İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaların sərhədində olan mənzil

1358 23.12.2016 10:50 Mənəviyyat A A

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək İslam dini bəşəriyyəti bu dünya ilə tanış etdiyi kimi, bu dünyadan sonrakı həyatla da tanış edir. Axirət dünyasına keçid insanın qəbir həyatı ilə başlanır. Ona görə də, qəbir həyatında bizi nə gözləyir, hansı hallarda qəbir həyatı bizim üçün əziyyətə, hansı halda rahatlığa çevriləcəyini bilməliyik.

Namazda süst olanı gözləyən on beş cəza

Əziz İslam Peyğəmbəri (s) buyurur: “Hər kim namazında süstlük edər, Allah Təala onu on beş dərdə mübtəla edər ki, altı cəzası dünyada, üç cəzası ölüm ayağında, üç cəzası qəbirdə, üç cəzası Qiyamətdədir...” 

Namaz qılmamaq böyük bir xəta olmaqla yanaşı, insanın aqibəti baxımından bir müsibətdir. Elə insanlar da var ki, namaz qılır, amma güclə, boynunda qalmasın deyə qılır, namazlarını qəzaya verir, gün ərzində işi bəhanə edir, müxtəlif məsələləri bəhanə edir və namazlarına laqeyd yanaşır. Elə insanlar da olur ki, namazı fiziki anlamda yerindədir, amma namazlarına süst yanaşır, namazlarını əvvəl vaxtında qılmır, səhlənkar yanaşır, hüzurlu qəlb ilə qılmırlar. 
Namazda süst olmağın bu anlamda müxtəlif forma və növləri var. Əziz Rəsulallah (s) bizləri namaza süst yanaşanların aqibətindən xəbərdar edir. Hərəmiz özümüzə bundan bir pay götürməliyik. Deməyək ki, bu deyilənlərin heç biri mənə aid deyil. Hərə öz səviyyəsində pay götürməlidir. Namaz qılmayan namaz qılmayan kimi faciəsini yaşamalıdır, namaz qılan diqqət etməlidir ki, namazla bağlı hər şeyi qaydasındadırmı? Bunun üçün də bizlər namazına qarşı süst və laqeyd olanların yaşayacağı aqibətlə tanış olmalıyıq. Namazda süstlük, səhlənkarlıq etmək, namaza hörmətsizlik etmək, ona düzgün yanaşmamaq insanı on beş bəlaya mübtəla edər. Onlardan altısı bu dünyaya aiddir, üçü ölüm ayağındadır, üçü qəbirdədir, üçü isə Qiyamətdədir.

Bərəkətsizlik sindromu

Həzrət Rəsulallah (s) dünya cəzalarını çatdıraraq buyurur: “Həyatında və ruzisində bərəkətsizlik əmələ gələr...” Həyatı yaşayar, amma yaşadığı həyatının dadı, rəngi, mənası, şövqü olmaz. Bu dünya həyatını sürünə-sürünə yaşayar. Qazandığının, ruzisinin, əldə etdiklərinin bərəkəti olmaz. Bir adam namazında süstlük etsə, bu dünyada alacağı cəzalardan biri budur ki, həyatında və ruzisində bərəkət olmaz.

“Üzündə salehlərin simasının itməsi...” Üzündə nuraniyyət olmaz, üzündə salehlərin simasının itməsi baş verər. Bu məsələ, insanın zahiriyyətinə də öz təsirini qoyar. 
“Əməllərinin nəticəsiz qalması...” Namazına süst, səhlənkar yanaşan insanın işləri, əməlləri nəticəsiz qalar. Belə insanın duaları qəbul olmaz. “Yaxşıların duası onun halına şamil olmaz...” Bu insan üçün yaxşıların etdiyi dualar qəbul olmaz, onun halına heç bir təsir bağışlamaz.
“Duaları qəbul olmaz...” Bəzən insan dualar edir, amma onun nəticəsini həyatında görmür. Gərək insan bunun səbəbini öz namazına münasibətdə, etdiyi səhv və xətalarda axtarsın.
Zillət, aclıq, susuzluq...

Namazına süst yanaşan insanı ölüm anında üç cəza gözləyir: “Zillətlə ölər, ac ölər, susuz can verər...” Bu, namazına süst yanaşan insanı ölüm anında gözləyən cəzalardır. Belə insanı Allah Təala xar, zəlil olmuş halda, zillətlə öldürər. 

Namazına süstlük edən insanı üç cəza da qəbirdə gözləyir. “Allah Təala mələyi ölüm zamanı əzab verməyə məmur edər, qəbri qaranlıq olar, qəbri dar və sıxıntılı olar”. Belə insan Qiyamətdə də üç əzabı olar. “Zəlil halda Qiyamət səhnəsinə gətirilər, hesabı çox ağır olar, Allaha Təalanın ona rəhmət nəzəri salınmaz”.

İnsan öz ibadətində süstlük, diqqətsizlik, etinasızlıq etdikdə, bu, həyatının hər bir səhifəsində öz əksini tapır. O cümlədən, digər dünyaya keçidi də ağrılı olur.

Bəs qəbir sıxıntısından nicat tapan olacaqmı?

Həzrət İmam Sadiqdən (ə) soruşurlar: “Kimsə qəbir sıxıntısından qurtula biləcək?”. Həzrət (ə) buyurur: “Ondan (qəbir sıxıntısından) Allah pənah aparıram. Nə azdır o kəslər ki, qəbir əzabından nicat taparlar”. Belə başa düşülür ki, insanların kifayət qədəri o ağır müsibəti görəcəklər.

Qəbir sıxıntısını artıran ciddi amil - xəbərçilik

Qəbir əzabına səbəb olan bir sıra amillər var. Müxtəlif buyuruş və rəvayətlərdə bu səbəblər açıqlanır. Qəbir əzabının artmasına səbəb olan amillərdən biri xəbərçilikdir. Xəbərçilik evləri yıxar, dostluqları aradan aparar, insanlararası münasibətləri korlayar, ailələri dağıdar, valideyin-övlad münasibətlərində soyuqluq yaradar, qonşuları küsdürər, yuva saldığı hər yerdə mehribanlıq və səfanı aradan aparar. Kim xəbərçilik etsə, qəbir əzabı və qəbir sıxıntısı çəkəcək, bu insanın çox şiddətli cəzası olacaq. Burada necə ki, insanların həyatında qaranlıq yaradır, qəbirdə qaranlığı çəkəcək. Ən böyük mənəvi xəstəliklərdən biri xəbərçilikdir. Görürük ki, insan bircə elə dilinə sahib çıxsa, necə də gözəl olar.

Paklığa riayət etməmək qəbir əzabına səbəb olar

Çox maraqlıdır ki, qəbir əzabına səbəb olan amillərdən biri də paklığa, təharətə riayət etməməkdir. Bu da fövqəladə ciddi məsələdir. İnsanlar var ki, paklığına, təharətinə fikir vermir. Sovet dövründə belə insanlar olmayan şəraitdə təharət məsələlərinə riayət edirdi, bunu qoruyurdu. Əvvəla bu məsələ gigiyenik baxımından, sağlamlıq baxımından çox önəmlidir. Ümumiyyətlə, bir müsəlmanın paklığı sanki onun vizit kartıdır. Müsəlman, mömin sözlərinin yanında paklıq gələr. Əgər paklığına riayət etməsə, onu qəbir sıxıntısı gözləyir. 
Adam əgər buna nail ola bilsə ki, hər zaman dəstəmazlı olsun, daha da gözəl olar. Vay o haldan ki, insanın nəinki dəstəmazı, təharəti, təmizliyi belə olmasın. Gərək insan bu məsələlərində diqqətli olsun.

Ailədə kobudluq insanın qəbir həyatına təsir edər

Qəbir əzabına, sıxıntısına səbəb olan amillərdən biri də həyat yoldaşına sayğısız, məhəbbətsiz davranış göstərməkdir. Ən böyük faciələrdən biri budur ki, insan ailədə kobud, pis əxlaqlı olsun. Peyğəmbərin (s) səhabələrindən biri dünyasını dəyişir. Peyğəmbər (s) dəfn məsələlərində, digər məsələlərdə ürək yandırır, iştirak edir. Orada bir vəziyyət yaranır ki, Rəsulallahın (s) həmin kəsin qəbir sıxıntısı çəkməsindən nigaranlığı hasil olur. Soruşulur ki, siz bu qədər bu səhabə üçün can yandırdınız, iştirak etdiniz, bu kəsi necə qəbir əzabı gözləyə bilər?! Rəsulallah (s) bəyan edir ki, həmin kəs ailə üzvləri ilə bir qədər kobud davranıb, ailədə əxlaqı yaxşı olmayıb. Hətta Peyğəmbərimiz (s) də bu insan üçün çarə etməyə əlacsız olub.
Gərək insan sağ olarkən bu məsələyə diqqətli olsun, həyat yoldaşı, övladları ilə mehriban davransın.

Neməti zay etmək

Qəbir sıxıntısı artıran mühüm amillərdən biri də İlahi nemətləri zay etməkdir. İnsan nemətlərlə düzgün davranmalıdır. Sağlamlıq neməti, ev neməti, maşın neməti, pul neməti, dost neməti və s. nemətlərlə düzgün davranmayan insan qəbir sıxıntısı ilə qarşılaşacaq. Allah Təala bizlərə İslam kimi böyük bir nemət bəxş edib. İnsan oturub saymaq istəsə Allahın lütf etdiyi nemətləri, sayıb qurtara bilməz. Valideyin neməti, övlad neməti, düşünmə neməti, sevinə bilmək neməti, ürək neməti... Diqqətli olaq ki, bu nemətlərin nə qədərini zay etmişik.
Qəbir əzabına ən çox səbəb olan amillərdən biri də qeybət etməkdir. Dil insanı hansı bəlalalara apara bilər?! Qeybət etmək insan üçün böyük bir faciədir. Adam var ki, qeybət etməsə darıxar, qeybət edəndə enerji alar. Təbii ki, onun aldığı şeytani (lən) bir enerjidir. Bunun axırı da insanı qəbir əzabına aparar.

Qəbir deyildikdə, fiziki qəbir nəzərdə tutulur?

Böyük mərcəyi-təqlid alimlərindən olan Ayətullah Cəfər Sübhani cənabları buyurur: “Qəbrin gerçəkliyi həmin bərzəxdir. Bərzəxin də cənnət bağları və cəhənnəm odu var”. Belə aydın olur ki, qəbir elə insanın bərzəx aləmidir. Qəbirdən insanın cəza və ya mükafatları başlayır.
Əllamə Həsənzadə Amuli buyurur: “O ki bir mömini də, bir kafiri də eyni qəbrə qoyurlar, amma o qəbir deyil ki, savab və əzab orada cəmləşsin. Eyni qəbrə mömini qoysalar, cənnətin bir bağında olacaq, eyni qəbrə kafiri qoyacaqsan, cəhənnəmin odunda olacaq. Diri adam o qəbrə girsə, heç nə hiss etməyəcək”. Buradan anlaşılır ki, qəbir fiziki anlamda insana sıxıntı verməz. Cəza və ya mükafat qəbirdə olan insanın durumuna aid olar. Mömini eyni qəbrə qoysalar, özünü cənnət bağında hiss edəcək. Əgər o qəbrə qoyulan kafirdirsə, həmin qəbirdə sıxıntı və əzab içində olur.

Məsumlardan (ə) qəbir həyatı barədə buyuruşlar

Həzrət Rəsulallah (s) buyurur: “Qəbir - axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq”. Gərək bu məsələlərə indidən hazırlaşaq. Sonra peşman olmaq üçün çox gec olacaq və geriyə qayıdıb düzəltmək imkanlarımız olmayacaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir mənzərə görmədim ki, qəbirdən daha qorxulu olsun”. Bircə bu hədis barədə insan düşünsə, təfəkkür etsə, onun nə gözlədiyinin fərqinə varar və qəflətdən ayılar.

Həzrət Əli (ə) buyurur: “Sizdən öncəkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb vəhşət içərisində olar, sözə baxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındır”. Əgər görə bilsəydik ki, bizdən öncə ölənlər nə vəziyyətdədirlər, biz bunun həyacanını yaşayardıq, vəziyyətimizi buna uyğun olaraq dəyişərdik.

İmam Baqir (ə) buyurur: “Kim namazın rükusunu tam yerinə yetirsə, qəbirdə heç qorxu və vəhşət ona yaxın durmaz”. Çox maraqlı mövzudur. Bu buyuruşu iki cür şərh edirlər. Birincisi budur ki, namazı qılmaq, vacibatı yerinə yetirməyin özü, rükunu gözəl şəkildə əda etmək insanın qəbir əzabından qurtulmasına səbəb olar. Digər şərhlərdə isə rükunun tam bəyənilən şəkildə, bütün müstəhəbləri ilə yerinə yetirilməsindən söhbət getdiyi vurğulanır. Ancaq diqqətli olmalıyıq ki, namaza səhlənkar, süst yanaşmaq insanın qəbir əzabına düçar olmasına səbəb olar, namazda diqqətli olmaq, onu gözəl şəkildə həyata keçirmək isə əksinə - insana qəbir əzabından nicat verər.

Allahım, aqibətlərimizi xeyirli et! 

Allahım, bizləri qəbir əzabından, qəbir sıxıntısından nicat tapanlardan qərar ver! 

Allahım vücudumuzu günahlardan paklaşdırmağı bizlərə nəsib et! 

Allahım, namazlarımıza qarşı məsuliyyətli, diqqətli olmağı bizlərə nəsib et! Amin!







Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR