İnsanlara hürriyət, millətlərə istiqlal!

Həqiqi dirilər və həqiqi ölülər

893 26.08.2016 07:10 Mənəviyyat A A
Öncəki bəhsimizdə qeyd etdik ki, günbəgün tərəqqi edən, zahiri inkişafa nail olan dünyada insan nə səbəbə xəlq olduğunu, nə üçün mövcud olduğunu unudur. Və bir çox hallarda bu proses kortəbii də getmir. Əksinə, sanki bütün işlər o istiqamətdə gedir ki, insanlar nə üçün yarandıqlarını unutsunlar, Allahın insanı nəyə görə xəlq etdiyini, nə üçün var etdiyini, insanı mövcud etməkdə məqsədinin nə olduğunu yaddan çıxarsınlar. Təssüflər olsun ki, bu epizodik hallar deyil, formalaşmış bir sistem durumundadır.

Ən əsas seçim

Onu da qeyd etmək lazımdır ki, çox vaxt həqiqəti bilən insanlar da bunu daima yadda saxlamır, hərəkətlərinin müəyyənedici amilinə çevirmirlər. Nəticədə insanın əməlləri, rəftarları dərk edib çatdığı həqiqətlərin məhsulu olmur, yaranışın əsas məqsədinə uyğun gəlmir; insan öz gündəlik əməllərində, həyatının müxtəlif anlarında öz bəndəlik missiyasını, kamala yetişmək vəzifəsini həyata keçirmir, onun varlığında qoyulmuş istedadları üzə çıxarmır. 

İnsan təzadlar meydanında düzgün iradəvi seçim hesabına, əqlin rəhbərliyi hesabına qalib gələ bilən bir varlıqdır. Lakin, yaranış həqiqətlərinə etinasız yanaşdıqda insan bu nəhəng potensialdan uzaq düşür, əqlin rəhbərliyi əsasında hərəkət edən məxluq durumundan çıxmış olur. Axı insanın yaradılışında məqsəd, onun daxilində olan bütün ziddiyyətlərə, təzadlara, nəfsani sürüşmələrə rəğmən, malik olduğu təfəkkürə, idraka, düşüncəyə əsaslanaraq ən əsas seçimini düzgün etməkdən ibarətdir. 

İnsan gərək nəfsin əqllə savaşında ikincinin qalibiyyətini təmin etsin. İradəyə və bilgiyə əsaslanaraq, öz daxilində elə bir mənəvi durum yaratsın ki, tərəddüd və təşvişdən uzaq bir daxili atmosferdə öz insaniyyət mahiyyətini düzgün realizə edə bilsin. İnsanın istər fərdi, istərsə də ictimai işlərinin hamısı bu müqəddiməyə yüklənmiş olmalıdır. 

Nə üçün yarandığını unudan fərdlər və toplumlar - ölü fərdlər və ölü toplumlar olurlar. Belə insanların fiziki mövcud olması faktı heç nəyi dəyişmir - onlar ruhən ölüdürlər. Yarandığının məqsədini, dünya həyatının müvəqqətiliyini, həmin bu keçərli dünyada onun üzərinə düşən vəzifələrin mahiyyətini unudan, yaxud başa düşmək istəməyən insanı sözün həqiqi mənasında diri adlandırmaq olmaz. Eynilə həmin tezis toplumlara da aiddir. Əgər insanlar cəmi Allahın istədiyi kimi yaşamağın nə olduğunu unudursa, bu anlama xidmət etmək istəmirsə - onlar heç zaman diri olmayacaqlar.

İnsanın məsuliyyət dairəsi

Lakin məsələ tək fərdin islahı ilə bitmir. İnsan özü bu həqiqətləri dərk edib, hidayət yoluna qədəm qoyması ilə kifayətlənə bilməz. İctimai varlıq olaraq, insanın digər insanlar qarşısında mənəvi təhəddüdləri vardır. Məlum olduğu kimi, insanların bir qismi özünü fəlakətə aparmaqla yanaşı, digər insanları da məhvə sürükləyir, əxlaqsızlığı, mənviyyatsızlığı yayır, səfalət çirkabı ilə ətrafdakıları zəhərləyirlər. Beləsinin davranışı ibtidai birhüceyrəli varlıqdan da primitivdir, sorğusu ağır, cəzası isə ələmli əzablıdır.

Haqq yolunu seçən insan isə ətrafına nur, işıq yaymağa məsuldur. O, özünü hücrəyə çəkib Allahı ilə razu-niyaz etməklə vəzifəsini bitmiş hesab edə bilməz.

İnsanın ictimai çəkisi artdıqca, onun məsuliyyəti də artır. Əgər insan az bir kəmiyyətə təsir etmək iqtidarında olduqda, bunun fəsad yaymaq dairəsi də, işıq və gözəllik yaymaq dairəsi də eynidir və seçimi özü edir. Təbii ki, etdiyi seçimə uyğun müvafiq mükafat və ya məsuliyyəti də özü qarşılayacaqdır.

Sözsüz ki, onlarla insana təsir edə bilən insanla minlərə təsir buraxan insanın əcri, əvəzi də müxtəlif olacaqdır. Əgər insanın bir kəlməsi ilə minlərlə insanın dünyagörüşündə dəyişiklik baş verirsə, insanlar müvafiq olaraq, ya eybəcərliyə, ya da kamallara doğru yön alırsa, bu şəxsin Allah yanında aldığı əvəz - mükafat və ya cəzası da imkanına uyğun olacaqdır.
Bir deyilən söz, yazılan kitab, çəkilən rəsm, bir kino insanları fəsada da apara bilər, nicata da. İnsan nəinki tək özünü xoşbəxt və ya bədbəxt edə bilir, onun sözünə sayğı ilə yanaşan bütün insanların müqəddəratına da təsir göstərmək iqtidarında olur.

Dirildən və öldürən

Dirələr var və ölülər var. Dirildənlər var və öldürənlər var. İnsan özü diri olmaqla yanaşı, digərlərinin də diriliyinə çalışmalıdır. Digərlərinin ölülükdən qurtulmasına səy etməlidir. Ölülərin digərlərini öldürmək cəhdlərini əngəlləməlidir.

Mütəal Allahımız Qurani-Kərimin «Maidə» surəsinin 32-ci ayəsində buyurmuşdur: «Hər kim (digər) bir insanı diriltsə, bütün insanları diriltmiş kimidir».

Mübarək ayədə göstərilmiş «diriltmək» məfhumu, müəyyən dərəcədə fiziki mənaya da dəlalət edir. Yəni ölüm ayağında olan bir kəsə yardım əlinin uzadılmasının böyük savabına da işarə edilir. Amma əsas söhbət hidayətdən, doğru yola dəvətdən, məhvolmadan xilasdan gedir. Bəşərin xilasına aparan dirilik - hidayət diriliyidir. Şərif ayənin köklü mənası məhz mənəvi diriltməyə qayıdır.

İmam Cəfər Sadiq (ə) bu ayə haqqında verilən suala cavab olaraq, buyurmuşdur: «Yəni, kim birini azğınlıqdan doğru yola gətirsə, onu diriltmiş kimidir. Həmçinin, birini doğru yoldan azğınlığa aparan şəxs - onu öldürmüşdür».

İnsanı mənfiliklərdən, rəziliklərdən, alçaqlıqlardan xilas edən şəxs, insanı şərafətli, namuslu, mərd yola dəvət edən şəxs nəinki tək onun özünü xilas edir. Mübarək dinimizin məntiqində o, bütün bəşəriyyəti xilas etmiş olur. İnsanı rəzilliyə aparan şəxs isə onu məhv etmişdir.

İnsanların arasında olmaq

Nəql edirlər ki, Həzrət Davud peyğəmbər (ə) səhrada tək gedirmiş. Allah Təaladan ona vəhy gəlir: «Ey Davud! Nə üçün səni tək görürəm?». Həzrət Davud (ə) buyurur: «İlahi! Canımda Səni görmək şövqüm güclənib və (bu şövq) mənimlə Sənin yaratdıqlarının arasını kəsib». Allah Təaladan ona vəhy gəlir: «Onların (insanların) arasına qayıt. Çünki əgər sən (Məndən) qaçan bir bəndəni Mənim yanıma gətirsən, lövhi-məhvuzda sənin adını «təriflənmiş» kimi qeyd edərəm».

Digər hədisdə bildirilir ki, günlərin birində İslam Peyğəmbəri (s) Həzrət Əlini (ə) Yəmənə göndərir və ona belə bir tövsiyə edir: «Ya Əli! Heç kəslə, onu əvvəlcə (İslama) dəvət etməmiş vuruşma. And olsun Allaha, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu, sənin üçün Günəşin, üzərində doğaraq batdığı şeydən daha yaxşıdır. Sənin onlar üzərində vilayətin var, ya Əli!».

Görün dinimiz bircə nəfərin doğru yola dəvət edilməsinə, şeytan köləliyindən qurtulmasına nə böyük qiymət verir. Hidayət üçün çalışan insana, özgəsini dirildən insana nə dərəcədə yüksək məqam bəxş edir.

Dinimiz kəmiyyətin deyil, keyfiyyətin qeydinə qalmağı tövsiyə edir. Bir nəfər kamillik yolunun yolçusu, çoxlu sayda zahiri müsəlmandan daha üstün tutulur. Belə insan dinin həqiqi daşıyıcısıdır, mövsümi dindar deyil.

Qul azad etmək qədər savab

Bir gün iman əhlindən bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir. Müsəlman Həzrətdən (s) bir nəsihət etməklə bağlı xahiş etdikdə, Rəsuli-Əkrəm (s) buyurur: «Sənə tövsiyə edirəm ki, heç nəyi Allaha şərik qoşmayasan E və camaatı İslama dəvət edəsən. Bil ki, sənin dəvətini qəbul edən bir şəxsə görə Yəqub (peyğəmbərin) övladlarından olan bir qul azad etməyin savabını əldə edəcəksən».

Gördüyümüz kimi, Peyğəmbərimiz (s) ilk olaraq Allaha heç kimi və heç nəyi şərik qoşmamağı tövsiyə edir. Bu, iman gətirməyin ana xəttidir. Şərik qoşmaq təkcə bütlərə tapınmaqla, daşdan, taxtadan düzəldilmiş nəyəsə sitayiş etməklə bitmir ki. Pula, mənsəbə, vəzifəyə, qohumluğa, yerliliyə - xülasə, hər nəyə görəsə insan Allahın istədiyi kimi yox, bu üstün bildiyi şeyə görə müəyyən hərəkəti edirsə, bu həmin şey elə büt hökmündədir. Və bunları üstün bilib kiminsə haqqına təcavüz etmək, vacib bilinən əməlləri tərk etmək, haramlara qol qoymaq - eynən elə müşriklikdir, Allaha şərik qoşmaqdır. Hətta ən primitiv müşriklik kimi, insanın öz şəxsi istəklərini Allahın istəyindən üstün tutmağı göstərmək olar ki, təəssüflər olsun, gündəlik həyatda tez-tez rast gəlinən haldır.

Mübarək hədisdən görürük ki, bir sıra tövsiyələrdən sonra, Allahın Elçisi (s) insanları haqq dininə dəvət etməyin zəruriliyinə toxunmuşdur. İnsanın dinə gəlməsində kimsə vasitəçi olmalıdır. Haqqı axtaran insan kiminsə vasitəsilə bunu tapmalıdır. Və xoş o kəsin halına ki, Allah Təala onun əli ilə bu işi görür, kiminsə hidayət yoluna gəlməsi kimi nəcib missiya məhz bu insanın payına düşür. Və gördüyümüz kimi, Yəqub peyğəmbərin (ə) övladını qul olmaqdan azad etmək qədər savab verilir o insana ki, heç olmasa bir nəfəri iblisin (lən) caynağından, qaçılmaz məhvdən xilas etmiş olsun.

Budur diri olan və dirildən insanın müqəddəratı - ölü insana, ölü topluma can vermək. İnsanlar zatən tənbəllik edir, öz vücudi işləri ilə məşğul olmaq istəmir. Bu baxımdan dinimiz iman əhlinin üzərinə yaxşılığa dəvət və pislikdən çəkindirmək kimi vacib və məsuliyyətli bir vəzifə qoymuşdur. İnsanları haqqa, düzgünlüyə, mübarəkliyə çağırmaq, onların gözünü eybəcərliklərə açmaq kimi bir vəzifə qoyulub insanın üzərinə. Bəşəri haqqa çağırmaq, dürüstlüyə, düzgünlüyə səsləmək vəzifəsi var insanın. Diri olmaq və diriliyə çağırmaq kimi şərəfli bir təhəddüd götürmüş insan öz Yaradanı qarşısında. 

Və Mütəal Allahdan duamız budur ki, diri olmağı və diriliyi yaymağı cəmi iman əhlinə qismət etsin!

Allahım, insanların qəlblərinin ölməsinə imkan vermə!

Allahım, bizi dirilərək, toplumu da dirildənlərdən qərar ver!

Allahım, cəmi iman əhlinə bərəkətli və mənalı həyatı, çətinlik-asanlığından asılı olmayaraq üzərlərinə düşən vəzifələri yerinə yetirmək tofiqatını qismət et!

Allahım, insanları lənətlənmiş iblisin torundan xilas et!

Allahım, insanların günahlardan çəkinməsini, doğru yola hidayət olunmalarını, bütün sınaqlardan şərafətlə çıxmalarını, müşküllərinin həllini, xəstələrin şəfa tapmasını, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını nəsib et!

Allahım, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!

Amin!




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR