İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş bankı necə məhkəməyə verə bilər?

4539 03.09.2016 07:30 İqtisadiyyat A A
Banklarla kredit borcu olan vətəndaşlar arasında çəkişmələr davam edir. Borcluların bir qismi krediti ödəməkdən imtina edib, bir qismi isə ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də ölkə üzrə problemli kreditlərin həcmi artaraq rekord həddə-1,5 milyard manata çatıb.
Problemdən ən çox əziyyət çəkən isə vətəndaşlardır. 

Xüsusən xarici valyutada kredit götürənlərin borcu son bir il ərzində iki dəfədən çox artıb. Dolların hər gün tədricən bahalaşdığını nəzərə alsaq, bu borclar da günbəgün artmaqdadır. Halbuki vətəndaşların əksəriyyəti banklardan götürdükləri məbləği həmin dövrün məzənnəsi ilə hesabladıqda geri ödəyiblər.

Bu halda vətəndaş kredit müqaviləsinin dayandırılması üçün məhkəməyə necə müraciət edə bilər? Bunun üçün hansı prosedurlardan keçməlidirlər? Bankların vətəndaşları məhkəməyə verməsi, yoxsa vətəndaşın bu addımı atması problemin həllində daha effektivdir?

Bu sualları cavablandıran hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bankların ilk olaraq məhkəməyə müraciət etməsi vətəndaş üçün daha uğurlu variantdır: “Əlbəttə, istənilən vətəndaş hesab etsə ki, banka borcunu tam bağlayıb, lakin bank heç bir əsas olmadan ondan əlavə ödənişlər etməsini tələb edir, vətəndaş məhkəmədə banka qarşı iddia qaldıra bilər və iddia predmeti də bağlanmış kredit müqaviləsinə xitam verilməsi olacaq. Yəni müştəri məhkəmədən tələb edəcək ki, bağlanan kredit müqaviləsinə xitam verilsin. Çünki həmin müqavilə üzrə öhdəliklər çoxdan icra edilib.  Lakin vətəndaşlar onu da nəzərə alsınlar  ki, belə iddianın müəyyən qədər xərcləri olacaq, dövlət rüsumları ödənilməlidir, vəkil tutmalı olacaqlar. Buna görə də mən məsləhət görərdim ki, vətəndaşlar məhkəməyə özləri müraciət etməsinlər. Yaxşı olar ki, onları bank məhkəməyə versin. Bundan öncə isə banka müraciət göndərməyi tövsiyə edərdim. Əgər bank vətəndaşdan ödəniş etməyi tələb edirsə, o  zaman banka sadəcə məktub göndərsinlər. Mətni də məsələn belə olsun: "Mən hesab edirəm ki, bankdan götürdüyüm borcu bağlamışam, bank qarşısında heç bir öhdəliyim yoxdur. İstəyirsinizsə, məni buna görə məhkəməyə verin". Daha sonra vətəndaş etirazını ona qarşı açılmış məhkəmədə bildirə bilər. Bu halda vətəndaş onu udur ki, məhkəmə iddiasına görə dövlət rüsumu ödəməyəcək, onu bank ödəmiş olacaq. Əksər hallarda heç banklar da vətəndaşları məhkəməyə vermirlər, çünki iş çoxdur, işçi qüvvəsi çatışmır, vəsait yoxdur".

Ekspertin sözlərinə görə, əgər borcun qalıq məbləği də azdırsa, ümumiyyətlə məhkəməyə vermirlər ki, vaxt itkisi olmasın: “Buna görə də, ola bilsin ki, heç bank vətəndaşı məhkəməyə verməyəcək və o məktubla da iş bitəcək. Lakin bank məhkəməyə versə, vətəndaş gedib məhkəmədə öz maraqlarını qoruya bilər. Bu baxımdan mən vətəndaşlara bankları məhkəməyə verməyi tövsiyə etmirəm. Lakin vətəndaşın buna imkanı varsa, məhkəməyə verməsi də yaxşı bir addımdır. Banklar bundan qorxurlar, çəkinirlər, bu baxımdan pis deyil”.

Vətəndaşları narahat edən bir məqam da məhkəmə prosesi zamanı onların ölkədən çıxışının məhdudlaşdırıla biləcəyi faktıdır. Bu məsələyə toxunan Ə. Həsənov vurğuladı ki, məhkəmə prosesi getdiyi zaman vətəndaşın heç bir hüququ məhdudlaşdırıla bilməz: “Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, lakin onu icra etmirsə bu halda belə addımlar ola bilər. Vətəndaşlar məhkəmə prosesindən qorxmalı deyil. Əksinə məhkəmə prosesi  nə qədər çox çəksə, bu bankların deyil, vətəndaşların xeyrinədir. Çünki bank məhkəmə prosesi gedə-gedə vətəndaşa qarşı heç nə edə bilməz. Bank qanunsuz bir  əməl etmək istəsə belə, məhkəmə prosesi gedirsə, bunu edə bilməz”.

Nərgiz LİFTİYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR