İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ziyarət şəhərində vəziyyət - Məşhəd qeydləri (Fotolar)

7303 18.08.2018 14:00 Reportaj A A

Ötən yazıda Məşhədə qədər olan yolçuluq və İmam Rza (ə) məqbərəsinin ziyarəti barədə məlumat vermişdim. (Link burada) Həmin vaxt çatdıra bilmədim, o səbəbdən də düşündüm ki, Məşhəddə, yəni həm də İranda sosial-iqtisadi vəziyyət, əhalinin həyat yaşayışı ilə bağlı qeydlərimi başqa bir yazıda  yazaram.

Məşhəddə ümumilikdə 3 gün qaldıq. Və bu zaman ərzində əlbəttə mümkün qədər şəhərin, ümumilikdə İran cəmiyyətinin nəbzini tutmağa çalışdıq. Yeri gəlmişkən, İranda sosil-iqtisadi vəziyətin pisləşməsinə etiraz olaraq ilk aksiyalar ötən ilin dekabrında məhz Məşhəddən başlamışdı. Bu mənada Məşhəd həm də ölkənin həssas nöqtəsi hesab olunur.

Səfərin ikinci günü bizi İmam Rza (ə) hərəminin özəl ənənəsi hesab olunan İmam (ə) süfrəsinə qonaq etdilər. İl ərzində bir dəfə Məşhədə gələn qonaq müraciət edərək bu süfərəyə giriş talonu ala bilər. Hərəmdə əsasən nahar və ya axşam yeməyi zəvvarlara Hərəmin ərazisində, İmam Rza (ə) adından ehsan olunur. Bu, İmam Rza (ə) vəqfinin qonaqlar üçün özəl proqramıdır. Amma böyük ziyarət kompleksinin çox sayda bu cür maraqlı aksiyaları var.

Qeyd edək ki, İmam Rza (ə) hərəm kompleksi böyük bir vəqf şəklində fəaliyyət göstərir. İranda “Bonyad” adlanan bu cür vəqflərin böyük tarixi var. Ölkə iqtisadiyyatında bu vəqflərin ciddi payı var. İmam Rza (ə) hərəm kompleksi ən böyük vəqflərdən biri hesab olunur. İran daxilində və xaricdə vəqfə məxsus böyük istehsal, ticarət və xidmət şirkətləri var. Bundan başqa hərəm kompleksə bitişik böyük xəstəxana, səhiyyə mərkəzi də vəqfə məxsusdur. Bilindiyi kimi, İranın ən böyük dini vəqfinə ötən ilki seçkilərdə prezidentliyə namizəd olmuş İranın məhkəmə hakimiyyətinin nüfuzlu nümayəndələrindən biri hesab olunan Ayətullah İbrahim Rəisi rəhbərlik edir. Yeri gəlmişkən, Məşhəd şəhərinin imam-cüməsi Rəisinin qaynatası Ayətullah Aləmulhudadır.

Məşhəd bazarı nəyi gözləyir?

Şərq ölkələrində bazart təkcə alış-veriş yeri deyil, həm də milli burjaziyanın mərkəzi, ölkənin, şəhərin nəbzinin döyündüyü yerdir. Etirazlar, aksiyalar, inqilablar bazardan başlayır, sosial-iqtisadi həyatı bazar müəyyən edir. Bu gün İran islam inqilabından sonra sənaye inkişaf etsə də, bazarlar hələ də əhəmiyyətini qoruyub saxlayıb.

Məşhəd İranda ən böyük ticarət mərkəzlərindən biridir. Məşhəd İranın əhali sayına görə 3-cü böyük şəhəridir, eyni zamanda il ərzində yerli və xarici 12 milyon zəvvarın baş çəkdiyi böyük bri ziyarət turizmi mərkəzidir. Həm də Məşhəd bazarı İranda ən böyük və ucuz bazarlardan biri hesab olunur. Eyni zamanda Məşhəddə İmam Rza (ə) ziyarət kompleksinin ətrafı turistlərə görə tamamən dükanlardan ibarətdir.

 Əvvəlcə ondan başqalayaq ki, İranda yerli istehsal sahələri çox inkişaf edib. Ölkədə ərzaq məhsulları, məişət texnikası və digər məhsullar demək olar ki, yerli istehsaldır. Hətta xarici məişət texnika brendlərinin də bir qismi ölkədə istehsal olunduğu üçün bahalaşma özünü çox da göstərməyib. Yalnız xaricdən idxal olunan məhsullarda hiss olunur bahalaşma. Yerdə qalan məhsullarda qiymətlər dolların bahalaşmasına sürətli reaksiya vermir. Məsələn, Məşhəddə tekstil, geyim, yerli istehsal məhsullarında ciddi bahalaşma yoxdur. Məşhəd İmam Rza bazarında parça dükanı işlədən Abbasəli Vəhid Hənəfi deyir ki, son 4 aya qədər vəziyyət daha yaxşı idi. Ancaq Novruz bayramından sonra dollar sürətlə bahalaşıb və bu da bazara təsir edib. Xatırladım ki, fevralda İrana səfərim zamanı 1 dollar 5 min tümən civarında idi. Ancaq indi son 4 ayda İran milli valyutası iki qat dəyər itirib.

Yeri gəlmişkən, Vəhid Hənəfi həm də qələm adamıdır. İmam Rza (ə) kompleksinin nəşrlərindən olan “Rahiyani Kəhkəşani” jurnalının redaktorudur. Ancaq eyni zamanda bazarda parça dükanı var, günün bir hissəsini bazarda olur. Vəhid Hənəfi parça ticarətinin də son aylarda zəiflədiyini, dollar “oynamalarının” onların da işlərinə zərbə vurduğunu etiraf edir. Sonra isə əlavə edir ki, İran 40 ildir bu cür yaşayır, yaxın zamanlada sabitlik yaranacağına ümidlidir. Lakin etiraf edir ki, hökumət bəzi adımları atmasa vəziyyət daha da pis ola bilər.

İranın dollar imtahanı

Yeri gəlmişkən, biz Məşhədə gələndə dollar bazarda 10 min tümənə (100 min İran rialı – K.R.) satılırdı. Bazarda qiymətlər indi dollar səbəbindən xeyli ucuzdur. Satıcılar ticarətdən narazı deyil, çünki əsas müştərilər zəvvarlardır. Bakı qiymətləri ilə müqayisə etsək ikiqat ucuzluq olduğunu demək olar.

Lakin tərəvəz məhsullarında qiymətlər nisbətən Azərbaycan qiymətlərinə yaxındır. Məsələn təzə xiyarın kilosu 3500 tüməndir, yəni Azərbaycan pulu ilə 60 qəpik. Qarpız isə nisbətən ucuzdur, kilosu 20 sent civarında. Banan isə daha ucuzdur.

Qəndin bir kilosu 6 min tümən, yəni hazrkı kursla 1 manat civarındadır. Çörək və lavaşın qiymətləri isə 10-30 qəpik arasında dəyişir. İranın əsas ixrac brendlərindən hesab olunan püstə və badamın isə bir kilosu 10 dollar civarında dəyişir.

Hazırda Məşhəddə etirazlar yoxdur, ancaq əhali qiymət sürüşkənliyindən narahatdır. Bir çoxları bunu açıq şəkildə büruzə verməkdən çəkinmir. Söhbət zamanı hökuməti ittiham edir, ölkənin gəlirlərinin, əsas da neft gəlirlərinin talandığını, mənimsənildiyini bildirirlər. Dindarlar və hökumətin siyasətini müdafiə edənlər isə baş verənləri xarici təzyiq adlandırır və tezliklə düzələcəyini bildirirlər. Amma hər kəsdə bir narahatlıq var, vəziyyətin daha pis olacağından əndişəlidirlər.

Məşhəd il ərzində orta hesabla 12 milyon zəvvar qəbul edir. Şəhər iqtisadiyyatının böyük qismi məhz turistlər hesabına formalaşır. Bazarlar, dükanlar, otellər, nəqliyyat, iaşə xidmətləri və sair. Bu mənada Məşhəd tacirlərinin rahatığını anlamaq olar. Çünki onlar istənilən halda müştəri qıtlığı yaşamırlar. Amma bütün İran əhalisinin onlar kimi düşündüyünü demək olmaz.

8-incidən 1-inciyə doğru

Məşhəddə 3 gecə qalsaq da qrafikin sıxlığı, gündüz havanın hədən artıq isti olması vaxt darlığı yaradır. Məşhədlə bağlı bəzi planlarımızı təxirə salmalı oluram. Çünki qarşıda hələ uzun yolçuluq var.

Avqustun 16-da sabah saatlarında Məşhəd Beynəlxalq Hava limanına yollandıq. Növbəti dayanacağımız 1-ci İmam həzrət Əlinin (ə) dəfn olunduğu Nəcəf şəhəridir. Bu dəfə təyyarəmiz İraq Hava Yollarına aiddir və nisbətən yeni "Boneg 787" ilə uçuruq. İraqlı pilotlar təcrübəlidir, yolumuz rahat keçdi. Nəcəf hava limanına yaxınlaşanda gəmi kapitanı aşağıda havanın tempraturunun 41 dərəcə olduğunu elan edir. Müəqəddəs şəhər bizi yandırıcı istilərlə qarşılayırdı...

Davamı olacaq...

Kənan Rövşənoğlu,
Bakı-Tehran-Məşhər-Nəcəf

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR