İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə zamanı 4 Azərbaycan əsgərinin qarşısına 1 erməni əsgəri çıxacaq”

2802 19.06.2014 08:10 KİVDF layihələri A A
Son günlər Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələrin yeni dalğası başlayıb. NATO Parlament Assambleyasının Bakıda keçirilən toplantısında qurumun rəhbəri Hu Beylin də dedi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səyləri artıracaqlar. Amma eyni zamanda qurumun rəhbəri Qarabağda müharibəni istisna etdiklərini bəyan edib. 

Paralel olaraq Naxçıvandakı gərginlik, Rusiyanın prosesə aktiv müdaxilə imkanları əldə etməsi haqda mülahizələr də yeni situasiyanın yaranması ehtimalını doğurur. Azərbaycan və Ermənistanın hərbi potensialının müqayisəsi barədə maraqlı faktlar açıqlayan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, NATO ilə bağlı prosesləri yaxından araşdıran Cəsur Sümərinli ilə söhbətimizdə bu barədə də danışdıq:
 
- Cəsur bəy, NATO PA-nın Bakı toplantısında Azərbaycan tərəfinin Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, həmçinin deputatlar Qüdrət Həsənquliyev, Siyavuş Novruzovun düşmən ölkənin təmsilçilərinə sərt münasibəti və kəskin bəyanatları artıq sülh danışıqlarına olan inamın birdəfəlik dəfn edildiyi və müharibənin qaçılmazlığı qənaətini yaradırmı? Bu münasibətlərin ardınca gözləntiləriniz nədir?

- Ümumilikdə, bu gün Qarabağ cəbhəsində istər taktiki, istərsə də psixoloji baxımdan üstünlük Azərbaycan Silahlı Qüvvələrindədir. Azərbaycan snayperləri çox aktivdirlər və reallıq onu göstərir ki, rəsmi Bakı snayper müharibəsi hesabına Dağlıq Qarabağ cəbhəsində erməniləri bir “küncə” sıxa bilib. Bunu erməni hərbi mənbələri bir çox məqamlarda etiraf edirlər. Ermənistanda əsgər ailələrinin daim hökumətə qarşı çıxmasının kökü də məhz həmin “snayper müharibəsi” ilə əlaqədardır. Münaqişənin nizamlanması ilə məşğul olan beynəlxalq ekspertlər Azərbaycan tərəfinin cəbhə xəttindəki situasiyaya nəzarət baxımından “inhisarçı” mövqeyindən narazılıqlarını gizlətmirlər. Yəni bir çox beynəlxalq ekspertlər hesab edirlər ki, rəsmi Bakı bu baxımdan güzəştə getməli, snayperləri geri çəkməli və həmin “inhisarçı” durumu aradan qaldırmalıdır. Fikrimcə, bu gün Azərbaycanın Ermənistana Dağlıq Qarabağ cəbhəsində yeganə real effektiv təsir vasitəsi məhz həmin snayperlərdir. Amma bunun Azərbaycan Ordusuna da mənfi təsirləri var. Birincisi, döyüş itkilərimiz daim artır. Bu il ötən illə müqayisədə döyüş itkilərimiz kəskin artıb. Bizim hesablamalarımıza görə, 2013-cü ilin 12 ayı ərzində 9 hərbçimiz (Müdafiə Nazirliyinin açıqlamalarına görə 11 hərbçi) düşmən gülləsindən şəhid olub. Amma 2014-cü ilin təxminən 5 ayı ərzində şəhid olan hərbçilərimizin sayı 10 nəfərdir. Beləliklə, Azərbaycan ordusunun cəbhə xəttində aktivliyi erməni tərəfində “qisas” arzularının yaranması ilə nəticələnir ki, bu da, cəbhə xəttində gərgin psixoloji durum yaradır. Azərbaycan parlamentarlarının Ermənistan tərəfinə qarşı sərgilədikləri mövqeyə gəldikdə, hesab etmirəm ki, bu, dinc nizamlama variantının üstündən birdəfəlik xətt çəkir. Əslində bir sıra hallarda bu kimi bəyanatların qeyri-ciddiliyi təəssüratı yaranır. Düşünürəm ki, məsul şəxslər münaqişə ilə bağlı öz bəyanatlarında səsləndirdikləri, terminologiyalara, ifadələrə görə məsuliyyət daşımalıdırlar. Söz xətrinə söz demək münaqişənin nizamlanmasına hər hansı fayda gətirmir. Bizim rəsmilər, parlamentarlar tez-tez düşmən tərəfini qısa zaman kəsiyində məğlub edə biləcəklərini bəyan edirlər. Amma bunu heç vaxt etmirlər. Fikrimcə, bu bəyanatları səsləndirərkən xalqın, ictimaiyyətin nə düşündüyünü nəzərə almalıdırlar. Misal üçün, rəsmi Bakı və ya hansısa deputat həmin tip bəyanat verərkən və ya “lazım” ifadəsindən istifadə edərkən, sadə insanın beyninə Rusiya amili gəlir: “Rusiya icazə verərmi ki, Azərbaycan Ermənistanı məğlub etsin?!” - sadə vətəndaş belə düşünür. Beləliklə, fikrimcə, Azərbaycan hakimiyyətində təmsil olunanlar, parlamentarlar müharibə bəyanatları səsləndirərkən məsuliyyətli olmalıdırlar və əmin olmalıdırlar ki, onların həmin bəyanatları insanlar tərəfindən həqiqi qəbul olunur. Hesab edirəm ki, rəsmi Bakının münaqişənin nizamlanması istiqamətində ən böyük yanlış addımları 20 illik atəşkəs dövründə Rusiya amilini neytrallaşdırmaması ilə bağlıdır: Azərbaycan Rusiyanın bütün istəklərini az qala yerinə yetirir, onun iqtisadi-siyasi layihələrinə “hə” deyir, 4 milyardlıq silah-hərbi texnika müqaviləsi bağlayır. Nəticədə nə görürük? Rusiya Ermənistana hərbi-siyasi-iqtisadi dəstəyini daha da gücləndirir. Beləliklə, əslində Rusiya bu iki dövləti - Azərbaycan və Ermənistanı əlində girov kimi saxlayır.

Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu silah və hərbi texnika daha üstün və çoxsaylıdır”


- Rusiya XİN başçısı Lavrovun Azərbaycana Qarabağ məsələsinin həll paketi ilə gəldiyi barədə məlumatların həqiqət yükü varmı? Son vaxtlar erməni ekspertlərin “Rusiya Qarabağı Azərbaycana qaytaracaq” hay-küyünün arxasında ciddiyyət dayanırmı?
- İnandırıcı deyil. Əgər Rusiyanın hazırkı yürütdüyü siyasətə baxsaq, ümumilikdə onun münaqişənin nizamlanması istiqamətində hər hansı paket barəsində düşündüyünü belə proqnozlaşdırmaq mümkün deyil. Rusiya belə paket hazırlasa, bu, Moskvanın Cənubi Qafqazdakı təsir rıçaqlarının yaxın perspektivdə minimuma enməsi ilə nəticələnə bilər. Rusiya Qarabağı Azərbaycana qaytarsa, onda Ermənistan tədricən Rusiya ilə siyasi-iqtisadi əlaqələri kəsəcək, yaxın dövrdə Avropa Birliyi və NATO-ya meyllənəcək. Azərbaycanda isə qələbə əhval-ruhiyyəsi yaranacaq və tədricən rəsmi Bakı Rusiyanın siyasi təsirindən çıxmağa çalışacaq. Nəzərə alsaq ki, hazırda Qərbin hədəfində olan əsas məsələ yaxın 3-5 il ərzində Rusiyanı hərbi-siyasi-iqtisadi baxımdan zəiflətməkdi, beləliklə, Moskvanın hazırda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı həll paketini arzulaması real görünmür.

- Bugünlərdə Azərbaycan Ermənistanın NATO PA-dan çıxarılmasını təklif etdi. Rusiyanın Gömrük İttifaqında yer alan, faktiki olaraq müstəqilliyini Moskvaya qurban verən Ermənistanı hansısa şəkildə beynəlxalq səviyyədə cəzalandırması mümkündürmü?

- Azərbaycan kimi Ermənistan da NATO PA-nın assosiativ üzvüdür. Yəni bu təşkilatda tam olmasa da bir sıra proseslərə təsir etmək imkanları var. Mən Azərbaycan nümayəndə heyətinin təklifi ilə qətiyyən razı deyiləm və hesab edirəm ki, Ermənistanın bu kimi beynəlxalq təşkilatlarda təmsil olunması rəsmi Bakı üçün açıq müzakirə, problemini qarşı tərəfin üzünə demək və beynəlxalq təşkilatların İrəvana təsir və təzyiq etməsi imkanları yaradır. Əgər Ermənistan, misal üçün, NATO PA-nın assosiativ üzvlüyündən çıxarılsa, bu, rəsmi Bakıya heç nə verməyəcək. Rusiya mövcud vəziyyətdən öz maraqları naminə istifadə edəcək. Düşünürəm ki, rəsmi Bakı bu kimi proseslərdə Rusiyanın adını yaddan çıxarmamalıdır. Rusiya da NATO PA-nın assosiativ üzvüdür, amma baxın görün ki, heç o, rəsmi Bakı tərəfindən işğalçı Ermənistana dəstək verməkdə ittiham olundu, ya yox? Beləliklə, hesab edirəm ki, Ermənistanın beynəlxalq təşkilatlarda cəzalandırılması mümkündür, amma onun həmin təşkilatlardan çıxarılması faydasızdır. Rəsmi Bakı Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməsi üçün NATO PA-nın xüsusi toplantısının keçirilməsi üçün heç müraciət edibmi? Halbuki digər assosiativ üzvlər - Gürcüstan, Ukrayna, Moldovaya, müşahidəçi statusda olan bir sıra dövlətlərə üz tutaraq onlarla birgə, xüsusilə də NATO-nun və NATO PA-nın üzvü Türkiyənin dəstəyi ilə bu məsələni qaldıra bilər. Amma ortada belə müraciət yoxdur. O baxımdan hesab edirəm ki, ciddi şəkildə bu işi həyata keçirmək lazımdır ki, hər hansı faydası olsun.

- Son vaxtlar Naxçıvan cəbhəsindəki gərginliyi nə ilə izah etmək olar? Türkiyənin də proseslərə müdaxilə imkanlarını yaradacaq bir prosesin başlamasına, sizcə, hansı qüvvə maraqlı ola bilərdi? Ümumiyyətlə, NATO ailəsinin üzvü olan rəsmi Ankaranın hansısa şəkildə Qarabağ uğrunda mübarizəyə qatılması realdırmı?

- Naxçıvan cəbhəsində gərginlik heç də təqdim olunduğu kimi böyük olmayıb. Adəti üzrə atışmalar qeydə alınıb, bir sıra hallarda intensivliyi ilə seçilib. O səbəbdən bu mən bütünlükdə cəbhə xəttində hər hansı iri miqyaslı gərginliyin olduğunu düşünmürəm. Eyni zamanda düşünürəm Azərbaycanın siyasi hakimiyyətinin bu gərginliyin təbliğ olunmasında xüsusi marağı olub, adətən ölkə ilə bağlı mühüm tədbirlər ərəfəsində bu kimi təbliğatın aparılması müşahidə olunur. Hesab edirəm ki, Naxçıvan cəbhəsindəki “gərginliyin” Bakıda NATO PA-nın Rose Roth seminarının keçirilməsi ilə əlaqəsi var. Ona görə, ki, rəsmi Bakı bu tədbirdə demokratiya, insan haqları ilə bağlı problemlərin deyil, cəbhədəki gərginlik, Ermənistanın işğalçılıq siyasətinin davam etməsini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi güdüb. “Siz burada demokratiyadan, insan haqlarının pozulmasından danışırsınız, bizim isə torpaqlarımız Ermənistan tərəfindən işğal olunub və beynəlxalq ictimaiyyət, o cümlədən NATO buna hələ də göz yumur” - mesajını vermək üçün. Türkiyə - Azərbaycan hərbi əməkdaşlığı bu ölkənin NATO üzvü olması amilindən üstündür. NATO-nun Azərbaycan və Ermənistana silah satışına dair embarqo siyasətinin olmasına baxmayaraq bu qadağa Türkiyəyə aid deyil və Ankara Bakı ilə istənilən səviyyədə hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. 2010-cu ildə tərəflər arasında imzalanmaış “Qarşılıqlı Yardım və Strateji Tərəfdaşlıq haqqında” müqavilə də buna sübutdur. Eyni zamanda düşünürəm ki, Azərbaycan işğal olunmuş torpaqları probleminin həlli üçün Türkiyənin dəstəyindən kifayət qədər istifadə edə bilmir. Tərəflər arasında hərbi, iqtisadi, siyasi sahədə daimi müzakirə formatları keçirilsə də Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə, vahid, strateji xəttə hesablanan əməkdaşlıq prosesi müşahidə olunmur, belə konkret müzakirə formatı da mövcud deyil. Bu, təəssüf doğurur.

- Azərbaycan və Ermənistan Rusiyadan növbəti partiya silah-sursat, hərbi texnika aldı. İndiki situasiyada üz-üzə duran bu iki ölkənin qüvvələr nisbəti necədir? Ermənilər savaş başlaması halında Kürə qədər irəliləyəcəkləri haqda hədələr yağdırır, Azərbaycan isə İrəvanı da yer üzündən siləcəyi barədə hərbi arsenala malik olduğunu bəyan edir. Gerçəklik nədən ibarətdir?

- Azərbaycan və Ermənistanın Rusiyadan daim silah-sursat alması faktı ona sübutdur ki, Moskva bu münaqişənin nəinki həllini istəmir, onu öz iqtisadi-hərbi-siyasi maraqları çərçivəsində uzatmağa meyllidir. Üz-üzə duran iki ölkənin qüvvələr nisbəti Azərbaycanın xeyrinədir. Ümumilikdə bu sualınıza cavab vermək praktiki olaraq mümkün deyil. Çünki nəzərə alaq ki, əgər indiki gerçəkliyi götürsək Azərbaycan təkcə Ermənistanla deyil, onun arxasında duracaq Rusiya ilə də vuruşmalıdır. Belə bir vəziyyətdə Azərbaycanın durumu asan olmayacaq və qələbə imkanları ciddi şəkildə məhdudlaşacaq. Yox, əgər Rusiya amili olmasa, qısa zaman kəsiyində Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bunun üçün 3 vacib səbəb var: birincisi, Azərbaycan tərəfi 150 minlik hərbi qüvvəyə (Müdafiə Nazirliyinin hərbi hissələri digər hərbi strukturlarla birgə) və 700 min nəfərlik ehtiyat qüvvəyə malikdir. Ermənistanda isə bu göstərici müvafiq olaraq 80 min və 150 min olaraq göstərilir. Beləliklə, nəzəri olaraq müharibə zamanı 4 Azərbaycan əsgərinin qarşısına 1 erməni əsgəri çıxacaq. İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu silah və hərbi texnika daha üstün və çoxsaylıdır. Üçüncüsü, pis-yaxşı, Azərbaycanın müdafiə sənayesi müəyyən hərbi sursatlar, silahlar, texniki vasitələr və avadanlıqlar istehsal edə bilir və bunlar hərbi əməliyyatlar zamanı əvəzedilməz bir üstünlük yarada bilər. Amma qeyd etdiyim kimi, hazırkı durumu analiz edərək hesab edirik ki ən azı yaxın 3-4 il ərzində tərəflər arasında hər hansı irimiqyaslı toqquşmalar gözlənilmir. 






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR