İnsanlara hürriyət, millətlərə istiqlal!

BENZİNDƏ “AVRO” STANDARTI NƏDİR?

8496 04.06.2010 02:49 İqtisadiyyat A A
Oxucularımızın da marağına səbəb olan “Avro” standartları nədir? Onun tətbiqi nə üçün lazımdır? Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini təmizləyən birinci ekoloji standart 1992-ci ildən yaranıb, 1996-ci ildə isə “Avro-2" standartı tətbiq olunmağa başlayıb. Hazırda Avropa Birliyinə daxil olan ölkələr daha mütərəqqi ”Avro-5" standartı tətbiq edirlər. Avro standartları həm yanacağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyur.
Avropa standartlarına görə, 1996-cı ildən sonra istehsal olunan avtomobillərə elə zavodda xüsusi təmizləyici qurğular - katalizatorlar quraşdırılır və bu qurğuların işləyib-işləməməsi bəlli müddətdən bir yoxlanılır. İstehsal tarixi 1996-cı ilə qədər olan avtomobillərə isə belə qurğuların sonradan quraşdırılması məcburidir. Məsələn, Almaniyada avtomobillərin üzərinə vurulan yaşıl rəngli nişan bildirir ki, bu avtomobil standarta uyğundur. Belə nişanı olmayan avtomobil üçün cərimə onun öz qiymətindən böyükdür.
Rəsmi rəqəmə görə, Bakıda atmosfer çirklənməsinin 70 faizə qədəri avtomobil tullantılarının payına düşür. Bir sıra ekspertlər hesab edirlər ki, hökumət təmizləyici katalizatoru avtomobillərin hamısına tətbiq etməsə, ekoloji vəziyyəti dəyişdirmək çətin olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən mətbuata verilən açıqlamaya görə isə “Avro-2" standartı hələlik ölkədə dövriyyədə olan avtomobillərə tətbiq olunmayacaq. Mütəxəssislərə görə isə bu istiqamətdə kompleks tədbirlər görməlidir.
İyulun 1-dən ölkə üzrə avtomobillərin işlətdiyi bütün yanacaq növləri “Avro-2" standartına uyğun olmalıdır. ”Avro-2" standartı Azərbaycanda istehsal olunur və “95 benzini” adı ilə məşhurdur. Bu benzinin litri hələlik 60 qəpiyə satılır. Lakin mümkündür ki, bütün ölkə boyu “Avro-2" standartına keçid bu növdən olan benzinin qiymətinin qalxmasına səbəb olsun.
Qeyd edək ki, Azərbaycanda ekoloji problemlərin yaranmasına yol açan mühüm məqamlardan biri də avtomobillərdə istifadə olunan benzin və dizel yanacaqlarının standart göstəricilərinin aşağı olmasıdır. Problem təkcə Azərbaycanda yox, onun sərhədlərindən kənarda da narahatlıq və müzakirə predmetidir. Bir müddət əvvəl Avropa Birliyi də Dövlət Neft Şirkətinə ünvanladığı tövsiyələrdə benzin və dizel yanacağının keyfiyyətini yaxşılaşdırmağın vacibliyini qabartmışdı. Birliyin tövsiyələrinin əsasını yanacağın keyfiyyətinin tezliklə “Avro” standartlarına çatdırılması təşkil edirdi.
Məlumat üçün bildirək ki, Avropa Birliyinə daxil olan ölkələr “Avro-2" standartlarına 1996-cı, ”Avro-3" standartlarına 2000-ci, “Avro-4" standartlarına 2005-ci ildən keçib. ”Avro-5" standartlarına keçid əsas etibarilə 2009-cu ildə reallaşdırılıb. Bu standartlara əsasən benzin mühərrikli avtomobillər üçün dəm qazı karbohidrogenlər və azot oksidləri dizel mühərrikli avtomobillər üçün isə dəm qazı karbohidrogenlər azot oksidləri və bərk hissəciklər normalaşdırılır. “Avro” standartlara əsasən avtomobillərin sürət qutusunun işçi vəziyyətində ixrac qazlarının tərkibində olan zərərli maddələrin miqdarı qram/kilometrlə (q/km) ölçülür ki, bu daha düzgün yanaşma hesab olunur. Avropa standartlarında həmçinin avtomobil yanacağının keyfiyyətinə də xüsusi texniki tələblər nəzərdə tutulur.
Bəzi MDB ölkələrində də bu standarta keçid başlanıb. Məsələn, Rusiyada “Avro-2" və ”Avro-3" standartlarına hələ üç il əvvəl keçilib. Ukraynada və Gürcüstanda da “Avro-2" və ”Avro-3" standartlarından istifadə edilir. Azərbaycanda bu standartlara keçmək üçün ilk növbədə neft emalı zavodlarının müasirləşdirilməsi lazımdır. Qeyd edək ki, ölkə başçısı artıq bununla bağlı bir sıra göstərişlər verib və prosesin bu il ərzində baş tutması planlaşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR