İnsanlara hürriyət, millətlərə istiqlal!

LENT.AZ - XƏBƏR MƏKANININ AZYAŞLI ƏJDAHASI...

61873 30.06.2011 17:59 Media A A

Qabil Abbasoğlu: “Bu 3 ildə çox uğurlar qazanmışıq”

Qabil Abbasoğlu

APA ilə eyni ofisdə fəaliyyət göstərən Lent.az-ın redaksiyasına çatanda dəhlizdə APA-nın əməkdaşları ilə Lent.az-ın baş direktoru Qabil Abbasoğlu söhbət edirdilər. Nə məqsədlə gəldiyimi biləndə APA-nın əməkdaşları him-cimlə Qabil bəydən və Lent.az-ın əməkdaşlarından ehtiyatlı olmalarını istədilər. (Müəllif başqa bir KİV-də işləyəndə APA-dan reportaj hazırlamışdı və orada “ehtiyatsız” əməkdaşların “ehtiyatsız” ifadələri də özünə yer almışdı -  Günay )
Qabil Abbasoğlu isə rahat bir tövrlə bizimlə söhbətə başladı və giriş suallarımız əsasında bunları söylədi:  “Azərbaycan üçün yeni sahə olan internet medianın nümunəsi olaraq, Lent.az-ın maraqlı və səviyyəli oxucu kütləsi var. Oxucularımız çox inadlı və prinsipialdır. Hərf səhvinə belə dərhal reaksiya verirlər. Çap mediası ilə müqayisədə internet media operativlik tələb edir. Biz də çalışırıq oxucularımıza operativ xəbərlər verək. Çap mediasında bu qədər operativlik tələb olunmur, ancaq internet saytlarında saniyələr belə önəmlidir.  Ancaq bu o demək deyil ki, internet media çap medianı sıradan çıxarmaq üzrədir. Təbii ki, hər bir medianın öz oxucusu var. İnternet media nə qəzetlərin oxucusunu əlindən ala bilər, nə də istəsə, buna nail ola bilər. İnternet medianın tamam ayrı oxucu kütləsi var. Onların da xeyli hissəsi həm qəzetləri, onların təqdimatındakı xəbərləri izləyir”.

Maraqlıdır, bəs Lent.az-ın itirdikləri olubmu?

Sualına Qabil bəyin cavabı birmənalı oldu: “Biz bu 3 ildə çox uğurlar qazanmışıq. Hələ ki, qazanmaq dövründəyik. Əldə edə bilmədiyimiz və çatdırıb oxuculara verə bilmədiyimiz xəbərlər itirdiklərimizdir. Bizim yeni layihəmiz olan kulis.az saytı çox sürətlə fəaliyyətə başladı və onun da oxucu kütləsi çoxdur. Bu sayt qısa zamanda populyar oldu. Bununla yanaşı, gələcəkdə yeni layihələrimiz də olacaq”.
(Söhbət boyu Qabil bəylə eyni otaqda oturan redaktor Gülşən xanım da onun dediklərini başı ilə təsdiqləyirdi)
Müsahibim Lent.az-ın oxucu kontingentindən söz açır: “İndi sayt oxucularının sayını müəyyənləşdirməyin gəlişmiş üsulları var. Sayğaclara nəzarət edən qurumların hesablamalarına görə, son 3 il ərzində Lent.az -ın oxucularının azalmaya doğru getdiyini heç müşahidə etməmişik. Xüsusilə də son 4 ay ərzində oxucularımızın sayı artan xətt üzrə inkişaf edir. Artıq gün ərzində 20 minə yaxın istifadəçi saytımıza daxil olur. Əgər hər IP-ni 4 oxucuya şamil etsək, oxucu kütləmizi təxmin etmək mümkündür”.
Bəzi saytların oxucu sayının bilərəkdən artırması, sayğaclara müdaxilə etməsi məsələsinə toxunan baş direktor deyir ki, bu onlara xas olan bir şey deyil: “Lent.az ın adından tam məsuliyyətlə deyirəm ki, bunu tərbiyəsizlik, əxlaqsızlıq və özünü aldatmaq hesab edirik. Bu, peşə əxlaqına da ziddir. Biz bunu etsək belə, indiki texnoloji imkanlar hesabına istənilən şəxs sübut edə bilər ki, bu göstərici artırılır, ya yox”.

“Vüsalə Mahirqızının APA-nı çox istəməsi ...”

Qısa müddətdə aparıcı xəbər portalına çevrilən Lent.az-ın baş direktoru özlərinə rəqib görmədiklərini deyir: “Bu mərhələdə özümüzə rəqib görmürük. Ancaq çox arzulayırıq ki, rəqibimiz olsun. Düzdür, Azərbaycanda fəaliyyətini yaxşı qurmuş ciddi media orqanları var. İstəməzdim bu sözümdən onlar incisin. Yəqin ki, onlar da etiraf edə bilərlər ki, bütün parametrlər üzrə Lent.az-a rəqib ola bilməzlər. Belə getsə, rəqibimizi də özümüz yaradacağıq. Ancaq sayt yarananda APA-nı özümüzə rəqib təyin etmişdik. Ona görə ki, yarışmaq üçün hər zaman istinad nöqtəsi lazımdır. Belə ciddi və operativ xəbər agentliyi ilə yarışa girmək hər kəsə qismət olmur. İlk vaxtlar uduzmaqdan çox qəzəblənirdik. Ancaq sonra aydın oldu ki, ortada format fərqi var və bu, tam rəqabət mənasında qəbul olunmamalıdır”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı mətbuata müsahibələrində dəfələrlə vurğulayıb ki, APA ona daha çox doğmadır, nəinki Lent.az. Vüsalə xanımın bu fikri isə Lent.az –da, baş direktordan tutmuş, müxbirlərədək, hamıda qıcıq yaradıb. Elə Qabil bəy də bunu təsdiqləyir: “Vüsalə xanıma hərdən gileylənirik ki, niyə yeni xəbəri bizə deyil, APA-ya verdiniz? Ancaq bunlar elə də ciddi məsələ deyil. Vüsalə xanım bacarıqlı media meneceridir və hansı xəbərin harada getməsini yaxşı bilir. Təbii ki, biz istərdik ki, ələ düşən bütün materiallar Lent.az-ın olsun. Amma gizlətmirəm, Vüsalə xanımın APA-nı çox istəməsi bizi yarızarafat da olsa, qıcıqlandırır”.
Kollektivin 15 nəfərdən ibarət olduğunu deyən baş direktor gözlədiyim kimi əməkdaşlarının hər birindən razılıq etdi: “Amma ümumi işimizdən razı qalmadığımız məqamlar var. Bizim özümüzdən asılı olmadan arzuladığımız məsələlərin bir çoxunu edə bilmirik. Bəzən müxbirlərin xəbərə yanaşma tərzi bizi qane etmir. İşçilər arasında daha çox razı olduqlarım var, ancaq ad çəkmək istəmirəm”.
Nəhayət, Lent.az-ın xanım baş redaktor Gülşən Hacıyeva ilə də söhbətləşdik. Gülşən xanım Lent.az-a APA-dan keçdiyini dedi və müxbirləri tərifləməyə başladı: “Hesab edirəm ki, müxbirlərimiz əllərindən gələn qədər işləyir. Ola bilər ki, kimsə məqsədinə az çatır. Amma bura gününü öldürmək üçün gələn yoxdur”. Özünü elektron mediada çox rahat gördüyünü deyən redaktor xanım redaktə etməkdən yorulmadığını da söylədi: “Mən çox işləməyi sevirəm. Ancaq istəyirəm ki, hər zaman pərdəarxasında qalım”.
Elə biz də onu çox üzdə göstərməmək üçün müsahibəni qısaca yekunlaşdırıb, müxbirlərin otağına keçirik.

Razı və narazı müxbirlər...

Xanım əməkdaşlar müsahibə arxasınca yollandıqlarından otaqda ancaq kişilər qalmışdı. İdman yazarı Elşənə yaxınlaşanda tez-tələsik internetdə açdığı başqa bir idman saytının səhifəsini bağlayıb, Lent.az-ı açdı. Bunun səbəbini soruşduqda cavabı belə oldu: “Çaşıb başqa sayta baxıram e...Yaxşı deyil axı. Sonra gedib yazacaqsan öz saytlarına baxmırdı”. Onu da deyim ki, mən redaksiyanı tərk edənə kimi Elşən sözünə sadiq qaldı. Heç bir saytı açmadı. Hətta APA-nı da. APA demişkən, Elşən bəy deyir ki, APA-nın idman yazarları çox olduğu üçün rəqabətdə elə də önə gedə bilmir: “Çalışıram özəl xəbərlərdə uduzmayım”.
Lent.az-a idman yazarı kimi gəlib, kriminal şöbəyə “basılan” Nizam Rza 10 aydır burada çalışır. Çox zəhmətkeş uşaq olduğunu deyən Nizam kollektivdən razı olsa da, maaş məsələsində umacağını gizlətmədi: “Əvvəlcə kriminal sahədən yazmaq mənə çətin idi. Ancaq indi çox rahatdır. Ancaq polislə dil tapmaq çətin məsələdir. Onları dilə tutub xəbər almaq bilirsiniz necə əzablıdır? Amma dost qazanmaq lazımdır”. Nizam bunu deyib, saytdakı baş xəbərlərə əlini uzadaraq: “Görürsən, bax bu 4 qırmızı xəbəri mən tapmışam. Heç bir saytda da yoxdur. Ancaq əməkhaqqımı artırsalar yaxşı olar”.

Nizam bu narazılığını yazmamağı xahiş etsə də, baş direktor Qabil bəydən müxbirlərin əməkhaqqını soruşdum. O, çox arxayın danışdı: “Bizim maliyyə mənbəyimizi bilmək üçün səhifəyə baxmaq kifayətdir. Bu tip media qurumları reklamdan maliyyələşir. Birmənalı olaraq deyim ki, reklam olmasa Lent.az fəaliyyət göstərə bilməz. Əgər orta reklam qiymətləri ilə hesablasanız görəcəksiniz ki, kollektivimizi saxlamağa da, hələ bir az qatlayıb cibimizə qoymağa da pulumuz var. Azərbaycan mətbuatında ən yüksək sayılan səviyyədə əməkhaqqı veririk. Əlbəttə, mən tək Azərbaycanda yox, dünyanın hər yerində jurnalist zəhmətinin çox yüksək qiymətləndirilməsini istəyirəm, amma real imkanları da nəzərə almaq lazımdır”.
Maraqlı rubrikaları ilə tanınan Ramiz Mikayıloğlu da hər şeydən razılıq etdi. O, əvvəllər çap mediasında çalışdığından müqayisə üçün bildirdi ki, saytda işləmək həm rahat, həm sərfəli, həm də asandır.
Bayaqdan bəri müsahibə vermək üçün əl-ayağa düşən Lent.az-ın yeni işçisi Anar Gəraylı siyasi xəbərlər yazdığını söylədi: “Hazırda radikal müxalifəti qızışdırıram və onların xəbərlərini yazıram. İki aydır burada işləyirəm. Hələ ki, yazılarıma irad tutan olmayıb. Rəhbərlik məni qovana kimi buradayam. Amma münasibətlərimiz elə də normal deyil. Dost olmağa mehriban bir adam tapmamışam. Ancaq redaktorlara qurban olaram. Çünki maaşımın az-çox olması onlardan asılıdır”. Anar təkidlə xahiş etdi ki, yazıda onu da vurğulayım ki, Lent.az-a gələndə ümid edirmiş ki, onu redaktor postuna təyin edəcəklər: “Məqədim redaktor olmaq idi, tale elə gətirdi ki, müxbir oldum. Amma yenə də redaktorların yerinə göz dikmişəm”.
Nəhayət, mədəniyyət yazarı Lalə Yusifqızı da gəlib çıxdı. Şou-biznes terminini heç sevmədiyini deyən Lalə xanım belə söylədi: “Mənimlə dalaşmaq üçün gərək mənə şou-biznes müxbiri deyəsən”.
Müğənnilərdən müsahibə almağın çətin olub-olmadığını soruşduqda Lalə xanımın cavabı aqressiv oldu: “Mənimçün əlçatmaz müğənni yoxdur. Məni şou-biznesdə sevməyən çoxdur, amma bu məni narahat etmir. Elə müğənni olur ki, istəyir, mən onu ideal təqdim edim. Ancaq çalışıram hər bir müğənnini olduğu kimi çatdırım”.
Digər mədəniyyət yazarı Xəyalə Muradova müsahibə almağa getdiyindən onunla tanış ola bilmədik.

Səlim Əzizoğlu

Baş direktorun müavini Səlim Əzizoğlu nahardan gec qayıtdığı üçün onunla söhbətimiz sonda baş tutdu. İşindən və işçilərdən razılığını bildirən Səlim bəy müxbirlərin çox çalışqan olduğunu söylədi: “Kiçik kollektivdə heç vaxt lazımsız adam olmur. Həm də biz  heç kimi qara qaşına, qara gözünə görə burada saxlamırıq. Bizim işçilər operativ işləyir”.

Lent.az-ın APA-ya transfer olunan əməkdaşı Pərvin Abbasov da ürəyinin burada olduğunu dedi: “APA-ya keçsəm də Lent.az-a həm xəbər verirəm, həm də köşə yazıram”. Əməkdaşların daha bir narazılığı redaksiyada “Facebook” sosial şəbəkəsinə qoyulan qadağa ilə bağlı oldu. Redaktor korpusunun bu narazılığa cavabı belə oldu: “Bu sosial şəbəkə qərb ölkələrinin redaksiyalarında da qadağan edilib. Çünki iş şəraitinə mane olur. Əməkdaşlarımıza normal əməkhaqqı verilir ki, bununla özləri üçün notebook alıb,  evdə Facebook da qurdalana bilərlər”.
Məzuniyyətə növbə ilə gələn aydan çıxacaqlarını deyən kollektiv üzvləri saytın yay boyu fəaliyyət göstərəcəyini söylədilər. Onu da bildirdilər ki, ola bilsin yaxın zamanlarda başqa ofisə köçsünlər.
Sonda həmkarlarımızı bir daha Lent.az-ın ad günü münasibətilə təbrik edirik!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR