İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənəvi dəyərlərin əhəmiyyəti pafoslu ifadələrlə deyil, məntiqlə başa salınmalıdır”

605 18.05.2023 13:21 Media A A

Elçin Mirzəbəyli: “Gənclik dövründən istifadə edib təcrübə qazanmaq və gəncliyin aşıb-daşan enerjisini boşuna xərcləməmək lazımdır”

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində milli-mənəvi dəyərlərin qorunmasında gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin önəmindən danışıb. Ölkə başçısı bildirib ki, Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olub. Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Əlbəttə ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.

Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!"

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan gəncliyinin əhəmiyyətli hissəsini Vətəninə, bayrağına, torpağına bağlı insanlar təşkil edir və bu amil özünü torpaqlarımızın işğaldan azad edildiyi zaman kəsiyində daha qabarıq şəkildə göstərdi. Artıq ömrünün 50 ilindən çoxunu geridə buraxan, Milli Azadlıq Hərəkatından, şər imperiyasının süqutunun, müharibələrin, siyasi qarşıdurmaların doğurduğu kataklizmlərdən keçən biri kimi deyirəm: müasir Azərbaycan gəncləri, əsasən bizdən daha qətiyyətli, daha prinsipial, daha intellektual və daha mübarizdirlər. Bəzən bu və ya digər gənc mütəxəssisə, siyasət, yaxud mədəniyyət adamına, məmura və ya hər hansı bir peşənin sahibinə münasibətdə yaşadığımız ani “xəyal qırıqlığı” gənclərimizlə bağlı yanlış qənaətlərə gəlməyimizə zəmin yaradır: “Hesab edirəm ki, bu tamamilə yanlış və əksər hallarda aşırı təkəbbürdən qaynaqlanan yanaşmadır.  İnsanlara münasibətdə selektiv yanaşmanın tərəfdarı olan, fərdi keyfiyyətlərə üstünlük verən bir media mənsubu, siyasi analitik kimi gənclərə münasibətdə də, xüsusilə neqativ istiqamətdə ümumiləşdirmə aparmağın tərəfdarı deyiləm. Gənclərə şans və motivasiya vermək lazımdır, arxaik, əzici "öyüd-nəsihət" yox. Hörməti də, qiyməti də insan geridə buraxdığı illərə görə deyil, fərdi keyfiyyətlərinə-intellektinə, mədəniyyətinə və bütövlükdə şəxsiyyətinə görə gözləməlidir. Təəssüf ki, bəzən gənclər bunun əksi ilə qarşılaşırlar və bu da müəyyən qədər də olsa, nəsillərarası bağları zədələyir".

E.Mirzəbəyli həmçinin gənclərin daha bir məqamı nəzərə almalarını vacib hesab edir: “Gənclik yüksək bacarıq, intellekt, mədəniyyət, istedad və digər bu kimi fərdi keyfiyyətlərin ümumiləşdirilmiş göstəricisi deyil. Gənclik insan həyatının müəyyən bir dövrüdür və təbii ki, bəlli zaman kəsiyindən sonra geridə qalır. Bu dövrdən istifadə edib təcrübə qazanmaq və gəncliyin aşıb-daşan enerjisini boşuna xərcləməmək lazımdır. Bu gün ölkəmizdə, ilk baxışda "nəsillərarası qarşıdurma" kimi dəyərləndirdiyimiz problemlərin əhəmiyyətli hissəsi müxtəlif yaş həddində olan insanların qarşılıqlı münasibəti ilə bağlı deyil, cəmiyyətin mədəni səviyyəsi, dialoq mədəniyyəti, təhsil və digər bu kimi məsələlərlə əlaqədardır. Bu baxımdan, toplumun ümumi mədəni səviyyəsinin, dünyagörüşünün daha da inkişaf etdirilməsinə, xalqımıza məxsus olan yüksək mənəvi dəyərlərin müasir gəncliyin anlaya və qəbul edə biləcəyi bir formada təqdim edilməsinə ehtiyac var. Gənclərin bir sıra təşəbbüsləri, atdıqları addımlar səhv də ola bilər və buna görə hər şeyi “baltalamalı” deyilik. Müasir gənclik, daha dəqiq desəm, gənclərin əhəmiyyətli hissəsi hər şeyin məntiqi izahını istəyir. Bu baxımdan gənclərlə ünsiyyətdə onlara aşıladığımız hər hansı bir dəyərin əhəmiyyətini anlatmalıyıq. Müasir gənclər üçün “Bu belə olmalıdır” hökmü, yaxud göstərişi “Bu nə üçün belə olmalıdır?” sualına cavab verilmədən keçərli olmur. Bu baxımdan da orta və yaşlı nəsil də bizim bir xalq kimi ayaqda qalmağımızı təmin edən, milli identikliyimizi qoruyan gerçək mənəvi dəyərlərin əhəmiyyətini pafoslu ifadələrlə deyil, məntiqlə başa salmalıdır".

E.Mirzəbəylinin sözlərinə görə, eyni yanaşmanı Azərbaycan ədəbiyyatı, musiqisi və incəsənəti ilə də sərgiləmək daha doğru olar: “Milli identikliyimizi, özünəməxsusluğumuzu nə üçün qorumalıyıq? Bu gün üzərimizə yürüyən informasiya axınının, parıltılı "mədəniyyət" nümunələrinin, çeşidli epitetlərlə bəzədilmiş yaşam tərzlərinin təbliğinin məqsədi nədir? Dünyanın aparıcı gücləri “yumşaq güc” amilindən istifadə etməklə, milli mədəniyyətləri sıradan çıxarmaqla nəyə nail olmaq istəyirlər? Düşünürəm ki, bu və digər suallara daha aydın cavab verildikcə, həmçinin milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və mədəniyyətimizin cazibədarlığını artıran addımlar atmaqla daha böyük nəticələr əldə edə bilərik. Azərbaycan gənclərinin ünvanına səsləndirilən bütün müsbət fikirləri bölüşürəm və bunu olduqca vacib motivasiya kimi qiymətləndirirəm. Gəncləri həvəsləndirmək, özlərinə olan inamını artırmaq lazımdır.

HAZIRLADI: Nigar HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR