İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maksimal cəza ilə subliminal mesaj vermişdilər ki..." - Nurlan İbrahimovla SENSASİON SÖHBƏT

2286 13.10.2022 16:22 Müsahibə A A

Xəbər verdiyimiz kimi, İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.

44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.

Musavat.com "Qarabağ"ın Mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovla müsahibəni təqdim edir:

- İdman Arbitraj Məhkəməsi UEFA-nın qərarını niyə qüvvədə saxladı?

- Bu hadisədən 2 il keçib. Zənnimcə, İdman Arbitraj Məhkəməsi və UEFA da daxil, bunu hər kəs bilir ki, ədalətsiz qərar verilib. Bu, hüquqi deyil, siyasi cəzadır. Bu, prosesin gedişatından hiss olunurdu. UEFA qərarı verəndə bizim heç bir şikayətimizə baxmamışdı, appelyasiya hüququmuzdan istifadə etməyimizi əngəlləmişdi. Bunu hər kəs bilir. Məsələyə obyektiv baxdıqda istənilən hüquqşünas bunu təsdiq edə bilər. Bu cəza sırf lobbinin təsiri ilə verilmiş bir qərar idi və ondan sonra da İdman Arbitraj Məhkəməsi bu məsələni 9 ay saxlamaqla dolayısı ilə sübut edirdi ki, bu, hüquqi cəza deyil. Çünki heç bir nüansı nəzərə almamışdılar. Mən 15 il UEFA-da işləmişəm, bununla bağlı analoji xətam olmamışdı. Azyaşlı övladlarımın olması, müharibə və digər şərtlər nəzərə alınmamışdı.

9112ea1a-57ac-3992-bc88-b1a9418a7abf_850.jpg (121 KB)

CAS-ın bunları nəzərə alaraq doğru qərar verəcəyinə inanırdıq. Amma onlar ümumiyyətlə işə baxmadılar və 9 aydan sonra eyni qüvvədə saxlamaq anormaldır. Hüquqi prosesə görə, əgər bir iş davamlı olaraq təxirə salınırsa cəza dəyişməlidir. Amma cəzanı dəyişmədilər. Aydın məsələdir ki, UEFA necə qərar verdisə, İdman Arbitraj Məhkəməsi də eyni şəkildə, işə baxmadan cəza verdi.

- Sizcə, niyə alınmadı? 

- Bu, Azərbaycan vətəndaşına qarşı atılmış bir addım, verilən reaksiya idi. Bunu onun hər halından anlamaq olardı. Əksər insanlar mənə demişdi ki, yeni həyata başla, oradan cavab gəlməyəcək, amma mən israrla mübarizəmi davam etdirirdim. Məqsədim ən azından bir vətəndaş olaraq ədalətin bərqərar olmasına çalışmaq idi. Onlar maksimal cəza verməklə subliminal mesaj vermişdilər ki, bu məsələ heç də hər hansı bir hərəkətə görə deyil, sadəcə olaraq kimlərsə tərəfindən bir cəza metodudur. Bunun alınmadığını düşünmürəm. Bu məsələ 2 il ərzində insanlar tərəfindən xatırlandı. 

- Son 2 il əzrində kimlərdən dəstək gördünüz?

- Mən həyata bardağın dolu tərəfindən baxan insanam. Hər şeydə pozitiv nəsə axtarıram. 2 il ərzində mənə mətbuatdan fərd olaraq nəsə etməyə çalışan insanlar var idi. Kənardan da adsız qəhrəmanlar var idi. Bu məsələyə hərtərəfli kömək etməyə çalışan insanlar var idi. Öz duası, niyyəti ilə sevgisini göstərənlər çox idi. Ona görə də məsələyə ən yaxşı tərəfdən baxıram. Mənə dəstək olanlara təşəkkür edirəm.

- Planlarınız nədir?

- Mən bu prosesə daxil olanda məqsədim "Qarabağ"ın mətbuat xidmətinə qayıtmaq yox, hüquqlarımın bərpası idi. Bu müddətdə mən cəzanın olacağını gözə almışdım. İdman turizmi ilə bağlı fikirləşmişdim. Bilirsiniz ki, Azərbaycanda bu sahədə boşluq var. Mən uzun illər "Qarabağ"da çalışanda bilirdim ki, futbol klublarına, idmançılara nə lazımdır. Onların təşkilati işləri - nəqliyyat, logistika və xidmət servisi üzərində belə bir layihə düşünmüşdüm. Ona görə də "Can Sports" idman turizmi və konsaltinq şirkətini quraraq fəaliyyətə başladım. Ölkəmizə gələn rəqiblərimiz hər zaman azərbaycanlıların qonaqpərvərliyindən şoka düşürdülər. Bu qonaqpərvərlik prizmasından çıxış edərək onlara öz xidmətlərimizi nümayiş etdirmək üçün belə bir iş qurmaq qərarına gəldim. Ümid edirəm ki, dövlətimizə, xalqımıza faydalı olar.

Aytən Novruz
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR