İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ən iri hərbi təlimlərə başladı - işğalçıya daha bir xəbərdarlıq

2237 14.11.2016 10:33 KİVDF layihələri A A
ABŞ-da yeni prezidentin seçilməsinin, şübhəsiz ki, Qarabağ məsələsinə də aidiyyəti var. Çünki ABŞ ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri, daha doğrusu, iki ən önəmli vasitəçi dövlətdən biridir. Sual da odur ki, yeni prezident, siyasət adamı olmayan Donald Trampın Ağ Evə gəlişi ilə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları artacaq, yoxsa azalacaq?

Əsas sual budur. Çünki Minsk Qrupunun 22 illik tarixi göstərdi ki, münaqişənin həllində ən güclü rıçaqlara malik olmasına rəğmən, nizamlamaya ən böyük əngəl yaradan ölkə elə Rusiyadır. Rusiya öz satelliti və forpostu, işğalçı Ermənistanın vasitəsi ilə istənilən an danışıqları poza, dayandıra bilir. Buradaca, məsələn, Ki-Uest danışıqlarını, 1999-cu ildə ATƏT-in İstanbul sammitinə sayılı günlər qalmış - harada ki, Azərbaycan və Ermənistan arasında Amerikanın patronajlığı ilə sülh sazişinin imzalanması gözlənilirdi - Ermənistan parlamentinin gülləbaran edilməsini, bununla da sülh prosesinin xeyli geri atılmasını yada salmaq olar.

***** 
Təəssüf ki, Moskva Qarabağ məsələsinə yanaşmasını prinsipial olaraq dəyişməyib, ona yalnız cari dəyişikliklərin diktəsi ilə müəyyən korrektələr edib. Əsas hədəf isə yerindədir: həll edilməmiş konflikt hesabına Güney Qafqazın üç ölkəsindən ikisini - Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq. 

Kremlin həm Ermənistanı silahlandırması, həm də Azərbaycana silah satmasının arxasındakı başlıca hədəf də elə budur - münaqişə tərəfləri arasında manevr edib, onları yanında saxlamaq, guya hər iki tərəfə yaxın və tərəfdaş olduğunu nümayiş etdirmək.
Rusiya-Ermənistan əməkdaşlığı üzrə birgə komissiyanın həmsədri, sabiq baş nazir Nikolay Rıjkovun ötən həftə etdiyi İrəvan səfəri bunun növbəti sübutu sayıla bilər. Onun Ermənistanda verdiyi açıqlamalar qonşuda ciddi narahatlığa səbəb olub. Belə ki, Rıjkov Rusiyanın Azərbaycana silah satması məsələsi ilə bağlı suala cavabında deyib ki, bu məsələnin üstünə tez-tez gedilməsi doğru deyil və bundan narazıdır. 

Image result for Hərbi təlimlər

“Bəli, Rusiya həqiqətən silahla alver edir, Azərbaycana silah satır. Nə olsun ki? Bu o demək deyil ki, biz orda müharibənin getməsi üçün silah satırıq. Qarabağ məsələsini tez bir zamanda həll etmək lazımdır ki, bütün məsələlər yerinə otursun”, - deyə Rıjkov erməni jurnalistin qıcıqlandırıcı sualına cavabında bildirib.

Bundan az öncə isə Moskva öz satellitinə bir batareya “İsgəndər” operativ-taktiki raket sistemi və bəzi başqa müasir döyüş sistemləri verməklə Azərbaycanda haqlı qıcıq yaratmışdı. Guya ki, Moskva bununla balans yaradır. Əslində isə deyildiyi kimi, Rusiya müharibə vəziyyətində olan Azərbaycan və Ermənistanı hər vəchlə öz yanında saxlamağa çalışır, ənənəvi “qamçı və kökə” siyasəti yürüdür. Çünki Qarabağ konfliktinin həlli Azərbaycanda və Ermənistanda rus silahlarına ehtiyacı dərhal aradan qaldıracaq. 

***** 
Kremlin İrəvanla ortaq hərbi qruplaşma yaratmağa hazırlaşması da eyni hədəfə hesablanıb: erməniləri xarici təhlükə sarıdan arxayın eləmək, onların nicatının Qərbdə - ABŞ və NATO-da deyil, Rusiyada olduğunu, əksinə, əsas  təhlükənin Qərbdən gəldiyini göstərmək.

Image result for Hərbi təlimlər

“Birdən-birə qorxulu obrazların yaradılması və bunun ermənilərin beyninə yeridilməsi, sadəcə olaraq, Rusiyanın Ermənistanda bütün sahələri, o cümlədən hərbi nəzarəti ələ almasının bir formasıdır”. Bunu politoloq Qabil Hüseynli ortaq hərbi qüvvələr yaratmaq planlarına münasibət bildirərkən deyib (Axar.az). Rusiyanın artıq bir neçə ildir mərhələ-mərhələ Ermənistanı özünün bir quberniyasına çevirdiyini deyən politoloq bu prosesi Kremlin Cənubi Qafqazda nəzarəti ələ almaq planlarının başlanğıcı kimi dəyələndirib.

“Rusiya əvvəlcə Ermənistan sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Daha sonra İrəvanın yüklü borcları əvəzində bu ölkənin iqtisadiyyatının həlledici sahələri, istehsal müəssisələri bütünlüklə Rusiyanın tabeçiliyinə keçdi. Rusiya guya KTMT-nin hava hücumundan müdafiə sistemlərini Ermənistanda qurmağa başladı. 

Image result for isgəndər M

”İsgəndər-M-lər" və buna bənzər digər hava hücumundan müdafiə sistemləri bir-birinin ardınca Ermənistana gətirildi. İndi ruslar guya Ermənistanda KTMT-nin yaranmasının özülü olaraq belə təcrübələr aparırlar. Əslində isə təşkilata daxil olan ölkənin ordu hissələri ilə rus ordu hissələrinin birləşdirilməsi prosesi gedir. Rusiyanın bəzi siyasi manevrləri isə gözdən qaçmır. Məsələn, Ermənistanda rus ordusu ilə erməni ordu birləşməsinin başında guya ermənilər dayanacaq və bu ordu Ermənistanın ali baş komandanına tabe olacaq. Müharibə dövrünü nəzərdə tutmasalar da, bəzi məsələlərin müzakirəsi mütləq Rusiya ali baş komandanı ilə razılaşdırılacaq. Ola bilsin, bu bəzi məsələlər elə məhz müharibəni nəzərdə tutur. İş orasındadır ki, Ermənistana qarşı hər hansı təhlükə yoxdur". 

Politoloqun qənaətincə, əslində, baş verənlər Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarını və nəzarət imkanlarını artıran amillərdən biridir: “Çox vaxt ortaya belə bir fikir atırlar ki, onsuz da Ermənistanla Rusiya arasında 20 illiyə hərbi saziş imzalanıb. Bu sazişə görə, tərəflər lazım gəldikdə bir-birinə hərbi yardım göstərməlidir. Ordu birləşmələrinin bu cür inteqrasiyası həmin müqavilənin ruhuna uyğun gəlir. Bu, çox qorxulu bir tendensiyadır. Bundan sonra Ermənistan heç bir xərc çəkmədən rus silahından istifadə edərək qonşularını, ilk növbədə Azərbaycanı təhdid etməyə başlayacaq. Bu şərtlər daxilində ermənilər Rusiyadan gətirilən silahların, hətta ordu birləşmələrinin bir qismini gizlicə Dağlıq Qarabağa da göndərə bilərlər”. 

Ekspert hesab edir ki, yaranmış yeni şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün gec-tez hətta hərbi addımlar atmaq məcburiyyətində qalacaq: “Düzdür, Rusiya formal olaraq yalnız Ermənistan ərazilərini qoruyacağını deyir. Ancaq Dağlıq Qarabağda olan qoşunların 80 faizindən çoxu Ermənistanındır, silahlar da Ermənistandan gətirilib. Belə nəticəyə gəlmək mümkündür ki, sözügedən müqavilə bölgə üçün çox təhlükəlidir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli imkanını sıfıra endirir”.

***** 
Azərbaycan, təbii ki, bu kimi yeni təhdidləri görür və ciddiyə alır. Bundan ötrü də ölkənin müdafiə qabiliyyəti başlıca prioritet kimi dost-müttəfiq, tərəfdaş dövlətlərlə - Türkiyə, Pakistan, İsrail, Belarusla ilbəil genişlənən hərbi əlaqələr hesabına gücləndirilir. Azərbaycan Silahlı Qüvvələri eyni zamanda döyüş qabiliyyətini artırmaq üçün vaxtaşırı hərbi təlimlər keçirir. İki gün öncə - noyabrın 12-də, Azərbaycanın Konstitusiya günündə müstəqilliyimiz tarixində başlanan ən irimiqyaslı təlim də eyni hədəfə hesablanıb, təbii ki. 

Xəbər verildiyi kimi, təlimlərdə rekord sayda - 60 min hərbçi, yüzlərlə ağır texnika vahidi və artilleriya qurğusu iştirak edir. Həmin gün Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev şəxsən cəbhə bölgəsində olub, faktiki, təlimlərin açılışını edib, hərbi formada düşmən tərəfinin mövqelərini müşahidə edib. 

Bütün bunlar, əlbəttə ki, tək işğalçı Ermənistana deyil, onun havadarlarına da bir mesajdır ki, Azərbaycan heç bir halda öz ərazilərinin işğalı ilə barışmayacaq. Ali Baş Komandan tərəfindən bu mesajın məhz təmas xəttindən verilməsi isə ikiqat önəm daşıyır.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR