İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehridəki qiyam və Qarabağ ətrafındakı “tufanqabağı sakitlik” İrəvanı həyəcanlandırıb

1833 26.03.2019 11:23 Son xəbər A A

Paşinyan ordu rəhbərliyini topladı və qapalı müzakirələr apardı

Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrin rəhbərliyinə daxil olan hərbçilərlə görüş keçirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, martın 25-ndə, axşam saatlarında keçirilən görüşdə Ermənistandakı iqtisadi vəziyyətdən bəhs olunub, həmçinin atılan addımlardan danışılıb. N.Paşinyan Ermənistan ordusunda xidmət edən hərbçilərin sosial problemlərinin həlli ilə bağlı görüləcək işlərdən də bəhs edib. Müzakirələrdə regional hərbi-siyasi vəziyyətdən, həmçinin Qarabağ məsələsindən danışıldığı da bildirilir. Maraqlıdır ki, görüş mətbuata qapalı şəraitdə keçirilib və detallı məlumat verilməyib. N.Paşinyanın mətbuat xidməti də ümumi informasiya yaymaqla kifayətlənib. Ancaq şübhə yoxdur ki, ordu rəhbərliyi ilə keçirilən görüş çox ciddi zərurətdən irəli gəlib. Belə ki, bir neçə gün əvvəl Mehri vilayətindəki hərbi hissələrin birində əzgərlər zabitlərin özbaşınalığına etiraz olaraq qiyam qaldırmışdı. Onların bir qrupu Qarabağa sürgün edilib, digərləri isə hərbi polisə göndərilib. Bunun ardınca əsgər valideynlərin aksiyalara başlayıblar. N.Paşinyan ordu rəhbərliyi ilə görüşməzdən bir neçə saat əvvəl isə Ermənistan Müdafiaə Nazirliyində toplantı keçirilib. Erməni mediası həmin toplantıya Qarabağdakı hərbi rəhbərliyin, o cümlədən “dqr komandanlığının” qatıldığını bildirib. Belə aydın olur ki, işğalçı ölkənin rəhbərliyi həm də Qarabağ ətrafındakı “tufanqabağı sakitlik”dən narahatdır.

Ermənşünas alim Qafar Çaxmaqlı Musavat.com-a bildirdi ki, Ermənistanda baş verənlər təəccüblü deyil: “Ermənistanda gənclərin Qarabağda xidmət keçməsi həmişə narazılıq doğurub. Övladının Qarabağa ön xəttə göndərilməsinə etiraz edən anaların piketləri də olub. Amma bu, heç nəyi dəyişməyib. Ermənistanda bundan əvvəlki rejimlər əsgərlərin Qarabağa göndərilməsi məsələsində gizli planlardan istifadə ediblər. Amma hakimiyyətə gələn kimi, Paşinyan özünü “daha vətənpərvər” göstərmək üçün oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərdi. Amma Ermənistanda bu olaya isti yanaşılmadı, onu alqışlayan da olmadı. Çünki xalq bu populizmin arxasında gizlənənləri dərk edir və bəziləri hətta erməni bir gəncin başqa bir ölkənin ərazisində hərbi xidmət keçməsini qanunsuz adlandırırdılar”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan vətəndaşları müharibə olduğu təqdirdə övladlarının Qarabağda vuruşmasını istəmirlər: “İndi 90-cı illər deyil. İndi heç erməni diasporu da o vaxtkı deyil ki, insanları səfərbər edib Qarabağa vuruşmağa, dolayısı ilə ölməyə göndərsin”. Ekspert ötən gün keçirilən qapalı müzakirələrdən bəhs edərkən əlavə etdi ki, erməni ordusu içərisində də narazılıqlar var: “Əsgərlərin qidalanmasından tutmuş, onların zabitlər tərəfindən təhqirinə qədər bir sıra problemlər Ermənistan ordusunda qabarıq şəkildə üzə çıxan məsələlərdir. Belə bir fikir səslənməkdədir ki, Ermənistan öz ordusunu saxlaya bilmir. Rusiya isə bu ordunu qoruyub saxlamaq müqabilində Ermənistandan çox şey istəyir”. Q.Çaxmaqlı qeyd etdi ki, digər tərəfdən də Azərbaycanın torpaqlarını işğaldan azad etmək qərarlılığı onları qorxudur: “Paşinyan bunları dərk edir və Müdafiə Nazirliyində keçirilən görüşdə heç şübhəsiz ki, bu məsələlərdən bəhs olunub. Bir də Paşinyan 29 martda Azərbaycan prezidenti ilə Avstriyada nəzərdə tutulan görüşə hazırlıqlı getmək istəyir. Azərbaycan onun irəli sürdüyü prinsipləri birmənalı qəbul etmir. Madrid prinsiplərinin formatı dəyişməyəcək. Dağlıq Qarabağ separatçıları da danışıqlarda tərəf olmayacaq. Əgər bu belə davam edəcəksə, Ermənistan hansı siyasəti davam etdirəcək, Azərbaycanın torpaqlarını antiterror əməliyyatlar yolu ilə azad etməsinə hansı qarşılıq verəcək? Yüksək rütbəli hərbiçilər Paşinyana hansı variantları təklif edəcəklər? Gizli görüşün nəticələri haqqında daha sonra təxminlərdə bulunmaq mümkündür. İndiki durumda isə söyləmək mümkündür ki, işğalçı Ermənistan və onun rəhbəri təşviş içindədir”.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistandakı son müzakirələrə reaksiyasında ordumuzun düşmənin istənilən təxribatlarının qarşısını almağa hazır olduğunu bəyan edib.

Cavid TURAN,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR