İnsanlara hürriyət, millətlərə istiqlal!

2015 - böyük pauza ili: tilsim ilin sonuna qırılacaqmı?

1199 02.11.2015 08:30 KİVDF layihələri A A


Qarabağa dair sülh danışıqları üçün ən əlverişsiz illərdən biri - 2015 başa çatmaq üzrədir. Hər şeydən göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) bunun daha çox fərqindədirlər. Odur ki, onların regiona təzəcə başa çatan səfəri də böyük ehtimalla, bu ili heç olmasa simvolik uğuru ehtiva edən akkordla başa vurmağa, “qaloçka” qoymağa hesablanmışdı.

Bundan ötrü isə bir ildən çoxdur görüşməyən Azərbaycan və Ermənistan prezidentlərini heç olmasa 2015-ci ilin sonunadək bir araya gəlməyin zəruriliyinə inandırmaq səyləri göstərilir. Alınacaqmı? 

Məsələ ondadır ki, Azərbaycan prezidenti İlham Əliyev həmsədrlərlə görüşdə erməni həmkarı Serj Sarkisyanın ünvanına kəskin ifadələr işlədib. Bir sıra təhlilçilərə görə, bu faktın özü İlham Əliyevin Ermənistan prezidenti ilə görüşdə maraqlı olmadığının təzahürüdür.
Xatırladaq ki, İlham Əliyev Ermənistan rəhbərliyini təxribatlardan əl çəkməməkdə ittiham edib. Azərbaycan prezidenti nümunə kimi keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından cəmi iki həftə keçməmiş Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlamasını gətirib. Məhz bu hadisədən sonra cəbhə bölgəsində vəziyyət gərginləşib. Azərbaycan ordusu 2014-cü ilin avqust ayında işğal altındakı Ağdam rayonunun səmasında Ermənistana məxsus helikopteri məhv edib.

Prezident həmçinin Sarkisyanın əmri ilə Ermənistan ordusunun başqa diversiyalarla da məşğul olduğunu vasitəçilərin diqqətinə çatdırıb və Sarkisyanı diktator adlandırıb. İlham Əliyev fikrini belə əsaslandırıb ki, Sarkisyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan eləməklə yeni siyasi təxribata əl atıb. “Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib”, - əlavə edib ölkə başçısı. 

Bir sözlə, həmsədrlər Azərbaycanda rəsmi Bakının gözləmədikləri sərt ritorikası ilə üzləşib. Bu və digər səbəbdən siyasi şərhçilər ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyəcəyini ehtimal edirlər.

***** 
Əslində buna lüzum da yoxdur. Nə verəcək bu görüş, əgər o, status-kvonun uzanmasına xidmət edirsə və münaqişə tərəfləri arasında heç bir etimad atmosferi yoxdursa, daha önəmlisi, həm işğalçı Ermənistan, həm də vasitəçi dövlətlər konstruktiv yanaşmadan uzaqdırlarsa? 

Bu xüsusda diplomatların budəfəki səfəri zamanı xalq diplomatiyasını yenidən gündəmə gətirmək cəhdləri diqqət çəkir. Söhbət azərbaycanlı və erməni qaçqınlarla dialoq yaratmaq təşəbbüsündən gedir. Siyasi müşahidəçilərə görə, belə bir təşəbbüs amerikalı həmsədr Ceyms Uorlikdən gəlib. 

Yada salaq ki, Bakıda olarkən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində görüşdə bunları deyib: “Bizim məqsədlərimizdən biri informasiyaları hər iki tərəfə təqdim etməkdir. Biz hər iki tərəfdə həqiqətən sülh istəyən yaxşı insanlarla tanış olduq. Onlar təhlükəsiz şəkildə yaşamaq istəyirlər. Azərbaycanı düşmən hesab etməyən ermənilərlə də tanış olduq. Münaqişənin sülh yolu ilə həllini tapmaq bizim ümumi işimizdən asılıdır. Bizim ümumi vəzifələrimizdən biri tərəflərin yaxınlaşması, etimad tədbirlərinin gücləndirilməsidir”.

*****
Bəs, Qarabağa dair danışqların limitinin tükəndiyini söyləmək mümkündürmü? Rusiyalı politoloq, MDB ölkələri üzrə ekspert Arkadi Dubnov hesab edir ki, hələlik yox. Rusdilli minval.az saytına açıqlamasında o, bildirib: “Sülh danışıqlarının limiti heç vaxt tükənmir. Bu haqda kim danışırsa, o, adətən özünü elə göstərir ki, rəqibi qorxutmaq istəyir. Əslində isə rəqib qorxmur, çünki əla başa düşür ki, bütün bu ritorika müstəsna olaraq daxili tələbat üçündür. Bu ritorika rəhbərliyə qətiyyətli və cəsarətli imicini, xalqa - öz liderinə inam-etimadı, ölkəyə isə-hərbi cəhətdən düşməndən üstün olması rəyini təmin eləməkdən ötrüdür”. 
“Qarabağ ixtilafının həlli ilə Rusiya, ABŞ və Fransa məşğuldur. Bəs, görəsən, həll açarı onlardan hansı birindədir və böyük güclər münaqişə tərəflərinin başı üzərində Qarabağın statusunu müəyyən edə bilərmi” sualına isə ekspert belə cavab verib: “Fikrimcə, bu ölkələrdən heç biri Qarabağ məsələsinin həllinin ”qızıl səhm paketinə" sahib deyil. Üstəgəl, hiss olunur ki, bu günə nə Moskva, nə Vaşinqton nə Paris üçün bu problemin həlli ilə məşğul olmaq xüsusi qazanc gətirmir. Həm də o səbəbə ki, münaqişə tərəflərindən heç biri real olaraq konflikt zonasında status-kvonu dəyişməyə hazır deyil". 

“Bu gün Bakı Qərblə münasibətlərin pisləşməsi fonunda Moskva ilə yaxınlaşıb. Azərbaycanda belə bir fikir var ki, Rusiya ilə əməkdaşlığın yüksək səviyyəsi Qarabağ məsələsinin Bakının xeyrinə həllinə kömək edə bilər. Moskva konflikti Bakının xeyrinə nizamlaya bilərmi” sualına rusiyalı analitikin cavabı qısa olub: “Xeyr. Belə bir şey gözlənilmir. Eləcə də İrəvanın xeyrinə gözlənilmir...”

****
Politoloqun sözündə, əlbəttə ki, həqiqət var. Məsələ ondadır ki, Rusiya gerçəkdən də Dağlıq Qarabağ problemini nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həll eləməyə hazırlaşır. Təkcə ona görə yox ki, hazırda şimal qonşumuzun başı ayrı münaqişə bölgələrinə qarışıb, həm də və ən əsası o səbəbə ki, Kreml hələ də SSRİ-ni hansısa formada bərpa eləmək planlarından əl çəkməyib. 

Putinin Avrasiya layihələri məhz buna hesablanıb. Qarabağ konfliktinin həlli isə avtomatik şəkildə və birdən-birə iki Güney Qafqaz respublikasını Moskvadan uzaqlaşdıracaq, Kremlin regionla bağlı maraqları da, Avrasiya planları da ciddi zərbə alacaq. Bəzi təhlilçilərə görə, Rusiya konfliktin həllini, - o da simvolik formada - Azərbaycanla Ermənistanın Avrasiya İttifaqında təmsil olunmasında görür. Simvolik həll isə - həll deyil, ən yaxşı halda problemi qeyri-müəyyən müddətə dondurmaqdır. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR