İnsanlara hürriyət, millətlərə istiqlal!

İran öz tibbi xidmətini Azərbaycan sərhədinə yaxınlaşdırır – 3 səbəb

1866 11.08.2017 10:30 Dünya A A

“Bu ölkəyə müalicə üçün hər il 100 min insan gedir ki, onların də əksəriyyəti azərbaycanlılardır”

İran azərbaycanlı xəstələr üçün sərhəd ərazilərdə xəstəxanalar tikəcək. Belə ki, İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı master-planın təqdimat mərasimi keçirilib. APA-nın Tehran bürosunun məlumatına görə, master-planın təqdimatı ilə yanaşı qonşu ölkələrdən xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsinə start verilib.

Mərasimdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanın özəl şirkətlərini təmsil edən şəxslər iştirak edib. Master-plan çərçivəsində 17 xəstəxana və 200 həkim qonşu ölkələrdən, o cümlədən Azərbaycan və İraqdan gələn xəstələri qəbul edəcək və onlara xidmət göstərəcək. İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii APA-a açıqlamasında bildirib ki, İranda Azərbaycandan gələn xəstələrin müalicəsi üçün geniş potensial mövcuddur: “Ümid edirik ki, turizm sahəsində Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək”.

Ə.Rəbii onu da bildirib ki, İran tərəfinin Azərbaycanda inşa etdiyi dərman istehsalı zavodu tezliklə istifadəyə veriləcək. Sosial Təminat Təşkilatının baş direktoru Tağı Nurbəxş isə qeyd edib ki, tezliklə Azərbaycanla sərhəd zonasında, o cümlədən Parsabad, Təbriz, Urmiya və Xoy şəhərlərində xəstəxanalar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, sözügedən xəstəxanalarda Azərbaycandan gələn xəstələr müalicə oluna biləcək.

Ekspertlər isə hesab edirlər ki, son illər Azərbaycanda İrana müalicə üçün gedənlərin sayı azalıb. Bunun səbəbi kimi Azərbaycana Avropa ölkələrində və Türkiyədə təhsil almış peşəkar kadrların gəlməsi, ölkəmizə müasir tibbi avadanlıqların gətirilməsi, İranda müalicə qiymətlərinin qalxması qeyd olunur.

Картинки по запросу ekspert Azər Allahverənov

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Yeni Müsavat” açıqlamasında İrana gedənlərin sayı barəsində danışdı. Obildirdi ki, ümumilikdə hər il İran dünya ölkələrindən 5 milyona yaxın turist qəbul edir: “Azərbaycandan İrana müxtəlif məqsədlərlə gedən insanların sayı kifayət qədər çoxdur. Təəssüf ki, belə insanların böyük əksəriyyəti hansısa iqtisadi səbəblərdən ticarət məqsədilə gedirlər. Həmçinin bir qisim əhali də ziyarətgah yerlərinə üz tutaraq, İrana səfər edir. Bütövlükdə qeyd edim ki, il ərzində İran ərazisinə 5 milyona yaxın turistin gəldiyi bildirilir. Müalicə məqsədilə gedən insanların sayı isə milyonlarla ölçülmür. Bu rəqəm təxminən il ərzində 100 minə qədər olur ki, onların da böyük əksəriyyəti azərbaycanlılardır. Azərbaycanla yanaşı Ermənistan, İraqdan da İrana bu məqsədlə gedən insanlar var. Şübhəsiz ki, İran hökuməti bu vəziyyətdən yararlanır. 2017-ci ilin nəticələrinə görə, təqribən 6 milyondan çox turist İran ərazisinə daxil olmalıdır. 2025-ci ildə isə turist kimi İrana gedənlərin sayı il ərzində 20 milyonu keçməlidir. Ola bilər ki, bunu proqnozlaşdırmaqda səhvə yol verə bilərlər, ancaq bir məqsəd kimi qarşıya qoyulub. Düşünürəm ki, həmin strategiyanın nəticəsi olaraq İrana ildən-ilə turist axını artacaq. Müalicə turizminə gəlincə deyim ki, bu gün artıq İran hökuməti sırf müalicə ilə bağlı xeyli işlər görür. Xəstəxanalar tikməklə yanaşı, mövcud xəstəxanalarda da avadanlıqları müasirləşdirmək niyyətindədir. Hətta kompleks tədbirlər planı da cızılıb ki, iki xəstəxanalar bilavasitə əcnəbilərə, o cümlədən azərbaycanlılara xidmət göstərməlidir. Şübhəsiz ki, istər maddi-texniki bazanın yaxşılaşdırılması, həmçinin prosesə cəlb olunan həkim mütəxəssislərlə bağlı müəyyən proqramların həyata keçirilməsi qeyd etdiyimiz kompleks tədbirlər planının tərkib hissəsidir”.

Ekspertin sözlərinə görə, İran hökuməti daha çox sırf turizmin inkişafı baxımından ciddi hədəflər müəyyənləşdirib: “Müalicə xarakterli turizmin inkişafı da əsas məqsəddir. İranın seçilməsində məqsəd də ilk növbədə qiymətlərin aşağı olmasıdır. Eləcə də İranda müalicə turizminin inkişafına səbəb güclü həkim mütəxəssislərinin mövcudluğudur. İran hökuməti bu reytinqi saxlaya bilsə və kəmiyyət dalınca qaçdığı halda keyfiyyəti itirməsə, proseslər daha da inkişaf edə bilər. Son 3-5 ildə İrandakı vəziyyətə diqqət etsək görərik ki, tibb sahəsindəki qiymətlər bir neçə dəfə artıb. Vaxtaşırı İrana gedib, orada müalicə qəbul edən insanlar qiymətlərin artımının olduğunu təsdiqləyirlər. Eyni zamanda İranda istehsal olunan dərman preparatlarının qiymətində bir neçə dəfə artım var. Bu, ilk növbədə tələblə şərtlənən bir haldır. Ancaq eyni zamanda hiss olunur ki, İranın müvafiq dairələri, xüsusilə də dərman preparatlarının istehsalı ilə məşğul olan qurumlar bu situasiyadan maksimum dərəcədə yararlanmağa çalışırlar. Bu gün vasitəçi firmalar da peyda olublar ki, onlar da tibbi xidmətlər göstərirlər. Xəstəxanaların, həkimlərin tapılmasında insanlara xidmət göstərirlər. Azərbaycandan müalicə üçün gedən turistlərə də həmin şirkətlər xidmət göstərirlər. Artıq kiminsə hər hansı bir məsələ ilə bağlı problemi varsa, o, həm problemini deyir, həm də gücü çatan məbləği ödəyir. Vasitəçilər onun cibinə uyğun olan tibbi mərkəzi tapırlar. İranın böyük şəhərlərində göstərilən tibbi xidmətlər, bölgələrdə, əyalətlərdəki eyni tibbi xidmətdən baha olur. Azərbaycandan müalicə məqsədilə gedən insanlar da ona görə əyalətlərə üz tuturlar. Hələ ki bəhs etdiyimiz sahədə vəziyyət belədir”.

Əli RAİS
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR