İnsanlara hürriyət, millətlərə istiqlal!

Martda dindarların attestasiyası keçiriləcək

699 09.02.2024 11:23 Media A A

Rəsul Mirhəşimli: “Bir din xadimi insanları qane edəcək bilik səviyyəsinə malik olmasa...”

“Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsində İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub. Eyni zamanda “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda attestasiyanın keçirilməsinin təşkili, eləcə də Attestasiya Komissiyasının üzvləri və imtahan edilən din xadimlərinin qiymətləndirilməsi ilə bağlı bəndlərə yer verilib". 

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə (tnz.az) deyib. “Ümumiyyətlə, hər sahədə olduğu kimi, dini sahədə də kadrların peşə bacarıqları və biliklərinin qiymətləndirilməsi, eyni zamanda inkişaf etdirilməsi vacib məsələlərdəndir. Attestasiyalar da problemlərin öyrənilməsi və aradan qaldırılması, eləcə də kadr hazırlığı prosesi istiqamətinin müəyyənləşdirilməsində vacib alətlərdəndir. Təcrübə göstərir ki, din xadiminin bacarıq və biliklərinin zəif olduğu yerlərdə dinlə bağlı neqativ tendensiyalar daha çox yayılır. Belə hallardan xüsusilə də, radikal dini qruplar yararlanmağa çalışırlar”, - deyə qurum rəsmisi əlavə edib. O deyib ki,  qaydaya əsasən, attestasiyanın keçirilməsi məqsədilə komitədə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla, 9 nəfərdən ibarət Attestasiya Komissiyası yaradılmalı, həmçinin attestasiyadan keçəcək din xadimlərinə imtahanın başlanılmasına ən geci 1  ay qalmış bu barədə məlumat verilməlidir. Artıq komitə sədri tərəfindən Attestasiya Komissiyasının tərkibi təsdiq olunub. Attestasiya olunacaq din xadimlərinə müvafiq məlumat verilir. Onların imtahanı mart ayının 4, 5 və 6-da Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək.

Bəs görəsən, dindarlar bu mərhələdən üzüağ çıxa biləcəklərmi? Zaman-zaman bir sıra sahələrdə keçirilən attestasiyalar narazılıqla qarşılanıb. Həkimlərin, müəllimlərin müxtəlif şəkildə imtahan edilməsini bir çoxları uğursuz addım kimi dəyərləndirir, bunun hər hansı faydasının olmadığı bildirilir. Bəs dini sahədə necə olacaq, faydası olacaqmı? Dindarlar özləri buna dözümlülük, tolerantlıq nümayiş etdirəcəklərmi? 

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, din xadimlərinin attestasiyası uzun illərdir həyata keçirilir: “Başqa sahələrdə olduğu kimi, bu sahədə də neqativlərin olması təbiidir. Lakin hər dəfə çalışmaq lazımdır ki, bu qüsurların aradan qaldırılması, heç olmazsa, azaldılması üçün işlər görülsün. Çünki dini sahə çox həssas sahədir. Bir din xadimi cəmiyyətdə elə mövqeyə sahib olmalıdır ki, insanlar onun biliklərinə və davranışlarına baxdıqda din haqqında neqativ düşüncələrə qapılmasın. Nə qədər "bir insanın davranışlarına görə dinə qiymət vermək olmaz", deyilsə də,  kənardan baxan insanlar dinin təməl prinsiplərini din xadiminin hansı ictimai çəkiyə sahib olmasında görür. Nümunəvi din xadimi cəmiyyətdə digər insanlar üçün ideal insan olmalıdır. Başqaları ilə müqayisədə yüksək dini savadı, müsbət cəhətləri ilə tanınan, bilikləri və davranışları ilə cəmiyyətə nümunə göstərməlidir. İnsanları inandırmaq üçün dərin bilikli şəxslər hər zaman hörmətlə qarşılanıb. Din xadimləri də təkcə dini sahədə deyil, ilahiyyat təhsili ilə yanaşı, fəlsəfə, tarix, sosiologiya, psixologiya və təhsil sahələrində də biliyə malik olmaq olmalıdır. Çünki din xadimi daim insanlarla ünsiyyətdə olur, cəmiyyəti maraqlandıran sualları cavablandırır. Bir din xadimi insanları qane edəcək bilik səviyyəsinə malik olmayanda, insanların dinə güvəni azalır. Ən təhlükəli hal isə odur ki, bu zaman insanlar din adına sui-istifadə edənlərin dediklərinə inanır". 

R.Mirhəşimli əlavə edib ki, din xadimləri bu adın məsuliyyətini dərk edərək, gözəl əxlaqa malik olmalıdır: “O, işində, davranışında və əməlində İslam dininin buyurduğu əxlaqi keyfiyyətlərə malik olmalıdır. Mənəvi zəifliyi olan şəxs din xadimi ola bilməz. Bütün bu sadalananlardan başqa, ən əsası isə din xadimi öz dövlətini sevən vətəndaş olmalıdır. "Vətəni sevmək imandandır" buyruğunu öz həyat fəlsəfəsinə çevirən din xadiminə insanlar xüsusi sayğı ilə yanaşacaq. Bu dünyagörüş din xadimləri arasında əsas kriteriyaya çevrildikcə, ölkəmizə din adı altında kənar mənfi təsirlərin miqyası da azalacaq".

Hazırladı: Afaq MİRAYİQ 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR