İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azadlıq” qəzeti növbəti dəfə böhtan atır - (Audio-sübut)- Yenilənib

8771 25.01.2014 11:45 Media A A



Əli Kərimlinin idarə etdiyi “Azadlıq” qəzeti növbəti dəfə yalan, böhtan və ünvanımıza kin qusub. Belə ki, bu qəzet heç bir araşdırma aparmadan İsgəndər Həmidovla yaydığımız müsahibəni təhrif etdiyimizi, onun sözlərini doğru vermədiyimizi iddia edərək, ““Yeni Müsavat”ın növbəti yalanı” adlı növbəti yalan yazıb. Və bu dəfə də Əli Kərimlinin şərləmə şakərinə sadiq qalaraq, bizdən heç bir münasibət almayıb.
***
Həmin yazıdan sitatlar: ““Azadlıq” qəzetinin 22 yanvar sayında “ İsgəndər Həmidovdan Qələndər Muxtarlıya dəstək” başlıqlı yazı dərc olunub. Həmin yazıda İsgəndər Həmidov bu fikirləri səsləndirmişdi: “... Qələndər mənim uşaqlıq dostumdur və sona qədər də dostum olaraq qalacaq. Əgər qurultayda onun namizədliyi irəli sürülərsə, mən onu müdafiə edəcəm ”.
“Yeni Müsavat” qəzetinin bu günki nömrəsində isə “İsgəndər Həmidovdan sensasion açıqlamalar” başlıqlı müsahibə dərc olunub. Müsahibədə İsgəndər Həmidovdan “Azadlıq” qəzetinə Qələndər Muxtarlı ilə bağlı söylədiyi fikirlərə münasibət bildirməsi istənilir. Guya, İsgəndər Həmidov da “Mənim adımdan verilmiş o fikirlər çox gülməlidir. Çünki mən Qələndər bəyin atasından iki yaş böyüyəm. Mənim adımdan qəzetdə o cür fikirlərin verildiyi mənə deyiləndə təəccübləndim və güldüm. Heç olmasa məntiqli nə isə yazmayıblar. Biz axı Qələndərlə uşaqlıq dostu ola bilmərik”, deyib.
” Məsələyə aydınlıq gətirilməsi üçün İsgəndər Həmidovla əlaqə saxladıq. İsgəndər Həmidov bunları söylədi: “Mən “Azadlıq” qəzeti haqqında mənfi heç nə söyləməmişəm. Əksinə, “Azadlıq” qəzetin tərifləmişəm, bildirmişəm ki, müxalifət 10 il “Azadlıq”ın çiynində oturub. ... Mən “Yeni Müsavat”a da demişəm ki, Qələndər Muxtarlı mənim üçün əzizdir, doğmadır və doğma olaraq qalacaq. Mənim üçün Əli Kərimli də, İsa Qəmbər də əzizdir”. (Sitatların sonu) 
***
Bildiririk ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun qəzetimizə verdiyi müsahibənin lent yazısı saxlanılır. “Azadlıq” qəzetinin vasitəsi ilə üstümüzə böhtan yazdıran Əli Kərimlinin bu yalanına həmin lent yazılarını internet vasitəsi ilə yaymaqla, operativ və tutarlı cavab vermişik. Dinləyənlər duyur ki, İsgəndər bəy doğrudan da “Azadlıq” qəzetini “Yeni Müsavat”la birgə tərifləyir, lakin onu da deyir ki, daha “Azadlıq” qəzetini oxumur (biz yazıda bu hissəni verməmişik). Hörmətli İsgəndər bəyin dediyi hər şeyi çap etmişik. Lakin...

Lent yazısına qulaq asan hər kəs onu qəzetdəki variantı ilə müqayisə edəndə görür ki, heç bir təhrif yoxdur. Sabiq Daxili İşlər naziri Qələndər Muxtarlının zəhmətini qeyd edir, ancaq söyləyir ki, hazırda onun yolu səhvdir, Nərimanov kimi axırda onu “yiyələri” zəhərləyib öldürəcəklər... Hətta Qələndər bəyin indiki durumunu itlə də müqayisə edir... Biz onu da vermədik. İsgəndər bəy bizə müsahibəsində  Q. Muxtarlını kəndirbazın kosasına bənzədib, onu da yumşaldıb vermişik. Bütün bunları İsgəndər bəyin dediklərini yalan kimi təqdim etdiyimizi  iddia edən o siyasətçi də qulağını şəkləyərək, dinləsin! “Azadlıq” qəzetini özünün şər ruporuna çevirən Kərimlidə utanacaq sifət də yoxdur -  üzünə o qədər söz deyilib ki, bozarıb artıq!  
 “Azadlıq”dakı həmkarlarımıza isə deyirik ki, bəsdirin, bir təşkilatın və xəstə iddialı siyasətçinin zombiliyini yapıb, bizə, “Yeni Müsavat”ın kollektivinə qara yaxdığınız yetər! 
İndi bu lent yazısından sonra üstünə yalan qusduğunuz oxucudan üzr istəyəcəksinizmi? Yəqin ki, yox. Lakin bir şeyi nəzərə alın. Qarşınızdakı qəzet 25 il bütün sınaqlardan, ideoloji-siyasi müharibələrdən qalib çıxmış “Yeni Müsavat”dır. 

Onunla savaşıb, qazanmaq mümkünsüzdür. Hər dəfə bu cür biabırçı duruma düşəcəksiniz. 



“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR