İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı deputatdan hökumətə qiymətli təkliflər

2069 07.01.2023 10:10 Müsahibə A A

Əli Məsimli: “Qiymət manipulyasiyalarının hər faizinə görə əhali 400 milyon manatdan çox ziyan çəkir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin qəzetimizə verdiyi yubiley müsahibəsinin 2-ci hissəsini təqdim edirik.

(Əvvəli burada)

- Bəzən həmkarlarınız məmurlardan şikayətlənir. Sizin fikriniz maraqlıdır, indiki zəmanədə deputat sözü eşidilirmi?

- Hesab edirəm ki, hansı nazir və digər vəzifə sahibləri deputatın qaldırdığı məsələnin həlli istiqamətində bir iş görə bilirsə, bu halda deputat sözü eşidilir, görə bilmirsə, eşidilmir və ya yola vermək üçün heç nəyə yaramayan bir cavab yazır. Ona görə də söz eşitməyənlərdən giley etməkdənsə, başqa bir yol tutmuşuq: deputat sözünü eşitməyənlər eşitməməkdən yorulmurlarsa, biz niyə həmin məsələni onlar qarşısında qaldırmaqdan yorulmalıyıq? Davamlı olaraq problemləri qaldırmaqda davam edəcəyik. Aztəminatlı təbəqənin problemləri, insanların işlə təminatı, Rəqabət Məcəlləsi və sair bu kimi məsələlərə münasibətdə hamı görür ki, məhz belə də edirik: məsələləri qaldırmaqdan yorulmuruq.

- Yeri gəlmişkən, sizin Vahid müəllimlə (Əhmədovla - E.P.) dostluğunuz, yoldaşlığınız illərdir davam edir. Maraqlıdır, sizi birləşdirən hansı dəyərlərdir? Yəqin müstəqilliyin ilk illərində eyni komandada çalışmağınızla başlayıb münasibətlər, eləmi?

- Bəli, müstəqilliyin ilk illərində eyni komandada çalışmağınız bizim Vahid müəllimlə birliyimizin əsasını qoydu. O illərdə mən çox adamla işləmişəm, hamısına da qarşılıqlı sayğım var. Amma Vahid müəllim çox azsaylı insanlardandır ki, onunla olan həmkarlıq münasibətləri yoldaşlığa və oradan da dostluğa yüksələ bildi. Bizi birləşdirən dəyərlərin hamısı milli dəyərlərimizin tərkib hissəsi olan məqamlar olduğundan əlahiddə, qeyri-adi bir nüans yoxdur. Vahid müəllim çox təcrübəli, dövlətçilik təfəkkürünə malik dəyərli insandır. Müstəqilliyimizə real məzmun verilməsi işində əlimizdən gələni etmək istəyi bizi birləşdirən əsas amillərdəndir. Xüsusi qeyd olunası məqamlar içərisində isə aktual sosial-iqtisadi məsələlərə münasibətdə həmfikir olmağımız prioritet təşkil edir. Əksər məsələlərə münasibətdə mövqeyimiz üst-üstə düşür. Ona görə də bizim Milli Məclisdəki çıxışlarımız fiziki baxımdan iki şəxsin, məzmun baxımından isə bir-birinin davamı olmaqla vahid baxışdır. Ona görə də ürəklə bir-birimizə deyə bilirik ki, “mənim əvəzimə də sən çıxış et”.

- Əli bəy, qlobal məkanda mövcud olan iqtisadi problemlər, bahalaşma, devalvasiya və digər kataklizmlər fonunda Azərbaycanı nələr gözləyir? Daha sərt sınaqlardan sığortalanmağın yolunu təcrübəli iqtisadçı, millət vəkili olaraq nələrdə görürsünüz?

- Son illərin geosiyasi hadisələri bir sıra məqamlarına görə “qırmız xətti” o qədər keçib ki, mərhum ABŞ prezidenti Con Kennedinin dediyi “ya bəşəriyyət müharibələrə son qoyacaq, ya da müharibələr bəşəriyyətə son qoyacaq” fikri yaxın tarixdə heç vaxt olmadığı qədər aktuallaşıb. Qlobal iqtisadiyyat bu dərəcədə kataklizmlərə bundan sonra uzun müddət dözə bilməz. Qlobal iqtisadi artım templəri aşağı düşəcək, real nəticələri olan zəruri tədbirlər görülməsə, qlobal iqtisadiyyatı daha dərin böhran gözləyir. Təbii ki, bu, bir qədər aşağı, bir qədər yuxarı olmaqla bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir edəcək. Eyni zamanda koronavirus pandemiyası dəyər zəncirini qırandan sonra görülən işlər onun bərpası üçün yetərli deyil. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qlobal iqtisadiyyatda, xüsusən də ərzaq təhlükəsizliyi sahəsində xeyli əlavə problemlər yaradıb. Pandemiya Azərbaycan da daxil olmaqla, xeyli ölkəni eyni start vəziyyətinə gətirib çıxarıb. İnsan kapitalından, elmi-texniki tərəqqinin nailiyyətlərindən, innovasiyalardan, İKT-dən geniş və səmərəli istifadə edən ölkələr önə çıxacaq. Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə, qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb. Ona görə də postmüharibə mərhələsində də Azərbaycan hərbi sahədə olduğu kimi, bütün sahə və istiqamətlərdə-iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə və digər sahələrdə də rəqabət qabiliyyətli olmalıdır.

455bf880-bf8c-4875-b06d-c54f36e0.jpg (143 KB)

“Dünya iqtisadiyyatı bunca kataklizmlərə uzun müddət dözə bilməz”

- Mövcud durumda hökumətə konkret təkliflər paketi hazırlayıb, təqdim etmək olmazmı?

- Bu yöndə hökumətə konkret təkliflər paketi də hazırlayıb, təqdim etmək olar. Amma hökumətin proqram sarıdan elə bir problemi yoxdur. Problem hazırlanan proqramların vaxtında, davamlı və sistemli şəkildə həyata keçirilməsində, bu zaman şəffaflıq və hesabatlılığın təmin edilməsi sahələrindədir. Bununla belə, istər Nazirlər Kabinetinin fəaliyyətinə dair Milli Məclisdəki hesabatlar zamanı, istər büdcə zərfinin müzakirələri zamanı, istərsə də bizim mediadakı çıxışlarımızın bir hissəsi əslində təkliflər paketinin tərkib hissəsidir. Azərbaycanda dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaqdan və insan kapitalından istifadənin səmərəliliyini artırmaqdan ötrü neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsinə yönəlik islahatların dərinləşdirilməsi, xüsusən də struktur islahatları, institutsional dəyişikliklər, korrupsiyaya və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, iqtisadiyyatın şaxələnmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi, modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılması təmin edilməlidir. Bu kontekstdə idarəetmənin fəlsəfəsinin təklif olunan yeni modelin tələblərinə uyğunlaşdırılması, onun təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, o cümlədən regional idarətmənin və dövlət müəssisələrinin idarə olunmasında səmərəliliyin təmin olunması və sair bu kimi istiqamətlərdə real nəticə verə bilən kompleks tədbirlər həyata keçirilməlidir. Bu kontekstdə insan kapitalının rəqabət qabiliyyətinin artırılması prioritet təşkil etməlidir. İnsan kapitalının rəqabət qabiliyyətinin artırılmasında təhsil və elm əvəzolunmaz rola malikdir. Təhsil və elm iqtisadi və sosial tərəqqi ilə birbaşa əlaqəlidir.

Dünyada elə ölkə yoxdur ki, orada təhsil və elm yüksək səviyyədə inkişaf etsin, amma əhali yoxsul yaşasın. İbn Sina demişkən, elm və sənət uyğunlaşa bilmədiyi ölkəni tərk edər. Yaşadığımız zaman tələb edir ki, biz bu kəlamın fərqinə getdikcə daha çox varaq... Təklif olunan yeni iqtisadi modelə uyğun islahatların genişləndirilməsi və dərinləşdirilməsi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin nəzərəçarpan dərəcədə artmasına, iqtisadi artım templərinin sürətlənməsinə, insan kapitalının və qeyri-neft sahələrinin davamlı inkişafına, regionların qalxınmasına, büdcə gəlirlərinin potensialımıza layiq səviyyəyə doğru hərəkətinin sürətlənməsinə və əhalinin güzəranının yaxşlaşmasına böyük töhfələr verə bilər.

- 2023-cü ildə vətəndaşlarımızın həyatında hansı dəyişikliklər olacaq? Bahalaşma, işsizlik, digər problemlərlə bağlı dəfələrlə çıxışlarınız olub. Amma yeni ilə də bahalaşma xəbərləri ilə başladıq. Sizcə, durumdan çıxış yolu nədir?

- 2023-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard manatdan çox səviyyədə təsdiq edilib ki, bu da büdcənin bütün xərclərinin 46 faizini təşkil edir. Bu sahədə əsas məsələnin iki tərəfi var: bir tərəfi sosialyönlü xərclərin yetərincə artırılması, digər tərəfi isə artan həmin sosialyönlü vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinin qarşısının alınması və əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilməsidir. Son illər inflyasiyanın sürətləndirilməsi, xüsusən də idxal inflasiyasının payının xeyli artması əhalinin güzəranına mənfi təsir edir. Hazırda idxal inflyasiyasını tam aradan qaldırmaq mümkünsüzdür, amma templərini səngitmək mümkündür. Lakin inhisarçılıq buna imkan vermir. Ötən il inflyasiya əvvəlcə 4 faiz, sonra isə 12,5 faiz faiz proqnozlaşırılsa da, 14,5 faiz, ərzaq inflyasiyası isə 20 faizin üstündə, əslində isə bir sıra xalq istehlakı mal və məhsulları üzrə bundan xeyli yüksək oldu. Rəsmi proqnozlar bu il inflyasiyanın bir qədər səngiyib, ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə, 6,9 faizə enəcəyini nəzərdə tutur. Bu, xeyli dərəcədə inhisarçılığa qarşı mübarizənin səmərəlilik dərəsindən asılı olacaq. İnhisarçılıqdan törəyən qiymət manipulyasiyalarının hər faizinə görə əhali 400 milyon manatdan çox ziyan çəkir, bu yolla ailə büdcələrinə milyard manatlar ziyan dəyir. Halbuki bu cür qiymət manipulyasiyaları olmasa, əhali həmin milyard manatları başqa problemlərinin həllinə yönəldə bilər. Ona görə də son vaxtlar qlobal iqtisadiyyatda başlanan qiymət artımının səngiməsi prosesinin Azərbaycanda da baş verməsinə nail olmaqdan ötrü məlum antiinflasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı da daha təsirli və nəticəli tədbirlər görülməsini, o cümlədən bu il Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik. Operativ surətdə tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azaltmaq mümkün olsun. Qeyri-neft sektorunda təşviq mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlığın daha əhatəli dəstəklənməsi, ucuz kreditlərə əlçatanlığın təmin edilməsi, beynəlxalq təcrübəyə əsaslanaraq dövlət-sahibkar əməkdaşlının gücləndirilməsi və sair bu kimi istiqamətlərdə sistemli və davamlı işlərin həyata keçirilməsi çox vacibdir. Sərmayə qoyuluşlarının 2022-ci ilin 11 ayının nətcələrinə görə, ÜDM-in 11 faizi səviyyədən bu sahə üzrə iqtisadi təhlükəsizliyi təmin edən səviyyəyə - 25 faizin üstünə qaldırılmasına nail olmaq və həm də ondan istifadənin səmərəliyinin əsaslı surətdə yaxşılaşdırılması istiqamətində təsirli tədbirlərin görülməsini vacib sayırıq.

- Bu faktdır ki, paytaxtın yükdən azad edilməsinin yolu regionların inkişafından keçir. Yəqin ki, bununla bağlı da təklifləriniz var...

- Regionlara sərmayənin cəlb edilməsinin mexanizmini təkmilləşdirmək, miqyaslarını genişləndirmək, ondan istifadənin səmərəliliyini artırmaq, hər il iqtisadiyyata yönəldilən 15-16 milyard manatlıq sərmayənin cəmi 10 faizinin yəni heç olmasa 1,5 milyard manatını əlverişli şərtlərlə, şəffaflıq və hesabatlılıq şəraitində regionlarda rəqabətədavamlı, perspektivli iş yermərinin açılmasına yönəltmək lazımdır. Azərbaycanda bank kreditlərinin faiz dərəcələri çox yüksəkdir və xüsusən də real sektorda sahibkarlıq üçün əlverişsizdir. Kreditlərin iqtisadiyyatın real sektoru ilə əlaqəsinin optimallaşdırılması, iqtisadi artıma təsirinin gücləndirilməsi, əhalinin tələbatının xeyli hissəsinin yerli istehsal hesabına ödənilməsində və qeyri-neft ixracının ahəmiyyətli dərəcədə artmsında ciddi amilə çevrilməsi istiqamətində postpandemiya və postmüharibə dövrünün çağırışlarına uyğun təsirli tədbirlər görülməsi, 20 milyard manata çatmaqda olan kreditlərin ilkin olaraq heç olmasa 5 faizinin, yəni cəmi 1 milyard manatının əlverişli şərtlərlə qeyri-neft sektorunda müasir tələblər səviyyəsində real nəticələri olan perspektivli layihələrin, xüsusən regionlarda rəqabət qabiliyyətli iş yerlərinin reallaşdırılmasına yönəldilməsi çox vacibdir. Məsələn, Azərbaycanda bir sıra qeyri-neft sənayesi sahələri, o cümlədən kənd təsərrüfatında emal sənayesinin yetərincə potensiala malik olmasına baxmayaraq, sərmayə qoyuluşunun cəmi 1,3 faizi, kreditlərin də çox az bir hissəsi emal sahələrinə yönəldilir. Halbuki bu qəbildən olan sahələrdə dövlətin sistemli təşviq mexanizmləri, sahibkarlığın dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, normal fəaliyyət göstərə bilən istehsal sahəsi quran, yeni iş yerləri açan sahibkarlara aşağı faizli əlçatan kreditlər verilməsi, vergi və digər istiqamətlərdə işlək mexanizmli güzəştlər tətbiq etmək hesabına orta perspektivdə yüksək səviyyədə inkişafa nail olmaq olar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR