İnsanlara hürriyət, millətlərə istiqlal!

“SOCAR benzini əhaliyə azı 3 dəfə baha satır”

8740 11.12.2013 19:58 İqtisadiyyat A A
Dekabrın 3-də Azərbaycanda Aİ-80 və Aİ-92 markalı benzinin qiyməti 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzin qiyməti 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiyməti 45 qəpikdən 60 qəpiyə qaldırıldı. “Bunun heç bir iqtisadi əsaslandırması yoxdur”. Bu iddianı ölkədə neft sənayesi ilə bağlı müstəqil araşdırma aparan ekspertlər dəfələrlə söyləyiblər. Tarif Şurasının, hökumətin vətəndaşların sosial müdafiəsini gücləndirmədən bahalaşma qərarı verdiyi ilk fakt deyil. İndiyə qədər Azərbaycan dəfələrlə qəfil qiymət artımı şokları yaşayıb. Benzin artımının “özəlliyi” ondadır ki, hökumət qanunun tələb etdiyi şəffaflıq prinsipinə məhəl qoymayaraq bugünə qədər benzinin maya dəyərini açıqlamır.

“Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, heç bir cavab ala bilmirik. Benzinin 1 litrinin SOCAR-a neçəyə başa gəlməsi ilə bağlı informasiya bilərəkdən gizli saxlanılır. Ancaq nəzərə alsaq ki, təbii qaz əhaliyə maya dəyərindən 300 faiz baha satılır, analoji siyasətin benzinə də tətbiq edildiyini ehtimal etmək olar”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, bu cür qiymət siyasəti neft hasil edən ölkələrin heç birində yoxdur: “Neft ölkələrində benzinin daxili və xarici qiymətləri arasında fərq böyük olur. Neft məhsulları onun əsl sahibləri olan vətəndaşlara maya dəyərindən azca baha satılır. Bu tendensiyanı demək olar, bütün neft ölkələrində müşahidə etmək olar. Azərbaycanda isə daxili və xarici bazara çıxarılan məhsulun qiymətindəki fərq cüzidir”.

İ. Şabah bildirir ki, Azərbaycanın neft məhsullarını vətəndaşlara baha satmamaq üçün yetərincə resursları var. Ölkənin neftdən gələn gəlirləri bu sahənin onsuz da cüzi olan inkişafı üçün vətəndaşın cibinə yüklənməmək şansı yaradır: “Azərbaycan hər il neft və neft məhsullarının satışından proqnozlaşdırıldığından daha artıq gəlir əldə edir. Çünki dövlət büdcəsi hazırlanarkən neftin bir barelinin dünya birjalarında satış qiymətinin orta həddi götürülür. Bu da o deməkdir ki, Azərbaycan hər il neftdən proqnozlaşdırılan rəqəmdən xeyli artıq gəlir əldə edir. Burada söhbət milyardlarla dollardan gedir. Bu isə neft və neft məhsullarının daxili bazara daha ucuz qiymətə çıxarılması üçün son dərəcə əlverişli mühit deməkdir”. 

SOCAR benzinin maya dəyərini açıqlamasa da iqtisadçılar bu rəqəmi əldə etməyin yolunu tapıb: “Beynəlxalq təcrübədəki göstəricilərə görə, 1 barel neftdən orta hesabla 330 litr benzin əldə edilməsi mümkündür. Bu göstəricilərlə hesablasaq, aydın olur ki, 1 litr benzin SOCAR-a 20-25 qəpiyə başa gəlir. Yəni bu gün Azərbaycan vətəndaşı benzini maya dəyərindən ən azı 3 dəfə baha alır. Bu hesablamanın reallığa çox yaxın olduğunu Azərbaycan hökumətinin təbii qazın satış qiymətinə tətbiq etdiyi siyasət də təsdiq edir. SOCAR-ın hesabatlarında min kubmetr qazın dəyəri 40 manat olaraq göstərir. Ancaq indiki satış qiymətlərinin müqayisəsini aparsaq görəcəyik ki, təbii qaz əhaliyə 2,5 dəfə baha satılır”.

İlham Şabanın sözlərinə görə, digər neft ölkələrində eyni məhsulların xarici bazara çıxarılması daxili qiymətlərin aşağı salınmasına da təsir edir. Bir tək Azərbaycandan başqa: “Dövlət Gömrük Komitəsinin hesablamalarına görə təbii qazın min kubmetri xaricə 237 ABŞ dollarına satılıb. Bu Azərbaycan manatı ilə 170 manata yaxın vəsait deməkdir. Yəni maya dəyərindən ən azı 4 dəfə baha. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşına qaz indiki qiymətlərdən xeyli aşağı satılsa, SOCAR-ın heç bir ziyanı olmaz”.

Onu da vurğulayaq ki, hökumət rəsmiləri qiymət artımlarına şərh verərkən Azərbaycandakı qiymətlərin bir çox dünya ölkələrindən ucuz olmasını misal gətirirlər. İlham Şabanın fikrincə, bu cür müqayisə birtərəfli olduğu üçün qüsurludur: “Bu haqda danışılarkən həmin ölkələrdə əhalinin gəlirləri də nəzərə alınmalıdır. Bu gün Ukraynada da benzin Azərbaycan pulunun ekvivalenti ilə 80 qəpikdir, ABŞ-da da. Ancaq Ukraynada orta əmək haqqı 700, ABŞ-da 2000 dollardır. Azərbaycanda isə bu rəqəm 500 dollara yaxınlaşır. Demək, normalda bu qiymətlər indikindən xeyli aşağı ola bilər. Ancaq indi elə bir durum yaranıb ki, Azərbaycandakı qiymətlər MDB-nin heç 1 barrel də neft hasil etməyən ölkələri ilə təxminən eynidir”.

İnformasiya üçün qeyd edək ki, Avropada benzinin ən bahalı satıldığı ölkələr Norveç və İtaliyadır. Bu ölkələrdə 98 oktanlı benzinin 1 litri 1,7-2 manat arasındadır. 

Aygün Muradxanlı
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR