İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan turizmdən nə vaxt milyardlar qazana bilər?

1098 11.01.2017 23:14 İqtisadiyyat A A

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər mətbuatda müzakirə mövzusuna çevrilib. Onlardan biri də ölkədə turizmin inkişafı ilə bağlıdır. 

Ölkə başçısı bildirib ki, ötən il ölkəmizdə 35 mehmanxana tikilib, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, Azərbaycanda mehmanxanaların sayı 500-dən çoxdur: “Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir”.

Ölkə başçısının sözlərinə görə, gələcəkdə Azərbaycan turizmdən milyardlarla dollar qazana bilər: “Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır”.

“Yeni Müsavat” qəzeti olaraq Azərbaycan turizminin imkanlarını dəyərləndirməyə çalışdıq. İqtisadçı ekspert ölkəmizin turizm potensialının böyük olduğunu, lakin turizm sahəsinin inkişafı üçün  dövlət tərəfindən tədbirlər görülməsinin vacibliyini vurğuladı. 

Image result for Rəşad Həsənov
 
“Yeni  Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanın turizm sektoru hazırda yeni-yeni müasir tələblərə uyğunlaşmaq istiqamətində dinamika nümayiş etdirir: “Burada təbii ki, təcrübəsizlik problemi də var. Turizm sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərində çatışmazlıqlar var. Eyni zamanda turizmə yanaşmada problemlər var. 

Əvvəlki dövrlərdə dövlətin və vətəndaşların gəlirlərinin digər sahələrdən təmin olunması, turizm sahəsinə daha az diqqətin ayrılmasına, eyni zamanda bu sahənin inkişafı üçün lazım olan  fundamental məsələlərin diqqətdən kənar qalmasına səbəb olub. Həmçinin bu məsələdə sabitlik və təhlükəsizlik təmin olunmalıdır. 

Hər hansı bir xarici vətəndaş Azərbaycanda öz həyatı və sağlamlığı üçün təhlükə hiss etməməlidir. Bu birinci amillərdən biridir”.

R.Həsənovun sözlərinə görə, sektorun rəqabət qabiliyyəti artırılması məsələsi gündəmdədir: “Bu mənada Azərbaycan turizmi qiymət baxımından da cəlbedici olmalıdır. Düzdür, devalvasiyalardan sonra manatın dəyərsizləşməsi fonunda bu istiqamətdə müəyyən qədər irəliləyişlər var. Lakin hələ də  Azərbaycanda bir çox turizm xidmətlərinin qiymətləri qonşu Türkiyə və Gürcüstanla müqayisədə kifayət qədər yüksəkdir. Nəzərə alsaq  ki, Türkiyədə də devalvasiya çox sürətlə gedir. Bu da Türkiyədə turizm qiymətlərinin sürətlər ucuzlaşmasını şərtləndirməklə  yenə də qardaş ölkədə bu sektorun rəqabət qabiliyyətini bizdən üstün edir. Lakin Türkiyədə turizm üçün ciddi risklər var.

Terror və ictimai-siyasi sabitliyin pozulması səbəbindən bu ölkənin turizm potensialının müəyyən bir hissəsinin Azərbaycana axınını təmin etmək mümkündür. Bu baxımdan subyektlər də xidmətlərinin keyfiyyəti və qiymətlərinin rəqabət qabiliyyətinin artması baxımından qərar qəbul etməyi bacarmalıdır. Bu sahədə daxili rəqabətliliyin artırılması da önəmlidir”. 

Ekspert onu da qeyd etdi ki, turizm sektorunun inkişafı üçün güzəştli kreditlərə və kapitala ehtiyac var: “Təsəvvür edin ki, Azərbaycana gün ərzində 32 min deyil, 50 min turistin gecələməsi üçün şərait yaradılarsa, bu da otel qiymətlərinin ucuzlaşmasını şərtləndirə bilər. Eyni zamanda digər sahələrdə də təklif olunan xidmətlərin istiqaməti şaxələndirilərsə, xidmətlərin artırılması istiqamətində təşviqedici addımlar atılarsa, maliyyə əlçatanlığı təmin olunarsa, bu sahədə nailiyyətlər əldə etmək olar və gələcəkdə turizm potensialından daha geniş istifadə etmək olar. Son iki ildə müəyyən dinamika müşahidə olunur, Azərbaycana gələ turistlərin sayında kifayət qədər artım var. Bu  həm manatın dəyərdən düşməsi ilə bağlıdır, həm də viza məsələsində hökumətin qəbul etdiyi qərarlarla bağlıdır. Bildiyiniz kimi, hökumət ərəb ölkələrinin bir çoxuna sadələşdirilmiş viza rejimi tətbiq edir. Ümumiyyətlə, viza  turizm sektorunda ən mühüm parametrlərdən biri hesab olunur”. 

Rəşad Həsənov turizm sektorunun qarşısında duran əsas problemlərdən biri ki, viza məsələsini önə çəkdi: “Hər hansı ölkədə viza alınmasında çətinliklər çox olarsa, viza xərcləri çox olarsa bu zaman həmin ölkənin  turizm sektorunun cəlbediciliyi aşağı olur. Azərbaycanda vizanın sadələşdirilməsi istiqamətində bir çox işlər görülür. Hazıra asan viza verilməsi istiqamətində irəliləyişlər var. Bunlar müsbət addımlardır, vahid pəncərədən, qısa müddətdə vizanın alınması turist üçün də önəmlidir. Amma bu sahədə Azərbaycanın ən çox turist cəlb edəcəyi ölkələrdən biri İran və Türkiyədir. Xüsusilə də İran. Lakin hələ də  Azərbaycanın hər iki ölkə ilə viza məsələsində problemi var. İran və Türkiyə vətəndaşları Azərbaycana vizasız giriş-çıxış əldə edə bilmir. Bu da ölkəmizin turizm imkanlarından daha az istifadə etməsinə şərait yaradır. Bu istiqamətlərdə işlər görülməlidir. Turizm sektoru qoyulan kapitalın uzunmüddətli dövrdə reallaşdığı sektorlardan biridir. Bu baxımdan daha  aşağı xərc tələb edən, güzəştli kapitalın əlçatanlığı  təmin olunmalıdır. Kreditin geri qaytarılma müddətini artırmaqla sahibkarın aylıq yükünü azaltmaq olar. Bu da son nəticədə investisiya imkanlarını daha da genişləndirə bilər. 

Turizm aqrar sektordan sonra daha çox diqqət verilməli olan sahədir. Amma hələ ki, bu istiqamətdə çox işlər görülməlidir. Turizm strategiyasının düzgün şəkildə idarə edilməsi gələcəkdə bu sahənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edən amil olacaq”.

Nərgiz LİFTİYEVA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR