İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı-alim: “Hər sahədə azad rəqabət mühiti yaradılmalıdır”

1322 20.03.2019 16:17 İqtisadiyyat A A

"İqtisadi islahatlar məmur oliqarxiyasının aradan qaldırılmasından başlamalıdır"

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub: “İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.

Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub”.

Göründüyü kimi, president iqtisadi sahədə də islahatlar paketinin hazırlandığını bildirib. Ölkə iqtisadiyyatında islahatlar hansı sahələrdən başlamalıdır? Hərtərəfli iqtisadi inkişafın təmin olunması üçün hansı addımlar atılmalıdır? Sualları cavablandıran iqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev Musavat.com-a bildirir ki, Azərbaycanda iqtisadiyyatın baslıca problemlərinin əsasında iqtisadi siyasət dayanır: “İqtisadiyyatda proseslərin gedişi böyük mənada iqtisadi idarəetmədən asılıdır. Böyük neft gəlirləri dövründə Azərbaycan iqtisadiyyatında dövlətin rolu son dərəcə artdı. Bazarın ixtiyarına verilən bir çox sahələr belə yenidən dövlət nəzarətinə qaytarıldı. İqtisadiyyat nəinki neft gəlirlərindən, həm də dövlət qərarlarından, eyni zamanda məmur oliqarxiyasının davranışlarından asılı vəziyyətə düşdü. 2015-ci ildən bəri iqtisadiyyatın müxtəlif sahələrində inkişafa nail olunması üçün bir sıra qərarlar qəbul olunub. İnvestisiyaların, ixracın təşfiqi, istehsalın stimullaşdırılması və sair istiqamətlərdə atılan addımlar real və gözlənilən effekt vermir. Çünki verilən güzəştlərdən əsasən oliqarx sahibkarlar və onlara yaxın dairələr bəhrələnir, həyata keçirilən tədbirlər yenə də əsasən dövlət resursları hesabına reallaşdırılır. Ölkənin qeyri-neft sektoruna xarici birbaşa investisiyaların cəlbində, kiçik və orta biznesin inkişafı sahəsində çox ciddi problemlər var. Bu problemlərin həlli üçün ciddi islahatlara ehtiyac duyulur”.

İqtisadçı-alimin fikrincə, islahatlar ilk növbədə məmur-oliqarx sahibkarlığının aradan qaldırılmasından başlanmalıdır: “Bu, faktiki olaraq iqtisadiyyatın siyasi hakimiyyətdən ayrılması deməkdir. Bizim kimi sərvətlər ölkəsi olan Qazaxıstanda bu proses bir neçə il əvvəldən başladıldı və nəticədə ölkə iqtisadiyyatında böyük irəliəyişlərə nail olundu. Azərbaycan da bu yolla geməlidir. Çünki bu gün iqtisadiyyatımız məmur-oliqarxların nəzarəti altındadır, atılan bütün addımlar onlar tərəfindən buxovlanır. Bu addım eyni zamanda məmurların gəlirlərinə nəzarət, onların gəlir bəyannaməsi vermələri mexanizminin yaradılması, idarəetmədə korrupsiyanın azaldılması tədbirləri ilə müşayiət olunmalıdır”.

İkinci mühüm məsələ ədalətli nizamın təmin olunmasıdır: “Bu sahədə ilk addım mülkiyyət hüququnun təmin olunmasıdır. Nə qədər qəribə də olsa, bizdə mülkiyyət hüququna zəmanət yoxdur. Ona görə də istənilən icra başçısı, sahə müvəkkili kiçik və orta biznesin işinə müdaxilə edib, onun fəaliyyətinə kəskin maneələr yarada bilir. Mülkiyyət hüququnun toxunulmazlığına zəmanətin olmamasının nəticəsidir ki, ölkədə bir nəfər də olsun rəsmi milyoner açıqlanmır. Bu hüququn təmin olunmasının açarı müstəqil məhkəmə sisteminin formalaşdırılmasından keçir. Elə bir sistem ki, qanun qarşısında hamının bərabərliyini təmin etsin. Biznes müqavilələrdir. Bu müqavilələrin istənilən birində nəzərdə tutulan işlərin icrasında problem yarana bilər. Əsas məsələ bu problemlərin ədalətli həllini həyata keçirən məhkəmə sisteminin olmasıdır. Sahibkar məhkəmədəki ədalətə güvənərək yola çıxmalıdır. Belə bir güvən olmayan yerə heç bir sahibkar yaxınlaşmaz”.

A.Mehtiyev iqtisadi islahatların daha bir mühüm istiqaməti olaraq inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafını görür: “Yuxarıda qeyd etdiyimiz addımlar bu prosesin ilkin mərhələsi olacaq. Növbəti mərhələ isə təşəbbüskarlıq azadlığının təmin olunmasıdır. Hər bir sahədə azad rəqabət şəraiti yaradılmalıdır. Dövlət iqtisadiyyatda iştirakdan geri çəkilməli, yalnız tənzimləyici funksiyası yerinə yetirməlidir. Bu gün iş o yerə çatıb ki, hətta taksi xidməti kimi rəqabətli mühitin yarandığı bir sahəyə dövlət qurumları əl qoymağa çalışırlar. Belə hallara son qoyulmalıdır, çünki bunlar azad biznesi məhv edir. Biznes üçün hüquqi və tənzimləyici mühit yaxşılaşdırılmalıdır. Tənzimləyici qərarlar biznes üçün gözləniıməz olmamalıdır. Biznesin fəaliyyətinə birbaşa təsir edən qərarlar, tutalım,vergi dəyişiklikləri, yaxud kommunal xidmət tariflərinin artırılması və sair, tətbiq olunmazdan azı altı ay əvvəl açıqlanmalıdır ki, biznes öz fəaliyyətini ona uyğunlaşdırmaqda çətinlik çəkməsin, bu addımlardan zərərə düşməsin. Digər mühüm istiqamət dövlət satınalmalarında şəffaflığın təmin olunmasıdır. Xüsusilə də dövlət qurumlarının həyata keçirdiyi satınalmalarda həmin qurumların rəhbərlərinə yaxın şirkətlərin qalib elan olunmasının qarşısı alınmalıdır. Nəhayət, iqtisadiyyatın inkişafında rolu az olmayan əksmərkəzləşmə prosesi aparılmalıdır. Yerli bələdiyyə orqanlarının rolu artırılmalı, böyük regional bələdiyyələr formalaşdırılmalıdır ki, yerli biznesin inkişafına dəstək olsun”.

Dünya Sakit,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR