İnsanlara hürriyət, millətlərə istiqlal!

İLGİNC: Paşinyan 24 apreldə “soyqırımı” demədi – Ərdoğanın o XƏBƏRDARLIĞI...

1359 24.04.2024 12:48 Siyasət A A

İki əsrdir “göylə əyləşən” ermənilər növbəti “ağlaşma günü”nü qeyd edirlər. Özlərinə heyvani təskinlik kimi ən radikalları artıq Azərbaycan və Türkiyə bayraqlarını da yandırıblar.

Belə kin-küdurətlə sülh gündəliyi isə bir araya sığmaz. Hansı sülh ki, hamıdan çox bədbəxt erməniyə lazımdır. Bakı və Ankaranın barışıq əlini 4 ildir havada saxlayan erməninin...

“Ermənistanın qondarma soyqırımı bir kənara qoymasının vaxtıdır”.

Bunu dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi.

Ardınca o, Ermənistan baş naziri Nikol Paşinyanın son vaxtlar öz çıxışlarında “soyqırımı” sözündən yayınmasına belə münasibət bildirmişdi: “Bölgədə yeni nizam qurulur. Əsassız əzbərləri bir kənara qoymağın vaxtıdır. Gerçəklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm, Ermənistan diasporun onu əsarətdə saxladığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək”.

Və Ərdoğanın açar cümləsi: “Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor yox, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışır, bunu görürük. Vaxtaşırı xəbərdarlıqlar etmişik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”.

Ümid isə ən axırda ölür deyirlər...

Maraqlıdır ki, bu gün qondarma genosidin 109-cq ildönümü ilə bağlı müraciətində Paşinyan “soyqırımı” sözünü yox, “böyük qətliam” ifadəsini işlədib və buna görə də dərhal revanşist-opponentlərin hədəfinə tuş gəlib. Hərgah sonuncu iddianın da (“böyük qətliam”) həqiqətlə əlaqəsi yox. Amma “genosid” qat-qat ağır ittihamdır təbii ki.

“Erməni xalqının faciəsi əsrlər boyu dövlətçiliyin olmamasının, dövlətçilik ənənələrinin unudulmasının nəticəsi idi. Erməni xalqı geosiyasi intriqaların və yalan vədlərin qurbanına çevrildi”.

Bunu da çıxışında Paşinyan söyləyib.

Bəs nədən erməni xalqı özünə dövlət qura bilmir? Səbəb ermənidən başqa hamıya bəlli: çünki bu toplum hələ də miflərin, saxta tarixin, uydurma “Böyük Ermənistan”ın əsiridir. Nikol həm də buna işarə edir...

Əlbəttə, təkcə Nikol Paşinyanla iş bitmir, “yara” sağalmır. Hərçənd legitim rəhbər kimi onun cəmiyyətə təsir potensialı yetərincə güclü olaraq qalır və istəsə, o, xeyli dərəcədə öz xalqının gözünü aça, hətta onun tarixində xilaskar kimi qala bilər.

Ancaq gərəkdir ki, özəlliklə erməni mediası, eləcə də ölkədə və onun xaricində yaşayan tanınmış erməni ictimai-siyasi xadimlər lobbinin təhdidlərinə məhəl qoymadan, cəsarətlə “böyük soyqırımı yalanı”nı yavaş-yavaş beyinlərdən silməyə kömək etsinlər. Xüsusən də gənclərin.

Onu da etiraf etsinlər ki, 10-15 xristian ölkəsinin özlərinin siyasi maraqları naminə “soyqırımı” tanıması hələ beynəlxalq birliyin mövqeyi demək deyil və əslində erməni xalqına edilmiş yaxşılıq yox, pislikdir. Böyük pislik. Onu qonşulara qarşı qızışdırmaq üçün sadəcə, on illərdir istifadə edilən alətdir...

Gerçəyi tapmaq, ona tapınmaq çətindir, amma mümkünsüz də sayılmaz. Ən əsası, erməni cəmiyyətinə aşılanmalıdır ki, əgər o mənəvi “özünütəmizləmə”yə, “paklanma”ya getməsə, nə faciələrdən qurtula biləcək, nə də qonşularla normal münasibətlər qurub inkişaf yolu tapacaq.

Vaxt gedir. Gerisayım bitir. Ərdoğanın təbirincə desək, fürsət qapıları həmişə açıq qalmayacaq. Bu isə son fürsətdir...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR