İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin birinci günü ən çox nələri düşünürük...

719 01.01.2022 11:42 Yazarlar A A

“Artsaxla Ermənistan arasından sanki qara pişik keçib” - əvvəla, qondarma "artsax" adını çəkdiyimiz üçün oxuculardan üzr istəyirik. Sonra da ərz edirik ki, kim olsa da, hər halda, rus mediası bunu yazmamalı idi, çünki Artsaxla Ermənistan arasında da , hətta Artsaxla Azərbaycan arasında da Rusiya dayanıb.

İkinci Qarabağ savaşı zamanı bizə imkan vermədilər ki, ilanın başını yuvasında əzək və birdəfəlik "artsax" kimi sərsəm sayıqlamalara son qoyaq. Bəli, Moskva buna imkan vermədi, çünki "artsax" hələ bundan sonra da ona çox lazım olacaq.

Ona görə də son günlərin olaylarından elə də baş çıxara bilmirik. Bəli, rəsmi Ermənistan, xüsusən də  onun baş naziri Nikol Paşinyan ümidli bəyanatlar verir və hətta belə məlum olur ki, Zəngəzur dəhlizi üzərində işlərin başlanması elə də uzaq bir gələcəyin işi deyil – artıq nə qədər yol çəkiləcəyi, onun haradan çəkiləcəyi və buna nə qədər vəsait xərclənəcəyi də məlumdur.

O da məlumdur ki, N.Paşinyan Soçidə və Brüsseldə verdiyi sözün üstündə dayanmaqda israrlıdır. Amma o, mütləq mənada müstəqil deyil, təkcə Dağlıq Qarabağ erməniləri deyil, Ermənistanın daxili müxalifəti də suyu bulaşdırmaqda, Paşinyana mane olmaqdadır.

Ona görə də növbəti il bu məsələlərə aydınlıq gətirməkdə həlledici olacaq. Bizə elə gəlir ki, bu il ərzində bir çox kartlar açılacaq. Məsələn, ilk növbədə Rusiyanın mövqeyi aydınlaşacaq. Moskva bir tərəfdən Bakı ilə Yerevan arasında delimitasiya işlərinin sürətlənməsinə çağırır, Ankara ilə Yerevan aarsında vasitəçilik etməyə hazır olduğunu deyir, o biri tərəfdən də, onun nökərləri – Koçaryan və Sarqsyanlar, eləcə də Qarabağ erməniləri bütün vasitələrlə prosesi ən azı ləngitməyə çalışırlar.

Amma ötən ilin ən mühüm siyasi olaylarından biri də bu oldu ki, Brüsseldə Avropa ölkələrinin heç də Azərbaycandan və ya Türkiyədən fərqli mövqedə olmadıqları məlum oldu – onlar da sülh sazişinin imzalanmasına, kommunikasiya xətlərinin açılmasının sürətləndirilməsinə çağırdılar, halbuki Fransanın indiyə qədərki oyunlarından belə düşünülürdü ki, Avropa ölkələri də suyu bulandırmağa çalışacaqlar. Amma belə olmadı, Brüssel bu vaxta qədərki prosesi dəstəklədi və onu inkişaf etdirməyə və dönməz xarakter verməyə səslədi.

İndi il yenicə daxil olub. Dünya siyasətçiləri yeni il ab-havasından hələ ayılmayıblar. Xüsusən də Rusiya siyasətçiləri hələ bir müddət küknür ağacı ətrafında atılıb – düşəcəklər, halbuki ötən gün son illərdə bəlkə də ilk dəfə olaraq ABŞ prezidentilə Rusiya prezidenti arasında telefon danışığının olacağı deyildi. Növbəti ilıin missiyalarından biri də Rusiya ilə ABŞ arasındakı proseslərə aydınlıq gətirmək olacaq. Əlbət ki, Putinin düzüb-qoşduğu yeni “təhlükəsizlik doktrinası”nı heç kim qəbul etməyəcək, amma bu münasibətlərə aydınlıq gəlməlidir, aydın olmalıdır ki, Vaşinqton Moskva ilə bağlı nə planlaşdırır?

Bizə şəxsən elə gəlir ki, xüsusi bir açılım olmayacaqdır, bəli, iki ölkə arasında danışıqlar imitasiya olunacaq, amma sanksiyalar götürülməyəcək, münasibətlər düzəlməyəcək və Rusiyanın əl-qol açdığı halda onlar bir az da sərtləşəcəkdir.

O ki qaldı Rusiya amilinin Qarabağ müstəvisindəki təzahürlərinə, ötən yazılarda yazdığımız kimi, Moskvanın Bakıdan narazı qalmağa əsası yoxdur. Amma kim bilir, bəlkə Rusiya Azərbaycanı Avrasiya Birliyində görmək istəyir? Axı ötən ilin sonlarında, daha dəqiqi, Brüssel sammiti ərəfəsində cənab Nursultan Nazarbayevin birdən-birə durub Bakını Avrasiya Birliyinə səsləməsini də təsadüf hesab etmək olmaz! Qərəz, düz deyiblər ki, hər şeyin çarəsi zamandır – ona görə də bir daha deyirik ki, növbəti ilin çox məsələləri çözəcəyinə ümidliyik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR