İnsanlara hürriyət, millətlərə istiqlal!

İri mağazalarda dolab problemi: “Qazanan oğrulardır” - FOTOLAR

1697 17.07.2018 18:19 Reportaj A A

Bakıda ildən-ilə iri supermarketlərin sayı artır. Hər bir supermarket isə  demək olar ki, müştərilərə tətbiq olunan müəyyən daxili qaydalar var. Bunlardan ən başlıcası müştərinin mağazaya hər hansı bir içərisi görünməyən iri çanta, paketlə daxil olmasının qadağan edilməsidir.

Belə ki, iri supermarketlərin hər birinin girişində dolablar düzəldilib. Müştərinin əlində yad paket varsa o, həmin paketi dolaba qoyub, sonra mağazadan alış-veriş edə bilər. Bəzi mağazalarda bu dolabların içərisi görünür, bəzilərində isə qapı taxtadandır və içəridəki əşyanı görmək mümkün deyil.

Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, son zamanlar supermarketlərdə olan dolabların əksəriyyətində açara rast gəlinmir. Bu səbəbdən də onlar öz əşyalarını təhlükədə hiss edirlər.

Onu da qeyd edək ki, ötən illərdə də eyni məsələ ictimaiyyətdə müzakirəyə səbəb olmuşdu. Məsələn, 2016-cı ildə iri mağazaların birinin dolabından çanta oğurlanmışdı. Səbəb isə dolabın açarının mövcud olmaması idi. Həmin ərəfədə mətbuatda problem işıqlandırıldıqdan sonra mağazalarda dolablar dəyişdirildi, açarla təmin olundu.

Musavat.com-un əməkdaşı olaraq müşahidə etdik ki, doğrudan da yenə də məsələ ilə bağlı vəziyyət  acınacaqlıdır. Əksər mağazalarda dolablar var, ancaq heç bir açar yoxdur. Müşahidə etdik ki, açar olmasa da mühafizəçilər müştərilərə mağazaya yad paketlə daxil olmağa icazə vermirlər. Yalnız “28 Mall” Ticarət Mərkəzində yerləşən iri supermarketdə müşahidə etdik ki, dolabların yanında xüsusi mühafizəçi dayanıb. Bu mühafizəçi içəri daxil olanlardan paketlərini alıb, dolablarda özü yerləşdirir. Açar yoxdursa belə, müştərilərin dolaba verdikləri əşyalarına mühafizəçi özü nəzarət edir, məsuliyyət daşıyır.

Digər ticarət mərkəzlərində bu cür halın şahidi olmadıq. Mağazalarda həmsöhbət olduğumuz mühafizəçilər günahı müştərilərdə gördülər: “Bu dolabların açarlarını tez-tez dəyişirik. Ancaq buna baxmayaraq müştəri dolabın açarını cibinə qoyub, aparır. Hətta elə dolab olur ki, müştəri qapısını bağlayır, açarı da cibinə qoyub, gedir. Ona görə də məcbur qalıb dolabın açar yerini qırıb, qapısını açırıq. Nəticədə də bu cür hallar yaranır. Belə haldan da digər müştərilər narazılıq edirlər. Demək olar ki, hər gün bizim özümüzə də şikayət edirlər. Bu cür hal bizim üçün də sərfəli deyil. İstəyərik ki, müştəri razı qalsın. Bəzi müştərilərin məsuliyyətsizliyi üzündən kiminsə çantası oğurlana bilər. Yəni bu məqamdan qazanan oğrulardır də. Bəzi müştərilər məsuliyyətsizlik edib, onlara yol açırlar”.

Bəzi mağazalarda müşahidə etdik ki, dolabların açarı olmadığı üçün müştərilər paketlərini mağazanın girişində olan kameranın altına qoyurlar. Müştərilər bildirdilər ki, açarsız dolabdansa, kameranın altı daha təhlükəsizdir.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR