli bir mətləbə də toxunmaq lazımdır. Rəsuli-Əkrəm (s) yeganə peyğəmbərdir ki, tarix onun mövcudiyyətini birmənalı olaraq təsdiqləyir. Yəni, bütün öncəki peyğəmbərlər (ə) barədə məlumatlar müxtəlif rəvayətlərdə, dini mətnlərdə gəlmişdir, əsasən burada tarixi mənbələrə istinad yoxdur. Qurani-Kərim onları təsdiqlədiyi üçün bütün inanclı insanlar qeyd-şərtsiz bütün öncəki peyğəmbərləri (ə) haqq İlahi Elçilər olaraq qəbul edirlər. Amma iman gətirib-gətirməməsindən asılı olmayaraq, bütün insanlar Rəsuli-Əkrəmi (s) ən azı bir tarixi şəxsiyyət kimi qəbul edirlər. 

Hamı qəbul edir ki, Məkkə şəhərində yaşayan Abdullah adlı bir Allahpərəst insanın və Aminə adlı bir təqvalı xanımın Muhəmməd (s) adlı bir övladı dünyaya gəlir. Bütün mətləblər təsdiq edir ki, valideynləri dünyadan çox tez köçən bu mübarək insanı, babası Əbdül-Müttəlib himayəsinə götürür. 

Həzrətin (s) 40 yaşında ikən öz peyğəmbərlik missiyasına başlaması, 13 il Məkkədə olmazın müsibətlər şəraitində İlahi həqiqətləri insanlara çatdırması, sonra Mədinəyə hicrət edərək burada ədalət və həqiqət üzərində bərqərar olan bir İslam camiəsi qurması da tarixi həqiqətlərdir. 

Bu, bir tarixdir, mifologiya, folklor səviyyəsində, əfsanə səviyyəsində olan məsələ deyildir.

Bu, tarixi gerçəkliklərdir. 

Sözsüz ki, bu amil də bir çoxlarının həqiqət yolunu seçməsində öz müsbət rolunu oynamış və oynamaqdadır.

İlahi vəhyin əmini

Bəhsin davamında Həzrət Əlidən (ə) bir mübarək hədisə toxunaq: "Allah Təala Həzrət Muhəmmədi (s) aləmlər üçün çəkindirən və Quranın göndərilməsi üçün bir əmin olaraq məbus etdi (vəzifələndirdi)".

Beləliklə, mübarək hədisdə bildirilir ki, Həzrət Peyğəmbər (s) insanları, bəşəriyyəti haqq yola dəvət edən, haqqı təbliğ edən, insanları bütün eybəcərliklərdən, mənfiliklərdən, pisliklərdən çəkindirən, bu işlərin pis aqibətlə sonuclanması haqqında xəbərdar edən bir Elçidir (s). Eyni zamanda, Peyğəmbəri-Əkrəm (s) Allah əmanətinin əmini kimi tanıtdırılır. Allah Təala Qiyamətədək dəyişməyən, haqq olan sonuncu Kitabını göndərmişdir və Peyğəmbəri (s) İlahi vəhyin əmini, əmanətin qoruyucusu qərar vermişdir. 

Öncə biz İlahi hikmət və ədalət mövzusuna qısaca toxunduq. Bildirdik ki, insanı kamala yetişmək üçün xəlq edən Uca Allah, ona mütləq hidayət üçün keçinməz, zəruri və kafi məlumatı çatdırmalı idi. Hətta mübarək dinimiz, bunu Mütəal Allahın bir vədəsi olaraq təqdim edir. Və insanlara çatdırılan bu məlumat, mütləq əmin vasitələrlə ötürülməlidir. Axı əks təqdirdə, yenə İlahi hikmətə zidd olardı - nə mənası var o məlumatın ki, ötürüləndə təhrif olunacaq? Və peyğəmbərlərin (ə) hamısının məsumluğu da məhz bu məsələdən qaynaqlanır - İlahi kəlamı insanlara çatdıran insan, mütləq məsum - günahsız, səhvsiz, xətasız olmalıdır. Mübarək hədisdə nəql edilən "Quranın göndərilməsi üçün əmin olaraq məbus etdi» kəlməsi də bu məsələyə işarədir. Əmin - yəni, əmanətdarlıqda sabit və sadiq, hər bir halda əmanəti qoruyan, ünvanına çatdıran.

Təqva əhlinin rəhbəri

Həzrət Əlidən (ə) nəql edilən digər mübarək hədisdə bildirilir: "Sübhan - vəsfedilməz, təkrarolunmaz olan Allah Təala Həzrət Muhəmmədi (s) Öz kərəmi, lütfü ilə onun olduğu zirvəyə çatdırdıqda, o müqəddəs vücudu (Həzrət Peyğəmbəri (s)) ən üstün, ən ali mədənlərdən əmələ gətirdi. Əkmək üçün ən əziz olan köklərdən yaratdı. ... Peyğəmbərin itrəti (Əhli-Beyti) - ən yaxşı Əhli-beytlərdəndir, şəcərəsi - ən yaxşı şəcərələrdəndir ki, hərəmdə (Məkkədə) bitib və inkişaf edib. Kərəm, şərafətli olan o şəcərə (ağac) üçün şaxələr, budaqlar var ki, ucalıq və meyvələri baxımından tükənməzdir. O Həzrət - təqva göstərənin rəhbəridir, hidayət olmuş kəsin görmə vasitəsidir. Bir çıraqdır ki, nuru parlayır, bir ulduzdur ki, işığı açıq-aydın və aşkardır... Yaşam tərzi - etidal, sünnəti - inkişaf, kəlamı - haqqı batildən ayıran, hökmü - ədlin özüdür".

Çox az mövzular tapmaq olar ki, bu cür qısalıqla belə böyük mətləblər çatdırılır. Hədisdə gözəl Əli (ə) fəsahəti və bəlağəti ilə Həzrət Peyğəmbərə (s) xas mübarək cəhətlər açıqlanır. Öncə zərif bir müqayisə aparılır. Necə ki, qiymətli daş-qaşı, qızıl-gümüşü mədənlərdən çıxarırlar, Allah Təala Peyğəmbərimizi (s) varlıq aləminin, yaradılış aləminin ən üstün, ən gözəl gizlinlərindən üzə çıxarmışdır. Peyğəmbərimizin (ə) ən nəcabətli, Allahpərəst insanların nəsəbindən seçilməsi vurğulanır. Digər tərəfdən, mühitin insanın müqəddəratında olan rolu vurğulanır. Məkkənin məxsusi bir müqəddəsliyinə işarə edilir. 
Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) məqamına gəldikdə isə, burada yalnız iradəvi təkamüldən söhbət gedə bilər. Belə ki, bu mübarək insanlar Allaha edilən xalis ibadətləri, təvəkkülləri, kamala qovuşmaq səyləri sayəsində malik olduqları o üstün məqama yetişmişlər. Hədisdə işarə edilir ki, təqvada, şücaətdə, kəramətdə, mərifətdə, ürfanda, hikmətdə, şərafətdə Rəsulun (s) itrətinin tayı-bərabəri yoxdur. Və bu itrətin (Əhli-Beytin) səmərəsi də çox bərəkətli və tükənməzdir. Bu mübarək nəsil ucalıq və təqva baxımından misilsizdir.

Və birmənalı olaraq hədisdə vurğulanır ki, Rəsuli-Əkrəm (s) müttəqilərin, təqva əhlinin rəhbəridir. Yolunu azmışlar onun nurundan məhrum olar, azğınlar onun göstərdiyi yolu görməzlər. O, hidayət olmuşların görmə vasitəsidir. Düzgün yolu seçmişlər onun vasitəsilə, onun gətirdiyi təlim, təbliğ etdiyi dəyərlər vasitəsilə dünyaya baxarlar. Və doğru yolu görmək istəyənlər üçün Həzrət (s) açıq-aydın yolgöstərəndir, amma azmışlar onun nurunu görməkdən məhrum olarlar.

Haqla batili ayıran

Peyğəmbərimizin (s) yaşam tərzinin mötədil, "qızıl orta xətt» üzrə olması vurğulanır. Nə ifrat var burada, nə də ki, təfrit. Həyat tərzi - inkişafdır, daim tərəqqidir. Durğunluq yoxdur onun yolunu gedənlərdə. lBu günü dünənindən fərqlənməyən bizdən deyil» - deyir dinimiz. Daima inkişaf, vücudi tərəqqi var burada.

Rəsuli-Əkrəm (s) haqla batilin ayırd edilməsində heç bir məchulluq qoymamışdır. Mübarək kəlamları yaxşını pisdən seçmək istəyən üçün bir örnək, bir gerçək proqramdır.
Buyurduqlarında zərrədək məchulluq və sapmaq üçün zəmin olmaz. Hökmləri - açıq-aydın ədalət üzərindədir, ədalətin özüdür. Ədalət bu hökmlərlə, bu təlimlə anınar. Allah Təala  bizləri və bütün inanc əhlini həqiqətən Rəsuli-Əkrəmlə (s) olanlardan, onunla yaşayanlardan, onun irsini yaşadanlardan qərar versin, inşəallah!

Özünə və digərlərinə zülm etməmək

Həzrət Rəsuli-Əkrəmin (ə) gətirdiyi mübarək təlimə toxunaraq, ilk öncə burada olan haqq və ədalət konsepsiyasına diqqət etməliyik. Qeyd etdik ki, Peyğəmbərimizin (s) hökmləri - açıq-aydın ədalət üzərindədir, ədalətin özüdür. Burada ədalət və zülm etmək məfhumuna bir qədər izah vermək zərurəti yaranır. Fəlsəfi baxımdan ədalət - bir şeyin öz məntiqi yerində olması, zülm - bir şeyin öz yerində olmamasıdır. Və bütün günahlar, zalımlıqlar məhz nəyinsə öz yerində olmamasının məhsuludur. 

Çox vaxt insanlar haqq pozuntusunu, zülmü hansısa mücərrəd anlayışlar kimi qəbul etməyə meyillidirlər. Çoxları fərqinə varmır ki, böhtan, yalan, qonşunun haqqını pozmaq, qeybət etmək, abır aparmaq, zina, qumar - zülm olaraq heç də rüşvətdən, yetim malı yeməkdən, fitnədən, ayrı-seçkilikdən ayrılmamalıdır. Bunların bir ümumi cəhəti var: insan ya özünə, ya digərinə zülm edir, İlahi qanunlara qarşı çıxır. Əlbəttə, fərd səviyyəsində, ailə, cəmiyyət, ölkə, dünya səviyyəsində olan zülmlər var. Və ictimai təsirindən asılı olaraq, onların fəsadı da və müvafiq olur və buna uyğun məsuliyyəti də olur.
 
Amma bütün bunlar İlahi harmoniyanı pozan ədalətsizliklərdir. Və zülmün bir məsələsi var ki, nəinki özünə və ya digərlərinə zülm edənlər, hətta buna hər hansı şərait yaradanlar da məsuliyyət daşıyacaqlar. Bununla bağlı Həzrət Rəsulullah (s) buyurmuşdur: "Qiyamət günü carçı car çəkər: lHaradadır zalımlar və onların köməkçiləri? Haradadır zalımların mürəkkəblərini dolduranlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar? Onların hamısını zalımlara birlikdə qəbirlərdən qaldırın!"
İnsan zülmü daxilində dəf etməlidir ki, digərlərini yaxşılıqlara dəvət edəndə və pisliklərdən çəkindirəndə bunun effekti olsun. Allah Təala cəmi insanları zülm əhli olmaq aqibətindən xilas etsin! 

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə olanlardan qərar ver!

Allahım, bizləri Rəsuli-Əkrəmi (ə) və onun gətirdiyi təlimi dərk edənlərdən qərar ver!
Allahım, insanları təkəbbürdən uzaq və təvazöyə meyilli, gözəl əxlaqlı və mənəviyyatlı qərar ver!

Allahım, bizləri nemətləri dərk edənlərdən və axirət üçün azuqə toplayanlardan qərar ver!
Allahım, Vətənin və ümmətin problemlərinin həllini, işğal altında olan torpaqların azad olunmasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR