İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə qədər manat yenə “öləcəkmi”?

1996 20.08.2015 08:15 İqtisadiyyat A A

Dünya bazarında neftin qiymətinin daha da aşağı düşməsi manatın yenidən devalvasiyası mövzusunu gündəmə gətirib.  Ancaq bunun əksini düşünənlər də var. İqtisadçı ekspert Azər Mehtiyev seçkiyə qədər manatın məzənnəsində hansısa bir ciddi dəyişikliyin olmayacağını bildirdi: “Manatın taleyi daha çox neftin dünya bazarında qiymətindən asılıdır. Yəni Azərbaycanda manatın möhkəmliyi ölkədə olan dollar ehtiyatının həcmindən asılıdır.

Hökumət ən azı seçkiyə qədər manatın məzənnəsinə hər hansısa bir dəyişikliyə yol verilməsini istəmir. İndiki məzənnəni saxlamağa və sadəcə olaraq bu məzənnə ətrafında müəyyən qədər hərəkət ola bilər. Belə deyək ki, sadəcə olaraq son dövrdə baş verən cüzi dəyişikliklər ola bilər. Ancaq seçkidən sonrakı hadisə və proseslər təbii ki, seçkinin necə nəticələnəcəyindən, siyasi proseslərin necə gedəcəyindən asılı olacaq. Eyni zamanda neftin qiymətinin aşağı düşmə səviyyəsinin davam etməsindən asılı olaraq baş verə bilər. Bu baxımdan ən azı hökumət seçkinin nəticələri elan olunana qədər manatın məzənnəsinin sabit, indiki vəziyyətində saxlanmasında maraqlı olacaq. Hər hansısa bir ciddi dəyişiklik olacağını düşünmürəm”.

Digər iqtisadçı ekspert Vüqar Bayramov manatın yeni devalvasiyasına zəmin olduğunu dedi: “Manatın məzənnəsindəki dəyişikliklər birmənalı şəkildə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Bu baxımdan praktiki olaraq bazarın manatın məzənnəsinə təsir imkanları yoxdur. Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini və neftin qiymətini əsas faktor kimi göstərir. Hazırda manatın yeni devalvasiyasına zəmin var. Manatın yeni devalvasiyası bank sektoruna, eləcə də özəl biznesə mənfi təsir göstərə bilər. Nəzərə alsaq ki, manatın yeni devalvasiyası artıq bir sıra bankların öz kreditlərini geri almağında ciddi çətinliklər yarada bilər. Eyni zamanda ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar müşahidə edilə bilər. Çünki devalvasiya baş verəcəyi halda idxal məhsullarının xərcləri artacaq. Bu da təbii ki, ölkə daxilində idxal olunan məhsulların qiymətlərində artımlara səbəb ola bilər. Mərkəzi Bank çalışır ki, devalvasiyaya getməsin. 


Amma devalvasiya ilə bağlı qərarı avqust və sentyabr ayının yekunlarında iki əsas faktor müəyyənləşdirəcək. Birincisi, avqust və sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları necə dəyişəcək və Mərkəzi Bank borclanma hesabına öz valyuta ehtiyatlarındakı mövcud vəziyyəti qoruyub saxlayacaqmı? Mərkəzi Bankda valyuta azalmaları və buna uyğun olaraq neftin dünya bazarındakı qiymətində azalmalar olarsa, Mərkəzi Bankın devalvasiyaya gedəcək. Əgər Mərkəzi Bank valyuta ehtiyatlarını daxili və ya xarici borcların hesabına saxlaya bilərsə və neftin qiymətində müəyyən stabilləşmə olarsa, bu, Mərkəzi Banka müəyyən mənada rahat nəfəs almağa imkan verəcək. 

Amma reallıq budur ki, hələlik dünya bazarında neftin qiyməti aşağı düşür. Mərkəzi Bank hələ ötən ilin sonunda rəsmi açıqlamasında bildirib ki, neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşərsə, o zaman bu səviyyə balansında mənfi tablonun yaranmasına və ölkəyə daxil olan vəsaitin ölkədən çıxan vəsaitdən az olmasına səbəb olacaqsa, bu da valyuta qıtlığına, xarici valyutanın manata təsirini artıracaq. Bu baxımdan manatın məzənnəsi ilə bağlı qərar birmənalı şəkildə sözügedən iki faktordan asılı olacaq. Ehtiyatlarla bağlı Mərkəzi Bankın çətinliyi varsa, neftin dünya bazarındakı qiymətində azalmalar davam edərsə, o zaman yenidən manatın xarici valyutaya nisbətən məzənnəsini itirməsi istisna edilmir. Güman olunur ki, bu halda Mərkəzi Bank intermensiya yolu ilə manata olan tələbi qarşılamaqda çətinlik çəkəcək”.

Ekspert vətəndaşlara pullarını səbət formasında saxlamağı tövsiyə etdiyini etdi: “Biz devalvasiyadan öncə də təklif etdik ki, vətəndaşlar öz pullarını səbət formasında saxlasınlar. Çünki valyuta səbəti istənilən devalvasiyada, hətta milli valyutanın möhkəmlənməsindən dəyən təsirləri praktiki olaraq azaldır. İndiki məqamda daha məqsədəuyğundur ki, vətəndaşlarımız pulun 60 faizini dollar formasında, 20 faizini avroda, 20 faizini də manatda saxlasınlar. Yəni əgər vətəndaşın 10 min manat pulu varsa, onun 6 min manatını dollara, 2 min manatını avroya, 2 manatını isə xərcləmək üçün manatda saxlasın. Valyuta səbəti bütün riskləri azaldır”. 

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR