İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Türkiyə mallarına qadağası- gözləntilər nədir?

1639 01.12.2015 00:22 İqtisadiyyat A A
Rusiyanın Türkiyəyə qarşı sanksiyaları ciddi müzakirə mövzusudur. Ekspertlər sanksiyalardan hansı ölkənin daha çox ziyan çəkəcəyini hesablayır. Əksər hesablamalar Türkiyənin vəziyyətrdən daha tez və az ziyanla çıxacağını ehtimal etməyə əsas verir. Həmçinin bildirilir ki, iki ölkə arasındakı pozulmuş münasibət Azərbaycana da təsirsiz ötüşməyəcək.

Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Türkiyədən Rusiyaya aparılan aqrar sektora aid məhsulların bir qisminin Azərbaycandan eyni məhsulların ixracını artırmaq yolu ilə kompensasiya etmək olar: “Bütövlükdə Rusiya ilə Türküyə arasında yaranmış münasibətlərin hazırkı vəziyyəti bizim üçüm arzulanan deyil. Bu səbəbdən də biz bu gərginliyin tezliklə nizama salınmasına maksimum səylər göstərməliyik. Unutmayaq ki, Rusiyada bizim bir neçə milyon soydaşımız yaşayır. Qarabağ probleminin mövcudluğu da burada xüsusi nəzərə alınmalı məsələdir. Odur ki, biz çox ehtiyatlı olmalıyıq. Qanı qanımızdan olanların hər bir açısı sözsüz ki, həm də bizimdir. Amma qonşumuzu da xəritədən silib ata bilmərik. Bu münaqişə həm Rusiyanı və həm də Türkiyəyni milyardlarla itkiyə məruz qoyacaq. Son illər ərzində Rusiya Türkiyə iqtisadi əlaqələri sürətlə genişlənirdi. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi xidmətlə birlikdə 45 milyard dollara yaxın olmuşdu və hər iki ölkə yaxın 5-6 il ərzində onu iki dəfədən çox artırmağı düşünürdü. Bizim üçün bu münasibətlərin inkişafında vacib olan bu idi ki, onlar dərinləşdikcə, Qarabağ probleminin həlli də asanlaşmağa doğru gedirdi. O da aydın idi ki, Türkiyə ilə Rusiya arasında əlaqələrin dərinləşməsi ABŞ və Avropanı narahat edirdi. Deməli hazırkı situasiya Qərbin maraqlarına tam şəkildə cavab verir. Yaranmış vəziyyətdə Rusiya hələ ki, özünün kəskin mövqeyini nümayiş etdirməkdədir. Yəni bu gün Rusiya məsələyə münasibətini sanksiyalar tətbiq etməklə reallaşdırılmağa çalışır. Türkiyədən Rusiyaya aparılan aqrar sektora aid məhsulların bir qisminin Azərbaycandan eyni məhsulların ixracının artırılmaq yolu ilə kompensasiya edilməsi mümkündür. Bu gün hər hansı bir bazarda yer tutmaq uğrunda gərgin rəqabətin hökm sürdüyü bir şəraitdə bu daha real görünür. Baxın, yaranmış vəziyyətdən artıq bir sıra ölkələr yararlanmaq qərarına gəliblər. Məsələn, Misir dərhal öz kənd təsərrüfatı məhsullarını Türkiyə mallarının əvəzinə Rusiyaya təklif edib. Əlbəttə ki, eyni məhsulların Azərbaycandan Rusiyaya ixracı daha maraqlı görünür. Çünkü Misirdən bu məhsulların daşınma xərcləri böyük olacaq”.

Türküyə mallarının Azərbaycandan Rusiyaya aparılması variantlarına gəldikdə isə, o, qeyd edib ki, belə addım arzuolunan deyil: “Çünkü indi hər hansı bir malın, məhsulun mənşəyini müəyyən etmək bir o qədər də çətin bir məsələ deyil. Yəqin ki, bizdə bəzi çevik iş adamları operativ olaraq belə addımlar atmağı artıq düşünürlər. Ancaq bunun nəticələri həmin iş adamları üçün heç də yaxşı ola bilməz. Bu səbəbdən də belə bir addımların atılmaması məsləhətdir”.

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir. “Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmanın icrası iki ölkə arasında enerjiden turizmə, ticarətdən inşaat qədər bütün layihələrə mənfi təsir göstərəcək. Gözlənilir ki, bazara girişinə baryer yaradılacaq malların siyahısında tesktil məllumatları və meyvə-tərəvəzə geniş yer ayrılsın. Bundan əlavə, Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib. Yeni qaydalara görə, türk vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu isə xüsusi ilə Rusiyanın inşaaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumatlara görə, 2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada əsasən də də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya türk vətəndaşlarının xaricdə iş alıdığı ikinci ölkədir. Bu siyahıya Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır. Digər qadağa rusiyalı turistlərinin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentlərləri Türkiyyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb. Türkiye İstatistik Kurumunun açıqlamalarına görə, ötən il bu ökənin turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir. Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır.Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib. Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Hesab edirəm ki, Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının üzvüdürlər. Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdır. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar. 
Yekun olaraq onu da bildirmək istərdim ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin Rusiyada mövcud iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini bahalaşdıracaq. Bütün bunlar isə hər iki ölkənin qitisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir. Lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə çıxmaq potensialı Rusiyadan yüksəkdir. Çünki Türkiyənın açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək”.

Əksər ekspertlər bildirirlər ki, Rusiyanın Türkiyəyə qarşı həyata keçirdiyi sanksiyalar Azərbaycana da ciddi şəkildə təsir göstərəcək. Bu sanksiyaların Azərbaycana həm iqtisadi, həm siyasi təsirləri olacaq. 

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR