İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soçi görüşü Rusiya üçün lazım idi”

6955 12.08.2014 08:40 Müsahibə A A

Xəbər verdiyimiz kimi, avqustun 10-da Soçidə Putinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Görüş zamanı Rusiya prezidenti bildirib ki, Qarabağ probleminin həllinin tapılması üçün səbir, müdriklik və bir-birinə qarşılıqlı hörmət lazımdır. Putin deyib ki, danışıqlar zamanı hər iki prezidentin problemi sülh yolu ilə həll eləmək istəyinə müsbət yanaşıb:

“Mən böyük məmnuniyyətlə bəyan edirəm ki, Azərbaycan prezidenti problemi dinc yolla həll etməyin vacibliyinə diqqət yetirdi. İndi isə siz (Ermənistan prezidenti Serj Sərkisyanı nəzrədə tutaraq-red.) bu haqda öz fikrinizi dediniz. Bu, əslində ən başlıca məsələdir. Çünki insanların ölümündən böyük faciə ola bilməz. Xoş niyyət varsa, istənilən mürəkkəb məsələni həll etmək olar. Mənə elə gəlir ki, belə bir xoş məram həm Azərbaycan, həm də erməni xalqında var”.

Qeyd edək ki, Soçi görüşü xüsusi bir razılaşma və ya ortaq bəyannamə olmadan başa çatıb. Ancaq diqqətçəkən məqam görüş zamanı Putinin danışıqların rəsmi hissəsindən əvvəl qeyri-rəsmi 3-lü müzakirələrin aparılmasına işarə etməsi oldu. Belə görünür ki, liderlər münaqişə haqda daha əvvəl birlikdə detallı müzakirələr aparıblar. Bunu görüşdən sonra mətbuata açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri də qismən təsdiqləyir. S.Lavrov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ məsələsi üzrə dialoqu davam etdirmək istəyini ifadə ediblər.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Soçi görüşünü “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Soçi görüşündə əsas məqsəd münaqişəni həll etmək deyildi. Ekspertin fikrincə, bu görüş daha çox Rusiyanın öz maraqları naminə təşkil olunmuşdu: “Yəni Dağlıq Qarabağ məsələsini həll etmək, hətta Azərbaycanı Gömrük İttifaqına cəlb etmək imkanları da sıfıra bərabər olduğuna görə, bu cəhdlər də düşünürəm ki, o qədər də güclü olmayıb. Bütün atəşkəs xəttində olan təxribatlar Azərbaycana təzyiq məqsədi güdürdü. Bu təzyiqlər edildi. Lakin Azərbaycan da öz cavablarında göstərdi ki, müharibə edə bilər. Ancaq müharibə indiki şəraitdə Rusiyanın xeyrinə deyil. Ona görə ki, müharibə zamanı biz nə qədər çətin vəziyyətə düşsək də, Ermənistan daha pis vəziyyətə düşəcək. Bu da Rusiya üçün böyük yük olacaq. Bundan başqa Rusiyanın bu dəqiqə əsas problemi Qərbin sanksiyalarını özündən uzaqlaşdırmaq və ya sanksiyalara baxmayaraq özünü qoruyub saxlamaqdır”.  

“Mən əminəm ki, müharibə ehtimalı yoxdur”


V.Quluzadənin fikrincə, indi Rusiya üçün Azərbaycanla iqtisadi sahədə əlaqələri gücləndirmək daha vacibdir. Bu səbəbdən də görüşdə əsas mövzunun Rusiya-Azərbaycan əlaqələri olduğunu deyən V.Quluzadəyə görə, Soçi görüşündə əvvəldən də Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi gözləntilər olmayıb: “İndi Azərbaycan Rusiya üçün olduqca maraqlıdır. Çünki Azərbaycanda həm neft var, həm qaz var, ölkəyə güclü maliyyə axını var. Üstəlik Azərbaycanın yüngül sənayesi, ərzaq sənayesi, meyvə- tərəvəz istehsalı var. Hazırda Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Rusiya özü də Qərb məhsullarından imtina qərarı verib. Amma Rusiya bu məhsulları haradansa almalıdır. Rusiya Azərbaycan özü üçün qapı kimi görmək istəyir. Azərbaycanın banklarından maliyyə sanksiyalarını dəlmək üçün istifadə etmək, eləcə də digər məsələlərlə bağlı, həmçinin Azərbaycandan investisiyalar cəlb etmək istəyir. Məsələn, Azərbaycan Rusiyaya investisiya qoya bilər, bu bizim xeyirimizədir. Bu kimi bir çox məsələlər var. eyni zamanda Rusiya özünü regionda güclü, söz sahibi olan ölkə kimi göstərməyə çalışdı, lakin buna nail olmadı. Çünki Qərb hər məsələni dəqiq şəkildə dəyərləndirir. Baxın, Qərb KİV-də Soçi görüşünə bir sətir də yer ayrılmadı. Nə SNN, nə BBC, nə ”Euronews" Soçi görüşünə yer ayırdı. Yalnız üçüncü dərəcəli saytlarda və QHT portallarında bu barədə xəbərlər və şərhlər oldu. Çünki  heç kəs Soçidən ciddi nəsə gözləmirdi, ona görə də işıqlandırılmadı".  
V.Quluzadə deyir ki, Lavrovun görüş sonrası verdiyi açıqlaması da danışıqlar zamanı Qarabağ məsələsinin prioritet olmadığını göstərir: “Lavrov dedi ki, əsas məsələlərdə ciddi bir irəliləyiş olmayıb.

 Əsas məsələ Qarabağ məsələsi və Azərbaycanın Gömrük İttifaqına üzvlük məsələsi idi. Burda heç bir şey olmayıb, amma şeytan detallardadır. ”Çox məsələlər razılaşdırılıb, detallar qalıb" kimi ifadələr işlədir. Mənim yadıma düşür ki, 1990-cı illərdə dövlət müşaviri postunda çalışanda belə bəyanatlar verirdim ki, “demək olar ki, məsələlərin 90 faizi razılaşdırılıb, qalıb 10 faizi”. Bilirsiniz, bu gülüncdür. Etiraf edirəm ki, mənim də ondakı bəyanatlarım gülünc idi. Çünki əsas məsələ işğal olunmuş torpaqların azad olunmasıdır. Qalan bütün məsələlər həll olunub, yalnız bu qalıb. Bu isə o deməkdir ki, heç bir məsələ həll olunmayıb. Üstəlik danışıqlarda belə bir prinsip var, əgər hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb. Ona görə də bu Soçi görüşü yalnız və yalnız Rusiyanın Qərbin sanksiyalarından özünü necə müdafiə etmək və Azərbaycandan bu işdə necə istifadə etmək məqsədi güdürdü. Azərbaycan isə mən bunu dəfələrlə demişəm, yenə də deyirəm ki, Rusiya ilə hər cür əməkdaşlığa gedəcəkdir, yalnız əsas məsələdən başqa. Yəni suverenliyinin açarını Rusiyaya verməyəcək. Rusiya isə bu suverenliyi güclə almaq iqtidarında deyil".

Bəs Soçi görüşündən sonra Qarabağda müharibə başlaması ehtimalı nə qədər güclüdür? V.Quluzadə deyir ki, Rusiya müharibənin başlanmasına razı olmaz. Ancaq politoloqun fikrincə, hazırkı vəziyyət Azərbaycanın xeyrinədir: “Mən əminəm ki, müharibə ehtimalı yoxdur. Çünki Ermənistan müharibəni istəmir, Rusiya da müharibədə maraqlı deyil. Rusiya iki cəbhədə döyüşmək istəmir. Rusiya bu gün onu düşünür ki, Ukraynadan necə salamat çıxsın. Çünki Ukraynada rusların işi pisdir, Ukrayna ordusu günü-gündən toparlanır, separatçılara zərbələr endirir. Rusiya üçün birbaşa Ukraynaya daxil olub döyüşlərə qatılmaq ölümcül zərbədir, bunu edə bilmir, məsafədən də separatçılara kömək fayda vermir. Ona görə də mən hesab edirəm ki, bütün bu hadisələr əslində Azərbaycanın xeyrinə işləyir. Çünki Rusiyanın Qərblə bu cür qarşıdurması onun sonunu gətirəcək. Mən demirəm ki, bu, 10 gündə, bir ayda olacaq. Ancaq bu qarşıdurma davam etdikcə Rusiya pis günə düşəcək, zəifləyəcək. Ona görə də Rusiyanın dünya siyasətində və regionda da sözü, çəkisi azalacaq. Bu da bizim xeyrimizədir”.

V. Quluzadə deyir ki, Ermənistanın Dağlıq Qarabağsız Gömrük İttifaqına daxil ola biləcəyi ilə bağlı Lavrovun açıqlaması absurddur və tətbiqi mümkün deyil: “Lavrov bəyan edib ki, Ermənistan Gömrük İttifaqına Dağlıq Qarabağsız daxil olur. Bu bəyanat tamamilə saxta bir bəyanatdır və mənasızdır. Birincisi, Ermənistanın Gömrük İttifaqına daxil olma məsələsi absurddur. Çünki Ermənistan faktiki olaraq Rusiyanın bir əyalətidir. Ermənistanın Gİ-yə daxil olub-olmamasının heç bir mənası yoxdur. Özü də heç bir maddi imkana malik olmayan, dotasiya ilə yaşayan ölkədir. Ermənistanın Gömrük İttifaqında iştirakı Rusiyaya heç nə vermir. O ki qaldı Dağlıq Qarabağsız daxil olmasına, bu da yalandır. Ona görə ki, torpaqlar işğal altındadır və Ermənistana calaşdırılıbdır, Laçın dəhlizi vasitəsi ilə. Ona görə də əgər Ermənistan Gİ-yə daxil olursa, DQ daxil olursa, zaman gərək Dağlıq Qarabağla Ermənistan arasında blok-postlar qoyaq. Ya da bunu ATƏT eləsin və o malların Dağlıq Qarabağa gedib-getmədiyini yoxlasın. Ancaq bu da mümkün deyil. Olmayan yerdə belə bəyanatlar vermək isə tamamilə qeyri-ciddidir”.

KƏNAN



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR