İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz istəsək, azadlıq mümkündür...”

2326 15.05.2014 08:33 Müsahibə A A

Güney Azərbaycan Milli Oyanış  Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı ilə bir neçə günlük yazışmamızdan sonra nəhayət ki, virtual söhbətimiz baş tutdu. İllərdir ABŞ-da mühacir həyatı yaşayan, iki cəhddə Azərbaycan və Türkiyəyə gəlmək cəhdində bulunsa da, deportasiya olunan güneyli lider okeanın o tayında quzeyli, güneyli vətən həsrətindədir. Bir müddət öncə yenidən Azərbaycana gəlmək üçün hazırlıqlarda olduğunu deyən M.Çöhrəqanlı ilə bir sıra məsələlərdən danışdıq.

Sözarası dedi ki, söhbətimizin gecikməsinin səbəbi ona texniki məsələlərdə yardımçı olan oğlu Alparslanın imtahanları ilə əlaqədar başının qarışması olub. Yeri gəlmişkən, Alparslan Çöhrəqanlı George Mason Universitetinin hüquq fakültəsində təhsil alır. Elə internet üzərində yazışarkən “atan səni evləndirmək istəmir” sualına “ay aman, yox” deyə reaksiya verdi. Beləcə GAMOH liderinin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Doktor, sağlıq durumunuz necədir, bir ara səhhətinizdə mövcud olan problemlər aradan qalxıbmı? Hazırda Amerikada hansı şəhərdəsiniz, nə işlə məşğulsunuz?  

Bozqurd işarəsini ilk dəfə rəhmətlik Elçibəy 3 may 1992-ci ildə Bakıda rəhmətlik Başbuğla  görüşlərində göstərdi”


- Sağlıq problemlərimlə əlaqədar ciddi şəkildə müalicə olunmamağıma baxmayaraq indiki halda səhhətim keçmişə nisbətən daha yaxşıdır. Bildiyiniz kimi, hər insanın fərqli sağlıq sıxıntıları ola bilər, elə mən də yaşıma görə normal problemlər yaşayıram. Ancaq hər halda, ayaqdayıq, çox şükür. Mühacir həyatımda qardaş ölkələrə girişim yasaq olduğu üçün məcburən Amerikanın Virginia vilayətində ailəmlə birlikdə yaşamağa davam edirəm. Əlimdən gəldiyi qədər milli hərəkatımızla ilgilənməyə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı olaraq gərəkən vəzifələri yerinə gətirməyə çalışmaqdayam.

- Sizin Azərbaycana gəlmək niyyətində olduğunuz barədə mətbuatdan oxuduq. Keçən dəfə belə bir cəhd oldu, amma bizləri də üzən bir hadisə baş verdi, sizi hava limanından geri qaytardılar. Bu dəfə sənədləşməni qaydasına salmaq və əvvəlki illərdə baş verənlərin təkrarlanmaması üçün gərəkən işləri həyata keçirirsinizmi?  

- Azərbaycanımızdan ikinci dəfə 2013-cü ilin avqust ayında deportasiya olunmağımızdan sonra eşidilən açıqlamalardan sonucu olaraq YAP-çı deputat Səyavuş Novruzov və Azərbaycan Xarici İşlər Nazirliyi sözçüsü Elman Abdullayevin rəsmi açıqlamaları buna işarət edir ki, üzdə Bakıya girişimizdə heç bir problem yoxdur. Ancaq önəmli olan pərdənin arxasında baş verənlərdir ki, mediaya rahatlıqla inikas etməyə bilər. Hər halda, daha öncə də vurğuladığım kimi, bizim boynumuza düşən nə var isə yerinə gətirmişik, istər viza forması doldurmaq olsun, istərsə də səfirliyə pasportumuzla baş çəkməklə bağlı. Düzdür, bu sürəcdə çoxlu müsbət yol irəliləmişik, ancaq sonucda qərar hakimiyyətin Güneyə və bizə qarşı siyasətinə dayanmaqdadır.

- Sizcə, bu dəfə Bakı qapılarını sizin üzünüzə açacaqmı? Xüsusilə də İranla münasibətlərin mülayim məcraya daxil olduğu bu mərhələdə sizə yaşıl işıq yandırılacağını güman edirsinizmi?

- Bu gün Güneyimiz və vətənimizin başqa bölgələri azad olmasa da, mərkəzi Bakı olan quzey bölgəsi Birləşmiş Millətlər Təşkilatının rəsmi üzvüdür. Sizlər də yaxşı bilirsiniz ki, hər bir dövlət başqa bir dövlətdən çəkinmədən və ya icazə almadan eləyə bilər ki, insanları qonaq qəbul etsin. Şəxsim və başqanlığını etdiyim təşkilatım tarixi boyunca uluslararası hüquq prinsiplərinə əsasən heç bir illeqal əmələ baş vurmayıb, barışcıl və Qandi metodlarından başqa yollara əl uzatmamışıq. Bütün bunları göz önünə aldığımızda Bakıya girişimizin əngəllənməsinin məntiqi şəkildə açıqlaması ola bilməz. Vətənə gəlmək istəyirik və ümidliyik, qısa da olsa gəlib gözəl Bakımızı görmək və xalqımızı yaxından hiss etmək inanıram ki, mənə böyük ruh verəcək. 

- Azərbaycan hakimiyyətinə, müxalifətinə, cəmiyyətinə ünvanlı sözünüz, çağırışınız varmı? 

- Yuxarıda da vurğuladığım üzrə, bu gün Azərbaycan Qarabağ savaşı dönəmində olduğu kimi iqtisadiyyatı təlatümlü və ordusu yeni yaradılmış, öz ayaqları üstündə durmaqda zorluq çəkən ölkə deyil. Bu gün iqtisadi inkişafı səbəbindən Azərbaycan bölgədə parlayan bir ulduzdur və ona İran kimi dala qalmış və müasirlikdən kənar bir rejimin nəsihət verməsinin ehtiyacı yoxdur. Ona görə bir daha artırmaq istəyirəm ki, bölgəmizdəki həssas durumu, hər an xəritələrin dəyişə bilmə riskini və böhranlı durumun yaranması halında Güney Azərbaycanımızdakı məzlum, amma hazırlıqsız xalqımızın gələ biləcək daxili və xarici təhlükələrə qarşı hazırlıqlı olması naminə gərək heç olmasa quru və qısa şəkildə yurdumuza giriş bizə çox görülməsin. Hər dünya vətəndaşının sahib olduğu haqqa, yəni Bakıya girməyə ömrünün böyük bir qismini Azərbaycan türklüyü üçün sərf edən bu vətən əsgəri də sahibdir deyə, düşünürəm. Amma əyər belə deyilsə, o zaman bu hakimiyyətlərin amacı başqa və düşmənçilikdir. Çünki indi 8 ildir yurda girişimizə izin verilmir, danışıqlar bir yana, gərçək bir addım və ya əməl görmək istəyirik. Biz dözə bildiyimiz qədər dözmüşük, amma bundan artıq dözüm, hər halda, qəflət və xəyanətə girməkdədir. Bu dözümün də əlbət bir sonu var, hər halda, umuram ki, boş yerə sıxıntılar yaşanmasın və hər iki tərəfin də limitli olan enerjisi öz içimizdə deyil, bəlkə düşmənə qarşı işə qoyulsun.

“Ümid edirəm ki, Azərbaycan hakimiyyəti bir azərbaycanlı olaraq mənim haqlarımı bundan artıq tapdalamayacaq”


- Güney Azərbaycandakı proseslər, sizcə, hara gedir? Baş verənləri izləmək imkanınız varmı? Hərəkatın başında dayananlardan kimləri lider olaraq görür, dəyərləndirirsiniz? 

- Təbii ki, Güneyimizdə baş verənləri yaxından fiziki olmasa da dostların vasitəsilə izləməkdə və təqib etməkdəyik. İçəridə dostlarımızın mücadiləsi, çeşidli mərasimlərin düzəlişi, dostların tutuqlanması, zindanlara qoyulması və işgəncə ilə haqsız davranışlara qarşı aclıq aksiyalarının davam edişi hərəkatımızın diri olmasını və davamlılığını sübut etməkdədir. İçəridə öncüllərin hərəkətə keçməsi və müxtəlif bölgələrdə aktivliyin olması sevindirici və gərəkli olan gəlişmələrdəndir. Biz vətəni uğrunda şəxsi mənfəətlərindən keçən bütün yol arxadaşlarımızı ürəkdən salamlayırıq və uğurlar diləyirik.

- ABŞ-ın Kaliforniya ştatı Qarabağın müstəqilliyini tanımaqla bağlı qərar qəbul edib. Siz bu barədə nə deyərdiniz? ABŞ-Azərbaycan münasibətləri haqda nə demək olar?
 
- Qarabağ məsələsi nə yazıq ki, elə Qarabağın ermənilər tərəfindən işğal edilməsinə yardımçı olanlar tərəfindən Minsk Qrupu adı altında sözdə fəaliyyət göstərən qurumun əli altında bir oyuncağa çevrilib. Xatırlayaq ki, Qarabağ zorla və silah gücüylə Azərbaycan türkünün əlindən alınıb və bu gün dünya, o cümlədən BMT və Avropa Şurası erməniləri Qarabağda işğalçı olaraq tanıyır. Əgər Azərbaycan türkü gərçəkdən Qarabağı qaytarmaq istəyirsə, onda gərəkli bədəl və xəzinəni də ödəməyə hazır olmalı, bu prosesin başında istəkli və milli bir hakimiyyət durmalıdır. Hər halda, Qarabağın statusu Azərbaycan türkünün əlində olmalıdır, işğalçıların deyil. Bu prosesdə Azərbaycan adı altında fəaliyyət göstərən diaspora təşkilatları daha da ayıq və aktiv olmalı, amerikalı siyasi və qanunçulara gərçəkləri olduğu kimi çatdırmalıdırlar. Qarabağın qayıtmasının bir qolu da elə diaspora fəaliyyətlərindən və erməni təbliğatına qarşı durmaqdan keçir.

- Vaşinqton Cənubda yaşayan 30 milyondan çox azərbaycanlının sabahını necə görmək istəyir, sizcə, müstəqil, İran daxilində, ya federativ dövlətin daxilində?

- Açıqcası bu sualın cavabı özümüzdə yatmaqdadır. Əgər biz varlığımızı olduğu kimi isbat edəriksə və şərtlər Güneyimizin azadlığını elan etməsinə uyğun olarsa, inanıram ki, Qərb də buna qarşı çıxmayacaq. Amma bunu yaxşı anlamalıyıq ki, əvvəlcə öz ayaqlarımız üstündə durmalıyıq, yoxsa mövcud olan beynəlxalq şərtlərin yaratdığı tufan və qasırğalarda hazırlıqsız yaxalanmaq bəzən bir millətin qurtuluşunu 50, ya 100 il geri ata bilər. Bölgəmizdəki prosesləri yaxından izləməli, milli hərəkatımıza gərəkən dəstəyi verməli və hər cür şəraitə qarşı millət olaraq hazırlıqlı olmalıyıq. Biz istəsək, azadlıq mümkündür, amma biz sussaq inanın bizə haqqımızın minimumunu belə verməyəcəklər.

-  Bakıda sizi nə zaman gözləyək? Burada kimlərlə əlaqə saxlayırsınız?

- Ulu yaradan nəsib edərsə, yaxında Bakıya gəlmək planımdadır, ümid edirəm ki, artıq bizləri tanımış olsunlar. Bizdən indiyədək Azərbaycanın və onun dövlətçiliyinin mənfəətlərinə qarşı bir zərər gəlməyib və heç belə bir niyyətimiz də olmayıb. Bəzən deyirlər ki, hakimiyyət və başında olanlar gəlişimə qarşı çıxmırlar, amma problem onların ətrafında olan və dezinformasiya verənlərdədir. Məncə, 8 il düşünmək və ya hər cür qərar vermək üçün çox uzun və yetərli bir vaxtdır. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti bir azərbaycanlı olaraq mənim haqlarımı bundan artıq tapdalamayacaq.

- Mahmudəli bəy, türk millətçilərinin keçirdiyi aksiyalarda, milli torənlərdə əksər hallarda əllə Bozqurd işarəsi göstərilir. Deyə bilərsinizmi bu işarənin ilk müəllifi kimdir?

- Bildiyiniz kimi, Bozqurd işarəsi qədim Göytürklərin salam anlamında və zəfər anlamında işlətdikləri bir əlamətdir. Bu işarəni rəhmətlik liderimiz Elçibəy 3 may 1992-ci ildə Bakıda rəhmətlik Başbuğla (Alparslan Türkeşlə-E.P.)  görüşlərində göstərdi. Bu barədə təklif verdi və izahatını açıqladı. O rəhmətlik də (Türkeş) bu təklifi qəbul etdi, bəyəndi və Türk, Türkçülük, Türk milliyyətçiliyi nişanı kimi Türkiyədə də yayılması üçün Başbuğun tövsiyəsi oldu.  Bundan sonra bütün MHP -lilər və türkçülər, ülküçülər arasında bu işarə geniş yayıldı. Yalnız bunu bilməliyik ki, o nişan bir partiyanın nişanı və ya emblemi-filanı deyil. O, Türk və Türkçülük əlaməti, nişanıdır. Güneydə də bu işarə geniş yayılıb. Türkiyəyə ilk səfərimdə (2003) məni qarşılayanlar Devlət Bahçelinin tapşırığı ilə MHP-lilər oldu və məni çoxlu MHP törənlərinə və mərasimlərinə apardılar. Bu işarənin mahiyyətini daha dərindən və daha yaxından mən orda öyrəndim, sonra istifadə etməyə başladım. Bundan sonra Bozqurd işarəsi yavaş-yavaş Güneydə də yayılmağa başladı. İndi bütün millətçilər üçün simvola çevrilib...

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR