İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşğaldan azad ərazilərdə kiçik sahibkar ailələrin qurulmasına önəm verilməlidir”

5746 06.01.2023 12:45 KİVDF layihələri A A

30 illik əsarətdən sonra işğaldan azad olunan torpaqlarda abadlıq, yenidənqurma işləri aparılır. Ali Baş Komandan İlham Əliyev də  çıxışlarında 30 ilə yaxın düşmən tapdağı altında olan və Vətən müharibəsində qazandığımız Şanlı Qələbə nəticəsində azad edilən torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırır. Qeyd edir ki, artıq dilbər guşəmiz olan Qarabağa həyat qayıdır.

Bəs nə kimi işlər görülür, layihələr həyata keçirilir?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bir ərazidə iqtisadi layihələrin reallaşdırılması üçün hər şeydən əvvəl həmin ərazidə güclü infrastruktur yaradılmalıdır: “Ermənistanın işğalı nəticəsində ərazinin bütün infrastrukturu, maddi-texniki bazası məhv edildi. İlkin mərhələdə güclü kommunikasiya xətləri və obyektləri qurulmalıdır ki, davamında iqtisadi layihələr həyata keçirilsin. Məlumdur ki, bölgədə ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılıb. Bundan əlavə, hava limanları, dəmir yolu xətləri məhv edilib. Hazırda əsas diqqət infrastrukturun yenidən qurulmasına yönəldilib. 2020-2022-ci illərdə 57,6 min ha. ərazi minalardan təmizlənib. Hələ bu cüzi hissədir, dörd bu qədər də ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bundan əlavə, yaşayış məntəqələrinin salınması, məktəblər, uşaq bağçaları, ictimai iaşə obyektlərinin inşası tələb olunur”.

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova

Əhmədova əlavə edib ki, ərazinin iqtisadi olaraq dirçəldilməsi üçün ikinci mərhələ iqtisadi layihələrin reallaşdırılmasıdır: “Hələ sovet dönəmində ən çox sənaye və tikinti müəssisələri Dağlıq Qarabağ ərazisində yerləşirdi. Regionda 183-dən çox sənaye və 127 tikinti müəssisələri vardı. Bölgədə tikinti materialları zavodları, toxuculuq və ayaqqabı fabrikləri, konserv zavodu, pendir-yağ müəssisələri, şərab zavodları, ipək və yun kombinatları, mineral su qablaşdırma müəssisələri fəaliyyət göstərirdi. Bu müəssisələrin yenidən qurulma prespektivləri araşdırılmalıdır. Bunun üçün isə ən optimal variant start-up-ların elan edilməsi və yerli və xarici investorların cəlb olunmasıdır. Məlumdur ki, Ermənistanla sülh müqaviləsi bağlanmayıb, ərazidə delimitasiya və demarkasiya işləri hələ aparılmayıb. Belə olan halda beynəlxalq hüquq baxımından ərazilər mübahisəli sayılır. Xarici investorlar sərmayə qoyduqları ölkənin ərazisində siyasi sabitliyin pozulması, silahlı münaqişə, işğal, müharibə və s. kimi gözlənilməz risklərlə üzləşmək istəmirlər. Bu baxımdan xarici investorların cəlb edilməsi bir qədər çətinləşir. Məsələn, konkret faktlardan nümunə göstərim. Türk investorları bu günə qədər Əfqanıstan, Liviya, Suriya və nəhayət, Ukraynada baş verən münaqişələr səbəbindən bir çox layihələrini başa çatdıra bilmədilər, tətbiq edilən məhdudiyyətlər və embarqolar üzündən böyük itkilərə məruz qaldılar. İnvestorları gələcəkdə üzləşəcəkləri itkilərdən qoruyan yeganə hüquqi sənəd ikitərəfli investisiya müqavilələridir. Bu baxımdan, münaqişələrin vurduğu zərəri kompensasiya etmək üçün investisiya müqavilələrinə əsaslanaraq arbitraja müraciət etmək ağla gələn ilk hüquqi yollardan biridir. Belə olan halda da zərərin dərəcəsini sübut etmək, hadisələrdən əvvəl investisiyaların vəziyyətini və hadisələrin təsirindən yaranan vəziyyəti ortaya qoyacaq hesabatlar və təsbitlər çox vacibdir. Mümkün hüquqi müraciət dəymiş ziyanın sübutu və hesablanması ilə bağlı olacağı üçün qeydlərin itirilməsinin qarşısının alınması və mühafizəsi də bir o qədər vacibdir”.

Ekspert əlavə edib ki, Qarabağ ərazisi təbii iqlim şəraitinə görə əsasən iri kənd təsərrüfatı regionu sayılırdı: “Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü. Mən belə düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə sürətli məskunlaşma aparılmalı və kiçik sahibkar ailələrin, xüsusən də gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulmasına önəm verilməlidir. Ölkəmizin kənd təsərrüfatı istehsal potensialı nəzərə alınaraq özünə kifayət edəcək istehsal strategiyası hazırlana və bunlar davamlı dəstək mexanizmləri və stimulları ilə həyata keçirilə bilər.

Bundan əlavə, Kəlbəcər və Zəngilan əraziləri zəngin təbii ehtiyatlara malikdir. Zəngilan rayonunda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vejneli” qızıl yatağı, ehtiyatları 6.618 min m3 olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min m3 olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min m3 olan kərpic istehsalına yararlı gil və 17.367 min m3 olan qum-çınqıl yataqları mövcuddur. Bilirik ki, Kəlbəcər və Zəngilan ərazilərində yerləşən qızıl yataqları illərdir ermənilər tərəfindən istismar edilib. İşğaldan azad olunan rayonlardaki təbii ehtiyatların vəziyyəti aydın olsa da, hələ də Ermənistanın nəzarətində olan ərazilərimizdəki vəziyyət naməlum olaraq qalır. Hazırda da bildiyim qədərilə, əsasən Ağdərə rayonunda yerləşən “Qızılbulaq” qızıl, “Dəmirçi” mis və digər qiymətli metal yataqlarının Ermənistan tərəfindən istismarı davam etdirilir. Bununla bağlı günlərdir ki, Şuşa-Xankəndi yolunda ekoaktivistlərin dinc aksiyası davam edir. Ümumiyyətlə, bütün ərazilərdəki təbii ehtiyatların monitorinqi aparılmalı və dəymiş zərər müəyyən edilərək hüquqi yollar başladılmalıdır. Bundan sonra ərazinin təbii ehtiyatları iqtisadiyyata yönəldilə bilər".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanıb.

 Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR